“Ermənilərin apardığı bu təbliğat əslində onların özünün əleyhinə çevrilib”. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov erməni katolikosu II Qaregin və Ermənistan dövlət rəsmilərinin Şuşanın işğalı münasibətilə Azərbaycanın işğalı olunmuş ərazisinə səfər etməsi barədə xəbərlərə münasibət bildirərkən deyib. O bildirib ki, dünya Şuşanın Azərbaycana məxsus olduğunu yaxşı bilir: “İkincisi, bütün beynəlxalq qurumlar – BMT-dən Avropa qurumlarına qədər – Azərbaycanı işğal olunmuş əraziləri ilə birlikdə öz təşkilatlarına qəbul ediblər. Buna görə də erməni işğalına kimlərinsə – siyasi və ya dini liderlərin hansısa don geyindirməsinin heç bir əhəmiyyəti yoxdur. Əksinə, onlar bu hərəkətləri ilə işğalçı olduqlarını etiraf etmiş olurlar. Onlar bu cür “vətənpərvərlik” hərəkətləri ilə xalqda özlərinə qarşı inam formalaşmağa, xalqın itmiş inamını qaytarmağa çalışsalar da, bu, mümkün deyil. Çünki ermənilər iqtisadi, sosial – ümumilikdə hər sahədə ağır bir duruma düşüblər, demoqrafik faciə yaşayırlar və bütün bunların hamısı erməni tərəfinin işğalçılıq siyasətinin erməni xalqına gətirdiyi əzab və əziyyətlərdir”.