Azərbaycan prezidenti təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb
10 may 2012 08:43

 

Azərbaycan prezidenti İlham Əliyev təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydalarını müəyyən etmək tapşırılıb.

 Nazirlər Kabineti iki ay müddətində “Təhsil haqqında” qanununun tətbiq edilməsi barədə” Azərbaycan prezidentinin fərmanında nəzərdə tutulmuş, təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydalarını Azərbaycan prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.

Azərbaycanın Zaqatala rayonunda baş verən zəlzələləri daha dəqiq analiz etmək üçün əlavə 5 seysmik stansiya quraşdırılıb
10 may 2012 08:42

 

Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Zaqatalada baş verən zəlzələnin episentrindəki prosesləri daha dəqiq analiz etmək əlavə 5 seysmik stansiya quraşdırıb.

 Bu barədə Mərkəzin baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, Mərkəzin əməkdaşları tərəfindən ərazidə geniş makroseysmik tədqiqatlar aparılır: “Yeni stansiyalar zəlzələ ocağındakı proseslərlə bağlı daha dəqiq məlumatlar əldə etməyə imkan verəcək. Stansiyalar proses başa çatana qədər burada qalacaq”. Q. Yetirmişli bildirib ki, mayın 7-də baş verən zəlzələdən sonra 500-dən çox yeraltı təkan qeydə alınıb: “Dünən axşamdan narahat idim ki, təkanların sayı niyə azalıb. Amma bu səhər yenidən 4 bal gücündə zəlzələ oldu, bu, əslində yaxşılığa doğrudur, enerji boşalmalıdır. Bu proses hələ xeyli müddət davam edəcək. Xırda təkanlar, hətta 4-5 bal gücündə zəlzələlər də ola bilər. Artıq əhali də bunu dərk edir. Zəlzələnin ilk günündə yaşanan şok artıq keçib, əhali bu hadisəyə təbiət hadisəsi kimi yanaşmağa başlayıb”.  

Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
10 may 2012 06:28

 

Azərbaycan prezidenti İlham Əliyev bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Dövlət başçısı H. Əliyevə ehtiramını bildirib, məzarı önünə əklil qoyub.

 Prezident İ. Əliyev akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüb.

 Prezidentlə yanaşı, Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət ediblər. Bunun ardınca isə sadə vətəndaşların ziyarəti başlayıb.

 Ziyarət axşam saatlarına qədər davam edəcək.

 Qeyd edək ki, bu gün Azərbaycanda və dünyanın bir çox ölkəsində H. Əliyevin anadan olmasının 89 illiyi qeyd olunur.

Bu gün Heydər Əliyevin anadan olmasının 89-cu ildönümüdür
10 may 2012 05:41

 

Bu gün Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü tamam olur.

Azərbaycan xalqının ümummilli liderinin doğum günü ölkədə qeyd olunur. Bundan başqa, dünyanın bir çox ölkəsində də H. Əliyevin anadan olması münasibətilə müxtəlif tədbirlər keçirilir.

Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri işləyib. H. Əliyev 1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib, Leninqradda xüsusi ali təhsil alıb, general rütbəsinədək yüksəlib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin olunub, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilib. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Mərkəzi Komitənin büro üzvü seçilib. H. Əliyev 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilib, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib. O, SSRİ Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini, Azərbaycan Sovet Sosialist Respublikasının Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırış) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olub, Lenin ordeni (4 dəfə), Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülüb.

 H. Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasİ Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi yanlış siyasətə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib və müxalif mövqe tutub. O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı silah işlədilməsini kəskin pisləyib. H. Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan H. Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan prezidenti seçilib.

 H. Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb, 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib. Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olunub. 1994-cü ilin sentyabrında Bakıda "Əsrin müqaviləsi" adını almış neft müqavilə imzalanıb, Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb, Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib. Heydər Əliyevin iradəsi sayəsində Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri haqqında müqavilə imzalanıb, onun həyata keçirilməsinə başlanılıb. Heydər Əliyevin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında - ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı əhatə edən GUAM birliyinin yaranmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də H. Əliyevin önəmli xidməti olub. O, demokratik, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyasının qəbul edilib, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib, Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olunub. 1995-ci ilin mayında əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında "xüsusi qonaq" statusu alıb, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub.

H. Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan prezidenti seçilib. 2001-ci ildə Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında fərmanlar imzalayıb.

H. Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Zirə İdman Kompleksinin açılışında iştirak edib
09 may 2012 16:07

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva mayın 9-da Zirə qəsəbəsində müasir idman kompleksinin açılışında iştirak etmişdir.

Mehriban xanım Əliyeva kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş kompleksə xüsusi idman təyinatlı binalar, qurğular, yardımçı tikililər daxildir. Tikintisinə 2011-ci ilin oktyabrında başlanan binanın ətrafında abadlıq işləri görülmüş, yollara asfalt örtüyü çəkilmişdir. Tikinti işləri yerli və xarici mütəxəssislər tərəfindən AFFA-nın və FİFA-nın nəzarəti altında həyata keçirilmişdir. Kompleksdə idman zalları, tədris otaqları, məşq avadanlığı, meydança FİFA-nın standartlarına uyğundur.

Binanın foyesində ulu öndər Heydər Əliyevin barelyefi və ümummilli liderin idmanın inkişafına diqqət və qayğısını əks etdirən fotostend yaradılmışdır. İkimərtəbəli binanın birinci mərtəbəsində şahmat, dama, boks, güləş, trenajor zalları, həmçinin ingilis və fransız dillərinin tədrisi üçün linqofon kabinetləri, məşqçi, paltardəyişmə, həkim otaqları və sanitar qovşaqları vardır.

Azərbaycanın birinci xanımı fransız və ingilis dillərinin tədrisi otaqları ilə tanış oldu. Burada tədris xüsusi kompyuter proqramları əsasında aparılacaqdır.

Məşqçi otaqlarına, trenajor  və güləş  zallarına  baxan Mehriban xanım Əliyevaya məlumat verildi ki, burada ən müasir avadanlıq quraşdırılmışdır.

Kompyuter otağı ilə tanışlıq zamanı bildirildi ki, gənclər kompleksin bu bölməsində 3 min metr məsafədə fiber-optik kabellə internetə qoşulacaq, data şəbəkəsindən, ADSL modem sistemindən istifadə edəcəklər.

Birinci xanım Mehriban Əliyeva şahmat, dama otaqları ilə də tanış oldu. Diqqətə çatdırıldı ki, otaqlarda məxsusi monitorlar quraşdırılmış, kompyuterlər xüsusi proqramlarla təchiz edilmişdir.

Boks zalına gələn Mehriban xanım Əliyevaya məlumat verildi ki, burada idmanın bu növü ilə məşğul olmaq üçün yüksək şərait yaradılmışdır.

Binanın ikinci mərtəbəsində isə VİP otaq, futbol oyunlarını izləmək üçün VİP tribuna, qış bağı – vestibül, qonaqlar üçün xüsusi tərtib edilmiş iş otağı, eləcə də inzibati otaqlar vardır.

Azərbaycanın birinci xanımı VİP otaqla tanış oldu, tribunadan beynəlxalq standartlar səviyyəsində xüsusi ot örtüyü ilə döşənmiş futbol meydançasına baxdı. Stadionda elektron lövhə, səsgücləndiricilər və şərhçilər üçün kabinələr quraşdırılmışdır. 1500-dən çox oturacağı olan tamaşaçı salonunda meydançanı dirəyinin hündürlüyü 28 metr olan dörd projektor qurğusu işıqlandıracaqdır. Salonun üstü xüsusi membran çadırla örtülmüşdür. Mehriban xanım Əliyevaya məlumat verildi ki, kompleksdə dopinqə nəzarət, hakim, məşqçi, həkim, masaj, yuyunma otaqları və konfrans zalı yerləşən xüsusi bina da tikilmişdir. Burada da işlər FİFA-nın və UEFA-nın beynəlxalq standartlarına uyğun surətdə görülmüşdür.

Azərbaycan prezidenti İlham Əliyev Dmitri Medvedyevi Rusiya hökumətinin sədri seçilməsi münasibətilə təbrik edib
09 may 2012 14:21

 

Azərbaycan prezidenti İlham Əliyev Dmitri Medvedyevi baş nazir seçilməsi münasibətilə təbrik edib.

