Bu il Azərbaycan dünyanın ən çox diqqət mərkəzində olan dövlətdir. Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çərşənbə axşamı "The business year" jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimatında bildirib.
"İlk növbədə, bu il Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və sədrlik edir. Bu il Azərbaycan Prezidenti bu tribunadan Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, ümumiyyətlə, erməni vandalizmi barədə bütün dünyaya səsləndi. Bundan başqa, artıq ötən ildən bəri "Eurovision" ilə bağlı bütün dünyanın diqqəti Azərbaycandadır", - Həsənov deyib.
PA rəsmisi qeyd edib ki, ötən il təmsilçilərimiz Eldar və Nigarın qələbəsi sayəsində belə möhtəşəm mahnı müsabiqəsi bu ay Azərbaycanda keçiriləcək.
"Məhz bu səbəbdən artıq dünyanın müxtəlif yerlərindən Azərbaycan mədəniyyəti, həyatı ilə bağlı məlumatlar toplayırlar, ölkəmizlə tanış olurlar. Bir sözlə, bu il bütün mədəniyyət sevərlər Azərbaycanla bağlı məlumat axtarışındadırlar. Öyrəndilər ki, biz dünyaya örnək verə bilən bir xalqıq. Artıq tanış olurlar ki, Azərbaycan Şərqdə ilk operanın yarandığı yerdir. Biz Şərqdə ilk demokratik respublika yaratmışıq, Şərqdə qadınlara səs hüququ ilk dəfə bizdə verilib", - Həsənov qeyd edib.
PA rəsmisinin məlumatına görə, bu yaxınlarda Cenevrədə dünyanın bəzi QHT-ləri, mətbuat orqanları yığışıb ciddi-cəhdlə Avropa Yayım Birliyinə təzyiq göstərməyə çalışıblar ki, Azərbaycanda "Eurovision" keçirilməsin.
"Onlar iki-üç hadisəni şişirdərək bundan təzyiq yaratmaq üçün istifadə etməyə, ölkənin imicinə zərər vurmağa çalışırlar", - Həsənov deyib.
Həsənovun sözlərinə görə, bu gün təəssüf ki, dünyada informasiya monopoliyası yaratmaq istəyən informasiya agentlikləri və televiziyalar var.
"Biz imicimizə ziyan vuran böhtanlara qarşı mübarizə aparmalıyıq. Azərbaycan mili-mənəvi dəyərlər, siyasi plüralizm və dini tolerantlıq baxımından bəzi Avropa ölkələrindən irəlidədir. Bunu qısqanclıqla qarşılayan bəzi qüvvələr ölkəmizin imicinə ziyan vurmağa çalışırlar", - Həsənov vurğualyıb.
PA rəsmisi deyib ki, "Eurovision" Azərbaycan üçün mədəniyyətini, tolerantlığını dünya ictimaiyyətinə çatdırmaqdır.
"Bütün dünyaya göstərəcəyik ki, biz nəinki "Eurovision"u keçirə bilərik, hətta onu daha yaxşı təşkil edə bilərik. Bura gələnlər Azərbaycanın dostları kimi geri dönəcəklər", - o əlavə edib.
Həsənovun sözlərinə görə, "The business year" kimi belə nüfuzlu jurnal ikinci dəfə Azərbaycana xüsusi buraxılış həsr edir ki, bu da ölkəyə marağın yüksək göstəricisidir.
"Azərbaycan zəngin mədəniyyətə, bölüşə biləcəyi sosial, iqtisadi dəyərlərə malikdir. Elə ölkələr var ki, onların tərifi üçün cəmi bir məqalə kifayət edir. Lakin elə ölkələr də var ki, onların uğurları bir nömrəyə sığmır", - Həsənov qeyd edib.
Qeyd edək ki, bu gün Bakıda, "Jumeirah Bilgah Beach Hotel"ində beynəlxalq "The business year" jurnalının Azərbaycana həsr olunmuş "Azerbaijan 2012" xüsusi buraxılışının təqdimatı keçirilib. Mərasimdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri və bir sıra ictimaiyyət nümayəndələri iştirak edir.
Tədbirdə xüsusi buraxılış barədə məlumat verən jurnalın regional direktoru Betül Cakaloğlu deyib ki, buraxılış "Evrovision"a həsr olunub. O, qeyd edib ki, jurnalda 160-dək dövlət və iş adamından, o cümlədən Prezident İlham Əliyevin iki müsahibəsi və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bir xüsusi müsahibəsi dərc olunub.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov və Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxş edərək jurnalın Azərbaycana verdiyi dəyərdən danışıblar.