Bakı, 25 sentyabr (ERtv). Prezident İlham Əliyev bir sıra tibb müəssisələrinin tikintisinin sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı imzalayıb. Sərəncama əsasən bir sıra tibb müəssisələrində aparılan təmir-tikinti işlərinin sürətləndirilməsi məqsədi ilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 20,0 (iyirmi) milyon manat, o cümlədən Bakı Sağlamlıq Mərkəzi üçün 5,0 (beş) milyon manat, Ağcabədi, Ağsu, Cəlilabad, Lənkəran və Yevlax mərkəzi rayon xəstəxanalarının hər biri üçün 3,0 (üç) milyon manat ayrılıb.
Maliyyə Nazirliyi sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunan qaydada təmin etməlidir. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.