Prezident İlham Əliyev: “Çexiya ilə Azərbaycan arasındakı əlaqələr çox dinamik şəkildə və sürətlə inkişaf edir”
06 aprel 2012 07:23

 

Praqada Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Çexiya prezidenti Vatslav Klausun birgə mətbuat konfransı keçirilib.
Əvvəlcə dövlət başçıları bəyanatlarla çıxış ediblər. Çexiya prezidenti ötən ilin mayında Azərbaycana səfərini xatırlayaraq bildirib ki, iki ölkə arasındakı münasibətlər bir çox sahələrdə intensiv inkişaf edir.
Azərbaycan prezidenti İlham Əliyevin Praqaya səfərinin əlaqələrin bundan sonra da inkişafına təkan verəcəyinə əminliyini ifadə edən Çexiya prezidenti Vatslav Klaus deyib:- “Eyni zamanda, onu bildirmək istəyirəm ki, biz görüşümüz zamanı ölkələrimizin daxili siyasi vəziyyəti haqqında bir-birimizə məlumat verdik. Həmçinin məmnunluq hissi ilə bildirmək istəyirəm ki, bir çox beynəlxalq məsələlərlə bağlı mövqelərimiz üst-üstə düşür.
 Yekun olaraq qeyd etmək istəyirəm ki, mən Azərbaycan prezidentini əmin etdim ki, biz Çexiya Respublikası olaraq Azərbaycanın Avropa məkanına inteqrasiya planlarını alqışlayırıq. Bu baxımdan xüsusilə də Avropa ilə münasibətlərdə, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində biz dəstəyimizi verəcəyik və bundan sonra da əlimizdən gələni etməyə hazırıq”.
Çexiyaya səfərə dəvətə görə prezident Vatslav Klausa minnətdarlığını bildirən prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin getdikcə genişləndiyini diqqətə çatdıraraq deyib: - “Mən çox şadam ki, Çexiya Respublikası ilə Azərbaycan arasındakı əlaqələr çox dinamik şəkildə və sürətlə inkişaf edir. Keçən il sizin ölkəmizə dövlət səfəriniz və səfər zamanı apardığımız danışıqlar, əldə edilmiş razılaşmalar bugünkü sürətli inkişafı müəyyən edib. Bizim siyasi əlaqələrimiz çox sürətlə inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi bunun əyani sübutudur. Keçən illə müqayisədə ticarət dövriyyəmiz bir neçə dəfə artıb. Bu da iqtisadi sahədəki uğurlu əməkdaşlıqdan xəbər verir. Bu gün imzalanan sənədlər mədəniyyət və turizm sektorunu əhatə edir və beləliklə, humanitar sahədəki əməkdaşlığa da böyük diqqət göstərilir.
 Bu gün, eyni zamanda, regional məsələlərlə, regional təhlükəsizlik məsələləri ilə bağlı biz sizinlə çox səmimi və geniş söhbət aparmışıq. Azərbaycan Avropa İttifaqı və NATO ilə sıx əməkdaşlıq edir. Biz Çexiya Respublikasının bu əməkdaşlığa verdiyi dəstəyi də həmişə yüksək qiymətləndiririk. Eyni zamanda, bu gün enerji təhlükəsizliyi məsələlərinə də diqqət ayrılır. Bu sahədə aramızdakı əlaqələr çox sürətlə inkişaf edir. Əminəm ki, gələcəkdə bu inkişafın yeni sahələri də açılacaq.
Jurnalistlərin suallarını cavablandıraraq Vatslav Klaus deyib ki, Azərbaycan prezidenti ilə söhbəti zamanı Çexiya şirkətlərinin Azərbaycanda sərmayə qoymaq və ümumiyyətlə, fəaliyyət göstərmək imkanlarını müzakirə edib. “Biz məmnunluqla qeyd etdik ki, bundan sonra xüsusi, birgə layihələrin həyata keçirilməsi imkanları mövcuddur, ticarət imkanlarımız da genişləndirilməlidir. Xüsusən də Çexiya şirkətləri mühəndis işlərinin aparılması sahəsində işləyə bilər”.