Təbrik məktubunda bildirilir:

“Hörmətli Dmitri Anatolyeviç, Rusiya Federasiyası Hökumətinin Sədri vəzifəsinə başlamağınız münasibətilə səmimi təbriklərimi qəbul edin. Dərin tarixi köklərə malik olan Azərbaycan-Rusiya dostluq və mehriban qonşuluq münasibətləri bu gün məqsədyönlü və hərtərəfli şəkildə inkişaf edərək, keyfiyyətcə yeni xarakter alıb, strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Əminəm ki, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr, qarşılıqlı faydalı əməkdaşlıq və çoxplanlı qarşılıqlı fəaliyyət xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da genişlənəcək və dərinləşəcək. Hörmətli Dmitri Anatolyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Rusiyanın tərəqqisi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

Şamaxıda sel suları təbii fəlakətə səbəb olub, 8 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
09 may 2012 14:19

 

Sel suları Şamaxı-Qaleybuğurt avtomobil yolunu dağıdaraq yararsız hala salıb

Şamaxı rayonuna yağan güclü leysan yağışları səbəbindən yaranan sel suları dağ ətəyi kəndlər olan Çöl Göylər, Ovculu və Bağırlıda həyətyanı sahələrə, fərdi yaşayış evlərinə, əkin sahələrinə, küçələrə xeyli ziyan vurub. Rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Qasım Qasımov bildirib ki, dağlara yağan güclü leysan yağışlarından sonra Ağsu və Pirsaat çaylarında sululuğun səviyyəsi qalxıb. Nəticədə bu çayların kənarındakı Ərçiman, Qaleybuğurt, Talış, Dəmirçi kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. İllər boyu körpülərin olmadığı bu çaylarda suyun səviyyəsinin azlığı səbəbindən əhali və texnikalar çayın içindən keçərək hərəkət edib. Artıq iki gündür ki, keçilməsi mümkün olmayan bu çaylardan əhalini əsasən yük maşınları ilə keçirmək mümkündür. Hazırda ərazidə ağır texnikalar çalışır. Bundan əlavə sel suları Şamaxı-Qaleybuğurt avtomobil yolunu 6 müxtəlif yerdən dağıdaraq yararsız hala salıb. Nəticədə Qaleybuğurt, Qaladərəsi, Keçmədil, Sis kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hazırda yolun açılması və nəqliyyatın hərəkətinin bərpası üçün ərazidə ağır texnikalar işləyir.

Qeyd edək ki, dünən rayonun Carham kəndinə güclü yağışla yanaşı, diametri 1.5-2 santimetr olan dolu yağıb, üzüm sahələrinə, meyvə-tərəvəzə xeyli ziyan dəyib. Dünən axşam saatlarında Ovculu kənd sakini 22 yaşlı Alməmmədov Bilal Ağamustafa oğlu naxırdan qayıdarkən qəflətən dağdan gələn selin qurbanı olub. Bilal Alməmmədov sel sularında boğularaq dünyasını dəyişib. Qeyd edək ki, bu gün mərhumun toyu olmalı idi.

Hazırda rayon fövqəladə hallar komissiyasının nümayəndələri ərazilərə baxış keçirir, vətəndaşların müraciətlərini araşdırır. Yağış, sel və dolunun təsərrüfatın ayrı-ayrı sahələrinə vurduğu ziyanın məbləği hesablamalardan sonra məlum olacaq.

Azərbaycanın xarici işlər naziri Misirdə ikitərəfli görüşlər keçirib
09 may 2012 14:18

 

Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçirilən iclasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra ikitərəfli görüşlər keçirib. XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki, İranın xarici işlər naziri Əli Əkbər Salehi və Qazaxıstan xarici işlər nazirinin müavini Kayrat Umarov ilə görüşlər zamanı ikitərəfli münasibətlər, regional məsələlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar. E. Məmmədyarov tədbirdə iştirakı çərçivəsində Sudanın xarici işlər üzrə dövlət naziri Salah Vanasi ilə də görüşüb. Sudanın dövlət naziri BMT Təhlükəsizlik Şurasında sədrliyinin başlaması ilə bağlı Azərbaycanı təbrik edərək Sudanın Azərbaycanla əməkdaşlığını genişləndirmək əzmində olduğunu vurğulayıb. Görüşdə BMT Təhlükəsizlik Şurasının gündəliyində duran Sudanla bağlı məsələ ətrafında fikir mübadiləsi edilib.

