Mehriban Əliyeva: “Azərbaycan humanitar əməkdaşlıq və dialoqa dəstək verməyə hazır olduğunu hər zaman bəyan edib”
13 aprel 2012 15:54

 

"Azərbaycan humanitar əməkdaşlıq və dialoqa dəstək verməyə hazır olduğunu hər zaman bəyan edib”.

Bu fikirləri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva dövlətlərarası “Birliyin ulduzları” mükafatının təqdimetmə mərasimində çıxışı zamanı bildirib.

 O, hazırda Azərbaycanın və Bakı şəhərinin mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrildiyini söyləyib: “Bakıda hər il müxtəlif mövzulara həsr olunmuş beynəlxalq konfransların keçirilməsini buna nümunə göstərmək olar. Azərbaycan Avrasiyanın mərkəzində yerləşir və artıq yüzilliklərdir ki, özündə çoxsaylı mədəniyyət və sivilizasiyaların izlərini daşıyır. Keçən il Bakıda keçirilmiş Rusiya-Azərbaycan humanitar forumu, hər il keçirilən beynəlxalq foruma çevrilib. Fikrimcə, yaranmış problemləri aradan qaldırmaq yalnız ümumibəşəri dəyərlərə əsaslanmaqla mümkündür. Təhsil, elm və mədəniyyət sahəsində irimiqyaslı layihələr və iqtisadi əlaqələrin möhkmələndirilməsi ölkələrimizin sülh və çiçəklənməsinə xidmət edir”.

Azərbaycanın xarici işlər naziri Fransa səfirini ölkədə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
13 aprel 2012 15:51

 

Azəbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycandakı səfiri Qabriel Kelleri ölkədə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüş zamanı Q. Keller Azərbaycanda işlədiyi dövrdə Fransa ilə Azərbaycan arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini qeyd edərək faydalı əməkdaşlığa görə xarici işlər nazirinə minnətdarlığını bildirib.

 E. Məmmədyarov isə Azərbaycanla Fransa arasında münasibətlərin genişləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkür edib. O, Q. Kellerə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib
13 aprel 2012 15:48

 

Azərbaycan prezidenti İlham Əliyev ölkənin pravoslav xristian icmasını Müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib.

Təbrikdə bildirilir:

“Müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın bütün xristianlarını ürəkdən təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik arzularımı yetirirəm.

Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluqlarını, dil və mədəniyyətlərini qoruyub saxlayırlar. Dərin tarixi kökləri olan tolerantlıq və multikulturalizm ənənələri müasir cəmiyyətimizin başlıca ictimai dəyərlərindəndir.

 Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün milli azlıqları, o cümlədən pravoslav xristianlar millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verməklə, ictimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, vətəndaş cəmiyyəti quruculuğunda fəallıq nümayiş etdirirlər.

 Pasxa bayramı əmin-amanlığı, həmrəyliyi, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.

 Bayramınız mübarək olsun!”

Son 4 gündə Kürdə suyun səviyyəsi 1 metr qalxıb
13 aprel 2012 15:46

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Kür çayının Qıraqkəsəmən məntəqəsində suölçmə işləri aparır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib. Onun sözlərinə görə, Kür çayının Gürcüstan hissəsində suyun səviyyəsinin kəskin artımı Azərbaycan ərazisində Qıraqkəsəmən məntəqəsində də çayın artımına səbəb olub. A. Verdiyev deyib ki, son 4 gün ərzində suyun səviyyəsi 1 metrədək artıb: “Hazırda artma səngiyib. Lakin səviyyənin yenidən artması baş verə bilər. Gürcüstan və Azərbaycan ərazisində sabah yağışlar proqnozlaşdırılır. Bununla əlaqədar Kür çayında səviyyənin artımının davam edəcəyi gözlənilir”.

 A. Verdiyevin sözlərinə görə, Kürdə aparılan suölçmə işlərinin əsas məqsədi çayda suyun həcmini müəyyən etməkdir: “Suyun dərinliyi, sürəti və çayın eni ölçülür, ölçmə işləri başa çatandan sonra çayda su sərfinin həcmi müəyyən ediləcək”.

 Baş hidroloq əvvəlki illərlə müqayisədə hazırda Kürdə suyun səviyyəsinin o qədər də yüksək olmadığını bildirib. A. Verdiyev onu da deyib ki, qarın əriməsi və yağışların yağması nəticəsində respublikanın dağ çaylarında, xüsusən də Böyük Qafqazın Kişcay, Girdimançay, Talaçay, Göyçayda qısamüddətli daşqınlar gözlənilir.

Prezident İlham Əliyev Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 2 milyon manat ayırıb
13 aprel 2012 15:44

 

Azərbaycan prezidenti İlham Əliyev Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Tovuz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb.

