“Ermənistan terror aktlarını öz təhlükəsizlik qüvvələrinin birbaşa iştirakı və beynəlxalq terrorçu qruplardan istifadə etməklə təşkil edib”.
Nyu-Yorkda Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının terrorçuluqla mübarizəyə həsr olunmuş iclası keçirilir.
Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasının 6765-ci sessiyasının işini açıq elan etdiyini bildirib. Dövlət başçısı BMT-nin baş katibi Pan Gi Muna bu iclasda iştirak etdiyinə görə təşəkkürünü bildirib.
Daha sonra BMT baş katibi Ban Ki Mun çıxış edib. Azərbaycana BMT TŞ-na sədrlik edəcəyi dövrdə uğurlar arzulayan baş katib terrorizmlə mübarizə sahəsində görülməli olan tədbirlərdən bəhs edib.
Baş katib terror şəbəkələrinin məhv edilməsi üçün kollektiv tədbirləri fəallaşdırmağa çağırıb.
Baş katib BMT-nin terrorçuluqla mübarizə üzrə əlaqələndiricisi postunu yaratmağı da təklif edib: “Əfqanıstan, Nigeriya və Yəməndə bu yaxınlarda baş vermiş hücumlar terror təhlükəsinin əvvəlki kimi qaldığını göstərir”.
O, terror təşkilatlarının yeni dislokasiya yerləri axtarmağa davam etdiklərini, yeni taktika və hədəflər seçdiklərini də xatırladıb.
Pan Gi Mun vurğulayıb ki, iyun ayında Baş Assambleyanın Terrorçuluqla mübarizəyə dair qlobal strategiyanın həyata keçirilməsinə həsr olunmuş iclası keçiriləcək.
Bu strategiya 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən təsdiq olunub.
Daha sonra Almaniyanın xarici işlər naziri Qido Vestervelle, Toqonun xarici işlər və əməkdaşlıq naziri Elliot Ohin, Obama kabinetinin üzvü, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Susan Rays, Mərakeşin xarici işlər və əməkdaşlıq naziri Yusif Əmrani, Rusiya Prezidentinin terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə xüsusi nümayəndəsi Aleksandr Zmivski, Kolumbiyanın çoxtərəfli işlər nazirinin müavini Patti Londono, Çin, Pakistan, Böyük Britaniya, Hindistan, Cənubi Afrika Respublikası, Qvatemala, Fransa və Portuqaliya nümayəndələri çıxış ediblər.
Çıxışçılar terrorizmin hazırda dünya üçün ən böyük təhdid olduğunu, BMT-nin bu sahədə həyata keçirdiyi mübarizə tədbirlərini dəstəklədiklərini bildiriblər.
İclasda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev terrorizmin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhlükə olduğunu bildirib.
Dövlət başçısı qeyd edib ki, terror BMT-yə üzv olan bütün ölkələrdə insan haqları, fundamental azadlıqlar, demokratiya və siyasi müstəqillik, suverenlik, ərazi bütövlüyü, sosial və iqtisadi inkişafa çox ciddi təhlükədir.
“Azərbaycan qəti olaraq terrorun bütün təzahürlərini pisləyir. Biz bütün terror aktlarını cinayət kimi qəbul edir və pislənməli, cəzalandırılmalı olduğunu düşünürük. Terrorçulara heç vaxt öz əməllərinə görə haqq qazandırılması üçün bəhanə verilməməlidir. Səbəbindən asılı olmayaraq, heç bir terror aktına haqq qazandırıla bilməz. Terrorizmin müxtəlif təzahürləri mövcuddur, ayrı-ayrılıqda separatçılıq, ekstremizm və mütəşəkkil cinayətkarlıqla əlaqəlidir” –deyə, dövlət başçısı bildirib.
Azərbaycan Prezidenti bildirib ki, silahlı münaqişələrin baş verdiyi, xüsusilə də başqa ölkələrin işğalı altında olan ərazilər terrorla separatçılıq, ekstremizm, mütəşəkkil cinayətkarlıq kimi əməllər arasında şəbəkə formalaşmasına şərait yaradır.
Prezident İlham Əliyev Azərbaycanın terrorun müxtəlif formalarına məruz qalıb: “Azərbaycan xaricdən edilən terrorun birbaşa hədəfi olub. Ermənistan dəfələrlə dinc Azərbaycan vətəndaşlarına, infrastrukturuna qarşı terror aktları törədib. Bu terror hadisələri nəticəsində minlərlə azərbaycanlı həyatını itirib”.
Prezident qeyd edib ki, Ermənistan bu terror aktlarını öz təhlükəsizlik qüvvələrinin birbaşa iştirakı və beynəlxalq terrorçu qruplardan istifadə etməklə təşkil edib: “Bu ölkə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi zamanında daha genişmiqyaslı etnik təmizləmə aparmaq məqsədilə dinc azərbaycanlılara qarşı silahlı təcavüzün də daxil olduğu terror aktlarından geniş istifadə edib. Bu cür qəddarlıq aktlarının kuliminasiya nöqtəsi isə Azərbaycanın Xocalı şəhərinin yer üzündən silinməsi olub. Burada qadın, uşaq və qocalar da daxil olmaqla 613 nəfər qətlə yetirilib. Yüzdən çox qadın, 63 uşaq öldürülüb”.
Prezident bildirib ki, Ermənistan həmçinin münaqişə bölgəsindən kənarda da dinc sakinlərə qarşı terror aksiyaları törədib. Ölkə başçısı 1994-cü ildə Bakı Metropolitenində törədilmiş terror aktını xatırladıb.
Prezident qeyd edib ki, etnik təmizləmələr beynəlxalq birlik tərəfindən qəbul olunmuş Azərbaycan ərazisinin 20%-nin işğalı ilə nəticələnib. Bu hadisələr 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz evlərinə qayıda bilməməsinə səbəb olub.
Prezident İlham Əliyev xatırladıb ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnamə qəbul etsə də, «bütün 20 il ərzində Ermənistan bu qətnamələrə əməl etməkdən boyun qaçırır».
Azərbaycan prezidenti BMT çərçivəsində Beynəlxalq Terrorçuluqla mübarizəyə dair hərtərəfli Konvensiyanın qəbul olunmasının vacibliyini vurğulayıb.
Prezidentin fikrincə, konvensiya beynəlxalq terrorçuluqla mübarizədə səmərəli vasitə ola bilər.
Çıxışının sonunda prezident Azərbaycanın beynəlxalq terrorçuluqla mübarizədə aktiv iştirak etdiyini vurğulayıb.