Azərbaycan prezidenti ölkənin zəlzələ baş vermiş şimal-qərb bölgəsinə səfər edib
09 may 2012 08:07

 

Dövlət başçısı Zaqatala və Qaxda zəlzələdən ziyan çəkən kəndlərə baş çəkəcək

Azərbaycan prezidenti İlham Əliyev ölkənin şimal-qərb bölgəsinə səfər edib. Prezident Zaqatala və Qaxda zəlzələdən ziyan çəkən kəndlərə baş çəkəcək, təbii fəlakətin törətdiyi fəsadlarla birbaşa yerində tanış olacaq, sakinlərlə görüşəcək.

Qeyd edək ki, mayın 7-də səhər saat 09.40 radələrində Zaqatalada 7 bal gücündə zəlzələ qeydə alınıb. Daha sonra yeraltı təkanlar müxtəlif vaxtlarda təkrarlanıb. Son hesablamalara görə, zəlzələ nəticəsində rayonda 274 tikili uçub, 2052 tikili qəzalı vəziyyətə düşüb, 100 sosial obyektdə çatlar əmələ gəlib. Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonun zəlzələdən ziyan çəkən kəndlərində 500-dən çox çadır qurulub, həmin çadırlarda 1050 ailə yerləşdirilib. 1276 ailə isə yaxınlarının və qohumlarının evlərində yerləşib. Hazırda zəlzələ bölgəsində Fövqəladə Hallar Nazirliyinin qərargahı fəaliyyət göstərir.

Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaq üçün dövlət büdcəsindən Fövqəladə Hallar Nazirliyinə 20 milyon manat vəsait ayrılıb.

Şəkidə Heydər Əliyevin xatirəsinə həsr olunmuş atüstü yürüş keçirilib
09 may 2012 08:02

 

Şəkidə Heydər Əliyevin xatirəsinə həsr olunmuş atüstü yürüş keçirilib. Yürüş Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə nazirlik tərəfindən təsdiq edilmiş Şəki rayonu ərazisindəki atüstü turizm marşrutu üzrə keçirilib. Yürüşün keçirilməsi məqsədilə yerli turizm şirkətləri və jurnalistlərin iştirakı ilə Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzi ilə birlikdə Şəki rayonu üzrə bir günlük infotur təşkil olunub. İnfoturda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, 12 turizm şirkəti və media təmsilçiləri iştirak ediblər.

 Şəki Mədəniyyət və Turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov jurnalistlərə bildirib ki, infotur iştirakçıları Daşüz kəndindən Çorqat meşəsinə doğru 10 kilometr yol qət edib: “Bu istiqamətdə təqdim edilən marşrutun uzunluğu 35 kilometr, keçid vaxtı 8 saatdır. Milli atüstü turist yürüşünün təşkilində məqsəd ölkənin cazibədar təbiəti ilə seçilən Şəki rayonunun turizm potensialının tanıdılmasıdır. Yürüş həmçinin bu ay Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələcək turistlərin atüstü turizmə cəlb edilməsində, eləcə də, atçılıq turizm marşrutunun inkişaf etdirilməsi və təbliğində mühüm rol oynayacaq”.

 A. İbrahimxəlilovun sözlərinə görə, gələcəkdə bu cür turizm yürüşlərinin daha da artırılması planlaşdırılır: “Respublika Atçılıq Turizm Mərkəzində bu yürüşlər geniş vüsət alıb. Biz Azərbaycana gələn bütün turistləri mərkəzimizə dəvət edirik. Bu yürüşlərin daha yüksək səviyyədə təşkili üçün mütəxəssislərimiz əlindən gələni edəcəklər”.

Böyük Vətən Müharibəsinin başa çatmasından 67 il ötür
09 may 2012 06:21

 

Bu müharibədə Azərbaycandan 660 min nəfər iştirak edib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 67 il keçir. Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.

