Bakı, 25 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində 330 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan prezidentinə məlumat verib ki, ümumi sahəsi 2,5 hektar olan məktəbin üçmərtəbəli binasında hər cür şərait yaradılıb. Məktəbdə 48 sinif otağı var. Burada, həmçinin 96 yerlik akt zalı, kitabxana, hərbi vətənpərvərlik otağı, fizika, kimya, biologiya və digər fənlərin tədrisi üçün laboratoriya və kabinetlərlə yanaşı, diş həkimi, psixoloq otaqları da fəaliyyət göstərir. Məktəbin həyətində geniş abadlıq işləri aparılıb, futbol, voleybol və basketbol meydançaları yaradılıb. Dövlət başçısı məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirib.