Bakı, 26 sentyabr (ERtv). Bu gün ABŞ-nın Azərbaycandakı səfiri Riçard Morninqstar müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, Azərbaycana yeni təyin olunan səfirini təbrik edən nazir ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycan-ABŞ arasındakı strateji əməkdaşlıq əlaqələrinin verdiyi yüksək nəticələr, eyni zamanda hərbi sahədə əldə edilən nailiyyətlər barədə geniş fikir mübadiləsi aparılıb. Regionda mövcud hərb-siyasi vəziyyətə və Dağlıq Qarabağ probleminin yaratdığı çətinliklərə toxunan Səfər Əbiyev münaqişənin sülh yolu ilə həlli məsələsində Minsk qrupuna daxil olan ölkələrin fəaliyyətini genişləndirmələrinin zəruriliyini qeyd edib. Nazirin sözlərinə görə, işğal faktı aradan qaldırılmayacağı təqdirdə bütövlükdə Cənubi Qafqazda vəziyyətin daha təhlükəli xarakter alacağı qaçılmaz olacaq.