Respublika Baş Prokurorluğu Bakı Şəhər Prokurorluğunda yoxlamalara başlayıb.
Yoxlamalar Bakı şəhər prokuroru Əziz Seyidovun 5 illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar həyata keçirilir. Baş Prokurorluq Bakı şəhər prokurorunun 5 illik fəaliyyətini araşdırır və yaxın günlərdə yoxlamalar yekunlaşacaq. Bundan sonra Bakı şəhər prokurorunun vəzifədə qalıb-qalmaması məsələsi həll olunacaq.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, rayon və şəhər prokurorları baş prokurorun əmri ilə 5 illik müddətə təyin olunurlar.
Bakı şəhər prokuroru Əziz Seyidovun səlahiyyət müddəti aprelin 20-si başa çatır.
Mart ayında Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə verilən ipoteka kreditlərinin həcmi azalıb. Ötən ay AİF xətti ilə 2,05 mln. manat həcmində ipoteka krediti verilib ki, bu da yanvar və fevral aylarının analoji göstəriciləri ilə müqayisədə azdır. AİF-dən verilən məlumata görə, bu ilin əvvəlindən verilən ipoteka kreditlərinin ümumi məbləği 10 mln. manata çatıb.
Ümumilikdə, ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 355,54 mln. manata çatıb. Nəticədə, 2012-ci il aprelin 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 39,5 manata çatıb. Müqayisə üçün bildirək ki, 2012-ci ilin martın 1-nə bu rəqəm 39,3 manat olub.
Martda AİF tərəfindən 6,41 mln. manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Nəticədə, ilk 3 ay müddətində 19,150 mln. manatlıq kreditlər yenidən maliyyələşdirilib.
İndiyədək verilən ipoteka kreditlərinin 280,12 mln. manatı və ya 78,78%-i təkrar maliyyələşdirilib. Martda İpoteka Fondu 2 mln. manatlıq istiqraz buraxıb.
Qeyd edək ki, yanvar-fevral aylarında olduğu kimi, martda da dövlət büdcəsindən ipoteka məqsədləri ilə vəsait ayrılmayıb.
“Azərbaycan üçün Dağlıq Qarabağ məsələsində mövcud “status-kvo” nəinki qəbul edilməzdir, hətta təhlükəlidir”.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Ermənistan və bəzi həmsədr ölkələrdə keçiriləcək seçkilər danışıqlar prosesini yubadır: “Amma bu o demək deyil ki, proses tamam dayanacaq”.
E. Məmmədyarov həmsədr ölkələrin xarici işlər nazirlərinin son bəyanatlarında tərəfləri siyasi iradə nümayiş etdirməyə çağırmasını xatırladıb: “Münaqişənin həlli üçün lazımi hüquqi baza var və bu baza kifayət qədər güclüdür. Münaqişə beynəlxalq normalar əsasında həll olunmalıdır. Münaqişənin həlli uzun bir prosesdir. Amma mən əminəm ki, biz buna nail ola bilərik”.
Minsk Qrupunda Fransanın Avropa Birliyi (AB) ilə əvəz olunması məsələsinə münasibət bildirən nazir belə bir mexanizmin olmadığını deyib, əlavə edib ki, AB və Fransanın yerinə cavab verə bilməz.
Öz növbəsində, Erkki Tuomioya Finlandiyanın Minsk Qrupunun səylərini dəstəklədiyini, münaqişənin ən yaxın zamanda beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarı olduğunu qeyd edib.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Lənkəranda aprelin 2-dən 3-nə keçən gecə saat 01:00 radələrində "Mercedes" markalı avtomobil maneəyə çırpılıb.
Qəza zamanı avtomobildə olan 3 nəfər ağır bədən xəsarətləri alıb.
Faktla bağlı Lənkəran şəhər polis şöbəsində araşdırma aparılır.
Bakıda və Abşeron yarımadasında aprelin 2-dən 3-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 5-9° isti, gündüz 9-13° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunundan 772 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-85 faiz, gündüz 70-75 faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 1-6° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 0-5° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 4-9° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 4-9° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Xəbərdarlıq: aprelin 2-si axşamdan, 3-ü axşamadək qərb, şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi, gecə və səhər yağış yağacağı, havanın temperaturunun ötən günlərə nisbətən 5-10° aşağı enəcəyi gözlənilir.
