Qəbələ rayonunun Tövlə Bələdiyyəsinin 1,5 - 2 hektar ərazisində yanğın hadisəsi olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata görə, yanğın aprelin 10-u saat 17 radələrində baş verib. Küləkli hava şəraiti olduğundan yanğın Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Zarağan meşəbəyliyinin ərazisinə keçib və meşə fonduna məxsus, ümumilikdə 0,47 hektar ərazidəki quru ot örtüyü və kollar yanıb. Yanğın nəticəsində meşə fonduna ciddi ziyan dəyməyib. Yanğının baş verməsinə səbəb yoldan keçən avtomobildən atılan söndürülməmiş siqaret kötüyü olub.
Yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumları və yerli əhalinin birgə səyləri nəticəsində həmin gün gecə saat 23.20-də tam söndürülüb.
Nazirlik havaların istiləşməsi ilə əlaqədar əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşə və yaşıllıqları qorumağa çağırır.