Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü olaraq bir ay müddətinə quruma sədrlik etməsi ilə bağlı bəyanat yayıb.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumatda ötən il oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzv seçildiyi xatırladılıb.
Azərbaycan 17 turdan ibarət səsvermə mərhələsini keçərək, 155 dövlətin dəstəyini əldə edib: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi onun həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq proseslərdə yaxından iştirakının və eyni zamanda sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir”.
Bəyanatda bu gündən etibarən Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq bir ay müddətinə quruma sədrlik edəcəyi vurğulanıb. Azərbaycan sədrlik müddətində Yaxın Şərq, Afrika və Balkan regionlarında cərəyan edən proseslər, sülh və beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə və münaqişələrin həll edilməsi kimi qlobal əhəmiyyətli məsələləri Təhlükəsizlik Şurasının gündəliyi çərçivəsində müzakirələrə çıxaracaq.
XİN qeyd edib ki, Azərbaycan terrordan əziyyət çəkmiş bir ölkə kimi “Terror aktları ilə beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidlər” mövzusunda yüksək səviyyəli iclas keçirməyi də planlaşdırır.
Bəyanatda qeyd edilib ki, Azərbaycanın sədrliyi dövründə beynəlxalq ictimaiyyətin diqqətində olan digər problemlərin də müzakirə ediləcəyi iclasların keçirilməsi planlaşdırılır.
Orta ümumtəhsil məktəblərinin buraxılış imtahanları ilə bağlı Qaydaların ilkin variantı artıq hazırdır.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, hazırda qaydaların ayrı-ayrı bəndləri üzərində iş gedir. Qaydalarda imtahanların keçirilməsi və məzmununa aid bütün məsələlər əks olunacaq.
E. Nağızadə bildirib ki, yaxın günlərdə Qaydalar təsdiq edildikdən sonra ictimaiyyətə açıqlanacaq: “Hazırda müzakirə olunan əsas məsələlərdən biri attestatların hansı qurum tərəfindən veriləcəyi və imtahan günlərinin müəyyənləşdirilməsidir”.
Qeyd edək ki, Təhsil Nazirliyi bu gün bu ilin məzunları ilə bağlı məlumat bazasını TQDK-ya təqdim edib. Hazırda bazada olan məlumatların təhlili aparılır.
Mayın 3-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu ötən günlərə nisbətən 4-6 dərəcə aşağı enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı verilən məlumata görə, mayın 2-də Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Mayın 3-də isə səhər və gündüz bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır.
Mayın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər yarımadanın bəzi yerlərində zəif duman müşahidə ediləcək.
Axşam buludluluğun artacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 11-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 2-də hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq. Dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Milli Məclis Azərbaycanın Şuşa şəhərinin işğal edilməsinin 20-ci ildönümü ilə bağlı Avropa Parlamenti, AŞPA və digər beynəlxalq təşkilatlara müraciət qəbul edib.
Müraciətin mətnini Milli Məclisin vitse-spikeri Bahar Muradova oxuyub.
Sənəddə Şuşanın tarixi, işğalı, həmçinin Azərbaycanın digər ərazilərinin işğalı barədə məlumatlar yer alıb.
Milli Məclis beynəlxalq birliyi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində qəti mövqe nümayiş etdirməyə çağırılıb. Müraciət dünyanın bütün ölkələrinin parlamentlərinə göndəriləcək.
Azərbaycan prezidenti İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb.
1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 67-ci ildönümü ilə əlaqədar Böyük Vətən müharibəsi iştirakçılarına 500,0 (beş yüz) manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına isə 200,0 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Sərəncamın icrası məqsədilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 7,5 milyon (yeddi milyon beş yüz min) manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinə həmin vəsaitin Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülməsini, Dövlət Sosial Müdafiə Fonduna birdəfəlik maddi yardımın sərəncamda nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu il Niderlanda rəsmi səfəri gözlənilir.
Bu barədə bazar ertəsi Niderland Kraliçasının ad gününə həsr edilmiş mətbuat konfransında Niderlandın ölkəmizdəki səfir Aryen Uyterlinde bildirib.
Onun sözlərinə görə, səfər zamanlı iki ölkə arasında siyasi məsləhətləşmələr aparılacaq.
Qeyd edək ki, bu il Bakıda Azərbaycan və Niderland arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyidir.
Hadisə ötən gecə saat 21:00 radələrində rayonun dağlıq yaşayış məntəqəsi olan Gəgiran kəndində qeydə alınıb.
Kənd sakini Əlizadə Nəzərovun idarə etdiyi "QAZ-66" markalı yük avtomaşını idarəetmnəni itirərək aşıb. Nəticədə maşındakı sərnişin Rəşid Rüstəmzalov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Sürücü Ə.Nəzərovla maşındakı digər sərnişinlər Rahim Mahmudov və Anar Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
MRX-dən verilən məlumata görə, yaralılara müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, vəziyyətləri hələlik orta-ağırdır.
Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Bakı və Abşeron yarımadasında mayın 1-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun verdiyi məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 24-28, günün ikinci yarısında 18-20 dərəcə isti olacaq.
Mayın 2-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 11-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 1-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-19 dərəcə isti olacaq.
Mayın 2-də bölgələrdə hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti proqnozlaşdırılır.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 1-3-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, xəzri və gilavar küləklərinin tez-tez bir-birini əvəz etməsi bəzi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.
Azərbaycanın bir sıra çaylarında suyun səviyyəsinin azalması müşahidə edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, çaylarda suyun səviyyəsinin azalması son günlər havanın yağmursuz keçməsi ilə bağlıdır. Onun sözlərinə görə, Kürün aşağı hissələrində də suyun azalması müşahidə edilib: “Bu gün Kür çayının Qıraq Kəsəmən məntəqəsində 6, Surra məntəqəsində 30, Səlyanda 15, Şirvanda 21, Araz çayının Novruzlu məntəqəsində 20 santimetr azalma müşahidə edilib”.
A.Verdiyev deyib ki, son günlər ölkə ərazisində hava şəraiti isti keçsə də, dağlıq ərazilərdə qarların əriməsi çaylara təsir etmir: “Yüksək dağlıq ərazisində qarın əriməsi tədricən gedir. Qar sularının bir hissəsi torpağa axır, bir hissəsi buxarlanır, yəni hamısı çaya axmır. Ona görə də çayların səviyyəsində artım qeydə alınmır”.
Xəbər verdiyimiz kimi, aprelin 29-da Berlində Avropa Azərbaycanlıları Konqresinin (AKK) IV qurultayı keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, qurultayda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış etmişdir.
Ə. Həsənov Azərbaycan dövlətinin AAK-ın fəaliyyətini yaxından izlədiyini, təşkilatın yarandığı 2004-cü ildən bəri onun 4 dəfə qurultayının keçirildiyini, bu illər ərzində təşkilatın 3 prezidentinin seçildiyini və onların müvəffəqiyyətlə fəaliyyət göstərdiklərini vurğulamışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildən başlayaraq diaspor quruculuğu işinə azərbaycançılıq ideologiyasını əsas amal elan edərək başladığına diqqətə çatdıran Prezident Administrasiyasının şöbə müdiri hazırda o illərlə müqayisədə hədəflərimizin daha da böyüdüyünü bildirmişdir.
Bu mühüm işdə diaspor təşkilatlarımıza, o cümlədən AAK-a nailiyyətlər arzulayan Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin bütün dünyada yaşayan azərbaycanlılara həm güvəndiyini, həm də onların dayağı olduğunu vurğulamışdır. O, son illərdə ölkəmizin artan qüdrətinin, qazandığı beynəlxalq əhəmiyyətli nailiyyətlərin Azərbaycan dövlətinin düşmənlərini qıcıqlandırdığını, həmin qüvvələri antiazərbaycan fəaliyyətinə sövq etdiyini demişdir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini və bu quruma sədrlik etdiyini xatırladan Əli Həsənov həmin qüvvələrin, o cümlədən bəzi mətbu orqanların antiazərbaycan fəaliyyətini neytrallaşdırmaqda, ölkəmiz barədə həqiqətlərin dünya, o cümlədən Avropa ictimaiyyətinə olduğu kimi çatdırılmasında diaspor təşkilatlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü söyləmişdir.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışında AAK-ın 8 illik mövcudluğu dövründə çox mühüm işlər gördüyünü bildirmişdir. Komitə sədri bu illərdə AAK-ın tam mənası ilə diaspor təşkilatı kimi formalaşdığını demişdir.
Nazim İbrahimov Dövlət Komitəsinin seçiləcək yeni rəhbər heyətə dəstəyini davam etdirəcəyini bildirmişdir.
Qurultayda ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov, Belarus Azərbaycanlıları Konqresinin prezidenti Natiq Bağırov, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer İsmayılova, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, TADEF-in sədri Bilal Dündar çıxış edərək AAK-ın bundan sonrakı hədəflərindən danışmış, bu qurumun Azərbaycan naminə fəaliyyət istiqamətində daha peşəkar və mütəşəkkil iş aparmasının vacibliyini vurğulamışlar.
Çıxışlarda Azərbaycanın diaspor təşkilatlarının Avropa ölkələrində siyasi çəkisinin artmasının sevindirici fakt olduğu da xüsusi vurğulanmışdır.
Azərbaycanın Mingəçevir şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, yol qəzası u gün saat 03.30 radələrində qeydə alınıb. Mingəçevir şəhər sakini Musa Musayev "Opel- Astra" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Aprelin 30-da ölkə ərazisinin hava şəraitində mühüm dəyişiklik gözlənilmir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən şənbə günü verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Aprelin 30-da Azərbaycanın rayonlarında isə əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var.
Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan prezidenti İlham Əliyev Niderland Kraliçasını milli bayram – Kraliça günü münasibətilə təbrik edib. Ülyahəzrət Beatriksə ünvanlanan təbrikdə dövlət başçısı İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan-Niderland münasibətlərinin inkişafı, ölkələr arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsi daim xalqlarımızın rifahına töhfələr verəcək: “Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Niderland xalqına sülh və rifah diləyirəm”.
