Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü olaraq bir ay müddətinə quruma sədrlik etməsi ilə bağlı bəyanat yayıb.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumatda ötən il oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasına 2012-2013-cü illər üçün qeyri-daimi üzv seçildiyi xatırladılıb.
Azərbaycan 17 turdan ibarət səsvermə mərhələsini keçərək, 155 dövlətin dəstəyini əldə edib: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi onun həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq proseslərdə yaxından iştirakının və eyni zamanda sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir”.
Bəyanatda bu gündən etibarən Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq bir ay müddətinə quruma sədrlik edəcəyi vurğulanıb. Azərbaycan sədrlik müddətində Yaxın Şərq, Afrika və Balkan regionlarında cərəyan edən proseslər, sülh və beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə və münaqişələrin həll edilməsi kimi qlobal əhəmiyyətli məsələləri Təhlükəsizlik Şurasının gündəliyi çərçivəsində müzakirələrə çıxaracaq.
XİN qeyd edib ki, Azərbaycan terrordan əziyyət çəkmiş bir ölkə kimi “Terror aktları ilə beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidlər” mövzusunda yüksək səviyyəli iclas keçirməyi də planlaşdırır.
Bəyanatda qeyd edilib ki, Azərbaycanın sədrliyi dövründə beynəlxalq ictimaiyyətin diqqətində olan digər problemlərin də müzakirə ediləcəyi iclasların keçirilməsi planlaşdırılır.