Gənc istedadlar xüsusi təqaüdə layiq görüldü
24 sentyabr 2012 15:42

Bakı, 24 sentyabr (ERtv). Prezident İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılacaq və onlar Azərbaycan prezidentinin xüsusi aylıq təqaüdünə layiq görüləcək:

 

Xancalova Firuzə Arif qızı

 

 - Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasının 1-ci kurs tələbəsi

Məlikov Əli Həsən oğlu

 

- Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Şükürov Mirpaşa Mustafa oğlu

 

- Ağdam şəhər Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi

Vəliyev Nəcəf Xəluq oğlu

 

- Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Yusifov Yusif Nadir oğlu

 

- Bakı şəhər 24 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

 

Prezident İlham Əliyev Rusiyanın Volqoqrad vilayəti qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
24 sentyabr 2012 14:53

Bakı, 24 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün Rusiyanın Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Sergey Bojenovu Rusiyanın Volqoqrad vilayətinin qubernatoru təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Prezident İlham Əliyev Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edib, ölkəmizlə Rusiyanın ayrı-ayrı subyektlərinin, o cümlədən Volqoqrad vilayətinin əlaqələrinin bu münasibətlərin inkişafındakı rolunu qeyd edib. Dövlət başçısı Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun Azərbaycana səfərinin ölkəmizlə Rusiyanın bu vilayəti arasında fəal qarşılıqlı əlaqələrin inkişafına xidmət edəcəyinə əminliyini bildirib.

Həştərxanın meri olduğu illəri məmnunluqla xatırlayan Sergey Bojenov bu şəhərin inkişafına verdiyi töhfəyə görə prezident İlham Əliyevə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. Həştərxanda məktəbin, parkın, ulu öndər Heydər Əliyevin abidəsinin və körpünün inşasını əlaqələrin konkret nümunəsi kimi qiymətləndirən qonaq bunun uzun illər əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi işinə xidmət edəcəyini vurğulayıb. Azərbaycanla Volqoqrad arasında əməkdaşlığa toxunan Sergey Bojenov vaxtilə ulu öndər Heydər Əliyevin Volqoqrada gəlişinin vilayətin əhalisi tərəfindən bu günədək böyük hörmətlə xatırlandığını deyib. O, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun və Sovet İttifaqı Qəhrəmanı Xıdır Mustafayevin Volqoqradın alman faşizmindən müdafiə olunmasında göstərdikləri qəhrəmanlığın da böyük hörmətlə yad edildiyini vurğulayıb.

Prezident İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla başlı sərəncam imzaladı
24 sentyabr 2012 14:38

Bakı, 24 sentyabr (ERtv). Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2012-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Silahlı Qüvvələrini və Azərbaycanın qanunvericiliyinə uyğun olaraq yaradılan başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi 1994-cü ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, habelə 1977-1993-cü illərdə doğulan, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində və Azərbaycanın qanunvericiliyinə uyğun olaraq yaradılan başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2012-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılır.

Nəzərdə tutulan xidmət müddətini keçən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə 2012-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılır.

Nazirlər Kabineti sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulan tədbirləri görməlidir.

Rusiyada Avropa Şurasının Gənclərə məsul Nazirlərin IX Konfrası keçirilir
24 sentyabr 2012 14:08

Bakı, 24 sentyabr (ERtv). Rusiyanın Sankt Peterburq şəhərində Avropa Şurasının Gənclərə məsul Nazirlərin IX Konfrası keçirilir. Gənclər və İdman Nazirliyi Mətbuat Xidmətindən ERtv-yə verilən məlumata görə tədbirdə ölkəmizi Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Konfransın əsas mövzusu “Gənclərin hüquqlarına müdaxiləsi” və Avropada innovativ gənclər siyasətinin inkişafıdır. Konfransın açılışında Avropa Şurasının baş katibinin müavini Gabriela Battaini-Dragoni, Rusiyanın Təhsil və Elm naziri Dmitriy Livanov və digər rəsmi şəxslər çıxış edib. Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov Rusiyanın Təhsil və Elm naziri Dmitriy Livanovun konfransın sədr seçilməsini təklif edib və bu təklif iştirakçılar tərəfindən qəbul edilib. Sonra gənclər siyasətində tanınmış alim, eləcə də BMT-nin Baş Katibinin xüsusi nüməyəndəsi olan Ad Melkert əsas məruzə ilə çıxış edib.

