Bakı, 19 sentyabr (ERtv). Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndində, Xocavəndin işgal olunan Kuropatkino, Tərtərin Qızıloba, Ağdamın Mərzili və Şıxlar kəndləri yaxınlığında, Daşkəsən və Goranboy ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.
Bakı, 18 sentyabr (ERtv). Azərbaycanın Cənubi Afrika Respublikasındakı Səfirliyi Yohannesburq şəhərində CAR-da fəaliyyət göstərən “Səma Məktəbi”nin (Sama School) təşkil etdiyi yarmarkada iştirak edib. Azərbaycanın Cənubi Afrikadakı Səfirliyindən ERtv-yə verilən məlumata görə, məktəbin hər il təşkil etdiyi ənənəvi yarmarkada ilk dəfə olaraq Azərbaycan guşəsi yaradılıb. Sərgidə Azərbaycanın milli şirniyyatları və mədəniyyətimizi əks etdirən digər əşyalar nümayiş etdirilib.
Qeyd edək ki, türk iş adamlarının dəstəyi ilə 2003-cü ildə təsis edilən məktəbdə 520 şagird təhsil alır və ikisi Azərbaycan vətəndaşı olmaqla 46 müəllim təhsil verir. Məktəb 2009-2010-cu illərdə CAR-ın ən aparıcı elmi məktəbi seçilib.
Bakı, 18 sentyabr (ERtv). Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Fransanın sabiq prezidenti Nikola Sarkozi ilə görüşü olub. Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanan görüşdə əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Bakı, 18 sentyabr (ERtv). Bu gün Yelisey sarayında Azərbaycan prezidenti İlham Əliyevin və Fransa prezidenti Fransua Ollandın görüşü olub. Sarayın qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib. Fransa prezidenti Fransua Olland Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanla Fransa arasında əməkdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılan görüşdə bu münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatında fəal rolu və Fransanın ölkəmizə sərmayə qoymasının əhəmiyyəti vurğulanıb, bu sahədə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirilib. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti, bu istiqamətdə atılmalı olan addımlar da müzakirə edilib.
Bakı, 18 sentyabr (ERtv). Litvada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev bu gün Litva parlamentinin sədri İrena Dequtuiene və baş nazir Andrius Kubiliusla görüşlər keçirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, görüşlərdə ölkələrarası münasibətlərin inkişafı və hərbi əməkdaşlıq məsələləri geniş müzakirə edilib.
Müdafiə naziri Səfər Əbiyev Litva Parlamentinin sədrinə və baş nazirə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı çətinliklər barədə ətraflı məlumat verib.
Litva Parlamentinin sədri İrena Dequtuiene bildirib ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin bu yöndə həllini arzulayır.
Günün sonunda Azərbaycanın müdafiə naziri Litva Milli Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən enerji təhlükəsizliyi mərkəzində olub.
Bakı, 18 sentyabr (ERtv). Bu gün Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunan yeni zalların açılış mərasimi keçirilib. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Fransa prezidenti Fransua Olland mərasimdə iştirak edib. Dövlət başçısını və xanımını Fransa prezidenti Fransua Olland qarşılayıb.
Tədbirdə çıxış edən Luvr muzeyinin baş direktoru Anri Luerett bildirib ki, Fransa bütün mədəniyyətlərin, o cümlədən İslam incəsənətinin qorunub saxlanmasına böyük diqqət göstərir. Bu baxımdan Luvr muzeyi hazırda mədəniyyətlərarası dialoqun əldə olunmasında mühüm rol oynayır. Yeni zallar isə İslam sivilizasiyasının mühüm cəhətləri ilə tanış olmaq imkanı yaradır.
