Bakı, 14 sentyabr (ERtv). Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə təbrik teleqramı ünvanlayıb. Dövlət başçısı bildirib ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan yəhudi vətəndaşlarımız yüz illərdir ki, ölkəmizdə əmin-amanlıq, dostluq və qardaşlıq münasibətləri şəraitində yaşayır, öz dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamaqla Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edir: "Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hazırda ölkəmizdə gedən böyük tərəqqi və inkişaf prosesində, azad vətəndaş cəmiyyəti quruculuğunda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yəhudi icmasının özünəməxsus rolu var".
Prezident İlham Əliyev qeyd edib ki, yəhudilərin hər il təntənə ilə bayram etdiyi Roş-Ha-Şana özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirir.
Bakı, 14 sentyabr (ERtv). AMEA Dilçilik İnstitutunun hazırladığı və yenicə çapdan çıxan Azərbaycan dilinin orfoqrafiya lüğəti Prezident Administrasiyası tərəfindən qadağan edilib. Bu günlərdə AMEA-nın dilçilik institutu Azərbaycan dilinin orfoqrafiya lüğətini hazırlayıb və lüğətin siqnal nüsxəsi çıxıb. Lüğətin yenidən nəşr edilməsinin məqsədi isə onu daha da təkmilləşdirmək olub. Lakin institut Orfoqrafiya lüğətinin təkmilləşdirilməsi əvəzinə 2004-cü il nəşrinin təkrarı olaraq dərc edib. Hətta əvvəlki nəşrdə olan yanlışlıqlar da siqnal nüsxədə təkrarlanıb. Bu isə kitabın yeni nəşri ilə tanış olan ziyalıları narazı salıb.
Narazılıqlar haqqında məlumat alan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev məsələni araşdırıb və Orfoqrafiya lüğətinin yenidən hazırlanmasını tələb edib. Ciddi qüsurlara görə isə AMEA Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edilib. Bundan sonra Prezident Administrasiyasından Orfoqrafiya lüğətinin 2012-ci il nəşrinin ləğv edilməsi və satışdan yığışdırılması haqqında göstəriş verilib.
Xatırladaq ki, «Azərbaycan Respublikasının Dövlət Dili haqqında» Qanuna əsasən, Orfoqrafiya lüğəti ən geci 5 ildən bir təkmilləşməli və nəşr edilməlidir. Sonuncu Orfoqrafiya lüğəti 2004-cü ildə nəşr olunub. Aradan 8 il keçsə də, Orfoqrafiya lüğətinin təkmilləşmiş nəşri hələ də oxucuların ixtiyarına verilməyib.
Məlumata görə, Prezident Administrasiyasından kəskin reaksiyanın bir səbəbi də budur.
Hazırda AMEA Dilçilik İnstitutunda bununla bağlı gərginlik yaşandığı bildirilir.
Bakı, 14 sentyabr (ERtv). Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Koreyanın “RuSearch Co” şirkətinin təşkilatçılığı ilə Azərbaycan və Koreya şirkətləri arasında işgüzar görüş keçirilib. Tədbirdə Azərbaycan və Koreya tərəfindən şüşə məmulatlarının, istilik sistemlərinin, tikinti materiallarının istehsalı, qida sənayesi, turizm və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox şirkətin nümayəndəsi iştirak edib.
AZPROMO-nun rəhbəri vəzifəsinin icraçısı Rüfət Məmmədov Koreya şirkətlərinin nümayəndələrinə Azərbaycan iqtisadiyyatı, ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti barədə geniş məlumat verib, Koreya şirkətlərini Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib, bu sahədə AZPROMO-nun lazımı köməklik göstərəcəyini diqqətə çatdırıb.
Koreyalı iş adamları Azərbaycan iqtisadiyyatının yüksək templə və davamlı inkişaf etdiyini, ölkəmizə xarici investorların marağının daha da atdığını vurğulayıb. Koreya şirkətləri də Azərbaycan sahibkarları ilə əlaqələrin genişlənməsində maraqlıdır.
