Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Zaqatalada baş verən zəlzələnin episentrindəki prosesləri daha dəqiq analiz etmək əlavə 5 seysmik stansiya quraşdırıb.
Bu barədə Mərkəzin baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, Mərkəzin əməkdaşları tərəfindən ərazidə geniş makroseysmik tədqiqatlar aparılır: “Yeni stansiyalar zəlzələ ocağındakı proseslərlə bağlı daha dəqiq məlumatlar əldə etməyə imkan verəcək. Stansiyalar proses başa çatana qədər burada qalacaq”. Q. Yetirmişli bildirib ki, mayın 7-də baş verən zəlzələdən sonra 500-dən çox yeraltı təkan qeydə alınıb: “Dünən axşamdan narahat idim ki, təkanların sayı niyə azalıb. Amma bu səhər yenidən 4 bal gücündə zəlzələ oldu, bu, əslində yaxşılığa doğrudur, enerji boşalmalıdır. Bu proses hələ xeyli müddət davam edəcək. Xırda təkanlar, hətta 4-5 bal gücündə zəlzələlər də ola bilər. Artıq əhali də bunu dərk edir. Zəlzələnin ilk günündə yaşanan şok artıq keçib, əhali bu hadisəyə təbiət hadisəsi kimi yanaşmağa başlayıb”.