Məruzədən sonra gənclər və idman naziri Azad Rəhimova söz verilib, o da öz növbəsində məruzəyə dair öz fikirlərini bildirib, eləcə də Azərbaycanda gənclər siyasətində həyata keçirilən yenilikər və nailiyyətlər haqqında iştirakçılara məlumat verib.

Konfrans zamanı gənclər tərəfindən aparılan müzakirələrdə irəli sürülən yekun təkliflər toplusu nümayiş olunub.

Tədbirin ikinci hissəsi 3 işçi qrupunda davam etdiriləcək. Burada Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov “Fərqli cəmiyyətlərdə birgə yaşayış” mövzusunda işçi qrupunun həmsədri olacaq və mövzu ətrafında çıxış edəcək.

Qeyd edək ki, tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Haciyev, ARGTMŞ-nın sədri Şahin Seyidzadə, ARGTMŞ-nın sədr müavini Mirhəsən Seyidov və Azərbaycan Dövlət İqtisad Universitetin Tələbə Gənclər Təşkilatının sədri Nərgiz Hüseynova daxildir.

Telekanala xəbərdarlıq edildi
24 sentyabr 2012 13:57

Bakı, 24 sentyabr (ERtv). Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. MTRŞ-dən ERtv-yə verilən məlumata görə, 21.09.2012-ci il tarixdə, saat 17:00-19:00 intervalında ANS televiziyasının efirində yayımlanan «İkinci həyat» verilişində “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.7, 2.8-ci bəndlərinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan edilib.

Azərbaycan “Maqdeburq dünya ilə görüşür” adlı tədbirdə təmsil olunub
24 sentyabr 2012 09:42

Bakı, 24 sentyabr (ERtv). Almaniyanın Maqdeburq şəhərində “Maqdeburq dünya ilə görüşür” şüarı altında tədbir keçirilib. Tədbirdə Zaxhsen-Anhalt Əyalətində fəaliyyət göstərən dünyanın 20 ölkəsindən olan cəmiyyətlər öz ölkələrini təmsil edib.

Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, tədbirdə Azərbaycanı təmsil edən Zaxhsen-Anhalt Əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti iştirakçılara Azərbaycan haqqında geniş məlumat verib. Tədbir zamanı iştirakçılara həmçinin Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən təqdim olunan Qarabağa aid kitablar, bukletlər və başqa vəsaitlər təqdim edilib. Tədbir iştirakçılarının Azərbaycanla bağlı sualları da cavablandırılıb. 

“Ölkədaxili turizmin inkişafı” layihəsinin təqdimatı keçiriləcək
24 sentyabr 2012 09:19

Bakı, 24 sentyabr (ERtv). Təhsil Nazirliyinin Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin, Dünya Azərbaycanlı Gənclər Birliyinin və Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə sentyabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində “Ölkədaxili turizmin inkişafı” layihəsinin açılış mərasimi keçiriləcək. Bu layihənin keçirilməsində başlıca məqsəd Azərbaycanın mədəni irsinin qorunması, ölkəmizin tarixi, mədəniyyəti, coğrafiyası, iqtisadi inkişafının, sülh və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində təbliğat işlərinin aparılmasıdır. Açılış mərasimində “Ölkədaxili turizmin inkişafı” layihəsinin təqdimatı keçiriləcək. Təqdimatda bir çox dövlət qurumları, özəl, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, bu tədbir sentyabrın 27-də Turizm gününə həsr olunacaq.

