Bakı, 17 sentyabr (ERtv). İndoneziyanın İqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasanın rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət geniş tərkibdə nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu gün İndoneziyanın İqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasanın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. İndoneziya nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib.
Sonra İndoneziyanın İqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasanın rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi İnkişaf naziri Şahin Mustafayevlə görüşüb. Görüşdə Şahin Mustafayev Azərbaycan prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb. Nazir qarşılıqlı rəsmi və işgüzar səfərlərin, təşkil edilən biznes forum və işgüzar görüşlərin ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsində əhəmiyyətli olduğunu vurğulayıb. Azərbaycan və İndoneziya arasında iqtisadi əməkdaşlığın inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu məsələləri müzakirə edilən görüşdə işgüzar əlaqələrin genişlənməsi üçün potensial imkanlardan səmərəli istifadənin əhəmiyyəti diqqətə çatdırılıb.
İndoneziyanın İqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasa Azərbaycana səfərindən və ölkəmizin dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə edib, ikitərəfli əlaqələrin inkişafında ölkələrimizin böyük perspektivə malik olduğunu vurğulayıb.
Sonra Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-İndoneziya biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və İndoneziya tərəfindən nəqliyyat, dağ mədən sənayesi, turizm, daşınmaz əmlak, heyvandarlıq, bitkiçilik, balıqçılıq və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib. Biznes forumda İş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilən tədbirdə Azərbaycanın biznes mühiti və investisiya potensialına dair təqdimat keçirilib, ölkəmiz haqqında video çarx nümayiş olunub. Biznes forumda həmçinin, İndoneziya şirkətlərinin təqdimatları keçirilib, onların fəaliyyət sahələri barədə məlumat verilib. Biznes forum zamanı Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə İndoneziyanın Ticarət və Sənaye Palatası arasında, AZPROMO ilə İndoneziyanın Ticarət və Sənaye Palatası arasında, eləcə də Azərbaycanın “Gənc sahibkarlar şəbəkəsi” ilə “İndoneziyanın Gənc Sahibkarları Assosiasiyası” arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.
İndoneziyanın İqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Sənaye və Energetika Nazirliyində, Azərbycan Dövlət Neft Şirkətində, Əmlak Məsələləri Dövlət Komitəsində və Dövlət Neft Fondunda görüşlər keçirilib. İndoneziya nümayəndə heyəti səfər çərçivəsində Dövlət Bayrağı Meydanı və “İçəri şəhər”lə də tanış olacaq.