Zəlzələ nəticəsində 1360 ev qəzalı vəziyyətə düşüb, 20-yə yaxın sosial obyektə zərər dəyib.
“Komissiyalar dünəndən Zaqatala, Balakən, Qax rayonlarının zəlzələnin təsiri olan ərazilərində işləyir. Dünən axşam baş vermiş 5.7 bal gücündə yeni təkanlardan sonra əvvəlki zəlzələdə qismən zədələnmiş evlərin böyük əksəriyyəti uçub, tam qəzalı vəziyyətə düşüb”. Bunu Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.
Nazir bildirib ki, son məlumata görə, zəlzələ bölgəsində 1360 qəzalı ev, 20-yə yaxın zərər dəymiş sosial obyekt qeydə alınıb: “Bu gün kəndlərdə olduq, sakinlərlə görüşdük. İnsanların narahatlığı başa düşüləndi, evlərdə yaşamağı təhlükəli hesab edirlər. Biz əhaliyə çadırlar paylayırıq”.
Nazir bildirib ki, dünən ilk zəlzələdən sonra qəzalı evlərin sayı az olsa da, günün sonunda baş vermiş təkanlar bu rəqəmin artmasına səbəb olub: “Ehtiyacı olan bütün ailələri çadırlarla maksimum təmin etməyə çalışırıq. İstəyirik ki, qəzalı vəziyyətdə olan evlər yenidən tikildiyi müddətdə insanlar çöldə qalmasınlar”.
K. Heydərov Azərbaycan prezidentinin zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində növbəti tapşırıqlar verdiyini bildirib: “Cənab prezident tərəfindən bizə və Nazirlər Kabinetinə tapşırıqlar verilib. Yəqin ki, evlərin tikilməsi üçün müəyyən qədər ilkin vəsaitin ayrılması ilə bağlı sərəncam imzalanacaq”.
Nazir hazırda mütəxəssislərin və tikinti şirkətlərinin bölgəyə cəlb olunduqlarını da qeyd edib: “Artıq tikinti şirkətləri hansı ərazilərdə işləyəcəklərinin bölgüsünü aparıb, tikinti materiallarının böyük bir hissəsi isə artıq bura gətirilir. Sabahdan zəlzələ bölgəsində tikinti-bərpa işlərinə başlanılacaq. Çalışacağıq ki, cənab prezidentin tapşırığına əsasən, bu iş qısa müddətdə yerinə yetirilsin, əhalinin daha rahat və təhlükəsiz evlərdə yaşaması təmin edilsin”.
Nazir vətəndaşlara müraciət edərək, fərdi evlərin tikintisi zamanı layihələndirmə işlərini qanunauyğun şəkildə aparmağı tövsiyə edib: “Maksimum təcrübədən keçirilmiş inşaat materiallarından istifadə etmək, mütəxəssislərin köməyindən yararlanmaq, materialları ekspertizadan keçirdikdən sonra tikinti işlərinə başlamaq lazımdır. Xüsusilə bu ərazilərin seysmik zona olduğunu nəzərə alıb, daha diqqətli və qanunauyğun tikinti aparmaq vacibdir”.