Tibbi-meteoroloji proqnoz: aprelin 2-i axşamdan 3-ü axşamadək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, qısa müddət ərzində atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi fonunda temperaturun əvvəlki günə nisbətən aşağı enməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Aprelin 4-5-də hava şəraitinin nisbətən sabitləşməsi, meteoroloji amillərin zəif və mülayim dəyişikliyi isə meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Finlandiya Respublikasının xarici işlər naziri Erkki Tuomioyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Finlandiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Litvanın xarici işlər naziri Audronyus Ajubalisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikası ilə Litva Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu. Görüşdə Azərbaycan-Avropa İttifaqı çərçivəsində Litva ilə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Rusiya Federasiyasının nəqliyyat naziri İqor Levitini qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində uğurla inkişaf etdiyi vurğulandı, Rusiya Federasiyasının nəqliyyat naziri İqor Levitinin Azərbaycana səfərinin bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olundu.
Avronest Parlament Assamblyeasının (PA) Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya üzrə Komitənin iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın ərazilərinin işğal olunması məsələsini qaldırıb. Nazir bildirib ki, münaqişənin həlli yalnız Azərbaycanın torpaq bütövlüyü çərçivəsində mümkündür.
İclasda iştirak edən erməni deputat Naira Zöhrabyan azərbaycanlı nazirin çıxışına etiraz edib: “Biz yalnız Şaumyan və Mardakert rayonlarının işğalını bilirik, başqa işğal tanımırıq”.
Azərbaycanlı deputat Asim Mollazadə isə üzünü E. Məmmədyarova tutaraq Azərbaycanın işğal altında olan ərazilərinin azad olunması ilə bağlı beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qətnamələrinə nə üçün əməl olunmadığını soruşub: “Bunlar bəlkə sənəd yox, adi kağızdır?”
E. Məmmədyarov erməni deputata cavabını isə belə olub: “Belə anladım ki, burada erməni deputat Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı dediklərimə etiraz edir. Amma mən yeni bir şey demədim. BMT-nin qətnamələrindəki faktları nəzərinizə çatdırdım. Məgər bunlar real sənəd deyil? İşğal-işğaldır. Siz bununla razı olmaya bilərsiniz, amma bu, beynəlxalq hüquq normaları ilə təsdiqlənib”.
Aprelin sonunda Dublində ATƏT-in Minsk Qrupunun qeyri-formal görüşü keçiriləcək. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda litvalı həmkarı Audronius Ajubalislə keçirdiyi mətbuat konfransında bildirib.
“Mənim ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə daha bir görüşüm Londonda baş tutacaq”, - nazir deyib.
Rəsmi Bakı “Eurovision” mahnı yarışmasında təhlükəsizliyin İsrailin kəşfiyyat orqanı olan MOSSAD tərəfindən qorunacağı barədə bəzi xarici KİV-lərdə gedən məlumatı həqiqətəuyğun saymır.
“Azərbaycanın hər hansı ölkənin, o cümlədən də İsrailin xüsusi xidmət orqanlarının köməyinə ehtiyacı yoxdur. “Eurovision” müsabiqəsi zamanı təhlükəsizliyi Azərbaycanın xüsusi xidmət və hüquq-mühafizə orqanları qoruyacaq”, - bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O, bildirib ki, “Eurovision” müsabiqəsi zamanı təhlükəsizliyin qorunması üçün Azərbaycanın hər cür imkanı var.