İki ölkə arasında ticarət balansından danışan Çexiya prezidenti bildirib ki, Çexiyanın idxal etdiyi neftin 25 faizi məhz Azərbaycan neftidir. Bu, təbii olaraq, ticarət balansının məhz Azərbaycanın xeyrinə daha çox olduğunu göstərir və bu tamamilə məntiqli hesab olunmalıdır.
 Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Vatslav Klaus bildirib ki, bu məsələ Azərbaycan prezidenti ilə müzakirə olunub. “İcazənizlə, mən aydın şəkildə sizə bəyan edim. Mən Azərbaycanın mövqeyini yaxşı anlayıram. Təbii ki, mən də tam və qəti olaraq heç cür razılaşa bilməzdim ki, ölkəmin bir hissəsi işğal altında olsun. Amma əfsuslar olsun ki, bu vəziyyətin məhz nizamlanması ilə bağlı mənim hər hansı bir xüsusi, möcüzəli həll variantım yoxdur, təklif edə bilmərəm”. 
 Azərbaycan-Çexiya münasibətlərini Avropa İttifaqı-Azərbaycan çərçivəsində əməkdaşlıq baxımından necə qiymətləndirirsiniz sualını cavablandıraraq Vatslav Klaus deyib ki, Aİ-nın “Şərq tərəfdaşlığı” Proqramı müsbət layihədir və Çexiya bu layihənin yaradıcılarından biridir. Çexiya tərəfi Azərbaycanın həmin proqram çərçivəsində iştirakını geniş şəkildə müzakirə edib. Çexiya Azərbaycanın mövqeyini alqışlayır, bu çərçivədə aparılan əməkdaşlığa müsbət yanaşır. O, deyib: “Əgər nəzər yetirsək görərik ki, ümumiyyətlə, tərəfdaşlıq bu proqramın adındadır. Bundan irəli gələrək bu, o deməkdir ki, proqramın məhz məqsədi tərəfdaşlıq aparmaqdır, tərəfdaşlığın baş tutması üçün bütün lazımi şəraitlərin yaradılmasıdır. Bu baxımdan biz görürük ki, bu tərəfdaşlıq Azərbaycanın mövqeyi, maraqları ilə də üst-üstə düşür. Biz Azərbaycanın bu sahədə mövqeyini bilirik. Əminik ki, Azərbaycan bu istiqamətdə qəti addımlarını sonadək davam etdirəcək. Biz Azərbaycanın bu sahədə mövqeyini dəstəkləyirik”.
Azərbaycan prezidenti İlham Əliyev KİV nümayəndələrinin suallarını cavablandıraraq qeyd edib ki, Azərbaycanla Çexiya arasında olan ticarət dövriyyəsi hər iki ölkənin iqtisadi potensialını əks etdirmir. Ancaq dinamikaya baxdıqda görünür ki, son bir il ərzində ticarət dövriyyəsi bir neçə dəfə artıb.
Prezident deyib: “Mən bu gün söhbət əsnasında qeyd etdim ki, biz Çexiya şirkətlərini Azərbaycanda görmək istəyirik və onların uğurlu fəaliyyəti - istər investor, istər kontraktçı kimi fəaliyyəti üçün lazım olan şəraiti yaratmağa hazırıq.
 Azərbaycanda çoxsaylı infrastruktur layihələri icra edilir və Çexiya şirkətlərinin çox gözəl iş təcrübəsi, çox gözəl nüfuzu vardır və biz onları tərəfdaşlarımız arasında görmək istəyirik. Əminəm ki, bu səfərin gözəl nəticələrindən biri də məhz bu olacaqdır”.
Mətbuat konfransında İlham Əliyev bildirib ki, Çexiya prezidenti ilə görüşü zamanı Suriya ilə bağlı məsələdə geniş şəkildə müzakirə olunub. “Suriyadakı vəziyyətlə bağlı bizim kifayət qədər açıq və birmənalı mövqeyimiz vardır. Bu mövqe BMT Təhlükəsizlik Şurasındakı səsvermə zamanı da ifadə edilib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının yeni üzvü kimi, Ərəb Liqasının təkliflərini birmənalı şəkildə dəstəkləyib və Suriya ilə bağlı qətnamənin qəbul edilməsində fəal rol oynayıb. Eyni zamanda, biz bəyan etmişik ki, Kofi Annan planını dəstəkləyirik və bu dəstək çox genişdir. Ümid edirik ki, Suriyadakı vəziyyət tezliklə tənzimlənəcək və günahsız insanların qırılması dayandırılacaq”.