Azərbaycan Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Prezident İlham Əliyev "AİTF-2012" XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub
13 aprel 2012 08:51

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 13-də Bakı Sərgi Mərkəzində “AİTF-2012” XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olmuşdur.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verdi ki, 62 turizm istiqamətini təqdim edən “AİTF-2012” sərgisinə dünyanın 32 ölkəsindən 201 şirkət qatılmışdır. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İTE Group plc” və onun tərəfdaşı “İteca Caspian” MMC şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə tərəfdaş ölkə kimi Türkiyə, rəsmi hava yolları qismində isə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti çıxış edir. Azərbaycanın “SW Travel” şirkəti ardıcıl olaraq ikinci ildir ki, “AİTF” sərgisinin sponsorudur. Sərgi ilə bağlı işlərə “İTE Group plc”nin dünya üzrə tərəfdaş və agentliklərindən ibarət geniş şəbəkəsi cəlb olunmuşdur. Onların sırasında “ITE” (London), “EUF” (Türkiyə), “GİMA” (Almaniya) və “ITE Gulf” (Dubay) kimi tanınmış şirkətlər vardır.

Bildirildi ki, artıq ənənə halını almış bu sərgi çərçivəsində müxtəlif görüşlər keçirilir, əməkdaşlıq müqavilələri imzalanır, turizmlə bağlı yeni proqramlar, qiymətlər barədə məlumatlar açıqlanır.

Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, hər il sərgi iştirakçılarının sırasına yeni ölkələr əlavə olunur. Bu il Qətər, Polşa, Vyetnam, Slovakiya, Xorvatiya sərginin debütant ölkələridir. İştirakçılar arasında dünyanın aparıcı aviaşirkətləri də vardır. “AİTF-2012” sərgisində qonaq ölkə qismində isə Bolqarıstan iştirak edir. Dünya Ticarət Təşkilatının bu il “AİTF-2012”-də öz stendi ilə iştirak etməsi beynəlxalq iştirakçıların bu sərgiyə göstərdikləri marağı bir daha təsdiqləyir.

Qeyd edildi ki, builki sərginin fərqli cəhətlərindən biri də ekspozisiyanın bir hissəsinin sağlamlıq mərkəzləri və sanatoriyalara həsr olunmasıdır. Sərgidə Bolqarıstan, Sloveniya, Çexiya, Rusiya və Ukrayna kimi ölkələr müalicəvi kurortlarını təqdim edirlər.

Məlumat verildi ki, Azərbaycanla bağlı ekspozisiyalarda ölkənin aparıcı turizm şirkətlərinin, istirahət zonalarının və sanatoriyalarının yeni layihələri ilə tanış olmaq mümkündür. Bu il sərgidə iştirak edən yerli şirkətlərin ekspozisiyalarında gələn ay Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin loqosu və şüarı diqqəti cəlb edir.

Prezident İlham Əliyev sərginin pavilyonları ilə yaxından tanış oldu.

Prezident İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibini qəbul edib
13 aprel 2012 08:49

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 13-də Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul etmişdir.

Azərbaycanın Dünya Gömrük Təşkilatının çox fəal üzvü olduğunu vurğulayan Prezident İlham Əliyev Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin növbəti 2012-ci il konfransının Bakıda keçirilməsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin Bakı konfransının Azərbaycan ilə bu təşkilat arasında əməkdaşlığın daha da gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Azərbaycanın iqtisadi cəhətdən sürətlə inkişaf etdiyini vurğulayan Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ölkəmizə səfərindən məmnunluğunu bildirdi. O, Prezident İlham Əliyevin dəstəyi ilə ötən il Bakıda “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda uğurla keçən beynəlxalq konfransın Dünya Gömrük Təşkilatı üçün çox faydalı olduğunu dedi və həmin tədbirin nəticələri əsasında Brüsseldə mötəbər bir konfransın təşkil olunduğunu qeyd etdi.

Görüşdə ölkəmizin Dünya Gömrük Təşkilatı ilə əməkdaşlığının daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

İsmayıllının 20-yə yaxın kəndində sürüşmə təhlükəsi artıb
13 aprel 2012 05:37

 

İsmayıllı rayonunun sürüşmə sahələrində aktivlik müşahidə olunur.

İsmayıllı rayon icra başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rəfael Əhmədov bildirib ki, rayonun İkinci Yeniyol kəndində və bir sıra kəndlərində sürüşmə təhlükəsi yaranıb.

Rayonun Diyallı, Güyüm, Tircan, Lahıc, Xankəndi, Sulut, Quşencə, Xanagah, Yeniyol, İkinci Yeniyol, Qaraqaya, Vaşa, Tircan, Bizlan, Müdrisə, Dvoryan kəndlərində sürüşmə sahələrində aktivlik yaranıb.

Əhmədov bildirib ki, İkinci Yeniyol kəndində 10 ev üçün təhlükəli vəziyyət yaranıb. Həmin evlər sürüşmə kütləsinin üzərində yerləşdiyindən evlərin boşaldılması barədə qərar verilib. Artıq evlərdən bir neçəsi boşaldılıb.