“Azərbaycanın özünün çox güclü, hər cür imkana malik olan xüsusi xidmət orqanları var. MOSSAD-ın isə Azərbaycanda hər hansı gizli bölümü, xüsusi qrupu yoxdur. Bizim bütün əlaqələrimiz, əməkdaşlıq etdiyimiz ölkələrlə qarşılıqlı münasibətlərimiz şəffafdır və bu münasibətlər qonşu dövlətlərə, xüsusilə də İrana qarşı yönəlməyib, bundan sonra da yönəlməyəcək”, - Əli Həsənov əlavə edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 2-si axşamdan 3-ü axşamadək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, qısa müddət ərzində atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi fonunda temperaturun əvvəlki günə nisbətən aşağı enməsi meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq. Aprelin 4-5-də hava şəraitinin nisbətən sabitləşməsi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü isə meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Aprelin 2-sindən 3-ünə keçən gecə və səhər Bakı və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun gecə 5-9, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir.
Aprelin 3-də Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 15-20, dağlarda gecə 0-4, gündüz 6-11 dərəcə isti olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 4-9 dərəcə şaxta olacağı gözlənilir.
Avropa Birliyinin genişlənmə məsələləri və Avropa Qonşuluq Siyasəti komissarı Ştefan Fülenin Azərbaycana səfərinin proqramı məlum olub.
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 2-3-də Bakıda səfərdə olacaq Ştefan Füle Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, müxalifət partiyalarının nümayəndələri, vətəndaş cəmiyyəti və insan hüquqları müdafiəçiləri ilə görüşəcək. Görüşlərdə Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlığın inkişafı, həmçinin “Şərq Tərəfdşalığı” proqramı müzakirə olunacaq. Ştefan Füle həmçinin Avronest Parlament Assambleyasının ikinci plenar sessiyasında çıxış edəcək.
Bolqarıstanın baş naziri Boyko Borisov aprelin 26-da Azərbaycana iki günlük səfərə gələcək.
Bu barədə Bolqarıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfər Azərbaycan baş nazirinin dəvəti ilə gerçəkləşəcək. Səfərin proqramı diplomatik kanallarla dəqiqləşdirilir.
Qeyd edək ki, Boyko Borisovun Azərbaycana aprelin əvvəllərində gəlməsi nəzərdə tutulurdu.
Kəlbəcər bir neçə gün davam edən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də işğal edilib.
Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv/km ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.
Ermənilər Kəlbəcərin Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və daha neçə-neçə mədəni-tarixi abidəni də dağıdıblar.
Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, həmin qətnamə, o cümlədən sonradan qəbul olunmuş daha 3 qətnamə yerinə yetirilməyib.
Bununla yanaşı, BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar günü verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 2-də güclü cənub-qərb küləyi, 3-də isə güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, 2-dən 3-nə keçən gecə yağış yağacağı gözənilir.
Sabah paytaxtda və yarımadada havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, lakin axşam buludluluğun artacağı, gecəyə doğru az yağış yağacağı ehtimalı var. Güclü cənub-qərb küləyi əsəcək, havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında aprelin 2-si gündüz havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Arabir güclənən cənub-qərb küləyi bəzi yerlərdə güclü olacaq, havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 4-9 dərəcə şaxta olacağı gözlənilir.
Aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda "JW Marriott Absheron" otelinin açılışında iştirak etmişlər.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidenti oteldə yaradılmış şəraitlə tanış oldu.
Məlumat verildi ki, köhnə "Abşeron" mehmanxanasının yerində tikilən yeni "JW Marriott Absheron" oteli dünya şöhrətli "Marriott International" şirkətinin ölkəmizdəki ilk otelidir.
Bakıda beynəlxalq səviyyəli bu cür otellərin tikilməsi ölkəmizdə turizmin inkişafının istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricisidir.Qeyd edildi ki, oteldə otaqların layihələndirilməsi və tərtibatı zamanı Azərbaycanın təbiəti, memarlıq abidələri, eləcə də Xəzər dənizinin elementləri öz əksini tapmışdır. Ümumilikdə oteldə 243 otaq vardır.
Oteldə Şərq mətbəxinin təamlarının təklif edildiyi "Fireworks Oriental Kitchen", İtaliya mətbəxinin nümunələri olan "OroNero Bar&Ristorante" restoranları, "Razzmatazz Cocktail&Lounge" barı və "Zest Lifestyle" kafesi vardır. Burada, həmçinin Azadlıq meydanı tərəfdən xüsusi girişi olan restoranlar, bar və kafe fəaliyyət göstərir.