Fransa prezidenti Fransua Olland da çıxış edərək bildirib ki, rəsmi Paris Luvr muzeyində İslam incəsənəti departamentinin yaradılmasından və bu zəngin kolleksiyanı təqdim etməkdən şərəf hissi duyur. Fransa dövlətinin başçısı söyləyib ki, 2003-cü ildə ideya kimi yaranan, 2008-ci ildən isə icra olunmağa başlayan bu layihənin həyata keçirilməsində əsas məqsəd Luvrun universallığını və bəşəri əhəmiyyətini göstərmək, Fransanın İslam sivilizasiyasına münasibətini nümayiş etdirməkdir. Fransua Olland bu layihənin həyata keçirilməsinə verdikləri dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə və digər tərəfdaşlara minnətdarlığını bildirib: “Mən xeyirxahlıq nümayiş etdirərək lazımi anda yardımını göstərən şəxslərə, xüsusilə də Azərbaycan prezidentinə və digər ali qonaqlara dərin təşəkkürümü bildirmək istəyirəm. Onlar bizim çoxsaylı tərəfdaşlarımızdandır. Onlar Fransanın dostlarıdır. Onlar bu layihəyə çox böyük yardım edib. Ümid edirəm ki, bu xeyirxahlıq gələcəkdə də davam etdiriləcək”.
Fransa prezidenti diqqətə çatdırıb ki, bu layihə sivilizasiyalar arasında dialoqun əldə olunmasına töhfə verməklə yanaşı, muzeyə gələnlərə Şərqi daha yaxşı tanımaq, Avropa və İslam mədəniyyəti arasındakı uyğunluqları müəyyən etmək üçün şərait yaradır.
Sonra qonaqlar Luvr muzeyinin İslam incəsənəti bölməsi ilə tanış olub. Bildirilib ki, bu bölmənin yaradılması muzeyin tarixində xüsusi bir mərhələdir. Həmin bölmə İslam sivilizasiyasının arxitektura, rəssamlıq və digər mədəni yaradıcılıq nümunələrini təcəssüm etdirir. Muzeydəki İslam incəsənəti bölməsi müxtəlif müsəlman ölkələrinin mədəniyyətlərinə aid yaradıcılıq nümunələrindən ibarətdir. Burada şüşədən, keramikadan və metaldan hazırlanan müxtəlif dulusçuluq əşyaları, xalçalar, geyimlər, miniatürlər də daxil olmaqla 5 mindən çox bütöv incəsənət nümunələri, mindən artıq natamam və zədələnən yaradıcılıq işləri sərgilənir. Muzeyin bölməsində İslam tarixinin müxtəlif dövrlərində mövcud olan dövlətlərə aid sənət əsərləri də saxlanılır.
Diqqətə çatdırılıb ki, yeni zalların açılmasında Fransa ilə yanaşı, Azərbaycan, Küveyt, Oman və Mərakeşin də mühüm rolu olub.
Muzeyin İslam incəsənəti bölməsində nümayiş etdirilən eksponatlarla tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.
Daha sonra Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin həyətində xatirə şəkli çəkdirib.
Dünyanın ən məşhur muzeylərindən sayılan Luvr 1793-cü ildə Kral sarayının binasında açılıb. Parisin mərkəzində yerləşən muzeyin ilk vaxtlar 60 min kvadratmetr sahəsi hazırda 3 dəfə artıb. Luvr sahəsinə görə dünyanın üçüncü, tamaşaçı sayına görə isə ən çox ziyarət edilən muzeyidir. Təkcə 2011-ci ildə muzeyə 8 milyon 800 min ziyarətçi gəlib.
Bakı, 18 sentyabr (ERtv). MDB-nin mətbuat xidmətinin açıqlamasına görə, bu gün Belarusun paytaxtında təşkilatın Minskdəki iqamətgahında MDB-nin iştirakçısı olan dövlətlərin Birliyin nizamnamə və digər orqanlarındakı daimi səlahiyyətli nümayəndələri Şurasının iclası keçiriləcək.
Bakı, 18 sentyabr (ERtv). Sumqayıtda ötən gün baş verən dəhşətli partlayışda həlak olanların sayı 4-ə çatıb. Zərərçəkənlərin verdiyi məlumata görə, ölən 2 nəfərin şəxsiyyəti artıq müəyyənləşdirilib. Onlardan biri Sabir Babayev, digəri isə Piri Piriyevdir. Digərinin isə şəxsiyyəti müəyyənləşdirilir.
