Bakı, 27 sentyabr (ERtv). Erməni silahlı bölmələri dünən və bu gecə Berd rayonunun Çinarlı, Noyemberyan rayonunun Barekamavan və Voskevan kəndlərində, Ağdam rayonunun işğal olunan Yusifcanlı və Şıxlar, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Horadiz kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.
Bakı, 27 sentyabr (ERtv). Rusiyanın Dağıstan Respublikası Gənclər Siyasəti üzrə Komitəsinin təşkilatçılığı ilə Mahaçqala şəhərində “Kaspi-2012” Gənclərin Beynəlxalq Təhsil Forumu keçirilib. Forumda Dağıstan, Rusiyanın Şimali Qafqaz federal dairəsi və digər bölgələrindən, eləcə də, Ukrayna, Qazaxıstan və Azərbaycandan da daxil olmaqla, 450-dən artıq gənc iştirak edib. Forumun keçirilməsindən əsas məqsəd gənclərdə mədəniyyətlər və etnik qruplar arası dialoqun inkişafına zəmin yaratmaq, dostluq və əməkdaşlığı möhkəmləndirmək, onları ksenofobiya və ekstremizm meyllərindən uzaqlaşdırmaq istiqamətində profilaktik səyləri gücləndirmək olub. Forumda ölkəmizi Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti təmsil edib. Tədbir zamanı nümayəndə heyəti üzvləri Dağıstan prezidenti Maqomedsalam Maqomedovla, habelə Dağıstan hökümətinin üzvləri ilə görüşüb, fikir mübadiləsi aparıb. Nümayəndə heyətinin üzvləri forum çərçivəsində keçirilən tok-şouda, müxtəlif yarışlarda uğurla iştirak edərək diplomlara layiq görülüb. Forumun işində fəal iştirakına görə Azərbaycan nümayəndə heyətinə diplom təqdim edilib.
Bakı, 26 sentyabr (ERtv). Bu gün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılış mərasimi keçirilib. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib.
Dövlət başçısı universitetin yeni tədris kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və bu ali təhsil ocağının Bakı filialının rektoru Nərgiz Paşayeva Azərbaycan prezidentinə və xanımına məlumat verib ki, yeni kompleksin tikintisinə 2010-cu ilin iyununda başlanıb. 7 korpusun, 4 yataqxananın daxil olduğu tədris kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub.
Dövlət başçısı və xanımı universitetin 5 mərtəbədən ibarət yeni binasının müasir tədris avadanlığı ilə təchiz edilən auditoriyalarında, zəngin kitabxanasında, konfrans zalında, yeməkxanasında, tələbə mərkəzində, “13 müdriklər klubu”nda yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva universitetin birinci mərtəbəsində köhnə Bakının və köhnə Moskvanın görüntülərini əks etdirən fotostendlərə baxıb.
Daha sonra Azərbaycan prezidenti və xanımı universitetin ayrı-ayrı mərtəbələrindəki auditoriyalarda, kompyuter zalında yaradılan şəraitlə tanış olub, ali təhsil ocağının dördüncü mərtəbəsindən ətrafı seyr edib. Bildirilib ki, 5 hektar ərazidə inşa edilən kompleksin həyətində geniş yaşıllaşdırma işləri görülüb.
Azərbaycan prezidenti İlham Əliyev mərasimdə çıxış edib.
Sonra Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və bu ali təhsil müəssisəsinin Bakı filialının rektoru Nərgiz Paşayeva çıxış edib.
Universitetin müəllim-tələbə heyəti dövlət başçısı və xanımı ilə xatirə şəkli çəkdirib.
Daha sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin əl oyunları zalı, üzgüçülük hovuzu və trenajor zalında yaradılan şəraitlə tanış olub. Azərbaycan prezidenti yeni kompleksdə yaradılan şəraitdən razılığını bildirib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycan prezidentinin 15 yanvar 2008-ci il tarixli sərəncamı ilə yaradılıb.
Bakı, 26 sentyabr (ERtv). İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini bu gün Sabunçu rayonunun Zabrat qəsəbəsində keçirib. 150-dək sahibkarın iştirak etdiyi tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına güzəştli maliyyələşdirilən Sabunçu rayonu, Bakıxanov qəsəbəsində illik istehsal gücü 12,8 min ton çörək və 1,8 min ton şirniyyat məhsulları olan zavodda aparılan tikinti işlərinə baxış keçirilib.
“Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirində Sabunçu rayonunun, o cümlədən Zabrat qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək istehsalı müəssisəsinin, kiçik və ya orta həcmli quşçuluq, istixana, bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Toplantıda Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğı nəticəsində Sabunçu rayonunda da sahibkarlıq fəaliyyətinin genişləndiyi, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığı, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd olunub.
Məlumat verilib ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2003 investisiya layihəsinin maliyyələşdirilməsinə 164,3 milyon manatdan çox güzəştli kredit ayrılıb, bu kreditlər hesabına 7400-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. 2011-ci il və 2012-ci ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakıətrafı qəsəbələrdə 362 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 37 layihənin maliyyələşdirilməsinə 57 milyon manatdan çox güzəştli kredit verilib. Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 18 sahibkarlıq subyektinə 2,8 mln. manatdan çox güzəştli kredit verilib. Bu kreditlər əsasən, çörək və şirniyyat istehsalı, tikinti, polietilen materialları istehsalı, heyvandarlıq, quşçuluq sahələrinə yönəldiləcək. Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 90-a yaxın yeni iş yerinin açılmasına imkan verəcək.
Bakı, 26 sentyabr (ERtv). Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın Təhsil Nazirliyi Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzi, Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyi, Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatı dəstəyi ilə “Ölkədaxili turizmin inkişafı” adlı layihənin təqdimatı keçirilib. Bu layihə Azərbaycanın mədəni irsinin qorunması və təbliği, ölkədaxili turizmin inkişafı, ölkəmizin tarixi, mədəniyyəti, coğrafiyası, iqtisadiyyatın güclənməsi, vətənpərvərlik, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz, təhsilimiz, sülh və beynəlxalq əlaqələrin genişləndirliməsi istiqamətində fəaliyyət göstərəcək.
Layihənin məqsədi gənc və yeniyetmələrdə xalqa, milli-mənəvi dəyərlərimizə hörmət və məhəbbət hislərini daha da gücləndirmək, ekoloji tərbiyəni genişləndirmək, diyarşünaslığı, turizmi inkişaf etdirmək, gənc və yeniyetmələri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların bilik, bacarıq, ağıl və düşüncə qabiliyyətlərini üzə çıxarmaq, asudə vaxtlarını səmərəli keçirmək və dövlətimizə layiqli vətəndaş yetişdirmək məqsədi ilə təşkil olunan layihə bu il sentyabrdan 2013-cü ilin sentyabrınadək davam edəcək.
Qeyd edək ki, layihə ilk əvvəl ölkənin cənub regionuna səfərlə başlayacaq.
Bakı, 26 sentyabr (ERtv). Bu gün ABŞ-nın Azərbaycandakı səfiri Riçard Morninqstar müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, Azərbaycana yeni təyin olunan səfirini təbrik edən nazir ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycan-ABŞ arasındakı strateji əməkdaşlıq əlaqələrinin verdiyi yüksək nəticələr, eyni zamanda hərbi sahədə əldə edilən nailiyyətlər barədə geniş fikir mübadiləsi aparılıb. Regionda mövcud hərb-siyasi vəziyyətə və Dağlıq Qarabağ probleminin yaratdığı çətinliklərə toxunan Səfər Əbiyev münaqişənin sülh yolu ilə həlli məsələsində Minsk qrupuna daxil olan ölkələrin fəaliyyətini genişləndirmələrinin zəruriliyini qeyd edib. Nazirin sözlərinə görə, işğal faktı aradan qaldırılmayacağı təqdirdə bütövlükdə Cənubi Qafqazda vəziyyətin daha təhlükəli xarakter alacağı qaçılmaz olacaq.
Bakı, 26 sentyabr (ERtv). İstehlakçıların içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə “+69 Şərq” su anbarında əsaslı yenidənqurma və genişləndirmə işləri aparılır.
“Azərsu” ASC-nin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, bununla əlaqədar sentyabrın 26-27-də paytaxtın Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bakı, 26 sentyabr (ERtv). Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili və Baş Qərvənd, Goranboyun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.
Bakı, 24 sentyabr (ERtv). Prezident İlham Əliyev Fuad Eldar oğlu İsgəndərovun Azərbaycanın Belçikadakı səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Fuad İsgəndərov Azərbaycanın Niderland Krallığında səfiri və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Prezident İlham Əliyev Emin Yaqub oğlu Eyyubovun Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilməsi haqqında da sərəncamı imzalayıb. Daha bir sərəncamla Emin Eyyubov Azərbaycanın Belçikada, Lüksemburq Böyük Hersoqluğunda səfiri və Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.