Praqada Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi olub
05 aprel 2012 10:04

 

Çexiyada dövlət səfərində olan Azərbaycan prezidenti İlham Əliyevin aprelin 5-də Praqa qəsrində rəsmi qarşılanma mərasimi olub.
 Azərbaycan prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Çexiya prezidenti Vatslav Klaus və xanımı Livia Klausova qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçiblər. Çexiyanın dövlət və hökumət nümayəndələri Azərbaycan prezidentinə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Çexiya prezidentinə təqdim olunub. Sonra dövlət hədiyyələri təqdim edilib. Daha sonra Azərbaycan prezidenti və xanımı Praqa qəsrinin Fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar.

Hillari Klinton Azərbaycan və Ermənistanı snayperləri qoşunların təmas xəttindən geri çəkməyə çağırıb
05 aprel 2012 10:02

 

“Biz insanların həlak olmasına təəssüf edir və yenə də Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqlar atmosferinin daha da yaxşılaşdırmaq, lazımsız qurbanlardan qaçmaq və mövcud atəşkəs rejiminin daha da möhkəmləndirmək üçün addımlar atmağa, o cümlədən snayperləri qoşunların təmas xəttindən geri çəkməyə çağırırıq”.
ABŞ-ın dövlət katibi Hillari Klinton Kaliforniyadan olan konqresmen-deputat Hovard Bermanın yazılı sorğusunu belə cavablandırıb. 
 Hillari Klinton qeyd edib ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi yenə də münaqişə tərəflərinə problemi nizamlamaq və sülh sazişinə nail olmaq üçün yardım göstərmək siyasətinə sadiqdir. 
O, həmçinin bildirib ki, tərəflər proqnozlaşdırılmayan nəticələrdən qaçmaq üçün verdiyi bəyanatlarda diqqətli olmalıdır: “Bir daha bəyan edirik ki, bu münaqişənin hərbi həll yolu yoxdur və yalnız sülh nizamlanması regiona təhlükəsizlik, stabillik və barışıq gətirə bilər”.

Bu gün hava necə olacaq
05 aprel 2012 06:21

 

Aprelin 5-i Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq.
Temperatur gecə 5-8° isti, gündüz 15-18° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 16-18° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək, 768 millimetr civə sütunundan 765 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 4-9° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 0-4° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 3-8° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 0-5° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-2° şaxta, gündüz 10-15° isti təşkil edəcək.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 4-9° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq.
Temperaturun gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Nikolay Azarov: "Azərbaycanın əldə etdiyi nailiyyətlərdən heyrətlənməmək mümkün deyil"
05 aprel 2012 06:19

 

Ukraynanın Baş naziri Nikolay Azarov Azərbaycana səfəri və keçirdiyi görüşlərlə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırıb. Qonaq ölkələrimiz arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayaraq Azərbaycanın son illərdə əldə etdiyi sosial və iqtisadi inkişafı yüksək qiymətləndirib. N.Azarov deyib:
“Azərbaycanın əldə etdiyi nailiyyətlərdən heyrətlənməmək mümkün deyil. Azərbaycan rəhbərliyi ölkənin iqtisadi inkişafı üçün bütün lazımi tədbirləri həyata keçirir. Paytaxt Bakı demək olar ki yenidən qurulub. 
Ölkədə mövcud siyasi sabitlik Azərbaycanın gələcək illər üçün inkişaf dinamikasının uğurlarından xəbər verir. Keçirdiyim görüşlər zamanı Azərbaycanın 2020-2030-cu illər üçün inkişaf strategiyası ilə tanış oldum. Genişmiqyaslı tədbirlər planı məni valeh etdi. İnanıram ki, Azərbaycan daha böyük uğurlara imza atacaq”.
Ukraynanın Baş naziri Nikolay Azarovun Azərbaycana rəsmi səfəri aprelin 4-də başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Ukraynanın Baş naziri Nikolay Azarovu hava limanında Baş nazirin müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