Xatırladaq ki, sentyabrın 17-də ilkin olaraq partlayışda həlak olan şəxsin Elman Səfərov olduğu açıqlanıb. Beləliklə, Sumqayıt şəhərində yerləşən "Məişət malları" Açıq Səhmdar Cəmiyyətinin ərazisində baş verən yanğında ölənlərin sayı 4-ə çatıb.
Bakı, 18 sentyabr (ERtv). İngiltərənin baş naziri Devid Kameron pişiyini tənbəlliyinə görə işdən azad edib. Hökumət başçısının sarayının baş siçantutanı olan Larri ləqəbli pişik vəzifəsini yerinə yetirmədiyi üçün saraydan qovulub. Yarım il ərzində Larri cəmi bir gəmirici tuta bilib.
Kameronun dördayaqlı dostu ötən ilin fevralında göstərdiyi yaxşı nəticələrə görə hökumət sarayına yol tapa bilib.
Bakı, 18 sentyabr (ERtv). ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sabah Azərbaycanın Füzuli rayonunun Qaraxanbəyli kəndinin şimal istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor keçirəcək.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və ofisin əlaqələndiricisi Piter Ki keçirəcək.
Bakı, 18 sentyabr (ERtv). Erməni silahlı bölmələri bu gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.
Bakı, 17 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyevin bu gün Parisdə “Total” şirkətinin baş icraçı katibi Kristof de Marjeri ilə görüşü olub. Görüşdə Azərbaycanla “Total” şirkəti arasında “Abşeron” və “Şahdəniz” yataqlarının işlənilməsində, boru kəmərləri layihələrinin həyata keçirilməsində əməkdaşlıq, eləcə də əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Bakı, 17 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyevin bu gün Parisdə “Tecnip” şirkətinin quruda və dənizdə baş əməliyyat direktoru, icraçı vitse-prezidenti Filipp Barrillə görüşü keçirilib. Görüşdə “Tecnip” şirkətinin Azərbaycanın neft-qaz sektorundakı uğurlu fəaliyyəti, bu şirkətin “Şahdəniz-1” yatağının işlənilməsində və digər layihələrin həyata keçirilməsində rolu qeyd olunub. Həmçinin gələcəkdə Azərbaycan ilə “Tecnip” arasında əməkdaşlığın digər istiqamətləri və yeni layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Bakı, 17 sentyabr (ERtv). Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Parisdə “GDF-Suez” şirkətinin sədri və baş icraçı direktoru Jerar Mestrale ilə görüşü keçirilib. Görüşdə Azərbaycanla “GDF-Suez” şirkəti arasındakı əlaqələrin perspektivləri, “Abşeron” qaz yatağı üzrə əməkdaşlıq, həmçinin Azərbaycanda əhalinin dünya standartlarına uyğun təmiz içməli su ilə təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bakı, 17 sentyabr (ERtv). İndoneziyanın İqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasanın rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət geniş tərkibdə nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu gün İndoneziyanın İqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasanın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. İndoneziya nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib.
Sonra İndoneziyanın İqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasanın rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi İnkişaf naziri Şahin Mustafayevlə görüşüb. Görüşdə Şahin Mustafayev Azərbaycan prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb. Nazir qarşılıqlı rəsmi və işgüzar səfərlərin, təşkil edilən biznes forum və işgüzar görüşlərin ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsində əhəmiyyətli olduğunu vurğulayıb. Azərbaycan və İndoneziya arasında iqtisadi əməkdaşlığın inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu məsələləri müzakirə edilən görüşdə işgüzar əlaqələrin genişlənməsi üçün potensial imkanlardan səmərəli istifadənin əhəmiyyəti diqqətə çatdırılıb.
