Dövlət başçısı Zaqatala və Qaxda zəlzələdən ziyan çəkən kəndlərə baş çəkəcək
Azərbaycan prezidenti İlham Əliyev ölkənin şimal-qərb bölgəsinə səfər edib. Prezident Zaqatala və Qaxda zəlzələdən ziyan çəkən kəndlərə baş çəkəcək, təbii fəlakətin törətdiyi fəsadlarla birbaşa yerində tanış olacaq, sakinlərlə görüşəcək.
Qeyd edək ki, mayın 7-də səhər saat 09.40 radələrində Zaqatalada 7 bal gücündə zəlzələ qeydə alınıb. Daha sonra yeraltı təkanlar müxtəlif vaxtlarda təkrarlanıb. Son hesablamalara görə, zəlzələ nəticəsində rayonda 274 tikili uçub, 2052 tikili qəzalı vəziyyətə düşüb, 100 sosial obyektdə çatlar əmələ gəlib. Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonun zəlzələdən ziyan çəkən kəndlərində 500-dən çox çadır qurulub, həmin çadırlarda 1050 ailə yerləşdirilib. 1276 ailə isə yaxınlarının və qohumlarının evlərində yerləşib. Hazırda zəlzələ bölgəsində Fövqəladə Hallar Nazirliyinin qərargahı fəaliyyət göstərir.
Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaq üçün dövlət büdcəsindən Fövqəladə Hallar Nazirliyinə 20 milyon manat vəsait ayrılıb.