Bakı, 24 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün Rusiyanın Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Sergey Bojenovu Rusiyanın Volqoqrad vilayətinin qubernatoru təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Prezident İlham Əliyev Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edib, ölkəmizlə Rusiyanın ayrı-ayrı subyektlərinin, o cümlədən Volqoqrad vilayətinin əlaqələrinin bu münasibətlərin inkişafındakı rolunu qeyd edib. Dövlət başçısı Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun Azərbaycana səfərinin ölkəmizlə Rusiyanın bu vilayəti arasında fəal qarşılıqlı əlaqələrin inkişafına xidmət edəcəyinə əminliyini bildirib.
Həştərxanın meri olduğu illəri məmnunluqla xatırlayan Sergey Bojenov bu şəhərin inkişafına verdiyi töhfəyə görə prezident İlham Əliyevə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. Həştərxanda məktəbin, parkın, ulu öndər Heydər Əliyevin abidəsinin və körpünün inşasını əlaqələrin konkret nümunəsi kimi qiymətləndirən qonaq bunun uzun illər əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi işinə xidmət edəcəyini vurğulayıb. Azərbaycanla Volqoqrad arasında əməkdaşlığa toxunan Sergey Bojenov vaxtilə ulu öndər Heydər Əliyevin Volqoqrada gəlişinin vilayətin əhalisi tərəfindən bu günədək böyük hörmətlə xatırlandığını deyib. O, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun və Sovet İttifaqı Qəhrəmanı Xıdır Mustafayevin Volqoqradın alman faşizmindən müdafiə olunmasında göstərdikləri qəhrəmanlığın da böyük hörmətlə yad edildiyini vurğulayıb.