Bakı, 26 sentyabr (ERtv). Bu gün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılış mərasimi keçirilib. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib.
Dövlət başçısı universitetin yeni tədris kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və bu ali təhsil ocağının Bakı filialının rektoru Nərgiz Paşayeva Azərbaycan prezidentinə və xanımına məlumat verib ki, yeni kompleksin tikintisinə 2010-cu ilin iyununda başlanıb. 7 korpusun, 4 yataqxananın daxil olduğu tədris kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub.
Dövlət başçısı və xanımı universitetin 5 mərtəbədən ibarət yeni binasının müasir tədris avadanlığı ilə təchiz edilən auditoriyalarında, zəngin kitabxanasında, konfrans zalında, yeməkxanasında, tələbə mərkəzində, “13 müdriklər klubu”nda yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva universitetin birinci mərtəbəsində köhnə Bakının və köhnə Moskvanın görüntülərini əks etdirən fotostendlərə baxıb.
Daha sonra Azərbaycan prezidenti və xanımı universitetin ayrı-ayrı mərtəbələrindəki auditoriyalarda, kompyuter zalında yaradılan şəraitlə tanış olub, ali təhsil ocağının dördüncü mərtəbəsindən ətrafı seyr edib. Bildirilib ki, 5 hektar ərazidə inşa edilən kompleksin həyətində geniş yaşıllaşdırma işləri görülüb.
Azərbaycan prezidenti İlham Əliyev mərasimdə çıxış edib.
Sonra Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və bu ali təhsil müəssisəsinin Bakı filialının rektoru Nərgiz Paşayeva çıxış edib.
Universitetin müəllim-tələbə heyəti dövlət başçısı və xanımı ilə xatirə şəkli çəkdirib.
Daha sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin əl oyunları zalı, üzgüçülük hovuzu və trenajor zalında yaradılan şəraitlə tanış olub. Azərbaycan prezidenti yeni kompleksdə yaradılan şəraitdən razılığını bildirib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycan prezidentinin 15 yanvar 2008-ci il tarixli sərəncamı ilə yaradılıb.