Bildirildi ki, otelin binasının üst üç mərtəbəsini əhatə edən "Abşeron Spa" mərkəzində qonaqlar Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr etmək imkanına malik olacaqlar. Mərkəzdə altı prosedur otağı, daxili hovuz, buxar otağı və sauna vardır. Qeyd edildi ki, işgüzar görüşlər və konfransların keçirilməsi üçün oteldə təbii Günəş işığı ilə işıqlandırılan 13 iclas zalı vardır. Otelin mirvarisi hesab olunan 1208 kvadratmetrlik sütunsuz "Şərq" zalında böyük tədbirlərin, sərgilərin və digər mərasimlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Dövlətimizin başçısı otelin terrasında oldu. Məlumat verildi ki, otelin həyətindən bulvara çıxan yeraltı keçid də tikilir. Prezident İlham Əliyev otelin kollektivi ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi. Dövlətimizin başçısı oteldə yaradılmış şəraiti yüksək qiymətləndirdi.
Bu gün aparılan növbəti monitorinq nəticəsində Abşeron rayonunun Masazır qəsəbəsində sürüşmə və uçqun prosesləri ilə bağlı təhlükəli vəziyyətin yarandığı müəyyənləşib.
Bu barədə şənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.
Onun sözlərinə görə, təcili müvafiq tədbirlər görülməsə sürüşmə zonasında evlərin uçqunu baş verə bilər.
"Artıq sürüşmə, torpağın yuyulma prosesi intensivləşdiyindən, bəzi evlər deformasiyaya uğrayıb" Niftiyev əlavə edib.
Niftiyev bildirib ki, Masazır qəsəbəsində təhlükəli vəziyyətin yarandığı barədə müvafiq qurumlara xəbərdarlıq edilib.
Nazirlik rəsmisi hesab edir ki, sürüşmənin qarşısını almaq üçün ilkin olaraq təcili ərazidən drenaj quyuları qazılmalıdır. Bu drenaj quyuları vasitəsilə qrunt sularının istiqamətini dəyişmək olar.
Qeyd edək ki, martın ortalarından başlayaraq Masazırda sürüşmə prosesi aktivləşib.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, aprelin 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb. Bir ay davam edəcək çağırış prosesində 1994-cü ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1977-1993-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2012-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Prezidentin sərəncama uyğun olaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2012-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Ötən gün Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, zəlzələ dənizdə, Qaladan 15 km cənub-şərqdə qeydə alınıb.
Zəlzələ 3,5 maqnitudada, 60 km dərinlikdə baş verib, yeraltı təkan hiss olunmayıb.
Balakən, Zaqatala, Qax, Oğuz və Şəki rayonlarında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım mərasimləri keçirilib. Şəki Telekommunikasiya Qovşağının akt zalında keçirilən tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri ilə yanaşı ayrı-ayrı idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak ediblər. Şəki Şəhər İH-nin şöbə müdiri Sadiq Yusifovun 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar məruzəsi dinlənilib, çıxışlar olub. Natiqlər qeyd edib ki, Azərbaycan xalqı mənfur düşmənlərin məqsədli şəkildə törətdikləri qətliyamlar nəticəsində on minlərlə övladını qurban verib. Silahsız, dinc əhaliyə qarşı törədilmiş soyqırımı aktları xalqımızın yaddaşında dərin iz buraxıb. Azərbaycanın bir çox yerlərində 1918-ci ilin martında törədilmiş soyqırım aktlarının qanlı izləri - kütləvi insan məzarlıqları hələ də qalmaqdadır.
Xarici işlər naziri İstanbulda keçiriləcək “Suriya xalqının dostları qrupu”nun 2-ci Konfransında iştirak etmək üçün dəvət alıb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun dəvəti ilə İstanbula səfər edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Ə. Davudoğlu E. Məmmədyarovu aprelin 1-də İstanbul şəhərində keçiriləcək “Suriya xalqının dostları qrupu”nun 2-ci Konfransında iştirak etmək üçün Türkiyəyə dəvət edib.