Bakı, 18 sentyabr (ERtv). Bu gün Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunan yeni zalların açılış mərasimi keçirilib. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Fransa prezidenti Fransua Olland mərasimdə iştirak edib. Dövlət başçısını və xanımını Fransa prezidenti Fransua Olland qarşılayıb.
Tədbirdə çıxış edən Luvr muzeyinin baş direktoru Anri Luerett bildirib ki, Fransa bütün mədəniyyətlərin, o cümlədən İslam incəsənətinin qorunub saxlanmasına böyük diqqət göstərir. Bu baxımdan Luvr muzeyi hazırda mədəniyyətlərarası dialoqun əldə olunmasında mühüm rol oynayır. Yeni zallar isə İslam sivilizasiyasının mühüm cəhətləri ilə tanış olmaq imkanı yaradır.
Fransa prezidenti Fransua Olland da çıxış edərək bildirib ki, rəsmi Paris Luvr muzeyində İslam incəsənəti departamentinin yaradılmasından və bu zəngin kolleksiyanı təqdim etməkdən şərəf hissi duyur. Fransa dövlətinin başçısı söyləyib ki, 2003-cü ildə ideya kimi yaranan, 2008-ci ildən isə icra olunmağa başlayan bu layihənin həyata keçirilməsində əsas məqsəd Luvrun universallığını və bəşəri əhəmiyyətini göstərmək, Fransanın İslam sivilizasiyasına münasibətini nümayiş etdirməkdir. Fransua Olland bu layihənin həyata keçirilməsinə verdikləri dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə və digər tərəfdaşlara minnətdarlığını bildirib: “Mən xeyirxahlıq nümayiş etdirərək lazımi anda yardımını göstərən şəxslərə, xüsusilə də Azərbaycan prezidentinə və digər ali qonaqlara dərin təşəkkürümü bildirmək istəyirəm. Onlar bizim çoxsaylı tərəfdaşlarımızdandır. Onlar Fransanın dostlarıdır. Onlar bu layihəyə çox böyük yardım edib. Ümid edirəm ki, bu xeyirxahlıq gələcəkdə də davam etdiriləcək”.
Fransa prezidenti diqqətə çatdırıb ki, bu layihə sivilizasiyalar arasında dialoqun əldə olunmasına töhfə verməklə yanaşı, muzeyə gələnlərə Şərqi daha yaxşı tanımaq, Avropa və İslam mədəniyyəti arasındakı uyğunluqları müəyyən etmək üçün şərait yaradır.
Sonra qonaqlar Luvr muzeyinin İslam incəsənəti bölməsi ilə tanış olub. Bildirilib ki, bu bölmənin yaradılması muzeyin tarixində xüsusi bir mərhələdir. Həmin bölmə İslam sivilizasiyasının arxitektura, rəssamlıq və digər mədəni yaradıcılıq nümunələrini təcəssüm etdirir. Muzeydəki İslam incəsənəti bölməsi müxtəlif müsəlman ölkələrinin mədəniyyətlərinə aid yaradıcılıq nümunələrindən ibarətdir. Burada şüşədən, keramikadan və metaldan hazırlanan müxtəlif dulusçuluq əşyaları, xalçalar, geyimlər, miniatürlər də daxil olmaqla 5 mindən çox bütöv incəsənət nümunələri, mindən artıq natamam və zədələnən yaradıcılıq işləri sərgilənir. Muzeyin bölməsində İslam tarixinin müxtəlif dövrlərində mövcud olan dövlətlərə aid sənət əsərləri də saxlanılır.
Diqqətə çatdırılıb ki, yeni zalların açılmasında Fransa ilə yanaşı, Azərbaycan, Küveyt, Oman və Mərakeşin də mühüm rolu olub.
Muzeyin İslam incəsənəti bölməsində nümayiş etdirilən eksponatlarla tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.
Daha sonra Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin həyətində xatirə şəkli çəkdirib.
Dünyanın ən məşhur muzeylərindən sayılan Luvr 1793-cü ildə Kral sarayının binasında açılıb. Parisin mərkəzində yerləşən muzeyin ilk vaxtlar 60 min kvadratmetr sahəsi hazırda 3 dəfə artıb. Luvr sahəsinə görə dünyanın üçüncü, tamaşaçı sayına görə isə ən çox ziyarət edilən muzeyidir. Təkcə 2011-ci ildə muzeyə 8 milyon 800 min ziyarətçi gəlib.