Şəkidə Heydər Əliyevin xatirəsinə həsr olunmuş atüstü yürüş keçirilib. Yürüş Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə nazirlik tərəfindən təsdiq edilmiş Şəki rayonu ərazisindəki atüstü turizm marşrutu üzrə keçirilib. Yürüşün keçirilməsi məqsədilə yerli turizm şirkətləri və jurnalistlərin iştirakı ilə Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzi ilə birlikdə Şəki rayonu üzrə bir günlük infotur təşkil olunub. İnfoturda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, 12 turizm şirkəti və media təmsilçiləri iştirak ediblər.
Şəki Mədəniyyət və Turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov jurnalistlərə bildirib ki, infotur iştirakçıları Daşüz kəndindən Çorqat meşəsinə doğru 10 kilometr yol qət edib: “Bu istiqamətdə təqdim edilən marşrutun uzunluğu 35 kilometr, keçid vaxtı 8 saatdır. Milli atüstü turist yürüşünün təşkilində məqsəd ölkənin cazibədar təbiəti ilə seçilən Şəki rayonunun turizm potensialının tanıdılmasıdır. Yürüş həmçinin bu ay Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana gələcək turistlərin atüstü turizmə cəlb edilməsində, eləcə də, atçılıq turizm marşrutunun inkişaf etdirilməsi və təbliğində mühüm rol oynayacaq”.
A. İbrahimxəlilovun sözlərinə görə, gələcəkdə bu cür turizm yürüşlərinin daha da artırılması planlaşdırılır: “Respublika Atçılıq Turizm Mərkəzində bu yürüşlər geniş vüsət alıb. Biz Azərbaycana gələn bütün turistləri mərkəzimizə dəvət edirik. Bu yürüşlərin daha yüksək səviyyədə təşkili üçün mütəxəssislərimiz əlindən gələni edəcəklər”.