Bakı, 22 sentyabr (ERtv). Bu gün Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə “FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012”nin təntənəli açılış mərasimi keçirilib. Mərasimində Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və FİFA-nın prezidenti Yozef Blatter fəxri qonaq qismində iştirak edib. Çempionatın açılış mərasimində dünya şöhrətli “Cirque du Soleil” sirki xüsusi olaraq bu mundial üçün hazırladığı proqramla çıxış edib. Akrobatlar, rəqqaslar və bu şouda iştirak edən yerli könüllülər öz çıxışlarında Azərbaycanın qədim ənənələrinə uyğun olaraq onun idman, futbol və həmçinin mədəni komponentlərini nümayiş etdirib. Bu şou xüsusi olaraq onun üçün bəstələnmiş və məhz “Cirque du Soleil” tamaşalarına xarakterik olan musiqinin müşayiəti altında keçib.
Sonra dünya şöhrətli müğənni Cenifer Lopezin möhtəşəm ifası azarkeşlərin bayram əhval-ruhiyyəsini daha da artırıb.
Daha sonra Azərbaycanın və Kolumbiyanın 17 yaşlı qadınlardan ibarət milli komandaları yaşıl meydana daxil olub. Azərbaycan Prezidenti İlham Əliyev və FİFA-nın prezidenti Yozef Blatter komandaların oyunçularını, hakimləri təbrik edərək onlara uğurlar arzulayıb. Kolumbiyanın və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra komandaların oyunu başlayıb.
Beləliklə, Azərbaycan daha bir dünya səviyyəli idman yarışına ev sahibliyi edir. Beynəlxalq yarışları keçirməkdə böyük təcrübəsi olan ölkəmizin tarixində ilk dəfə 17 yaşlı qadınlar arasında dünya çempionatı baş tutur. Bu dünya çempionatı üçüncü dəfədir ki, keçirilir. Azərbaycan bu çempionata FİFA İcraiyyə Komitəsinin 2010-cu il 19 mart tarixli qərarına əsasən ev sahibliyi edir. Bu, Azərbaycanda keçirilən ilk FİFA tədbiridir və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatıdır. Çempionatda Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Çin, Nigeriya, Qana, Qambiya, ABŞ, Kanada, Meksika, Braziliya, Uruqvay, Kolumbiya, Yeni Zelandiya, Fransa, Almaniya və ev sahibi Azərbaycanın milli komandaları birincilik uğrunda mübarizə aparacaq. Azərbaycan ilk dəfə FİFA U-17 qadınlararası dünya çempionatına öz milli yığması ilə qatılır. Millimiz “A” qrupunda Kolumbiya, Kanada və Nigeriya yığmaları ilə yarışacaq.
Azərbaycanın ev sahibliyi etdiyi dünya çempionatının oyunları paytaxt Bakı ilə yanaşı, Lənkəran şəhərində də keçiriləcək. Çempionat üçün 6 stadion ayrılıb. Bunlardan 5-i Bakıda, biri isə Lənkəranda yerləşir.
Qeyd edək ki, FİFA U-17 qadınlararası dünya çempionatı ilk dəfə 2008-ci ildə Yeni Zelandiyada keçirilib. Bu çempionatın qalibi Koreyanın yığması olub. İkinci dəfə isə çempionat 2010-cu ildə Trinidad və Tobaqoda təşkil edilibvə kuboku Koreya futbolçuları qazanıb.