Komissiya sədri bildirib ki, hazırda rayonda Ekalogiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin mütəxəssisləri sürüşmə sahələrində araşdırmaları davam etdirir.

Əhmədov deyib ki, bir müddət öncə həmin nazirliklərin mütəxəssisləri tərəfindən rayonun sürüşmə sahələrinə monitorinq aparılıb və monitorinq zamanı rayonda 145 evin təhlükəli vəziyyətdə olduğu, onların təcili köçürülməsi barədə rəy verilib.

İcra başçısının müavini qeyd edib ki, son aktivləşmədən sonra bəzi kəndlərdə bir neçə ev də qəzalı vəziyyətə düşüb.

Əhmədovun sözlərinə görə, qəzalı vəziyyətdə olan evlərin sakinləri üçün torpaq sahələrinin ayrılması ilə bağlı sənədləşmə işləri başa çatıb. Nazirlər Kabineti həmin torpaq sahələrində yeni evlərin tikintisi üçün maliyyə ayırdıqdan sonra evlərin tikintisinə başlanacaq.

Xatırladaq ki, son bir ayda Bakıda və bir sıra rayonlarda - Şamaxı, Ağsu və cənub rayonlarında sürüşmə sahələrində aktivlik müşahidə olunur. İsmayıllı da daxil olmaqla, bir neçə rayonda sürüşmə sahələrinin geniş şəkildə tədqiq edilməsi üçün monitorinqlər aparılıb.

Prezident İlham Əliyev Tovuz rayonu ərazisində Göytəpə neolit dövrü arxeoloji abidəsi ilə tanış olub
13 aprel 2012 05:28

 

Azərbaycan prezidenti İlham Əliyev Tovuz rayonu ərazisində Göytəpə neolit dövrü arxeoloji abidəsi ilə tanış olub.

Arxeoloji abidə barədə dövlət başçısına geniş məlumat verilib. Qədim Göytəpə arxeoloji abidəsi Azərbaycan ərazisində, eyni zamanda, Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsinə aid yaşayış məskənlərinin ən böyüyüdür. Bu yaşayış məskəni 2 hektardan çox ərazini əhatə edir.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası 2006-cı ildə Fransa mütəxəssisləri ilə birlikdə Göytəpə qədim yaşayış məskənində kəşfiyyat müşahidələri apararaq, təpənin toroplanını çəkib, yerüstü materiallar toplayıblar. Abidənin dəqiq tarixinin təyin edilməsi üçün üst qatdan götürülən kömür qalıqlarının üzərində Fransanın Milli Araşdırmalar Mərkəzində radio-karbon analizi aparılıb. Analizin nəticəsinə əsasən, Göytəpə yaşayış məskəninin bizim eradan əvvəl VI minilliyə aid olduğu müəyyən edilib. Bu da onu deməyə əsas verir ki, Tovuzun 8 min illik şəhər mədəniyyəti tarixi var.

 Prezident İlham Əliyev Göytəpə neolit dövrü arxeoloji abidəsinin ərazisini gəzib.

 Abidənin qədimliyi dünyanın bir çox nüfuzlu elm adamlarının və mütəxəssislərin ciddi marağına səbəb olub. 2008-ci ildən başlayaraq hər il Fransa Milli Araşdırmalar Mərkəzinin, Tokio Universitetinin əməkdaşlarının iştirakı ilə stasionar arxeoloji qazıntılar aparılıb. Göytəpə yaşayış yeri Azərbaycanda və Qafqazın cənubunda neolit dövründə baş verən inkişaf prosesinin əsas xüsusiyyətlərinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Burada aparılan arxeoloji qazıntı işləri neolit dövrünə aid tikinti mədəniyyətini, Kür çayının orta axarı boyunca erkən neolit həyat tərzinin öyrənilməsinə imkan yaradıb.

 Sonra dövlət başçısı yaşayış məskənində aşkar edilən daş və sümük alətlərə baxıb. Aşkar olunan maddi-mədəniyyət nümunələrinin elmi təhlili Tovuz ərazisinin Qafqazın ən qədim yaşayış məskəni olduğunu sübut edir. Dünya arxeologiyasında Göytəpə yaşayış məskəni tipli neolit dövrünə aid arxeoloji abidələr ilkin sivilizasiyanın başlanğıc nöqtəsi, proto-şəhər, yəni insanların yığcam yaşayış tərzinin bərqərar olduğu ilkin şəhər mədəniyyətinin formalaşması dövrü kimi dəyərləndirilir.