İşgüzar görüşdə Azərbaycan və Koreya şirkətlərinin təqdimatları keçirilib, fəaliyyət sahələri barədə məlumat verilib, əməkdaşlıq məsələləri müzakirə edilib.
Tədbirdə AZPROMO tərəfindən koreyalı iş adamlarına Azərbaycan iqtisadiyyatı, ölkəmizin biznes və investisiya imkanlarına dair bukletlər və müxtəlif çap məhsulları paylanıb.
Bakı, 14 sentyabr (ERtv). Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov rəsmi Bakının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində apardığı işlərə dəstək məqsədilə BƏƏ-nin müxtəlif səviyyəli məmurları ilə görüşlər keçirərək onları Qarabağ həqiqətləri barədə məlumatlandırıb. Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, Dubay əmirliyinin Mərkərzi Kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla, Dubay aparatının ictimaiyyətlə iş üzrə idarəsinin müdiri Əhməd Əl-Zahid, aparatın digər məsul əməkdaşı Əhməd Əl-Asam Məhəmməd və əmirliyin müxtəlif nazirlik və komitələrinin nümayəndələri ilə görüşlərdə Samir İmanov son günlər erməni tərəfinin sərhəddə atəşkəs rejimi intensiv surətdə pozduqları barədə məlumatlandırıb, Azərbaycanın sülhpərvər siyasət yeritdiyi və Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün beynəlxalq hüquq və normalar çərçivəsində atdığı addımlardan danışıb. “Azərbaycan” cəmiyyətinin sədri eyni zamanda Dağlıq Qarabağ probleminin həll olunmaması ilə bağlı subyektiv səbəblərə də toxunub, beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in Mins Qrupunun bu məsələdə qəti mövqe nümayiş etdirməməsinin münaqişənin həllinin 20 ilə yaxındır ki, uzanmasında gətirib çıxardığına qeyd edib.
İsa Əhməd Əl-Mulla və Dubay əmirliyinin hökumət nümayəndələri verdiyi məlumatlara görə S.İmanova təşəkkür edib, belə görüşlərin müntəzəm keçirilməsinin zəruriliyini və iki ölkə arasında əlaqələrin inkişafına böyük dəstək verdiyini bildirib. Onlar eyni zamanda ümidlərini ifadə edib ki, tezliklə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə əsasən erməni tərəfi işğal olunan Azərbaycan torpaqlarını geri qaytaracaq və ədalət bərqərar olunacaq.
S.İmanov Dubay əmirliyinin Mərkəzi Kitabxanasına və Hökümət rəsmilərinə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan” cəmiyyətinə təqdim olunan ərəb dilində hazırlanan Qarabağ haqqında həqiqətləri özündə əks etdirən “Qarabağ” kitabını, Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ haqqında həqiqi faktlar” toplusunu, Qarabağ həqiqətlərindən bəhs edən “Tarixin səsi” kitabçasını, “Erməni terroru”kitabını, “Kitabi Dədə Qorqud” Ensiklopediyasını, Azərbaycan prezidenti İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən “İlham Prezident Portreti” kitabını, ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən ərəb və ingilis dillərində müxtəlif kitabları hədiyyə edib.
Bakı, 14 sentyabr (ERtv). Bu gün Bakının Nizami rayonunun Keşlə qəsəbəsində 100 yerlik uşaq bağçası binasının təməli qoyulub. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı uşaq bağçasının istifadəyə verildikdən sonrakı görüntülərini əks etdirən stendə baxıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikiləcək bağçanın binasının sahəsi 1200 kvadratmetr olacaq. İki mərtəbədən ibarət binada akt zalı, yeməkxana, inzibati otaqlar, həkim otağı yaradılacaq. Burada uşaqların rahatlığı üçün hər cür şərait olacaq.
Prezident İlham Əliyev uşaq bağçası binasının təməlini qoyub.
Dövlət başçısı tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verib.
