Bakı, 24 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün Bolqarıstanın ölkəmizdə yeni təyin olunan səfiri Maya Xristovanın etimadnaməsini qəbul edib. Səfir Maya Xristova etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti səfirlə söhbət edib.
Diplomat Bolqarıstan prezidenti Rosen Plevnelievin və Baş nazir Boyko Borisovun salamlarını dövlət başçısına çatdırıb. O, ölkəmizdə diplomatik fəaliyyətə başlamasından şərəf duyduğunu deyib. Maya Xristova Bolqarıstan prezidenti adından Azərbaycan prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.
Azərbaycanla Bolqarıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Görüşdə ölkələr arasında əlaqələrin enerji, infrastruktur və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Dövlət başçısı prezident Rosen Plevnelievin və Baş nazir Boyko Borisovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Bolqarıstanın prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.