Erməni silahlıları atəşkəsi pozdu
24 sentyabr 2012 09:10

Bakı, 24 sentyabr (ERtv). Erməni silahlı bölmələri dünən və bu gecə Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyanın Voskevan kəndində, Agdamın işğal olunan Şıxlar, Xocavəndin Kuropatkino, Goranboyun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Azərbaycan nümayəndə heyəti Milanda rəsmi səfərdədir
24 sentyabr 2012 08:49

Bakı, 24 sentyabr (ERtv). Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayevanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyanın Milan şəhərində rəsmi səfərdədir. İki davam edəcək səfər zamanı SAM və İtaliyanın aparıcı beyin mərkəzlərindən biri olan Beynəlxalq Siyasi Araşdırma İnstitutu (ISPI) tərəfindən "Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü: ümumi çərçivə və ya geniş imkanlar” mövzusunda həyata keçirilən birgə layihə çərçivəsində müzakirələrin aparılması və ümumi tövsiyələrin hazırlanması planlaşdırılır. Görüşdə SAM-ın direktor müavini G.Paşayeva, İqtisadi təhlil və qloballaşdırma məsələləri şöbəsinin müdiri vəzifəsini icra edən Vüsal Qasımlı və aparıcı elmi işçilər -  Gülmira Rzayeva və Kamal Makili-Əliyev iştirak edəcək. Sabah isə Milanın Katolik universitetində SAM-ın ekspertlərinin iştirakı ilə Azərbaycanın xarici siyasətinə həsr olunan seminar təşkil ediləcək.

SAM-ın direktor müavini Gülşən Paşayeva və aparıcı elmi işçi Kamal Makili - Əliyev sentyabrın 27-28-də Romada yerləşən Beynəlxalq Münasibətlər İnstitutunda (IAI) təşkil ediləcək daha iki tədbirə qatılacaq. "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh prosesinin qiymətləndirilməsi" və “Cənubi Tirol muxtariyyəti Post Sovet məkanında münaqişələrin həlli üçün model ola bilərmi?” mövzularına həsr ediləcək bu tədbirlərdə SAM-ın ekspertləri ilə birlikdə Azərbaycanı Qafqaz Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri Fərhad Mehdiyev və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri İradə Bağırova təmsil edəcək.

“Azərbaycanda Türkiyə həftəsi” keçiriləcək
24 sentyabr 2012 06:34

Bakı, 24 sentyabr (ERtv). Sentyabrın 28-dək Azərbaycanda “Türkiyə həftəsi” zamanı Türkiyə və Azərbaycan beyin mərkəzlərinin nümayəndələri, millət vəkilləri, Universitet müəllimləri və media işçilərindən ibarət nümayəndə heyəti Gəncə, Lənkəran və Ağdam şəhərlərində rəsmi səfərdə olacaq. Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, Türkiyə XİN SAM-ın nümayəndəsi Özcan Gültekinin də daxil olduğu nümayəndə heyəti Gəncə və Lənkəranda Dövlət Universitetlərinin rektorları Elman Məmmədov və professor Asəf İsgəndərov, eyni zamanda universitetin nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırır. Görüşlər zamanı “Tarixdən günümüzə: Türkiyə-Azərbaycan Münasibətləri” və  “Azərbaycan-Türkiyə Münasibətləri Regional Kontekstə” mövzuları ətrafında müzakirələr nəzərdə tutulur. Əsas məqsəd Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına dəstək vermək, qarşılıqlı olaraq Azərbaycan və Türk ictimaiyyətini Türkiyə və Azərbaycan məsələləri haqqında məlumatlandırmaqdır.

Xatırladaq ki, 2011-ci ilin oktyabrında Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Türkiyənin beş səhərində “Azərbaycan Həftəsi” keçirib.

Sentyabrın 26-da isə SAM-da Azərbaycanda “Türkiyə həftəsi”-nin yekunlarına dair mətbuat konfransı keçiriləcək.

