Azərbaycan Xarici İşlər Nazirliyi Uruqvay xarici işlər nazirinin bəyanatını araşdırır. Bu barədə jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.
Uruqvay Dağlıq Qarabağ münaqişəsinin xalqların öz müqəddəratını təyinetmə hüququ əsasında dinc nizamlanmasını dəstəkləyir. Ermənistan KİV-in məlumatına görə, bu barədə mayın 4-də Uruqvayın xarici işlər naziri Luis Almaqro erməni həmkarı Edvard Nalbandyanla birgə mətbuat konfransında bəyan edib.
"Dağlıq Qarabağ Ermənistanla çox sıx bağlıdır. Bu, Qarabağın öz müqəddəratını təyinetmə hüququndan istifadə etməklə özü üçün seçə biləcəyi gələcəkdir", - nazir deyib.
Elman Abdullayev bildirib ki, Azərbaycanın Argentinadakı səfirliyinə Uruqvay Xarici İşlər Nazirliyinin mövqeyini öyrənmək və Ermənistan KİV-in yaydığı məlumatın həqiqətə nə dərəcədə uyğun olub-olmamasını araşdırmaq tapşırılıb.
Onun sözlərinə görə, məlumatın həqiqiliyi öyrənildikdən sonra Azərbaycan XİN rəsmi bəyanatla çıxış edəcək.
Tağı Əhmədov: “Stansiya bələdçiləri “Eurovision” qonaqlarının suallarını ingilis dilində cavablandıracaq”
Gələn ildən Bakı Metropoliteninin “Xətai” stansiyasından “Həzi Aslanov” stansiyasına yeni xəttin çəkilişinə başlanacaq. Bu barədə metropolitenin rəisi Tağı Əhmədov bildirib.
Onun sözlərinə görə, “Xətai” stansiyasından “Həzi Aslanov” stansiyasına qədər olan ərazidə 7 stansiya olacaq: “Hazırda bir Ukrayna şirkəti tərəfindən ərazidə layihələndirmə işləri gedir. Bundan başqa, Köhnə Günəşli və Yeni Günəşli istiqamətində metro xəttinin çəkilməsi istiqamətində işlər aparılır”.
Bakı Metropoliteninin Azərbaycan paytaxtında keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıqlarından söz açan T.Əhmədov qeyd edib ki, bütün stansiyalarda informasiya köşkləri quraşdırılıb: “Şəhərimizə gələn əcnəbilər informasiya köşklərinə yaxınlaşıb ingilis dilində istənilən məlumatı ala bilərlər. Eyni zamanda getmək istədikləri yeri metro bələdçilərindən soruşa bilərlər. Metropolitendə bələdçilər üçün ingilis dili kursları açılıb, 50 nəfərə ingilis dili dərsi keçilib. Onlar müraciət edən əcnəbiləri ingilis dilində sərbəst şəkildə cavablandıra biləcəklər. Bakı Metropoliteni “Eurovision” müsabiqəsinə tam hazırdır”.
Müsabiqə dövründə metroda sıxlıq yaranacağı təqdirdə atılacaq addımlara gəlincə, T.Əhmədov deyib ki, qatarların artırılması sərnişinlərin sayından asılı olacaq.
Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.
“Ermənistan terror aktlarını öz təhlükəsizlik qüvvələrinin birbaşa iştirakı və beynəlxalq terrorçu qruplardan istifadə etməklə təşkil edib”.
Nyu-Yorkda Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının terrorçuluqla mübarizəyə həsr olunmuş iclası keçirilir.
Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasının 6765-ci sessiyasının işini açıq elan etdiyini bildirib. Dövlət başçısı BMT-nin baş katibi Pan Gi Muna bu iclasda iştirak etdiyinə görə təşəkkürünü bildirib.
Daha sonra BMT baş katibi Ban Ki Mun çıxış edib. Azərbaycana BMT TŞ-na sədrlik edəcəyi dövrdə uğurlar arzulayan baş katib terrorizmlə mübarizə sahəsində görülməli olan tədbirlərdən bəhs edib.