Dövlət başçısı Mir-Nəmzə Nazim oğlu Efendiyevin Azərbaycanın Niderland Krallığında səfiri təyin edilməsi haqqında da sərəncam imzalayıb.
Ölkə prezidentinin digər sərəncamı ilə Qabriel Valentin Komanesku Rumıniyanın Konstansa şəhərində Azərbaycanın fəxri konsulu təyin edilib. Azərbaycanın Xarici İşlər Nazirliyi sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Prezident İlham Əliyevin imzaladığı daha bir sərəncamla isə Arif Zahid oğlu Məmmədov Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Bakı, 25 sentyabr (ERtv). Prezident İlham Əliyev bir sıra tibb müəssisələrinin tikintisinin sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı imzalayıb. Sərəncama əsasən bir sıra tibb müəssisələrində aparılan təmir-tikinti işlərinin sürətləndirilməsi məqsədi ilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 20,0 (iyirmi) milyon manat, o cümlədən Bakı Sağlamlıq Mərkəzi üçün 5,0 (beş) milyon manat, Ağcabədi, Ağsu, Cəlilabad, Lənkəran və Yevlax mərkəzi rayon xəstəxanalarının hər biri üçün 3,0 (üç) milyon manat ayrılıb.
Maliyyə Nazirliyi sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunan qaydada təmin etməlidir. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bakı, 25 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində 330 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan prezidentinə məlumat verib ki, ümumi sahəsi 2,5 hektar olan məktəbin üçmərtəbəli binasında hər cür şərait yaradılıb. Məktəbdə 48 sinif otağı var. Burada, həmçinin 96 yerlik akt zalı, kitabxana, hərbi vətənpərvərlik otağı, fizika, kimya, biologiya və digər fənlərin tədrisi üçün laboratoriya və kabinetlərlə yanaşı, diş həkimi, psixoloq otaqları da fəaliyyət göstərir. Məktəbin həyətində geniş abadlıq işləri aparılıb, futbol, voleybol və basketbol meydançaları yaradılıb. Dövlət başçısı məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirib.
Bakı, 25 sentyabr (ERtv). Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yenidən qurulan 32 nömrəli şəhər poliklinikasının açılışında iştirak edib. Dövlət başçısı Ələt qəsəbəsində poliklinikanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən şəkillərdən ibarət stendə baxıb. Prezident İlham Əliyev poliklinikanın rəmzi açılışını bildirən lenti kəsib. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan prezidentinə məlumat verib ki, poliklinikanın 1970-ci illərdə inşa olunan birmərtəbəli binası istifadəyə yararsız vəziyyətdə idi. Hazırda müasir standartlara cavab verən ikimərtəbəli yeni binada xəstələrin müayinə və müalicəsi üçün hər cür şərait yaradılıb.
Binanın girişində ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin ölkəmizdə səhiyyənin inkişafına diqqət və qayğılarını əks etdirən fotoguşələr yaradılıb. Poliklinikada cərrah, uşaq nevropatoloji, peyvənd, prosedur, filtr boks, uşaq həkimi, diş həkimi, qulaq-burun-boğaz, terapevt, nevropatoloq, oftalmologiya, ginekologiya kabinetləri, laboratoriya, rentgen və idarəetmə otaqları fəaliyyət göstərir. Otaqlar müasir tibb avadanlığı ilə təmin edilib.
Poliklinikada yaradılan şəraiti yüksək qiymətləndirən dövlət başçısı əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi ilə bağlı tapşırıqlarını verib.
Bakı, 25 sentyabr (ERtv). Sabah Bakı və Abşeron yarımadasında havanın tutulub açılacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ERtv-yə verilən məlumata görə, havanın temperaturu gecə 16-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə sabah hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə və səhər Lənkəran-Astara zonasında qısamüddətli az yağış yağacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Sentyabrın 27-dək respublika ərazisində payız havası davam edəcək.
Bakı, 25 sentyabr (ERtv). Böyük Britaniyanın Müdafiə Akademiyası və Azərbaycanın Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda “Geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması” mövzusunda kurs keçirilir. Tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə yanaşı, Xarici İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Xüsusi Dövlət Mühafizəsi və Dövlət Sərhəd xidmətlərinin nümayəndələri iştirak edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, kursda təhlükəsizlik məsələləri, müdafiə sektorunun təşkili, beynəlxalq terrorizm və antiterrorizm, böhranların idarə olunması, siyasətin formalaşdırılması, milli təhlükəsizlik strategiyası, beynəlxalq əməliyyatlar, güc tətbiq etmə hüququ, insan resurslarının, informasiyanın və islahatların idarə edilməsi məsələləri müzakirə edilir.
