Cənub siklonunun ölkə ərazisindən keçməsi nəticəsində hava şəraitinin təzadlı dəyişməsi, eyni zamanda xəzri küləyinin güclənməsi, atmosfer təzyiqinin yüksəlməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, aprelin 14-ü gündüz və 15-də isə bütün biometeoroloji amillərin norma daxilində tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.
U. Tagıyeva deyib ki, aprelin 13-dən ölkə ərazisində hava şəraiti dəyişiləcək. Ayın 13 və 14-də havalar qeyri-sabit keçəcək, ayın 15-də isə yenidən sabitləşəcək: “Ayın 13-də Bakıda və Abşeron yarımadasında şimal küləyinin güclənməsi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Yaxın iki gün ərzində Bakıda 19-24 dərəcə isti olacaq, bəzi rayonlarda qısamüddətli yağışlar yağacaq”.