 Qeyd edək ki, 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da, bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da – Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

 Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

 Böyük Vətən müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

Azərbaycanın orta məktəblərində buraxılış imtahanları iyunun 2-dən başlayaraq keçiriləcək
09 may 2012 06:15

 

Azərbaycanın orta məktəblərində buraxılış imtahanlarının keçiriləcəyi tarix açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə verdiyi açıqlamada buraxılış imtahanlarının iyunun 2-dən başlayaraq keçiriləcəyini bildirib. Bütün regionları əhatə edəcək buraxılış imtahanları ilə bağlı müvəqqəti qaydalar artıq hazırlanıb. TQDK sədri bu qaydaların yaxın günlərdə mətbuatda dərc olunacağını bildirib.

Azərbaycan prezidenti general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib
09 may 2012 06:13

 

Bu gün Dağüstü parkda general-mayor Həzi Aslanovun abidəsinin təmir-bərpa işlərindən sonra açılışı keçirilib.

Açılış mərasimində dövlət başçısı İlham Əliyev iştirak edib. Azərbaycan prezidenti 9 May – Qələbə Günü münasibətilə general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib, abidənin üzərinə gül dəstəsi qoyub. Daha sonra Böyük Vətən müharibəsi veteranları ilə görüşən prezident İlham Əliyev onların problemləri ilə maraqlanıb. Mərasimdə hökumət üzvləri, parlament nümayəndələri də iştirak ediblər.

Pakistanın nüfuzlu "Liberty" jurnalında "Mehriban Əliyeva və 2020-ci il Olimpiya Oyunları" sərlövhəli məqalə dərc edilib
08 may 2012 16:10

 

Pakistanın nüfuzlu “Liberty” jurnalında tanınmış alim, şair və publisist, professor Casim Takinin müəllifi olduğu “Mehriban Əliyeva və 2020-ci il Olimpiya Oyunları” sərlövhəli məqalə dərc edilib. Məqalədə Moskvada keçirilmiş Milli Olimpiya Komitələri Assosiasiyasının XVIII Baş Assambleyasında 2020-ci il Olimpiya Oyunlarının Bakıda təşkil olunması üçün Azərbaycanın öz namizədliyini irəli sürdüyünü qeyd edən müəllif ölkənin birinci xanımı Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsində və hazırlıq-təbliğat işlərinin aparılmasında böyük rol oynadığını vurğulayıb.

Müəllif yazır ki, tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu mövzuda danışarkən 2020-ci il Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi təşəbbüsünün hökumət və xalq tərəfindən dəstəkləndiyini qeyd edib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva qeyd edib ki, qədim tarixi irsə malik olan Bakı Şərqin və Qərbin qovuşduğu məkanda yerləşib. Olimpiya Oyunlarında Azərbaycanın bir müstəqil ölkə kimi nisbətən yaxın zamanlardan bəri iştirak etdiyinə baxmayaraq, biz idman infrastrukturunun inkişafına böyük investisiyalar qoyuruq. Biz doğrudan da Olimpiya Oyunlarını ölkəmizdə keçirmək əzmindəyik və bu işə siyasi və maddi dəstək verməyə hazırıq.

Professor C.Taki Mehriban Əliyevanın dünyanın birinci xanımları sırasında ən yüksək pillələrdən birini tutduğunu vurğulayaraq onun təşəbbüsünün uğur qazanacağına inandığını bildirib.

Məqalədə, həmçinin Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə həyata keçirdiyi genişmiqyaslı humanitar və sosial layihələr barədə ətraflı məlumat verilib. Müəllif yazır ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xeyriyyəçilik fəaliyyətinə, dünya mədəniyyəti irsinin qorunub saxlanmasına görə UNESCO-nun xoşməramlı səfiri seçilib, bir neçə inkişaf etmiş ölkənin medal və ordenləri ilə təltif olunub. C.Taki məqaləsinin sonunda Mehriban xanım Əliyevaya həsr etdiyi şeirini yerləşdirib.

Azərbaycanın fövqəladə hallar naziri: “Sabahdan zəlzələ bölgəsində tikinti-bərpa işlərinə başlanacaq”
08 may 2012 16:05

 

Zəlzələ nəticəsində 1360 ev qəzalı vəziyyətə düşüb, 20-yə yaxın sosial obyektə zərər dəyib.

