Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Kür çayının Qıraqkəsəmən məntəqəsində suölçmə işləri aparır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib. Onun sözlərinə görə, Kür çayının Gürcüstan hissəsində suyun səviyyəsinin kəskin artımı Azərbaycan ərazisində Qıraqkəsəmən məntəqəsində də çayın artımına səbəb olub. A. Verdiyev deyib ki, son 4 gün ərzində suyun səviyyəsi 1 metrədək artıb: “Hazırda artma səngiyib. Lakin səviyyənin yenidən artması baş verə bilər. Gürcüstan və Azərbaycan ərazisində sabah yağışlar proqnozlaşdırılır. Bununla əlaqədar Kür çayında səviyyənin artımının davam edəcəyi gözlənilir”.
A. Verdiyevin sözlərinə görə, Kürdə aparılan suölçmə işlərinin əsas məqsədi çayda suyun həcmini müəyyən etməkdir: “Suyun dərinliyi, sürəti və çayın eni ölçülür, ölçmə işləri başa çatandan sonra çayda su sərfinin həcmi müəyyən ediləcək”.
Baş hidroloq əvvəlki illərlə müqayisədə hazırda Kürdə suyun səviyyəsinin o qədər də yüksək olmadığını bildirib. A. Verdiyev onu da deyib ki, qarın əriməsi və yağışların yağması nəticəsində respublikanın dağ çaylarında, xüsusən də Böyük Qafqazın Kişcay, Girdimançay, Talaçay, Göyçayda qısamüddətli daşqınlar gözlənilir.