Ukrayna baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
05 aprel 2012 06:17

 

Ukraynanın baş naziri Nikolay Azarovun Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 4-də başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Ukraynanın baş naziri Nikolay Azarovu hava limanında baş nazirin müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə “Bakıya uçuş” adlı sərgi keçiriləcək
05 aprel 2012 06:16

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtı Parisdə “Bakıya uçuş” adlı sərginin açılışı nəzərdə tutulur.
 Heydər Əliyev Fondundan verilən məlumatda bildirilir ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən səyyar sərgini Şərqlə Qərb mədəniyyətinin qovşağından ilhamlanan müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi qiymətləndirmək olar.  Sərginin ilk təqdimatı ilin əvvəlində Londonda - dünyanın ən böyük art auksionu sayılan Phillips de Pury and Company qalereyasında olub. Müxtəlif beynəlxalq sərgilərin təşkilatçısı kimi tanınan Nerve Mikaeloffun kuratorluq etdiyi növbəti sərgi Parisdə - Salomon de Rotşild malikanəsində keçiriləcək.  “Bakiya uçuş” sərgisi qədim və ənənələrlə zəngin Azərbaycanın müasir incəsənətini əhatə edən maraqlı konsepsiya əsasında hazırlanıb. Bakının özünəxas simasını və sürətlə inkişaf edən müasir Azərbaycanı təqdim etmək üçün müxtəlif nəsildən olan yaradıcı insanların - Ağa Hüseynov, Aida Mahmudova, Əli Həsənov, Altay Sadıxzadə, Elyar Əlimirzəyev, Ənvər Əsgərov, Faiq Əhməd, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Hüseyn Haqverdi, İrina Eldarova, Leyla Əliyeva, Məmməd Mustafayev, Məlik Ağamalov, Mirnadir Zeynalov, Niyaz Nəcəfov, Orxan Hüseynov, Rəşad Ələkbərov, Rəşad Babayev, Sənan Ələsgərov və Törə Ağabəyovanın əsərləri seçilib. 
Təqdim olunan rəssamlıq, qrafika, heykəltəraşlıq, installasiya, video-art, foto performanslarının müəllifləri əsərlərində Azərbaycanın müasir viziual incəsənətinin dərin qatlarını və müxtəlifliyini açmaqla yanaşı, çoxşaxəli mədəni məkanda öz parlaqlığını qorumaq imkanını da nümayiş etdirir.

Azərbaycanda baş verən yol qəzasında ər və arvad ölüb
05 aprel 2012 06:14

 

Azərbaycanın Ağsu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
 Hadisə ötən gecə rayonun Bico kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 63 yaşlı Şərafəddin Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb. Nəticədə sürücü və maşında olan sərnişin, onun həyat yoldaşı Tubinisə Hüseynova aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər.  Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda üç nəfər qar uçqununa düşüb
05 aprel 2012 06:11

 

Onların axtarışlarına FHN-in aviasia dəstəsinin helikopteri cəlb edilib.
Azərbaycanda üç nəfər qar uçqununa düşüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib.
 Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qəbələ rayonu, Vəndam kəndinin 3 sakini ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıb. Yaxınları onların qar uçqununa düşdüyünü bildirib. Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasia dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlər hadisə rayonuna cəlb olunub.
İtkin düşmüş şəxslərin axtarışları davam edir.