Baş katib terror şəbəkələrinin məhv edilməsi üçün kollektiv tədbirləri fəallaşdırmağa çağırıb.
Baş katib BMT-nin terrorçuluqla mübarizə üzrə əlaqələndiricisi postunu yaratmağı da təklif edib: “Əfqanıstan, Nigeriya və Yəməndə bu yaxınlarda baş vermiş hücumlar terror təhlükəsinin əvvəlki kimi qaldığını göstərir”.
O, terror təşkilatlarının yeni dislokasiya yerləri axtarmağa davam etdiklərini, yeni taktika və hədəflər seçdiklərini də xatırladıb.
Pan Gi Mun vurğulayıb ki, iyun ayında Baş Assambleyanın Terrorçuluqla mübarizəyə dair qlobal strategiyanın həyata keçirilməsinə həsr olunmuş iclası keçiriləcək.
Bu strategiya 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən təsdiq olunub.
Daha sonra Almaniyanın xarici işlər naziri Qido Vestervelle, Toqonun xarici işlər və əməkdaşlıq naziri Elliot Ohin, Obama kabinetinin üzvü, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Susan Rays, Mərakeşin xarici işlər və əməkdaşlıq naziri Yusif Əmrani, Rusiya Prezidentinin terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə xüsusi nümayəndəsi Aleksandr Zmivski, Kolumbiyanın çoxtərəfli işlər nazirinin müavini Patti Londono, Çin, Pakistan, Böyük Britaniya, Hindistan, Cənubi Afrika Respublikası, Qvatemala, Fransa və Portuqaliya nümayəndələri çıxış ediblər.
Çıxışçılar terrorizmin hazırda dünya üçün ən böyük təhdid olduğunu, BMT-nin bu sahədə həyata keçirdiyi mübarizə tədbirlərini dəstəklədiklərini bildiriblər.
İclasda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev terrorizmin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhlükə olduğunu bildirib.
Dövlət başçısı qeyd edib ki, terror BMT-yə üzv olan bütün ölkələrdə insan haqları, fundamental azadlıqlar, demokratiya və siyasi müstəqillik, suverenlik, ərazi bütövlüyü, sosial və iqtisadi inkişafa çox ciddi təhlükədir.
“Azərbaycan qəti olaraq terrorun bütün təzahürlərini pisləyir. Biz bütün terror aktlarını cinayət kimi qəbul edir və pislənməli, cəzalandırılmalı olduğunu düşünürük. Terrorçulara heç vaxt öz əməllərinə görə haqq qazandırılması üçün bəhanə verilməməlidir. Səbəbindən asılı olmayaraq, heç bir terror aktına haqq qazandırıla bilməz. Terrorizmin müxtəlif təzahürləri mövcuddur, ayrı-ayrılıqda separatçılıq, ekstremizm və mütəşəkkil cinayətkarlıqla əlaqəlidir” –deyə, dövlət başçısı bildirib.
Azərbaycan Prezidenti bildirib ki, silahlı münaqişələrin baş verdiyi, xüsusilə də başqa ölkələrin işğalı altında olan ərazilər terrorla separatçılıq, ekstremizm, mütəşəkkil cinayətkarlıq kimi əməllər arasında şəbəkə formalaşmasına şərait yaradır.
Prezident İlham Əliyev Azərbaycanın terrorun müxtəlif formalarına məruz qalıb: “Azərbaycan xaricdən edilən terrorun birbaşa hədəfi olub. Ermənistan dəfələrlə dinc Azərbaycan vətəndaşlarına, infrastrukturuna qarşı terror aktları törədib. Bu terror hadisələri nəticəsində minlərlə azərbaycanlı həyatını itirib”.