 Daha sonra Prezident İlham Əliyev Göytəpə qədim yaşayış məskənində bu günə qədər görülən işlər və əldə olunan nəticələri, eləcə də aşkar olunmuş tikililərin bərpası, abidənin açıq səma altında arxeoparka çevrilməsi istiqamətində təklifləri əks etdirən stendlərə baxıb. Qeyd olunub ki, 2008-2011-ci illərdə Göytəpədə aparılan qazıntılar qədim yaşayış yerinin neolit dövrünə aid olan mükəmməl memarlığını üzə çıxarıb. Tədqiqatçıların fikrinə görə, Göytəpədə aşkar olunan tikililərin möhkəmliyinə Azərbaycanın heç bir neolit dövrü abidələrində rast gəlinməyib. Dəyərli maddi-mədəniyyət nümunələri ilə zəngin olan abidənin 2009-cu ildə Tokio Universitetində, 2010-cu ildə Londonda fəaliyyət göstərən “Britaniya Muzeyi”ndə, həmin ildə Parisdə “Kollec-de-Frans” təhsil müəssisəsində, 2011-ci ildə Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunda və Gürcüstanın Milli Tarix Muzeyində təqdimatı olub. Ötən ilin avqustunda Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Özbəkistan və Qırğızıstan nümayəndələrinin iştirakı ilə Azərbaycanda ilk dəfə olaraq “Cənubi Qafqazın qədim mədəniyyətləri” mövzusunda beynəlxalq layihə çərçivəsində MDB-nin gənc mütəxəssislərindən ibarət “Gənc arxeoloqların yay məktəbi” tədbiri Göytəpə yaşayış məskəni ərazisində keçirilib.

 Abidə rayonun turizm marşrutuna daxil edilib. Ölkəmizdə “2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, cari ildə abidənin ətrafının abadlaşdırılması, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant layihəsinə uyğun olaraq əsaslı şəkildə elmi tədqiqat işlərinin davam etdirilməsi və ərazidə açıq səma altında muzeyin - arxeoparkın yaradılması nəzərdə tutulub.

 Yaşayış məskəni ilə tanışlıqdan sonra dövlət başçısı tapşırıq və tövsiyələrini verib.

Azərbaycanın fövqəladə hallar naziri Kür boyunca dib-dərinləşdirmə işlərinin təşkili üçün Neftçalada inşa edilən əsas bazada olub
13 aprel 2012 05:26

 

Kəmaləddin Heydərov: “ Kürün deltasında 100 metrlik ərazidə təmizləmə işlərinin aparılması çayda əvvəlki naviqasiyanı bərpa edəcək”

Çayda aparılan dib dərinləşdirmə və sahil bərkitmə işləri nəticəsində Kürün daşmasının, qrunt sularının əhalinin evlərinə ziyan vurmasının qarşısı alınacaq. “Biz Neftçala rayonuna Kür çayı boyunca dib- dərinləşdirən və sahil bərkidən gəmilər gətirmişik. Bu texnika üçün əsas baza Neftçala rayonunun ikinci Qaralar kəndi ərazisində tikilir”.

Bunu Neftçalada Kür boyunca dib-dərinləşdirmə işlərinin təşkili üçün bazanın tikinti işləri ilə tanış olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

O bildirib ki, bazadakı texnika çay boyunca dib dərinləşdirən, lil sovuran gəmilərdir: “ Sovrulan lil üzən kompozit borular vasitəsilə kənara daşınacaq. Hələlik 3 gəmidən biri Kür çayının deltasındadır, ikisi isə əsas bazaya gətirilib. Kürün deltası uzun illər ərzində lillə tutulub. Biz deltanı 15 metr genişləndirəndən sonra bu gəmiləri gətirə bildik”.

 Nazir deyib ki, uzun illər ərzində Kürün deltasında yığılmış lil qatı eni 100 metrə qədər olan süni adacıq yaradıb: “Biz bu lil toplantısını da təmizləmək qərarına gəldik. Çünki bundan sonra çayda gəmilərin hərəkəti mümkün olacaq. Eyni zamanda Kür çayında lil toplanmayacaq və yığıntılar birbaşa dənizə axacaq. Çayda aparılan dib dərinləşdirmə və sahil bərkitmə işləri nəticəsində Kürün daşmasının, qrunt sularının əhalinin evlərinə ziyan vurmasının qarşısı alınacaq. Əsas məsələ isə odur ki, çayda keçmişdəki naviqasiya bərpa olunacaq”.

K. Heydərov deyib ki, nazirlik Hollandiyanın "Royal Haskoning" və Deltares” şirkəti ilə əməkdaşlıq edir: “Onlar Kürün Mingəçevirdən deltasına qədər olan hissəsində təhlillər aparıblar. Bu təhlillərin nəticəsində lazımi texnika alınıb. Burda daimi iş aparılacaq”.

 Nazir bildirib ki, Sabirabad, Salyan və Neftçala ərazilərində hazırda çökdürmə hovuzları olan yardımçı bazalar da tikilir: “Bu gündən çayın deltasında işlərə başlanılıb”.

Prezident İlham Əliyev Tovuzda “Ayan Palace” hotelinin açılışında iştirak edib
13 aprel 2012 05:25

 

Azərbaycan prezidenti İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində “Ayan Palace” hotelinin açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, inşasına 2008-ci ilin martında başlanılan hotel rayonda ən böyük turizm layihəsidir.

