Azərbaycan prezidenti İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində “Ayan Palace” hotelinin açılışında iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, inşasına 2008-ci ilin martında başlanılan hotel rayonda ən böyük turizm layihəsidir.
“Ayan Palace” zirzəmi qatından, beş mərtəbədən və mansarddan ibarətdir. Hotelin ərazisində kompleks abadlaşdırma işləri aparılıb, müxtəlif dekorativ ağac və kollar əkilmiş, yaşıllıq zolaqları salınıb. Avanqard arxitektura üslubunda inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunub. Hoteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb, 120 nəfərlik restoran fəaliyyət göstərir.
Hotelə bitişik 700 nəfərlik salon da inşa olunub, burada beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin, konfransların keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Bu salonda həmçinin müxtəlif ziyafətlərin, təqdimat mərasimlərinin keçirilməsi də mümkündür. Salon ən müasir səs və işıq sistemləri ilə təchiz olunub. Hoteldə günün istənilən vaxtında müştərilərə xidmət göstərən 70 nəfərlik bar, müxtəlif ofis və mağazalar da fəaliyyət göstərəcək.
Diqqətə çatdırılıb ki, “Ayan Palace” hotelində 65 nömrə var. Nömrələr hotelin 1-5-ci mərtəbələrində yerləşir və ən yüksək standartlara cavab verir. Prezident nömrəsi isə üçüncü mərtəbədə yerləşir. Otaqlarda qonaqların istirahəti üçün maksimum şərait yaradılıb. Bütün otaqlar rəqəmli seyf, mini bar, havalandırma sistemləri, peyk televiziya antenası, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilib. Qonaqlar eyni zamanda otaqlardan Tovuz rayonunun gözəl mənzərəsini də seyr edə biləcəklər.
Dövlət başçısı turizm obyektinin zirzəmi qatındakı SPA və Sağlamlıq Mərkəzi ilə də yaxından tanış olub. Bu xidmət sahələri də müasirliyi ilə diqqəti cəlb edir. Ən yüksək şəraitin yaradıldığı mərkəzdə qadın və kişilər üçün fitnes zalları, qapalı hovuz, sauna, türk və fin hamamları, masaj otaqları və hidroterapiya xidməti kabinetləri fəaliyyət göstərəcək. Hoteldə həmçinin müxtəlif səviyyəli görüşlərin keçirilməsi üçün 40 nəfərlik iclas zalı yaradılıb.
Hazırda oteldə 50 nəfər işləyir. İşçilərin 90%-i rayon sakinidir. Onlara xarici mütəxəssislər tərəfindən kurslar keçilib. Yaxın aylarda işçilərin sayının 110-a çatdırılması nəzərdə tutulur. ”Ayan Palace” hoteli Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə üzbəüz yerləşir. Hotelin qonaqları bu parkda da mənalı istirahət etmək imkanına malikdirlər. Bundan başqa, Tovuz Olimpiya İdman Kompleksi də hotelə yaxın məsafədədir. Bildirilib ki, ”Ayan Palace” otelinin istifadə verilməsi ölkəmizin şimal-qərb bölgəsinə gələn turistlərin sayına da müsbət təsir göstərəcək.
Hotellə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.