Prezident qeyd edib ki, Ermənistan bu terror aktlarını öz təhlükəsizlik qüvvələrinin birbaşa iştirakı və beynəlxalq terrorçu qruplardan istifadə etməklə təşkil edib: “Bu ölkə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi zamanında daha genişmiqyaslı etnik təmizləmə aparmaq məqsədilə dinc azərbaycanlılara qarşı silahlı təcavüzün də daxil olduğu terror aktlarından geniş istifadə edib. Bu cür qəddarlıq aktlarının kuliminasiya nöqtəsi isə Azərbaycanın Xocalı şəhərinin yer üzündən silinməsi olub. Burada qadın, uşaq və qocalar da daxil olmaqla 613 nəfər qətlə yetirilib. Yüzdən çox qadın, 63 uşaq öldürülüb”.
Prezident bildirib ki, Ermənistan həmçinin münaqişə bölgəsindən kənarda da dinc sakinlərə qarşı terror aksiyaları törədib. Ölkə başçısı 1994-cü ildə Bakı Metropolitenində törədilmiş terror aktını xatırladıb.
Prezident qeyd edib ki, etnik təmizləmələr beynəlxalq birlik tərəfindən qəbul olunmuş Azərbaycan ərazisinin 20%-nin işğalı ilə nəticələnib. Bu hadisələr 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz evlərinə qayıda bilməməsinə səbəb olub.
Prezident İlham Əliyev xatırladıb ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnamə qəbul etsə də, «bütün 20 il ərzində Ermənistan bu qətnamələrə əməl etməkdən boyun qaçırır».
Azərbaycan prezidenti BMT çərçivəsində Beynəlxalq Terrorçuluqla mübarizəyə dair hərtərəfli Konvensiyanın qəbul olunmasının vacibliyini vurğulayıb.
Prezidentin fikrincə, konvensiya beynəlxalq terrorçuluqla mübarizədə səmərəli vasitə ola bilər.
Çıxışının sonunda prezident Azərbaycanın beynəlxalq terrorçuluqla mübarizədə aktiv iştirak etdiyini vurğulayıb.
Mayın 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-24 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında mayın 5-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 11-16, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.
Mayın 5-6-da ölkə ərazisində hava şəraitinin nisbətən qeyri-sabit keçəcəyi, havanın tutulub açılacağı, əsasən gecə və axşam saatlarında qısamüddətli az yağış yağacağı gözlənilir. Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək.
Birləşmiş Ştatlarda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın nəqliyyat komandanı, general Uilyam Freyzer ilə görüşüb.
General Uilyam Freyzer Azərbaycan ilə ABŞ arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. Terrorizmə qarşı mübarizədə və Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında Azərbaycanın rolunu vurğulayan komandan bu sahədə əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu deyib. Əməkdaşlığımızın uğurlu və səmərəli olduğunu qeyd edən prezident İlham Əliyev antiterror koalisiyası çərçivəsində əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.
Azərbaycanda bir neçə səhiyyə işçisi korrupsiya faktı ilə əlaqədar tutulub.
Baş prokuror yanında Korrupsiya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Bakının Xəzər rayonunda, 26 saylı Mərdəkan və 14 saylı Buzovna xəstəxanalarında əməliyyat keçirib. Həyata keçirilən xüsusi əməliyyat nəticəsində 14 saylı Buzovna xəstəxanasının baş həkimi Oqtay Salamov və daha bir neçə həkim şübhəli şəxs qismində saxlanılıb. Onlar rüşvət almaqda günahlandırılırlar.
14 saylı Buzovna Xəstəxanasından faktı təsdiqləsələr də, bu barədə ətraflı açıqlama verilməyib.
26 saylı Mərdəkan Xəstəxanasından isə hazırda xəstəxanada prokurorluq tərəfindən əməliyyat aparıldığını bildiriblər.
Azərbaycanın Mərakeşdəki səfiri Sabir Ağabəyov Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb.