Milli Məclisin (MM) mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.
MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun verdiyi məlumata görə, iclasda “Şuşa şəhərinin işğalının 20 illiyi haqqında” məsələ də müzakirə olunacaq.
Belə ki, iclasda Şuşa şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğalının 20 illiyi ilə bağlı müzakirələr aparılacaq, həmçinin qərar qəbul olunacaq. A. Təvəkküloğlu hazırda qəbul olunacaq qərar layihəsinin üzərində iş aparıldığını vurğulayıb.
Qeyd edək ki, sessiyada ümumilikdə 6 məsələ müzakirə ediləcək.
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Robert Bradtke (ABŞ) birgə bəyanatla çıxış ediblər.
Bəyanatda həmsədrlərin Azərbaycan-Ermənistan sərhədi boyunca və qoşunların təmas xəttində atəşkəsin pozulması, insanların ölümü və yaralanması ilə nəticələnən son hadisələrdən narahatlığı ifadə olunub.
Bəyanatda baş verənlərin tərəflərin güc tətbiq etməmək və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli ilə bağlı üzərlərinə götürdüyü öhdəliklərin pozulması olduğu xatırladılır və prezidentlər İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedevin 2012-ci il 23 yanvar tarixli bəyanatının ruhuna zidd olduğu vurğulanır: “Həmsədrlər insan həyatının itirilməsi ilə bağlı hər bir hadisəni kəskin şəkildə qınayır və münaqişənin dinc danışıqlar yolu ilə həllinə heç bir alternativin olmadığını vurğulayırlar. Həmsədrlər tərəfləri 1994-cü ildə bağlanmış atəşkəs rejiminə riayət etməyə və vəziyyətin kəskinləşməsinə aparan tədbirlərindən çəkinməyə çağırırlar”.
Qeyd edək ki, son günlər cəbhə xəttində atəşkəs mütəmadi olaraq pozulur. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin atəşkəsi mütəmadi pozması ilə bağlı bir neçə məlumat yayıb. Dünən isə Azərbaycan Ordusunun zabiti Vaqif Abdullayev ermənilərin açdığı atəş nəticəsində şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Türkiyə Respublikasının elm, sənaye və texnologiya naziri Nihat Ergünün başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev elm, sənaye və texnologiya sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi. Dövlətimizin başçısı Türkiyənin elm, sənaye və texnologiya naziri Nihat Ergünün ölkəmizə səfərinin bu sahədə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından önəmli olacağına əminliyini ifadə etdi.
Türkiyə Respublikasının elm, sənaye və texnologiya naziri Nihat Ergün Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Nihat Ergün Azərbaycana səfərindən və Prezident İlham Əliyev ilə görüşündən böyük məmnunluq hissi keçirdiyini dedi. Türkiyəli nazir səfər zamanı rəhbərlik etdiyi nazirliklə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparacaqlarına ümidvar olduğunu vurğuladı.
Dövlətimizin başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
Türkiyənin “Ekovitrin” nüfuzlu aylıq jurnalının illik sorğusunun nəticələri əsasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ilin yekunları üzrə “İlin birinci xanımı” nominasiyasında qalib olub.
Səsvermə iki ay ərzində 102 namizəd arasında 34 nominasiya üzrə keçirilib. Münsiflər heyəti hər bir nominasiyada üç namizədi müəyyənləşdirib. Sonra seçilən namizədlərə jurnalın oxucuları səs veriblər.
Jurnalın digər nominasiyaları üzrə qaliblər arasında İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu və London meri Boris Conson da var.
Səsvermədə ümumilikdə 250 mindən artıq respondent iştirak edib. Qaliblərə iyunda keçirləcək təntənəli mərasimdə “Fəxri mükafat” təqdim ediləcək.
Azərbaycanda may ayının hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Bakı və Abşeron yarımadasında orta aylıq temperatur 17-19 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 11-16 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti olacaq, bəzi yerlərdə 27-31 dərəcəyədək yüksələcək. Bakı və Abşeron yarımadasında aylıq yağıntının miqdarının iqlim normasına yaxın (18-21 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 17-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bəzi yerlərdə 1 dərəcə yüksəkdir. Gündüzlər 21-26, bəzi günlərdə temperatur 28-33 dərəcəyədək yüksələcək. Gecələr 9-14 dərəcə isti proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-62 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 10-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 68-122 mm) gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə (norma 43-68 mm) isə normadan bir qədər çox olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 14-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 26-166 mm) gözlənilir.
Mərkəzi Aran - Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 18-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 26-62 mm) olacağı, bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-72 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bakı şəhərində Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı aparılan yenidənqurma və abadlaşdırma işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Bakı və Abşeron yarımadasında aprelin 28-də hava dəyişkən buludlu, yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Gecə 11-16, gündüz 23-28 dərəcə isti gözlənilir.
Aprelin 29-da hava dəyişkən buludlu, yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Gecə 11-16, gündüz 23-28 isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 28-də hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 24-29,
dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacaq.
Aprelin 29-da hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.