Bakıda futbol üzrə FİFA U-17 qadınlararası dünya çempionatının təntənəli açılış mərasimi keçirildi
22 sentyabr 2012 17:16

Bakı, 22 sentyabr (ERtv). Bu gün Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012”nin təntənəli açılış mərasimi keçirilib. Mərasimində Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və FİFA-nın prezidenti Yozef Blatter fəxri qonaq qismində iştirak edib. Çempionatın açılış mərasimində dünya şöhrətli “Cirque du Soleil” sirki xüsusi olaraq bu mundial üçün hazırladığı proqramla çıxış edib. Akrobatlar, rəqqaslar və bu şouda iştirak edən yerli könüllülər öz çıxışlarında Azərbaycanın qədim ənənələrinə uyğun olaraq onun idman, futbol və həmçinin mədəni komponentlərini nümayiş etdirib. Bu şou xüsusi olaraq onun üçün bəstələnmiş və məhz “Cirque du Soleil” tamaşalarına xarakterik olan musiqinin müşayiəti altında keçib.

Sonra dünya şöhrətli müğənni Cenifer Lopezin möhtəşəm ifası azarkeşlərin bayram əhval-ruhiyyəsini daha da artırıb.

Daha sonra Azərbaycanın və Kolumbiyanın 17 yaşlı qadınlardan ibarət milli komandaları yaşıl meydana daxil olub. Azərbaycan Prezidenti İlham Əliyev və FİFA-nın prezidenti Yozef Blatter komandaların oyunçularını, hakimləri təbrik edərək onlara uğurlar arzulayıb. Kolumbiyanın və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra komandaların oyunu başlayıb.

Beləliklə, Azərbaycan daha bir dünya səviyyəli idman yarışına ev sahibliyi edir. Beynəlxalq yarışları keçirməkdə böyük təcrübəsi olan ölkəmizin tarixində ilk dəfə 17 yaşlı qadınlar arasında dünya çempionatı baş tutur. Bu dünya çempionatı üçüncü dəfədir ki, keçirilir. Azərbaycan bu çempionata FİFA İcraiyyə Komitəsinin 2010-cu il 19 mart tarixli qərarına əsasən ev sahibliyi edir. Bu, Azərbaycanda keçirilən ilk FİFA tədbiridir və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatıdır. Çempionatda Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Çin, Nigeriya, Qana, Qambiya, ABŞ, Kanada, Meksika, Braziliya, Uruqvay, Kolumbiya, Yeni Zelandiya, Fransa, Almaniya və ev sahibi Azərbaycanın milli komandaları birincilik uğrunda mübarizə aparacaq. Azərbaycan ilk dəfə FİFA U-17 qadınlararası dünya çempionatına öz milli yığması ilə qatılır. Millimiz “A” qrupunda Kolumbiya, Kanada və Nigeriya yığmaları ilə yarışacaq.

Azərbaycanın ev sahibliyi etdiyi dünya çempionatının oyunları paytaxt Bakı ilə yanaşı, Lənkəran şəhərində də keçiriləcək. Çempionat üçün 6 stadion ayrılıb. Bunlardan 5-i Bakıda, biri isə Lənkəranda yerləşir.

Qeyd edək ki, FİFA U-17 qadınlararası dünya çempionatı ilk dəfə 2008-ci ildə Yeni Zelandiyada keçirilib. Bu çempionatın qalibi Koreyanın yığması olub. İkinci dəfə isə çempionat 2010-cu ildə Trinidad və Tobaqoda təşkil edilibvə kuboku Koreya futbolçuları qazanıb.

195-2 Telefon Məlumat Mərkəzinə 16 mindən çox müraciət daxil olub
22 sentyabr 2012 08:03

Bakı, 22 sentyabr (ERtv). İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə avqust ayı ərzində 350-ə yaxın müraciət daxil olub. İİN-nin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib. Ümumilikdə isə İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 16200-ə yaxın müraciət daxil olub. Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlər operativ şəkildə cavablandırılıb, şikayət xarakterli müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunan müddətdə baxılıb.