Azərbaycanın Mərakeşdəki səfirliyindən verilən məlumata görə, görüşdə Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycan prezidenti İlham Əliyevin İSESCO-nun 30 illik yubileyi münaisbətilə xatirə medalı ilə təltif edildiyini bildirib. O, medalı, prezidentə ünvanlanmış məktubu və “İSESCO: 30 ilin nailiyyətləri” adlı kitabı səfirə təqdim edib.
Səfir isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yubiley münasibətilə baş direktora ünvanlanmış təbrik məktubunu Əbdüləziz bin Osman əl-Tüveycriyə təqdim edib.
Mayın 3-də isə İSESCO-nun mənzil qərargahında Mərakeş Kralı VI Məhəmmədin dəstəyi ilə qurumun 30 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.
Mərasimdə Mərakeşin hökumət üzvləri, İSESCO-ya üzv dövlətlərin, beynəlxalq təşkilatların, Rabatda akkreditə olunmuş diplomatik korpusun və media nümayəndələri iştirak ediblər. Azərbaycanın Mərakeşdəki səfiri və İSESCO-dakı daimi nümayəndəsi S.Ağabəyov də tədbirə qatılanlar arasında olub.
Tədbirdə Mərakeş Kralı VI Məhəmmədin tədbir iştirakçılarına məktubu oxunduqdan sonra İSESCO-nun baş direktoru çıxış edərək, qurumun 30 ildə keçdiyi yoldan, gələcəkdə görülməsi planlaşdırlan işlərdən danışıb.
ABŞ-da işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Nyu-Yorkda Argentinanın xarici işlər naziri Hektor Timerman ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Argentina arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Tərəflər ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu vurğulayıblar. Argenitinanın iş adamlarının yaxın zamanlarda Azərbaycana həyata keçirəcəkləri səfərin iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətinin qeyd olunduğu görüşdə əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşama doğru tədricən tutulacaq, səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq.
Temperatur gecə 11-14° isti, gündüz 21-26° isti olacaq.
Bakıda gecə 12-14° isti, gündüz 23-25° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 millimetr 757 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında səhər və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 9-14°, gündüz 20-25° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 4-9°, gündüz 12-17° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-14°, gündüz 19-24° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 9-14°, gündüz 18-23° isti, dağlarda gecə 5-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 11-15° isti, gündüz 20-24° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz: mayın 4-6-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, mayın 4-ü axşamdan gözlənilən qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Təmir işləri ilə əlaqədar olaraq mayın 4-də saat 09:00-dan 19:00-dək “Dilman-Şərədil” xətti istisna olmaqla “Şamaxı” və “Çuxuryurd” Avtomatik Qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.
Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, təmir işləri aparılan müddətdə Şamaxı şəhəri də daxil olmaqla, rayonun Çuxuryurd, Nağaraxana, Məlhəm və Əngixaran kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.
Almaniyanın Azərbaycandakı səfirinin açıqlamalarında ədalətli mövqe yoxdur. Trend-in məlumatına görə, bunu jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, Almaniyanın bəzi mətbuat orqanları Azərbaycanla bağlı qərəzlərini gizlətmirlər. Bu və ya digər bəhanələrlə Azərbaycandakı prosesləri ciddi şəkildə təhrif edir, bu təhriflər əsasında kampaniya aparırlar.
“Azərbaycanda da bəzi kütləvi informasiya vasitələri buna cavab veriblər. Hesab edirəm ki, iki ölkənin KİV-ləri arasında gedən bu mübarizəyə Almaniya səfirinin müdaxilə etməsinə heç bir lüzum yox idi, bu, yersiz və yolverilməz idi. Düşünürdüm ki, Almaniya səfiri bu hadisələrin fövqündə dayanan bir mövqe seçəcək. Amma təəssüflə bildirmək istəyirəm ki, səfir tərəflərdən birinin mövqeyini tutdu, Almaniyanın bəzi KİV-lərinin qərəzli mövqeyinin tərəfini tutdu. Beləliklə də özünü bu prosesin içində göstərdi. Ona görə də bundan inciməyə, buna başqa cür qiymət verməyə onun haqqı yoxdur”, - Əhmədov əlavə edib.