Bakı, 14 sentyabr (ERtv). Bu gün Bakının Nizami rayonunun Keşlə qəsəbəsində 328 nömrəli orta məktəbin yeni binası istifadəyə verilib. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak edib. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, 640 şagird yerlik yeni məktəbdə 32 sinif otağı, üç laboratoriya, üç kompyuter otağı, emalatxana, rəsm otağı, idman və akt zalları, yeni innovasiya metodları ilə işləyən kabinetlər, tibb məntəqəsi yaradılıb. Tədris prosesinin yüksək səviyyədə təşkili üçün hər cür şəraitin yaradıldığı məktəbdə dərslər interaktiv üsulla keçiriləcək.
Qeyd olunub ki, yeni dərs ilində bu təhsil ocağının istifadəyə verilməsi məktəbin kollektivi və şagirdlər üçün əsl hədiyyədir.
Prezident İlham Əliyev məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirib, tədris prosesinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Bakı, 14 sentyabr (ERtv). Bu gün Bakının Nizami rayonu ərazisində Babək prospekti ilə N.Abdullayev küçəsinin kəsişməsindəki yeraltı piyada keçidi istifadəyə verilib. Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlət başçısı keçidin texniki göstəricilərini əks etdirən stendə baxıb.
Azərbaycan prezidenti yeraltı piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, keçidin uzunluğu 64, eni 8, hündürlüyü isə 3,2 metrdir. Piyada keçidinin istifadəyə verilməsi yeni açılmış məktəbin şagirdlərinin və valideynlərinin, eləcə də bu ərazidə yaşayan sakinlərin təhlükəsizliyinə və sərbəst hərəkətinə imkan yaradacaq.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib.
Bakı, 14 sentyabr (ERtv). Bu gün Balakən rayonunda “Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” mövzusunda konfrans keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumların, ictimai təşkilatların nümayəndələri və 170-ə yaxın istehlakçı iştirak edib.
Tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını vurğulayıb. Bütün bunlar isə əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanının genişləndirilməsinə şərait yaradır, eyni zamanda istehlakçı hüquqlarının etibarlı müdafiəsinə diqqətin daha da artırılmasını zəruri edir.
Xidmətin rəis müavini istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, 2012-ci ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 44 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 1000-ə yaxın yaddaş kitabçası hazırlanaraq sahibkarlara və istehlakçılara paylanıb, televiziya kanallarında sosial reklam çarxları yayımlanıb. Hazırda da KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır. Bütün bunların nəticəsidir ki, istehlakçı hüquqlarının pozulması, ticarət və xidmət obyektlərində qanun pozuntusu hallarının sayı ildən-ilə azalır.
Tədbirdə həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.
Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırıb.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.
Bakı, 14 sentyabr (ERtv). Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nizami rayonunun ərazisindəki Heydər Əliyev parkının yenidənqurmadan sonra açılışında iştirak edib.
Parkın rəmzi açılışını bildirən lenti kəsən dövlət başçısı yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, 1998-ci ildə ulu öndəri Heydər Əliyevin anadan olmasının 75 illik yubileyi münasibətilə salınan parkın ərazisi 56 min kvadratmetrdir. Burada inşa olunan dördmərtəbəli binada kafelər, rəssamlıq, xalçaçılıq və heykəltəraşlıq dərnəkləri, ofislər var. Parkda, həmçinin iki kafenin fəaliyyət göstərdiyi üçmərtəbəli bina və yeraltı əyləncə mərkəzi tikilib.
Prezident İlham Əliyev parkda görülən işlərdən razılığını bildirib.
Bakı, 14 sentyabr (ERtv). Bu gün Bakıda “8 KM” stadionunun açılışı olub. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib. Dövlət başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, 11 min tamaşaçı yeri olan stadion 22,5 min kvadratmetr sahəni əhatə edir. Beynəlxalq yarışların keçirilməsi üçün hər cür şəraitin yaradıldığı təbii ot örtüklü stadionun dünya standartlarına cavab verməsi FİFA tərəfindən təsdiq olunub.
Prezident İlham Əliyev stadionda yaradılan şəraiti yüksək qiymətləndirib.