 “Ayan Palace” zirzəmi qatından, beş mərtəbədən və mansarddan ibarətdir. Hotelin ərazisində kompleks abadlaşdırma işləri aparılıb, müxtəlif dekorativ ağac və kollar əkilmiş, yaşıllıq zolaqları salınıb. Avanqard arxitektura üslubunda inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunub. Hoteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb, 120 nəfərlik restoran fəaliyyət göstərir.

 Hotelə bitişik 700 nəfərlik salon da inşa olunub, burada beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin, konfransların keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Bu salonda həmçinin müxtəlif ziyafətlərin, təqdimat mərasimlərinin keçirilməsi də mümkündür. Salon ən müasir səs və işıq sistemləri ilə təchiz olunub. Hoteldə günün istənilən vaxtında müştərilərə xidmət göstərən 70 nəfərlik bar, müxtəlif ofis və mağazalar da fəaliyyət göstərəcək.

 Diqqətə çatdırılıb ki, “Ayan Palace” hotelində 65 nömrə var. Nömrələr hotelin 1-5-ci mərtəbələrində yerləşir və ən yüksək standartlara cavab verir. Prezident nömrəsi isə üçüncü mərtəbədə yerləşir. Otaqlarda qonaqların istirahəti üçün maksimum şərait yaradılıb. Bütün otaqlar rəqəmli seyf, mini bar, havalandırma sistemləri, peyk televiziya antenası, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilib. Qonaqlar eyni zamanda otaqlardan Tovuz rayonunun gözəl mənzərəsini də seyr edə biləcəklər.

 Dövlət başçısı turizm obyektinin zirzəmi qatındakı SPA və Sağlamlıq Mərkəzi ilə də yaxından tanış olub. Bu xidmət sahələri də müasirliyi ilə diqqəti cəlb edir. Ən yüksək şəraitin yaradıldığı mərkəzdə qadın və kişilər üçün fitnes zalları, qapalı hovuz, sauna, türk və fin hamamları, masaj otaqları və hidroterapiya xidməti kabinetləri fəaliyyət göstərəcək. Hoteldə həmçinin müxtəlif səviyyəli görüşlərin keçirilməsi üçün 40 nəfərlik iclas zalı yaradılıb.

 Hazırda oteldə 50 nəfər işləyir. İşçilərin 90%-i rayon sakinidir. Onlara xarici mütəxəssislər tərəfindən kurslar keçilib. Yaxın aylarda işçilərin sayının 110-a çatdırılması nəzərdə tutulur. ”Ayan Palace” hoteli Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə üzbəüz yerləşir. Hotelin qonaqları bu parkda da mənalı istirahət etmək imkanına malikdirlər. Bundan başqa, Tovuz Olimpiya İdman Kompleksi də hotelə yaxın məsafədədir. Bildirilib ki, ”Ayan Palace” otelinin istifadə verilməsi ölkəmizin şimal-qərb bölgəsinə gələn turistlərin sayına da müsbət təsir göstərəcək.

 Hotellə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.

Qəbələdə yanğın baş verib
13 aprel 2012 05:23

 

Qəbələ rayonunun Tövlə Bələdiyyəsinin 1,5 - 2 hektar ərazisində yanğın hadisəsi olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata görə, yanğın aprelin 10-u saat 17 radələrində baş verib. Küləkli hava şəraiti olduğundan yanğın Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Zarağan meşəbəyliyinin ərazisinə keçib və meşə fonduna məxsus, ümumilikdə 0,47 hektar ərazidəki quru ot örtüyü və kollar yanıb. Yanğın nəticəsində meşə fonduna ciddi ziyan dəyməyib. Yanğının baş verməsinə səbəb yoldan keçən avtomobildən atılan söndürülməmiş siqaret kötüyü olub.

 Yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumları və yerli əhalinin birgə səyləri nəticəsində həmin gün gecə saat 23.20-də tam söndürülüb.

 Nazirlik havaların istiləşməsi ilə əlaqədar əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşə və yaşıllıqları qorumağa çağırır.

Prezident İlham Əliyev YAP Ağstafa rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib
12 aprel 2012 12:56

 

Prezident İlham Əliyev YAP Ağstafa rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib

Prezident İlham Əliyev YAP Ağstafa rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Prezident İlham Əliyevə məlumat verilib ki, YAP Ağstafa rayon təşkilatının yeni inzibati binası şəhərin Heydər Əliyev prospektində inşa edilib. Təşkilatın ikimərtəbəli binasının ümumi sahəsi 450 kvadratmetrdir. Binanın fasadı ağlay daşı ilə klassik üslubda üzlənib, milli ornamentli naxışlarla bəzədilib. Binanın birinci mərtəbəsində partiyanın yaradıcısı Heydər Əliyevin və Prezident, YAP-ın sədri İlham Əliyevin fəaliyyətlərini, Ağstafa rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb. Binanın ikinci mərtəbəsində müxtəlif tədbirlərin keçirilməsi üçün 50 yerlik konfrans zalı yaradılıb. Binanın inzibati bölməsində işçilərin səmərəli fəaliyyəti üçün geniş imkanlar var. Burada İKT-nin ən son nailiyyətlərindən istifadə edilib. YAP Ağstafa rayon təşkilatının yeni inzibati binasında yaradılmış şəraiti yüksək qiymətləndirən prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.