 “Komissiyalar dünəndən Zaqatala, Balakən, Qax rayonlarının zəlzələnin təsiri olan ərazilərində işləyir. Dünən axşam baş vermiş 5.7 bal gücündə yeni təkanlardan sonra əvvəlki zəlzələdə qismən zədələnmiş evlərin böyük əksəriyyəti uçub, tam qəzalı vəziyyətə düşüb”. Bunu Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

 Nazir bildirib ki, son məlumata görə, zəlzələ bölgəsində 1360 qəzalı ev, 20-yə yaxın zərər dəymiş sosial obyekt qeydə alınıb: “Bu gün kəndlərdə olduq, sakinlərlə görüşdük. İnsanların narahatlığı başa düşüləndi, evlərdə yaşamağı təhlükəli hesab edirlər. Biz əhaliyə çadırlar paylayırıq”.

 Nazir bildirib ki, dünən ilk zəlzələdən sonra qəzalı evlərin sayı az olsa da, günün sonunda baş vermiş təkanlar bu rəqəmin artmasına səbəb olub: “Ehtiyacı olan bütün ailələri çadırlarla maksimum təmin etməyə çalışırıq. İstəyirik ki, qəzalı vəziyyətdə olan evlər yenidən tikildiyi müddətdə insanlar çöldə qalmasınlar”.

 K. Heydərov Azərbaycan prezidentinin zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində növbəti tapşırıqlar verdiyini bildirib: “Cənab prezident tərəfindən bizə və Nazirlər Kabinetinə tapşırıqlar verilib. Yəqin ki, evlərin tikilməsi üçün müəyyən qədər ilkin vəsaitin ayrılması ilə bağlı sərəncam imzalanacaq”.

 Nazir hazırda mütəxəssislərin və tikinti şirkətlərinin bölgəyə cəlb olunduqlarını da qeyd edib: “Artıq tikinti şirkətləri hansı ərazilərdə işləyəcəklərinin bölgüsünü aparıb, tikinti materiallarının böyük bir hissəsi isə artıq bura gətirilir. Sabahdan zəlzələ bölgəsində tikinti-bərpa işlərinə başlanılacaq. Çalışacağıq ki, cənab prezidentin tapşırığına əsasən, bu iş qısa müddətdə yerinə yetirilsin, əhalinin daha rahat və təhlükəsiz evlərdə yaşaması təmin edilsin”.

 Nazir vətəndaşlara müraciət edərək, fərdi evlərin tikintisi zamanı layihələndirmə işlərini qanunauyğun şəkildə aparmağı tövsiyə edib: “Maksimum təcrübədən keçirilmiş inşaat materiallarından istifadə etmək, mütəxəssislərin köməyindən yararlanmaq, materialları ekspertizadan keçirdikdən sonra tikinti işlərinə başlamaq lazımdır. Xüsusilə bu ərazilərin seysmik zona olduğunu nəzərə alıb, daha diqqətli və qanunauyğun tikinti aparmaq vacibdir”.

Əli Həsənov: "Bu il Azərbaycan dünyanın ən çox diqqət mərkəzində olan dövlətdir"
08 may 2012 13:18

 

Bu il Azərbaycan dünyanın ən çox diqqət mərkəzində olan dövlətdir. Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çərşənbə axşamı "The business year" jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimatında bildirib.

"İlk növbədə, bu il Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və sədrlik edir. Bu il Azərbaycan Prezidenti bu tribunadan Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, ümumiyyətlə, erməni vandalizmi barədə bütün dünyaya səsləndi. Bundan başqa, artıq ötən ildən bəri "Eurovision" ilə bağlı bütün dünyanın diqqəti Azərbaycandadır", - Həsənov deyib.

PA rəsmisi qeyd edib ki, ötən il təmsilçilərimiz Eldar və Nigarın qələbəsi sayəsində belə möhtəşəm mahnı müsabiqəsi bu ay Azərbaycanda keçiriləcək.