İndoneziyanın İqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasa Azərbaycana səfərindən və ölkəmizin dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə edib, ikitərəfli əlaqələrin inkişafında ölkələrimizin böyük perspektivə malik olduğunu vurğulayıb.
Sonra Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-İndoneziya biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və İndoneziya tərəfindən nəqliyyat, dağ mədən sənayesi, turizm, daşınmaz əmlak, heyvandarlıq, bitkiçilik, balıqçılıq və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib. Biznes forumda İş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilən tədbirdə Azərbaycanın biznes mühiti və investisiya potensialına dair təqdimat keçirilib, ölkəmiz haqqında video çarx nümayiş olunub. Biznes forumda həmçinin, İndoneziya şirkətlərinin təqdimatları keçirilib, onların fəaliyyət sahələri barədə məlumat verilib. Biznes forum zamanı Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə İndoneziyanın Ticarət və Sənaye Palatası arasında, AZPROMO ilə İndoneziyanın Ticarət və Sənaye Palatası arasında, eləcə də Azərbaycanın “Gənc sahibkarlar şəbəkəsi” ilə “İndoneziyanın Gənc Sahibkarları Assosiasiyası” arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.
İndoneziyanın İqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Sənaye və Energetika Nazirliyində, Azərbycan Dövlət Neft Şirkətində, Əmlak Məsələləri Dövlət Komitəsində və Dövlət Neft Fondunda görüşlər keçirilib. İndoneziya nümayəndə heyəti səfər çərçivəsində Dövlət Bayrağı Meydanı və “İçəri şəhər”lə də tanış olacaq.
Bakı, 17 sentyabr (ERtv). Prezident İlham Əliyev Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədilə pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanın 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı pilot layihənin həyata keçirilməsi məqsədi ilə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılır.
Azərbaycanın Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunan qaydada təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Bakı, 17 sentyabr (ERtv). Prezident İlham Əliyev İosif Kobzonun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. sərəncama əsasən Rusiya ilə Azərbaycan arasında musiqi mədəniyyəti sahəsində əməkdaşlığın genişləndirilməsində səmərəli fəaliyyətinə görə İosif Davıdoviç Kobzon “Dostluq” ordeni ilə təltif edilib.
Bakı, 17 sentyabr (ERtv). Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev bu gün Litva Respublikasına rəsmi səfər edib. Litvada Azərbaycanın müdafiə nazirinin rəsmi qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib. Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə Litvanın mili müdafiə naziri Rasa Yunkiaviçene arasında təkbətək, sonra isə geniştərkibli görüş keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, görüşlərdə ölkələrarası hərbi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi qərara alınıb və Litva ilə Azərbaycan müdafiə nazirlikləri arasında yenilənən hərbi əməkdaşlıq haqqında saziş imzalanıb.
Görüşdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə də iştirak edib.
Azərbaycanın müdafiə nazirinin sabah Litvanın rəsmi şəxsləri ilə görüşü nəzərdə tutulub.
Bakı, 17 sentyabr (ERtv). Bu gün Azərbaycan prezidenti İlham Əliyev Fransaya işgüzar səfəri baçlayıb. Parisin Orli beynəlxalq hava limanında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olunub. Prezident İlham Əliyev hava limanından onun üçün ayrılan iqamətgaha yola düşüb.
Bakı, 17 sentyabr (ERtv). Sentyabrın 18-dən etibarən Bakı şəhərində Qırğız Respublikasının Gənclər, Əmək və Məşğulluq Nazirliyinin əməkdaşları və Qeyri Hökumət Təşkilatlarının nümayəndələri üçün təlim kursuna start veriləcək.
Təlim kursunun Proqramına əsasən iştirakçılara Azərbaycanda gənclər siyasəti sahəsində gürülən işlər haqqında ətraflı məlumatların verilməsi, Gənclər Fondunda, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında görüşlərin keçirilməsi və Bakı şəhərində gəzintilərin təşkili nəzərdə tutulub.