Bakı, 21 sentyabr (ERtv). Bu gün Bakıda Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksi istifadəyə verilib. Yeni kompleksdə Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsi keçirilib. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində və müşavirədə iştirak edib. Dövlət başçısı Akademiyanın yeni tədris kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev prezident İlham Əliyevə məlumat verib ki, xarici siyasət sahəsində uğurların əldə olunmasında ilk növbədə diplomatiyamızın xüsusi rolu var. Müstəqilliyimizin möhkəmləndirilməsi, dünya dövlətləri arasında Azərbaycanın ədalətli mövqeyinin təbliği və qorunması məhz diplomatların üzərinə düşən böyük və şərəfli vəzifədir. Gənc diplomatların hazırlanması və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin qorunub saxlanması istiqamətində xüsusi rol oynayan mərkəzlərdən biri də Azərbaycan Diplomatik Akademiyasıdır. Fəaliyyətə başladığı 2007-ci ildən bəri Akademiyada 400 gənc diplomat hazırlanıb. 2009-cu ildən bu təhsil ocağında tədris proqramının genişləndirilməsinə və “Beynəlxalq əlaqələr və diplomatiya” sahəsində magistratura proqramının reallaşdırılmasına başlanılıb. 2011-ci ildən etibarən isə “Biznesin idarə edilməsi və beynəlxalq münasibətlər” üzrə bakalavr ixtisasları yaradılıb. Bu ixtisaslar üzrə hazırda 250 tələbə təhsil alır. Akademiyanın 19 xarici ölkədən 35 tələbəsi də var. Fəaliyyətinin ildən-ilə genişlənməsi və beynəlxalq əlaqələrinin əhəmiyyətli dərəcə artması Azərbaycan Diplomatik Akademiyasının yeni tədris korpusu ilə təmin olunması zərurəti yaradıb.
Qeyd olunub ki, paytaxtın Nərimanov rayonu ərazisində inşa olunan yeni tədris kompleksi ABŞ-ın EYP şirkətinin layihəsi əsasında xüsusi dizaynla yüksək standartlar səviyyəsində tikilib. Bu tədris ocağı dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub. Kompleksin ərazisi ilə tanış olan dövlət başçısına bildirilib ki, burada dörd ayrı bina - biznes və beynəlxalq münasibətlər institutları, tələbə mərkəzi və kitabxana tikilib. Azərbaycanda ilk dəfə olaraq bu tədris kompleksinin havalandırma sistemi geotermal enerji ilə həyata keçirilir. Bu məqsədlə Akademiyanın ərazisində ayrıca geotermal enerji sistemi qurulub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Azərbaycan Diplomatik Akademiyasının mərkəzində ucaldılan abidəsinə baxıb.