Bakı, 24 sentyabr (ERtv). Rusiyanın Sankt Peterburq şəhərində Avropa Şurasının Gənclərə məsul Nazirlərin IX Konfrası keçirilir. Gənclər və İdman Nazirliyi Mətbuat Xidmətindən ERtv-yə verilən məlumata görə tədbirdə ölkəmizi Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Konfransın əsas mövzusu “Gənclərin hüquqlarına müdaxiləsi” və Avropada innovativ gənclər siyasətinin inkişafıdır. Konfransın açılışında Avropa Şurasının baş katibinin müavini Gabriela Battaini-Dragoni, Rusiyanın Təhsil və Elm naziri Dmitriy Livanov və digər rəsmi şəxslər çıxış edib. Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov Rusiyanın Təhsil və Elm naziri Dmitriy Livanovun konfransın sədr seçilməsini təklif edib və bu təklif iştirakçılar tərəfindən qəbul edilib. Sonra gənclər siyasətində tanınmış alim, eləcə də BMT-nin Baş Katibinin xüsusi nüməyəndəsi olan Ad Melkert əsas məruzə ilə çıxış edib.
Məruzədən sonra gənclər və idman naziri Azad Rəhimova söz verilib, o da öz növbəsində məruzəyə dair öz fikirlərini bildirib, eləcə də Azərbaycanda gənclər siyasətində həyata keçirilən yenilikər və nailiyyətlər haqqında iştirakçılara məlumat verib.
Konfrans zamanı gənclər tərəfindən aparılan müzakirələrdə irəli sürülən yekun təkliflər toplusu nümayiş olunub.
Tədbirin ikinci hissəsi 3 işçi qrupunda davam etdiriləcək. Burada Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov “Fərqli cəmiyyətlərdə birgə yaşayış” mövzusunda işçi qrupunun həmsədri olacaq və mövzu ətrafında çıxış edəcək.
Qeyd edək ki, tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Haciyev, ARGTMŞ-nın sədri Şahin Seyidzadə, ARGTMŞ-nın sədr müavini Mirhəsən Seyidov və Azərbaycan Dövlət İqtisad Universitetin Tələbə Gənclər Təşkilatının sədri Nərgiz Hüseynova daxildir.