Ermənilər cəbhə xəttində atəşkəsi pozdu
22 sentyabr 2012 07:58

Bakı, 22 sentyabr (ERtv). Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Vozaşen, Berd rayonunun Mosesqerx kəndlərində, Agdamın işğal olunan Mərzili, Qaraqaşlı; Xocavəndin Kuropatkino, Füzulinin Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Neftin qiyməti artdı
22 sentyabr 2012 07:46

Bakı, 22 sentyabr (ERtv). Dünya bazarlarında neftin qiyməti yenə artıb. Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,47 dollar qalxaraq 92,89 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda “Brent” markalı neftin bir barrelinin qiyməti isə 1,39 dollar bahalaşaraq 111,42 dollar olub.

“AzəriLayt” markalı neftin bir barreli isə ötən gün London birjasında 112,30 dollara satılıb.

Azərbaycanda hava soyuyacaq, leysan yağacaq
21 sentyabr 2012 18:15

Bakı, 21 sentyabr (ERtv). Azərbaycan ərazisində sentyabrın 23-ü axşam saatlarından başlayaraq, hava soyuyacaq, güclü şimal küləyi əsəcək, leysan xarakterli yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ERtv-yə verilən məlumata görə, sentyabrın 23-ü axşamdan başlayaraq şimal-qərbdən, yəni Qara dəniz rayonlarında və Rusiyanın cənubunda izlənən soyuq atmosfer cəbhəsi Azərbaycan ərazisinə yaxınlaşacaq. Buna görə də hava şəraitində dəyişiklik gözlənilir. Sentyabrın 23-ü axşamdan başlayaraq sentyabrın 24-ü səhər və gecə Bakı və Abşeron yarımadasında şümil küləyi artacaq və arabir saniyədə 15-20 metrə çatacaq. Sentyabrın 24-də Bakı və Abşeron yarımadasında havanın temperaturu gündüz 22-24 dərəcə təşkil edəcək. Dəyişkən hava şəraiti qısa müddətli olacaq. Sentyabrın 23-ü axşam saatlarından başlayaraq sentyabrın 25-ə qədər davam edəcək.

Azərbaycanın rayonlarında yağmurlu hava şəraiti hökm sürəcək, bəzi yerlərdə leysan xarakterli olacaq.

Azərbaycanla Çin arasında siyasi əlaqələr yaxşı səviyyədədir
21 sentyabr 2012 15:12

Bakı, 21 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Məclisinin Xarici İşlər üzrə Komitəsinin sədri, keçmiş xarici işlər naziri Li Caosinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycana səfərindən və prezident İlham Əliyevlə görüşündən şərəf duyduğunu vurğulayan Li Caosi əlaqələrin genişləndirilməsində dövlət başçılarının rolunu xüsusi qeyd edib.

Çinə uğurla keçən ilk rəsmi səfərini və Pekin Olimpiya oyunları zamanı keçirdiyi görüşləri məmnunluqla xatırlayan prezident İlham Əliyev bu səfərinin ölkələr arasında ikitərəfli əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar açdığını deyib. Azərbaycanla Çin arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı iqtisadi, mədəni və digər sahələrdə də əməkdaşlığın inkişaf etdiyini bildirib.

Parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin ikitərəfli münasibətlərin inkişafındakı əhəmiyyəti qeyd olunan görüşdə əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib.

Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksi istifadəyə verildi
21 sentyabr 2012 14:42