Prezident İlham Əliyev Ağstafada Poylu-Xətai-Yenigün-Aşağı Göyçəli avtomobil yolunun açılışında iştirak edib
12 aprel 2012 12:54

 

Azərbaycan prezidenti İlham Əliyev Ağstafa rayonuna səfəri çərçivəsində Poylu, Xətai, Yenigün və Aşağı Göyçəli kəndlərini birləşdirən avtomobil yolunun açılışında iştirak edib.

Prezidentin mətbuat xidmətindən “APA-ECONOMICS”ə verilən məlumata görə, dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə məlumat verilib ki, ümumi uzunluğu 7,5 km olan yolun qısa müddətdə müasir tələblər səviyyəsində qurulması üçün bütün qüvvələr səfərbər olunub. Yolun əhatə etdiyi kəndlərdə 6 mindən çox əhali yaşayır. Yolun istifadəyə verilməsi onlar üçün həm rahatlıq, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Burada tikinti işləri zamanı abadlıq tədbirlərinə də xüsusi diqqət yetirilmiş, yolboyu görkəmsiz tikililər təmir olunub, yaşıllıq zolaqları salınıb. Burada, həmçinin üç müasir avtobus dayanacağı yaradılıb və çoxsaylı yol nişanları quraşdırılıb.

Daha sonra prezident İlham Əliyev kəndlərin sakinləri ilə görüşüb.

Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Azərbaycanda dağlarda qarın əriməsi səbəbindən çaylarda suyun səviyyəsi artıb
12 aprel 2012 12:46

 

Ölkə ərazisində temperatur rejiminin yüksəlməsi və orta dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində çaylarda suyun səviyyəsi artıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətə dair açıqladığı məlumatda bildirilir. Məlumata əsasən, Qanıx çayında son üç gün ərzində suyun səviyyəsi 27, Kiçik Qafqazın Kürəkçay çayında 6, Gəncəçay çayında 3, Böyük Qafqazın Qusarçay çayında 8, Qudyalçay çayında 7, Vəlvələçay çayında 24, Naxçıvan MR-ın Naxçıvançay çayında isə 49 santimetr artıb. Hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 150-350, Kiçik Qafqazın çaylarında 140-215, Lənkəran-Astara bölgəsi çaylarında 70-120, Naxçıvan MR çaylarında isə normanın 25-30 faizini təşkil edir.

 Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 840 kubmetr/saniyə, ongünlük normanın 113 faizini təşkil edir. Gürcüstan ərazisində Kür çayında suyun səviyyəsinin artması ilə əlaqədar respublika ərazisində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində artım müşahidə olunmaqdadır. Belə ki, son iki gün ərzində suyun səviyyəsi 59 santimetr artıb. Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 160 kubmetr/saniyə olmaqla, ongünlük normanın 90 faizini təşkil edir. Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 490, Şirvanda 380, Salyanda 313, Bankədə 259, Araz çayının Novruzlu məntəqəsində isə 230 santimetr təşkil edir.

Meteoroloqlar xəbərdarlıq edir: Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
12 aprel 2012 12:43

 

Cənub siklonunun ölkə ərazisindən keçməsi nəticəsində hava şəraitinin təzadlı dəyişməsi, eyni zamanda xəzri küləyinin güclənməsi, atmosfer təzyiqinin yüksəlməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, aprelin 14-ü gündüz və 15-də isə bütün biometeoroloji amillərin norma daxilində tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.

 U. Tagıyeva deyib ki, aprelin 13-dən ölkə ərazisində hava şəraiti dəyişiləcək. Ayın 13 və 14-də havalar qeyri-sabit keçəcək, ayın 15-də isə yenidən sabitləşəcək: “Ayın 13-də Bakıda və Abşeron yarımadasında şimal küləyinin güclənməsi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Yaxın iki gün ərzində Bakıda 19-24 dərəcə isti olacaq, bəzi rayonlarda qısamüddətli yağışlar yağacaq”.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Parisdə "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisinin açılışında iştirak edib
12 aprel 2012 08:23

 

Parisdə Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olmuşdur.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva, o cümlədən Fransanın mədəniyyət və kommunikasiyalar naziri Fredirik Mitteran mərasimdə iştirak etmişlər.

“Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi Londondan sonra bu dəfə Parisdə açılmışdır. Sərgiyə olan marağı Fransa paytaxtının mərkəzi küçələrində vurulan reklam lövhələrindən də görmək olurdu.

Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan sərgi Parisin məşhur Salomon de Rotşild malikanəsində açıldı. Bu da Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətlərində mədəniyyətimizin təbliğinin prioritet istiqamət olduğunu bir daha təsdiqlədi.

Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bu sərgini Şərq ilə Qərb mədəniyyətlərinin qovuşmasından ilhamlanan müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi də qiymətləndirmək olar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış edərək bildirdi ki, sərgidə nümayiş olunan əsərlərdəki dinamizm və yaradıcılıq ruhu bu gün Azərbaycanda baş verənlərin böyük bir hissəsini əks etdirir. “Mənim ölkəm misli görünməmiş inkişaf dövrü yaşayır və bu, özünü müasir incəsənət sahəsində daha da qabarıq göstərir”, - deyən Leyla Əliyeva Azərbaycanın qədim tarixindən, eləcə də indi Parisdə də satışda olan “Baku” jurnalından danışdı, bu nəşrdə gənc rəssamlara da yer ayrıldığını vurğuladı.

Leyla Əliyeva sərgidə təqdim edilən əsərlər və rəssamlar haqqında məlumat verərək dedi:

- Burada Azərbaycandan 21 rəssam iştirak edir. Onlardan bəziləri gəncdir, bu işə yeni başlayıblar, bəziləri isə bu sənətlə çoxdan məşğul olurlar və tanınmış rəssamlardır. Bizim burada 100-dən çox əsərimiz - videolar, instalyasiyalar, rəsm əsərləri, performanslar və fotoşəkillər nümayiş olunur. Burada maraqlı cəhət ondan ibarətdir ki, bu əsərlərin əksəriyyəti məhz “Bakıya uçuş” sərgisi üçün yaradılmışdır və ilk dəfədir ki, nümayiş olunur. Biz bu sərgini bütün Avropada nümayiş etdirməyi planlaşdırırıq, Nyu-Yorkda da təşkil edəcəyimizə ümid vardır və sərgiyə Bakıda yekun vuracağıq.

May ayında Bakının “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcəyini deyən Leyla Əliyeva mərasimdə iştirak edənləri şəhərimizə və onun gözəlliklərini görməyə dəvət etdi.

Sərginin kuratoru Erve Mikaeloff isə vurğuladı ki, bu sərgi zənginliyi ilə diqqət çəkir və burada təqdim edilən əsərlər orijinallığı ilə seçilir. “Azərbaycan incəsənətinin dərin tarixi kökləri vardır”, - deyən Erve Mikaeloff bu cür tədbirlərin ölkəmizin dünyada daha yaxşı tanıdılmasına kömək etdiyini vurğuladı. O, bu sərginin keçirilməsində böyük əməyi olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirdi.

Sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Fransanın mədəniyyət və kommunikasiyalar naziri Frederik Mitteran “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi ilə tanış oldular.

Sərginin iştirakçıları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da adı vardır. Onun müəllifi olduğu illüstrasiyalardan gələcəkdə rus və ingilis dillərində işıq üzü görəcək “Biri var idi, biri yox” nağıl kitabında istifadə ediləcəkdir. Leyla Əliyevanın müəllifi olduğu “Nar”, “Nar ağacı”, “Həyat davam edir” və digər rəsm əsərləri də orijinallığı ilə iştirakçıların qəlbinə yol tapır.

Sərgidə gənc rəssamlardan Aida Mahmudovanın əsəri də üslubu ilə iştirakçıları özünə cəlb edə bildi. Müəllif əsərində keçmiş həyatı, rastlaşdığı hadisə və hissləri indiki zamanda təqdim edir.

Bundan əlavə, sərgidə tanınmış rəssamlar Altay Sadıqzadə, Ənvər Əsgərov, Mirnadir Zeynalov, ümumilikdə 21 müəllifin təsviri incəsənət, qrafika, heykəltəraşlıq, fotoqrafiya, video-art kimi müxtəlif istiqamətlərdə işləri təqdim edilir. Əsərlərin hər biri orijinallığı, bədii üslubu ilə maraq doğurur. Bir-birindən maraqlı, fərqli avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verir. Orijinal zövqün, maraqlı düşüncənin, incə ruhun təcəssüm tapdığı əsərlərin bir məkanda təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə texnologiyaları diqqət çəkir.

Sərgidə, həmçinin müxtəlif illərdə Venesiya Biennalesində Azərbaycanı təmsil edən rəssamların, eləcə də xarici ölkələrdə yaşayan gənc fırça ustalarının, beynəlxalq nüfuzlu tədbirlərdə iştirak edən sənət adamlarının əsərləri də nümayiş olunur. Buradan aydın görünür ki, Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə çıxarmaq istiqamətində reallaşdırdığı bu layihələr nəticəsində zəngin Azərbaycan mədəniyyəti ilə yanaşı, ölkəmizin istedadlı gəncləri də dünyada tanınır və qəbul edilir.

Bu orijinal sərgidə nümayiş olunan əsərlər bir daha sübut etdi ki, incəsənətin imkanları sonsuzdur və o, heç bir məhdudiyyət tanımır. Avanqard çalarlar ilə zəngin olan bu sərginin ovqatı həm də onu təsdiqləyir ki, Azərbaycanda mədəniyyətə və sənətə hər zaman böyük diqqət olmuşdur. Ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, mədəniyyət və incəsənət nümayəndələrinin azad yaradıcılıq imkanlarının təmin edilməsi yolunda müntəzəm tədbirlər həyata keçirilir.