Bakı, 14 sentyabr (ERtv). Bu gün Azərbaycan Premyer Liqasında V turun oyunlarına start veriləcək. İlk oyun günündə yalnız bir qarşılaşma baş tutacaq. Mövsümə yaxşı başlamayan paytaxtın "Bakı" klubu doğma meydanında "Turan"ı qəbul edəcək. Oyun Bakı saatı ilə 20:00-da baş tutacaq.
Oyunun hakimləri Vüsal Əliyev, Zeynal Zeynalov, İsgəndər Əliyev, Orxan Məmmədovdur.
Qeyd edək ki, V turun qalan görüşləri sabah və biri gün keçiriləcək. Oyunların təqvimini təqdim edirik:
15 sentyabr (şənbə)
17:00.“Neftçi” – “Xəzər Lənkəran”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
17:00. “Kəpəz” - “Qəbələ”
Gəncə şəhər stadionu.
18:00. “İnter” – “Sumqayıt”
“Şəfa” stadionu.
19:00. “Rəvan” – “Simurq”
Bayıl Arena stadionu.
16 sentyabr (bazar)
18:30. AZAL – “Qarabağ”
AZAL Arena stadionu.
Bakı, 14 sentyabr (ERtv). Bu gün Almaninyanın Halle şəhərində Heydər Əliyev adına Dünya Boks Komitəsinin təşkilatçılığı ilə boks turniri keçiriləcək. Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, ağır çəkidə “Alman palıdı” ləqəbli Timo Hofmann və Stefan Kretchman Azərbaycanın ulu öndəri Heydər Əliyevin adını daşıyan Dünya kəməri uğrunda mübarizə aparacaq. Turnir Avrosport telekanalı tərəfindən yayımlanacaq.
Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi Almaniyanın Maqdeburq şəhərində soydaşımız Yaşar Niftəliyev Millinits tərəfindən yaradılıb. Komitənin məqsədi dünyada yaşayan idmançıları birləşdirmək, ulu öndər Heydər Əliyevin gənclərə və idmana dair tövsiyələrini yerinə yetirmək, başqa millətlərdən olan idmançılarla Avropada yaşayan soydaşlarımızla dostluq əlaqələrini möhkəmləndirmək, xalqımızın üçrəngli bayrağını uca tutub Azərbaycanın Dövlət Himnini səsləndirmək, Heydər Əliyevin adını daşıyan Dünya kəmərlərini Dünyanın ən məşhur kəmərləri sırasına gətirməkdir.
Bakı, 14 sentyabr (ERtv). Dünya bazarlarında neftin qiyməti artıb. Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,30 dollar bahalaşaraq 98,31 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,94 dollar qalxaraq 116,90 dollar olub.
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən ERtv-yə verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barreli London birjasında 0,62 dollar artaraq 118,92 dollara satılıb.
Bakı, 14 sentyabr (ERtv). Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturaya ixtisas seçimi başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, ixtisas seçimi internet vasitəsilə sentyabrın 11-i saat 9.00-dan bu gün saat 9.00-dək aparılıb.
Bu müddətdə ixtisas seçimi etməyən namizədlər müsabiqədə iştirak hüququnu itirib.
İxtisas seçimində iştirak etmək üçün qoyulan minimal tələblər (müsabiqə şərtləri) müalicə işi, pediatriya istiqamətinə aid olan ixtisaslar üçün baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal; stomatologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal; tibbi biologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal; tibbi profilaktika istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal müəyyən edilib.
Qeyd edək ki, rezidenturaya sentyabrın 8-9-da keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, namizədlərdən ümumilikdə 835 nəfəri ixtisas seçimində iştirak etmək hüququ qazanıb.
Rezidenturaya qəbulun nəticələri bu gün elan olunacaq.