"Məhz bu səbəbdən artıq dünyanın müxtəlif yerlərindən Azərbaycan mədəniyyəti, həyatı ilə bağlı məlumatlar toplayırlar, ölkəmizlə tanış olurlar. Bir sözlə, bu il bütün mədəniyyət sevərlər Azərbaycanla bağlı məlumat axtarışındadırlar. Öyrəndilər ki, biz dünyaya örnək verə bilən bir xalqıq. Artıq tanış olurlar ki, Azərbaycan Şərqdə ilk operanın yarandığı yerdir. Biz Şərqdə ilk demokratik respublika yaratmışıq, Şərqdə qadınlara səs hüququ ilk dəfə bizdə verilib", - Həsənov qeyd edib.

PA rəsmisinin məlumatına görə, bu yaxınlarda Cenevrədə dünyanın bəzi QHT-ləri, mətbuat orqanları yığışıb ciddi-cəhdlə Avropa Yayım Birliyinə təzyiq göstərməyə çalışıblar ki, Azərbaycanda "Eurovision" keçirilməsin.

"Onlar iki-üç hadisəni şişirdərək bundan təzyiq yaratmaq üçün istifadə etməyə, ölkənin imicinə zərər vurmağa çalışırlar", - Həsənov deyib.

Həsənovun sözlərinə görə, bu gün təəssüf ki, dünyada informasiya monopoliyası yaratmaq istəyən informasiya agentlikləri və televiziyalar var.

"Biz imicimizə ziyan vuran böhtanlara qarşı mübarizə aparmalıyıq. Azərbaycan mili-mənəvi dəyərlər, siyasi plüralizm və dini tolerantlıq baxımından bəzi Avropa ölkələrindən irəlidədir. Bunu qısqanclıqla qarşılayan bəzi qüvvələr ölkəmizin imicinə ziyan vurmağa çalışırlar", - Həsənov vurğualyıb.

PA rəsmisi deyib ki, "Eurovision" Azərbaycan üçün mədəniyyətini, tolerantlığını dünya ictimaiyyətinə çatdırmaqdır.

"Bütün dünyaya göstərəcəyik ki, biz nəinki "Eurovision"u keçirə bilərik, hətta onu daha yaxşı təşkil edə bilərik. Bura gələnlər Azərbaycanın dostları kimi geri dönəcəklər", - o əlavə edib.

Həsənovun sözlərinə görə, "The business year" kimi belə nüfuzlu jurnal ikinci dəfə Azərbaycana xüsusi buraxılış həsr edir ki, bu da ölkəyə marağın yüksək göstəricisidir.

"Azərbaycan zəngin mədəniyyətə, bölüşə biləcəyi sosial, iqtisadi dəyərlərə malikdir. Elə ölkələr var ki, onların tərifi üçün cəmi bir məqalə kifayət edir. Lakin elə ölkələr də var ki, onların uğurları bir nömrəyə sığmır", - Həsənov qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda, "Jumeirah Bilgah Beach Hotel"ində beynəlxalq "The business year" jurnalının Azərbaycana həsr olunmuş "Azerbaijan 2012" xüsusi buraxılışının təqdimatı keçirilib. Mərasimdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri və bir sıra ictimaiyyət nümayəndələri iştirak edir.

Tədbirdə xüsusi buraxılış barədə məlumat verən jurnalın regional direktoru Betül Cakaloğlu deyib ki, buraxılış "Evrovision"a həsr olunub. O, qeyd edib ki, jurnalda 160-dək dövlət və iş adamından, o cümlədən Prezident İlham Əliyevin iki müsahibəsi və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bir xüsusi müsahibəsi dərc olunub.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov və Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxş edərək jurnalın Azərbaycana verdiyi dəyərdən danışıblar.

Azərbaycanın xarici işlər naziri Hindistan səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
08 may 2012 13:12

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycandakı səfiri Debnat Şounu ölkədə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, D. Şou işlədiyi dövrdə Hindistanla Azərbaycan arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini qeyd edərək faydalı əməkdaşlığa görə Xarici İşlər Nazirliyinə minnətdarlığını bildirib.

E. Məmmədyarov Azərbaycanla Hindistan arasında münasibətlərin genişləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkür edərək gələcək işlərində ona müvəffəqiyyətlər arzulayıb.

