Bakı, 14 sentyabr (ERtv). Bu gün Bakının Nizami rayonunun Keşlə qəsəbəsində 328 nömrəli orta məktəbin yeni binası istifadəyə verilib. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak edib. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, 640 şagird yerlik yeni məktəbdə 32 sinif otağı, üç laboratoriya, üç kompyuter otağı, emalatxana, rəsm otağı, idman və akt zalları, yeni innovasiya metodları ilə işləyən kabinetlər, tibb məntəqəsi yaradılıb. Tədris prosesinin yüksək səviyyədə təşkili üçün hər cür şəraitin yaradıldığı məktəbdə dərslər interaktiv üsulla keçiriləcək.
Qeyd olunub ki, yeni dərs ilində bu təhsil ocağının istifadəyə verilməsi məktəbin kollektivi və şagirdlər üçün əsl hədiyyədir.
Prezident İlham Əliyev məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirib, tədris prosesinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.