Beləliklə, Parisdə açılan sərgi Azərbaycan mədəniyyətinin və milli bənzərsizliyimizin nümayişi üçün daha bir imkan oldu. Yüzlərlə xarici vətəndaş mədəniyyətimizin zəngin və sehrli aləmini heyranlıqla seyr etdi. Aprelin 21-dək davam edəcək bu genişmiqyaslı və müxtəlif istiqamətli sərgiyə göstərilən maraq deməyə əsas verir ki, bu tədbirin uğuru Parisin mədəni həyatında geniş əks-səda doğurdu və əsl hadisəyə çevrildi. Bu cür sərgilərin gələcəkdə Moskva, Berlin, Roma, Nyu-York və Bakıda keçirilməsi nəzərdə tutulmuşdur.

Ağdaşda baş verən yol qəzasında bir nəfər ölüb
12 aprel 2012 08:18

 

Ağdaş-Ləki yolunda avtomobil qəzası baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə hadisə yolun 9-cu kilometrliyində qeydə alınıb. Ağdaş sakini 1982-ci il təvəllüdlü Məmmədov Elşən Nurəli olunun idarə etdiyi 03-BF-449 dövlət nömrə nişanlı “SAZ 3507” markalı yük maşını qarşı tərəfdən gələn 1936-cı il təvəllüdlü Həşimov Əmiraslan Əmirxan oğluna məxsus 03-BG-477 dövlət nömrə nişanlı “VAZ 2106” markalı maşınla toqquşub. Hadisə nəticəsində yüngül xəsarətlər alan 76 yaşlı sürücü Əmiraslan Həşimov xəstəxanaya yerləşdirilib. O, sonradan xəstəxanada insult keçirərək dünyasını dəyişib. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

İsmayıllıda torpaq sürüşməsi baş verən ərazilərdə monitorinq keçirilib
12 aprel 2012 08:17

 

İsmayıllı rayonunun bəzi yerlərində son vaxtlar torpaq sürüşməsinin aktivləşməsi qeydə alınıb və əraziyə mütəxəssislər dəvət edilib.

 İsmayıllı rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rafael Əhmədov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyevin rəhbərliyi ilə İsmayıllı rayonun kəndlərində baş verən torpaq sürüşməsi ilə əlaqədar 3 gün ərzində tədqiqat işləri aparılıb: “Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin də bununla bağlı rayona gəlişi gözlənilir. İsmayıllı şəhərində və rayonun 24 kəndində qəzalı vəziyyətə düşən 145 evə baxış keçiriləcək”.

 O, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi mütəxəssislərinin ötən il qeyd edilən ərazilərdə birgə monitorinq keçirdiklərini, əhalinin ərazidən köçürülməsi barədə qərar qəbul olunduğunu xatırladıb. Onun sözlərinə görə, sakinlərə yeni evlərin tikilməsi üçün torpaq sahəsi də ayrılıb. R. Əhmədov torpaq sürüşməsinin aktivləşməsi ilə əlaqədar olaraq yerli sakinlərdən ərazilərə təkrar baxış keçirilməsi üçün müraciətlər aldıqlarını deyib.

 Qeyd edək ki, Muğanlı-İsmayıllı-Qəbələ yolunda baş verən torpaq sürüşməsi ilə əlaqədar 25 yerdə çatlar əmələ gəlib, ərazidə təhlükəli vəziyyət yaranıb. Bir neçə yerdə torpaq sürüşməsi səbəbindən yolun hərəkət hissələrindən biri dağılaraq yararsız hala düşüb və avtomobillər birtərəfli yolla hərəkət edir.

Azərbaycan Baş Prokurorluğu “Azəriqaz”ın qaz borcunu şişirtməsi ilə əlaqədar cinayət işi başlayıb
12 aprel 2012 08:11

 

Baş Prokurorluq növbəti korrupsiya cinayətləri ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Bakı şəhəri, Nəsimi rayon Qaz İstismarı İdarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən göndərilmiş təqdimat Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Müəyyən edilib ki, “Azəriqaz” İstehsalat Birliyi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadə edilmiş təbii qaza görə Nəsimi rayon Qaz İstismarı İdarəsinə yaranmış 295.724 manat əsas borc məbləğinin ödənilməsini tələb edib.

Həmin müraciət 1 saylı Bakı İnzibati-İqtisadi və Bakı Apellyasiya məhkəmələrində araşdırılarkən Nəsimi rayon Qaz İstismarı İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş aktların saxtalaşdırılaraq institutun əsas borc məbləğinin 33.531 manat olduğu halda 295.724 manat kimi göstərilməsi müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

 əvvəlki    42  43  44  45  46  47  48  49  50  51  52    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.