"Şuşanın tarixi və bu şəhər haqqında bütün məlumatlar dərsliyə salınmalıdır".
Bunu jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, dərsliklərin növbəti nəşrlərində Şuşa şəhərinin tarixi barədə ayrıca məlumat veriləcək.
Nazir hesab edir ki, Şuşa şəhəri haqqında məlumatların dərsliklərə salınması gələcək nəsillərin bu şəhər haqqında ətraflı məlumat almasında mühüm rol oynayacaq.
Azərbaycan prezidenti İlham Əliyev mayın 2-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə gedib.
Səfərin məqsədi Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü ilə bağlı tədbirdə və BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında iştirak etməkdir.
Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyindən bildirmişlər ki, 2012-ci ilin aprel ayında Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq humanitar fəaliyyət çərçivəsində Beninin Porto-Novo şəhərində yerləşən Afrika İrsi Məktəbinin (EPA) inkişafı üçün 50 min avro məbləğində maliyyə yardımı göstərilmişdir.
Beləliklə, 13 il ərzində fəaliyyət göstərən EPA-nın ölkələr, fondlar, təşkilat və fərdi şəxslərdən ibarət digər 24 donorlarının sırasına qoşulan Heydər Əliyev Fondu quruma mühüm dəstək vermişdir.
Mədəniyyət abidələrinin mühafizəsi və bərpasının öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) baş direktoru Stefano De Karo və Afrika İrsi Məktəbinin direktoru Fallo Baba Keita Heydər Əliyev Fondunun yardımını yüksək qiymətləndirərək Mehriban xanım Əliyevaya təşəkkür məktubları ünvanlamışlar.
Təşəkkür məktublarında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Afrika İrsi Məktəbi ilə yaxından tanış olmaq üçün Beninə səfərə və EPA-nın doqquz yüksək vəzifəli şəxslərdən ibarət (Fransanın sabiq Prezidenti J.Şirak, Beynəlxalq Frankofoniya Təşkilatının baş katibi A.Diuf, UNESCO-nun sabiq baş direktoru K.Matsuura, İtaliyanın sabiq Prezidenti K.A.Çiampi və BMT-nin sabiq baş katibi X.P. de Kuelyar və b.) Yüksək Himayədarlar Şurasının üzvü olmağa dəvət etmişlər.
Bakı Slavyan Universitetində (BSU) “Azərbaycanşünaslığın aktual problemləri” III Beynəlxalq Elmi Konfransı işə başlayıb.
Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər sektorunun BSU ilə birgə təşkil etdiyi konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunub.
Konfransda Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Çexiya, Almaniya, Qazaxıstan, Litva, İran və digər ölkələrin alimləri iştirak edirlər. Tədbirin qonaqları arasında Ukrayna və Yunanıstanın Azərbaycandakı səfirləri, Milli Məclisin deputatları, mədəniyyət və elm xadimləri, ölkəmizin müxtəlif ali məktəblərinin müəllim və tələbələri var.
Dünyanın 46 ölkəsindən 200-dən çox tədqiqatçı konfransa məqalələrini təqdim etmişdir. Konfrans “Heydər Əliyev və azərbaycançılıq ideyası”, “Dilçiliyin aktual problemləri”, “Ədəbiyyatşünaslığın aktual problemləri”, “Fəlsəfə və kulturologiyanın aktual problemləri”, “Beynəlxalq münasibətlər”, “Tarix, iqtisadiyyat və hüquq” bölmələrində işini davam etdirəcək.
Konfransdan əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin universitetdəki büstü önünə gül dəstələri qoyublar.