Bakı, 14 sentyabr (ERtv). “Ermənistanın separatizmə və terrorizmə əsaslanan qeyri-konstruktiv addımları heç bir nəticə verməyəcək”. Bunu Azərbaycanın Baş naziri Artur Rasizadə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortla görüşündə bəyan edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin dinamik inkişaf etdiyini vurğulayan Baş nazir bu münasibətlərin bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyat sahəsində böyük perspektivə malik olduğunu bildirib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Rasizadə məsələnin həllində digər beynəlxalq qurumlarla yanaşı, Avropa İttifaqının da yaxından iştirakının səmərəli olacağına əminliyini bildirib. O, bir daha bəyan edib ki, Ermənistanın separatizmə və terrorizmə əsaslanan qeyri-konstruktiv addımları heç bir nəticə verməyəcək. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində mümkündür.
Filipp Lefort təmsil etdiyi qurumun region ölkələri, o cümlədən Azərbaycanla əməkdaşlığın daim genişləndirilməsində maraqlı olduğunu bildirib. Regiondakı bütün münaqişələrin tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayan qonaq Avropa İttifaqının da bu istiqamətdə əlindən gələn köməyi göstərməyə hazır olduğunu deyib.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri ilə bağlı digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bakı, 14 sentyabr (ERtv). İspaniyanın “Real” klubunun 2012-2013 mövsümü üçün hazırlatdığı üçüncü alternativ formanın rəngi müəyyənləşib. Klubun yeni formaları yaşıl rəngdə olacaq.
Bundan öncə ağ və göy rəngdə klassik iki forma təqdim edən “Real” üçüncü formanın təqdimatını keçirməyib. Lakin yaxın günlərdə təqdim olunacaq yaşıl formaları “Real” futbolçuları Çempionlar Liqasında geyinəcək.
Qeyd edək ki, “Real” ilə dəfə 1965-ci ildə Argentinanın “River Playt” klubu ilə keçirilən yoldaşlıq oyununda yaşıl forma geyinib və bundan sonra bir daha bu rəngdən istifadə etməyib.
Bakı, 14 sentyabr (ERtv). Qadınlardan ibarət voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsində yığmamızın yer aldığı qrupun ikinci dövrəsinin oyunları Bakıda keçiriləcək.
Bakıda keçiriləcək görüşlər bu gündən başlayaraq ayın 16-na kmi davam edəcək. Oyunların təqvimini təqdim edirik:
14 sentyabr
16:00. Avstriya – Belarus
18:30. Azərbaycan – Finlandiya
15 sentyabr
16:00. Belarus – Finlandiya
18:30. Avstriya – Azərbaycan
16 sentyabr
16:00. Finlandiya – Avstriya
18:30. Azərbaycan – Belarus
Qeyd edək ki, millimiz Avstriya, Belarus və Finlandiya ilə eyni qrupda yer alır. Finlandiyada keçirilən ilk dövrənin oyunlarında yığmamız hər üç görüşdə, qrup lideri olub.
Bakı, 14 sentyabr (ERtv). Ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə boş qalan və imtina olunan yerlərə sentyabrın 7-də aparılan əlavə yerləşdirmənin və sentyabr 10-da keçirilən müsahibənin nəticələri açıqlanıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, boş qalan və imtina olunan yerlərə əlavə yerləşdirmənin və müsahibənin nəticələrinə görə, müxtəlif fənlər üzrə daha 167 nəfər müəllim işə qəbul edilib.
Bakı, 14 sentyabr (ERtv). Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Baş Qərvənd, Füzulinin Aşağı Seyidəhmədli, Horadiz və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.
Bakı, 13 sentyabr (ERtv). "Real Madrid"in portuqaliyalı ulduzu Kristiano Ronaldonun transfer qiyməti bəlli olub. Madrid klubunun rəhbərliyi futbolçuya 200 milyon avro qiymət qoyub. Transferə isə yalnız Ronaldonun klubdakı narazılığı həll etməyəcəyi təqdirdə gələn mövsüm icazə veriləcək.
Qeyd edək ki, klubda xoşbəxt olmadığını deyən Ronaldo milli komandanın oyunlarından sonra "Real Madrid"lə məşqə qatılacaq.
Onun baş məşqçi Joze Mourinyo və klub prezidenti Florentino Perezlə təkbətək görüşü gözlənilir.