Bakı, 21 sentyabr (ERtv). Bu gün Bakıda Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksi istifadəyə verilib. Yeni kompleksdə Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsi keçirilib. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində və müşavirədə iştirak edib. Dövlət başçısı Akademiyanın yeni tədris kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev prezident İlham Əliyevə məlumat verib ki, xarici siyasət sahəsində uğurların əldə olunmasında ilk növbədə diplomatiyamızın xüsusi rolu var. Müstəqilliyimizin möhkəmləndirilməsi, dünya dövlətləri arasında Azərbaycanın ədalətli mövqeyinin təbliği və qorunması məhz diplomatların üzərinə düşən böyük və şərəfli vəzifədir. Gənc diplomatların hazırlanması və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin qorunub saxlanması istiqamətində xüsusi rol oynayan mərkəzlərdən biri də Azərbaycan Diplomatik Akademiyasıdır. Fəaliyyətə başladığı 2007-ci ildən bəri Akademiyada 400 gənc diplomat hazırlanıb. 2009-cu ildən bu təhsil ocağında tədris proqramının genişləndirilməsinə və “Beynəlxalq əlaqələr və diplomatiya” sahəsində magistratura proqramının reallaşdırılmasına başlanılıb. 2011-ci ildən etibarən isə “Biznesin idarə edilməsi və beynəlxalq münasibətlər” üzrə bakalavr ixtisasları yaradılıb. Bu ixtisaslar üzrə hazırda 250 tələbə təhsil alır. Akademiyanın 19 xarici ölkədən 35 tələbəsi də var. Fəaliyyətinin ildən-ilə genişlənməsi və beynəlxalq əlaqələrinin əhəmiyyətli dərəcə artması Azərbaycan Diplomatik Akademiyasının yeni tədris korpusu ilə təmin olunması zərurəti yaradıb.

Qeyd olunub ki, paytaxtın Nərimanov rayonu ərazisində inşa olunan yeni tədris kompleksi ABŞ-ın EYP şirkətinin layihəsi əsasında xüsusi dizaynla yüksək standartlar səviyyəsində tikilib. Bu tədris ocağı dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub. Kompleksin ərazisi ilə tanış olan dövlət başçısına bildirilib ki, burada dörd ayrı bina - biznes və beynəlxalq münasibətlər institutları, tələbə mərkəzi və kitabxana tikilib. Azərbaycanda ilk dəfə olaraq bu tədris kompleksinin havalandırma sistemi geotermal enerji ilə həyata keçirilir. Bu məqsədlə Akademiyanın ərazisində ayrıca geotermal enerji sistemi qurulub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Azərbaycan Diplomatik Akademiyasının mərkəzində ucaldılan abidəsinə baxıb.

Prezident İlham Əliyev FİFA-nın prezidenti Yozef Blatterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 sentyabr 2012 14:28

Bakı, 21 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 21-də FİFA-nın prezidenti Yozef Blatterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. FİFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının Azərbaycanda keçirilməsinin önəmi qeyd edilən  görüşdə çempionata hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunduğu bildirilib. Həmçinin ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına yüksək dövlət qayğısının göstərildiyi vurğulanıb, paytaxtda və regionlarda idman infrastrukturunun yaradılması ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilib.

FİFA-nın prezidenti Yozef Blatter FİFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının xüsusi medalını və FİFA-nın vımpelini dövlətimizin başçısına təqdim edib.

Sonra Azərbaycan prezidenti İlham Əliyevin adından FİFA-nın prezidenti Yozef Blatterin şərəfinə nahar verilib.

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək
21 sentyabr 2012 11:01

Bakı, 21 sentyabr (ERtv). Rusiya Federasiyası Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində sentyabrın 24-də Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək tədbirdə kənd təsərrüfatı və qida sənayesi, tikinti və kiçik sahibkarlıq subyektlərini təmsil edən iş adamları iştirak edəcək.

Elmar Məmmədyarov BMT-nin iclasında çıxış edəcək
21 sentyabr 2012 10:51

Bakı, 21sentyabr (ERtv). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 67-ci sessiyasında çıxış edəcək. Bu barədə jurnalistlərə Azərbaycanın BMT-də daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev məlumat verib. Onun sözlərinə görə, XİN başçısının çıxışında Azərbaycanın xarici siyasətinin əsas prioritetləri və üzləşdiyi problemlər öz əksini tapacaq.

Aqşin Mehdiyev “Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair” qətnamə layihəsini həmişə diqqət mərkəzində saxladıqlarını deyib.

 əvvəlki    1  2  3  4  5  6  7  8  9  10  11    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.