Bakıya istilər qayıdır
08 may 2012 08:34

 

Sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu 28 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında mayın 9-da hava şəraitinin dəyişkən buludlu, səhər zəif duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Mayın 9-10-da Abşeron yarımadasının hava şəraitində mühüm dəyişikliklər gözlənilmir. Hava şəraiti mülayim dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gün ərzində zəif, gündüz saatlarında isə mülayim cənub-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında mayın 9-da əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Heydər Əliyev Fondu "Eurovision 2012" çərçivəsində müsabiqə keçirib
08 may 2012 08:32

 

"Eurovision 2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsində rəsmi tərəfdaş olan Heydər Əliyev Fondu son hazırlıq mərhələsində bütün proseslərdə aktiv iştirak etməklə yanaşı, layihə çərçivəsində daha bir humanist aksiya gerçəkləşdirir. Fond iştirakçı dövlətlərdə "Mən Azərbaycanı kəşf edirəm" mövzusunda inşa müsabiqəsi elan edib. Azərbaycanı tanımaq, onun tarixi və zəngin mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı yaradan müsabiqənin yalnız fiziki qüsurlu uşaq və yeniyetmələr arasında keçirilməsi Heydər Əliyev Fondunun önəm verdiyi humanizm prinsiplərindən irəli gəlib.

Şərtlərdən biri də müsabiqədə yalnız 9-18 yaş arası məktəblilərin iştirakıdır. İnşa müsabiqəsinə təqdim olunan yazıların qəbulu aprelin 30-da başa çatıb. Təşkilat Komitəsi müsabiqə iştirakçılarının göndərdiyi elektron yazılara baxaraq seçim aparıb və qaliblər müəyyən edilib.

Hər iştirakçı dövlətdən 2 nəfər müsabiqə qalibi və onları müşayiət edən şəxslər Azərbaycanın qonağı olacaqlar. Həmin günlərdə onlar uyğunlaşdırılmış yaşayış yeri və nəqliyyat vasitəsi ilə təmin olunacaqlar. Gəzinti və istirahət üçün tərtib olunmuş xüsusi proqram əsasında qonaqlar Bakı ilə yaxından tanış olacaq və "Eurovision 2012" mahnı müsabiqəsinin final mərhələsində möhtəşəm şounu izləmək şansı əldə edəcəklər.

Hazırda elan olunan qaliblərin Azərbaycana gəlməsi üçün hazırlıq işləri aparılır.

Əli Əhmədov: “Ermənistan tərəfi bu addımları ilə işğalçı olduğunu etiraf edir”
08 may 2012 08:23

 

“Ermənilərin apardığı bu təbliğat əslində onların özünün əleyhinə çevrilib”. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov erməni katolikosu II Qaregin və Ermənistan dövlət rəsmilərinin Şuşanın işğalı münasibətilə Azərbaycanın işğalı olunmuş ərazisinə səfər etməsi barədə xəbərlərə münasibət bildirərkən deyib. O bildirib ki, dünya Şuşanın Azərbaycana məxsus olduğunu yaxşı bilir: “İkincisi, bütün beynəlxalq qurumlar – BMT-dən Avropa qurumlarına qədər – Azərbaycanı işğal olunmuş əraziləri ilə birlikdə öz təşkilatlarına qəbul ediblər. Buna görə də erməni işğalına kimlərinsə – siyasi və ya dini liderlərin hansısa don geyindirməsinin heç bir əhəmiyyəti yoxdur. Əksinə, onlar bu hərəkətləri ilə işğalçı olduqlarını etiraf etmiş olurlar. Onlar bu cür “vətənpərvərlik” hərəkətləri ilə xalqda özlərinə qarşı inam formalaşmağa, xalqın itmiş inamını qaytarmağa çalışsalar da, bu, mümkün deyil. Çünki ermənilər iqtisadi, sosial – ümumilikdə hər sahədə ağır bir duruma düşüblər, demoqrafik faciə yaşayırlar və bütün bunların hamısı erməni tərəfinin işğalçılıq siyasətinin erməni xalqına gətirdiyi əzab və əziyyətlərdir”.

 əvvəlki    34  35  36  37  38  39  40  41  42  43  44    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.