Plenar iclasda dahi liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev konfransda çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında, ölkənin inkişafında böyük xidmətlərini diqqətə çatdırıb. Rektor vurğulamışdır ki, konfrans Azərbaycan elminin dünya elmi birliyinə inteqrasiyasında mühüm rol oynayacaq, Azərbaycanda təhsilin inkişafına, elmi əlaqələrin genişlənməsinə töhfə verəcək.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko çıxışında bildirib ki, Heydər Əliyev hazırda strateji tərəfdaşlıq münasibətləri kimi səciyyələndirilən Ukrayna-Azərbaycan əlaqələrinin təməlini qoyub. Konfrans Azərbaycanın həyatının bütün sahələrində Heydər Əliyevin misilsiz fəaliyyətinin nəticələrini görmək imkanı verəcək. Səfir deyib: “Heydər Əliyev bütün vəzifələrində yaratmışdır. Bugünkü Ukrayna-Azərbaycan münasibətləri onun yaradıcı işinin nəticəsidir. Biz Azərbaycana regionda başlıca strateji tərəfdaş kimi baxırıq”.
AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva bildirib ki, konfrans Azərbaycanın son illərdə müxtəlif sahələrdə nailiyyətlərini təhlil etməyə imkan verəcək. O, vurğulayıb ki, Heydər Əliyev şəksiz lider idi və onun sayəsində Azərbaycan sabitlik, inkişaf və rifah yoluna qədəm qoyub.
Rusiya yazıçısı Boris Yevseyev bildirib ki, Azərbaycan 20 ildə çox böyük inkişaf yolu keçmişdir, ölkədə köklü dəyişikliklər baş verib. Yazıçı deyib: “Bu, Heydər Əliyevin Azərbaycan üçün etdiklərinin ən parlaq sübutudur”.
Tbilisi Dövlət Universitetinin professoru David Qotsiridze Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş azərbaycanşünaslıq üzrə növbəti konfransı Gürcüstanda keçirməyi təklif edib.
Konfrans mayın 5-dək davam edəcək. Tədbir çərçivəsində ustad dərsləri, kitab və jurnalların təqdimat mərasimləri keçiriləcək.
Azərbaycan prezidenti İlham Əliyev Polşa prezidenti Bronislav Komorovskiyə təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Polşa Respublikasının milli bayramı – Konstitusiya günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan-Polşa münasibətləri bu gün dinamik inkişaf yolundadır. Siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın yüksək səviyyəsi məmnunluq doğurur. Avropa İttifaqının həyata keçirdiyi “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində, eləcə də enerji təhlükəsizliyinin təmin olunması istiqamətində qarşılıqlı işimiz ikitərəfli əlaqələrimizin əhatə dairəsini daha da genişləndirməkdədir.
Əminəm ki, Azərbaycan-Polşa əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunması, əməkdaşlığımızın inkişaf perspektivlərinin reallaşdırılması üçün bundan sonra da səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.
Mayın 3-də Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq, mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 3-də Bakıda və Abşeron yarımadasında gün ərzində buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 3-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli intensiv yağış yağacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.
“Mən digər ölkələrin gündəliklərinə də baxmışam, onların gündəliyində də reklamların olduğunu görmüşəm. Hesab edirəm ki, bu şagirdlərdə heç bir çaşqınlıq yaratmaz”. Bunu təhsil naziri Misir Mərdanov yenin tərtib edilən gündəliklərdə reklamların yerləşdirilməsi barədə sualı cavablandırarkən deyib.
Nazir hesab edir ki, reklamlar heç bir fikir yayındırmasına səbəb ola bilməz: “İkincisi də, gündəliyi biz nəşr etmirik. Gündəliyi nəşriyyat çap edir, bu suallara da onlar cavab versə, daha yaxşı olar”.
Nazir buraxılış imtahanlarından sonra attestatların hansı qurum tərəfindən veriləcəyi məsələsinə də münasibət bildirib: “Qanunda attestatların Təhsil Nazirliyi tərəfindən verilməsi nəzərdə tutulur. Yəqin ki, bu il də məzunlara attestatları biz verəcəyik”.