Bakı, 25 sentyabr (ERtv). Bu gün Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşüb. Yeni səfiri təbrik edən nazir ona gələcək işlərində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq məsələləri, bölgədəki hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Bakı, 25 sentyabr (ERtv). İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində layihəyə cəlb edilən beynəlxalq məsləhətçi şirkət və “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri tərəfindən Bakı şəhərinin 8 rayonunda (Suraxanı, Səbail, Sabunçu, Binəqədi, Yasamal, Xəzər, Xətai və Qaradağ) hər birinin sahəsi 200 m2-dən çox olan 41 qeyri-qanuni tullantı sahəsi müəyyənləşdirilib. İİN-nin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, aparılan hesablamalara əsasən, 160 hektara yaxın sahəni əhatə edən bu tullantı sahələrində 450 min tondan çox tullantı cəmlənib.
Bu ilin avqustundan başlayaraq qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi ilə bağlı hazırlıq işləri görülüb, tullantı sahələrinə baxış keçirilib, müvafiq İş Planı tərtib olunub. Artıq qeyri-qanuni tullantı sahələrinin yığışdırılması və “Təmiz Şəhər” ASC tərəfindən zərərsizləşdirilməsi məqsədilə tullantıların Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınmasına başlanıb. Qaradağ rayonunun Sahil qəsəbəsi yaxınlığındakı qeyri-qanuni tullantı sahəsinin təmizlənməsi nəticəsində 50 min ton, Xəzər rayonu ərazisindəki qeyri-qanuni tullantı sahəsindən isə 10 min tona yaxın tullantının Balaxanı poliqonuna daşınması təmin edilib. Hazırda Sabunçu rayonunun Maştağa qəsəbəsində qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi ilə bağlı işlər aparılır. “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində tullantılardan təmizlənən ərazilərin yenidən qeyri-qanuni tullantı sahəsinə çevrilməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görülür.
Bakı, 25 sentyabr (ERtv). Erməni silahlı bölmələri dünən və bu gecə İcevan rayonunun Berkaber kəndində, Ağdamın işğal olunan Mərzili, Füzulinin Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.
Bakı, 24 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün Bolqarıstanın ölkəmizdə yeni təyin olunan səfiri Maya Xristovanın etimadnaməsini qəbul edib. Səfir Maya Xristova etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti səfirlə söhbət edib.
Diplomat Bolqarıstan prezidenti Rosen Plevnelievin və Baş nazir Boyko Borisovun salamlarını dövlət başçısına çatdırıb. O, ölkəmizdə diplomatik fəaliyyətə başlamasından şərəf duyduğunu deyib. Maya Xristova Bolqarıstan prezidenti adından Azərbaycan prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.
Azərbaycanla Bolqarıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Görüşdə ölkələr arasında əlaqələrin enerji, infrastruktur və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Dövlət başçısı prezident Rosen Plevnelievin və Baş nazir Boyko Borisovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Bolqarıstanın prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
Bakı, 24 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyənin ölkəmizdə yeni təyin olunan səfiri İsmail Alper Coşkunun etimadnaməsini qəbul edib. Diplomat etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti səfirlə söhbət edib. Səfir İsmail Alper Coşkun Türkiyə prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. O, ölkələr arasında ikitərəfli əlaqələrin böyük inkişaf yoluna qədəm qoyduğu bir dövrdə Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edib. İsmail Alper Coşkun Azərbaycandakı diplomatik fəaliyyəti müddətində ölkələr arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini deyib.
Bu yaxınlarda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının uğurla keçdiyini və yüksək nəticələr əldə edildiyini qeyd edən dövlət başçısı əlaqələrin qarşıdakı illərdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev Azərbaycanla Türkiyənin dünya miqyasında ən sıx əlaqələri olan ölkələr olduğunu və əməkdaşlığın bütün sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı Azərbaycan-Türkiyə əməkdaşlığının həm regionda, həm də regiondan kənarda böyük önəm daşıdığını qeyd edib.
Prezident İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
Bakı, 24 sentyabr (ERtv). Prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncana əsasən Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar Mühəndis”
Hüseynov Nizami Məhəmmədəli oğlu
İslamov İslam Zəli oğlu
“Əməkdar Müəllim”
Xəlilova Firəngiz Hacı qızı
İsmayılov Xudaverdi Şamil oğlu
Kazımov Nadir Məmmədəli oğlu
“Əməkdar Həkim”
Əlinağıyev Cəbrayıl Fərman oğlu