Azərbaycan Respublikasının Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar Avropa Parlamentinə, Avropa Şurasının Parlament Assambleyasına və dünya parlamentlərinə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin tam mətnini təqdim edir.
"20 il bundan əvvəl, 1992-ci il mayın 8-də Azərbaycan Respublikasının Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Şuşa şəhərinin işğalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsini qəsb etmək üçün Ermənistan Respublikasının həyata keçirdiyi hərbi təcavüzün bir mərhələsini təşkil etmişdir. Erməni millətçilərinin Dağlıq Qarabağda apardıqları etnik təmizləmə Şuşa şəhərinin azərbaycanlı əhalisinin qovulması ilə başa çatdırılmışdır.
Şuşa şəhərinin əsası 1756-cı ildə Azərbaycan feodal dövləti olan Qarabağ xanlığının başçısı Pənahəli xan Cavanşir tərəfindən qoyulmuşdur. Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalına qədər Şuşa şəhəri Qarabağ xanının iqamətgahı və Qarabağ xanlığının inzibati mərkəzi olmuşdur. Bu şəhər Azərbaycanın dövlətçilik tarixində, ictimai-iqtisadi və mədəni-siyasi həyatında son dərəcə mühüm rol oynamışdır.
1988-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək niyyəti ilə başladığı işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Şuşa şəhərinin də yerləşdiyi Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon - Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları işğal olunmuş, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulub didərgin salınmış, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüş, 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. İşğalçılıq müharibəsinin gedişində erməni millətçiləri azərbaycanlı əhaliyə qarşı bir neçə soyqırımı cinayəti, o cümlədən Xocalı faciəsini törətmişlər.
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması məqsədi ilə 1992-ci ilin mayında ATƏT-in Minsk qrupu yaradılmışdır. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası münaqişəyə dair qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar müvafiq qətnamələr qəbul etmişlər. Münaqişənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil edən bütün bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənmiş, Azərbaycan torpaqlarının işğalına son qoyulması tələb edilmişdir.
Təəssüf ki, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair aktlarının həyata keçirilməsi indiyədək təmin edilməmiş, Minsk qrupunun fəaliyyəti ona bəslənən ümidləri doğrultmamışdır. Əgər vəziyyətin bu cür qalmasının bir səbəbi Ermənistan dövlətinin sülh danışıqları prosesində tutduğu qeyri-konstruktiv mövqe, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etməsidirsə, digər səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, bir sıra hallarda işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, beynəlxalq birliyin tələblərini qulaqardına vuran, beynəlxalq qaydaya meydan oxuyan Ermənistan dövləti barəsində lazımi qətiyyət göstərilməməsidir.
Bununla əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentini, Avropa Şurasının Parlament Assambleyasını və dünya parlamentlərini, münaqişənin həllində marağı olan bütün qüvvələri öz səylərini birləşdirməyə çağırır. Biz gözləyirik ki, nəinki Cənubi Qafqaz bölgəsində, həm də bütün Avropada sülh və sabitlik üçün təhlükə törədən bu münaqişə ocağının aradan qaldırılması, Ermənistan Respublikasının işğalçılıq siyasətindən əl çəkməyə sövq edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi üçün beynəlxalq birlik qəti mövqeyini nümayiş etdirəcəkdir".
Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.
Rayon Polis İdarəsindən verilən məlumata görə, gecə saatlarında 3-cü mikrorayon dairəsi yaxınlığında Mİkayıl İsrafilovun idarə etdiyi “Nissan” markalı minik maşını yolun ortasında qazılmış xəndəyə düşüb.
Qəza nəticəsində “Nissan”da olan sərnişin, Anatoliy Lobanov hadisə yerində dünyasını dəyişib, sürücü və başqa bir sərnişin isə xəsarət alıb.
Faktla bağlı araşdırma apaırlır.