Azərbaycan prezidenti Çexiyaya dövlət səfərinə yola düşüb
04 aprel 2012 14:48

 

Aprelin 4-də Azərbaycan prezidenti İlham Əliyev Çexiya Respublikasına dövlət səfərinə yola düşüb.
Dövlət başçısını Heydər Əliyev beynəlxalq aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. 
Çexiya prezidentinin rəsmi saytının yaydığı məlumata görə, səfər bu ölkənin prezidenti Vatslav Klausun dəvəti ilə gerçəkləşəcək. Azərbaycan prezidenti səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcək. Görüşlərdə Azərbaycanla Çexiya arasında ikitərəfli münasibətlər müzakirə olunacaq. Səfər zamanı dövlətlərarası münasibətlərin müxtəlif sahələrinə dair bir sıra sənədlərin imzalanması gözlənilir.

Azərbaycanda 26 dərəcə isti gözlənilir
04 aprel 2012 10:52

 

Bakı və Abşeron yarımadasında aprelin 5-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. 
 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacaq, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 15-18 dərəcə isti təşkil edəcək.
Aprelin 6-da havanın əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı, mülayim cənub küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 5-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9 dərəcə, gündüz 19-24 dərəcə, dağlarda gecə 0-4 dərəcə, gündüz 10-15 dərəcə isti təşkil edəcək. 
Aprelin 6-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 0-5 dərəcə, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Prezident İlham Əliyev Ukraynanın Baş naziri Nikolay Azarovu qəbul edib
04 aprel 2012 10:51

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Ukraynanın Baş naziri Nikolay Azarovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Ukraynanın Baş naziri Nikolay Azarovun böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməsini ölkələrimiz arasında əməkdaşlığın yaxşı əlaməti kimi dəyərləndirən dövlətimizin başçısı səfərin uğurlu olacağına və münasibətlərimizin daha da genişləndirilməsi işinə təkan verəcəyinə əminliyini ifadə etdi. Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığı da siyasi əlaqələr səviyyəsinə yüksəltməyin önəmini qeyd etdi. Azərbaycanın Ukrayna ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən dövlətimizin başçısı ikitərəfli, çoxtərəfli və regional formatda qarşılıqlı fəaliyyəti davam etdirməyin və ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini bildirdi.
Baş nazir Nikolay Azarov Ukrayna Prezidenti Viktor Yanukoviçin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin dövlət başçısının Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin hörmət bəslədiyini dedi. Baş nazir ölkəmizin paytaxtında həyata keçirilən böyük tikinti və quruculuq işlərinin şahidi olduğunu bildirdi. Görüşdə enerji, infrastruktur, ticarət və iqtisadi əməkdaşlıq sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Viktor Yanukoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Azərbaycan prezidenti Rusiyanın xarici işlər nazirini qəbul edib
04 aprel 2012 04:11

 

Azərbaycan prezidenti İlham Əliyev aprelin 3-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi görüşlər zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə etdiklərini vurğulayıb. Ölkələrimizin bütün strukturları arasında yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu deyən Rusiyanın xarici işlər naziri bu əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu bildirib. Sergey Lavrov ölkəsinin Azərbaycan ilə mövcud əlaqələrinin daha da dərinləşdirilməsində maraqlı olduğunu deyib.
Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin mehriban qonşuluq prinsiplərinə əsaslandığını və strateji xarakter daşıdığını deyib. Ölkələrimizin bütün strukturları arasında yaxşı əlaqələrin mövcud olmasından məmnunluğunu bildirən dövlət başçısı iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin önəmini qeyd edib. Prezident İlham Əliyev ötən il ölkələrimiz arasında siyasi sahədə əməkdaşlığın daha da möhkəmləndiyini, ticarət dövriyyəsinin artdığını, Azərbaycan ilə Rusiyanın ayrı-ayrı subyektləri arasında əlaqələrin intensiv şəkildə davam etdirildiyini vurğulayıb. Dövlət başçısı Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin bu münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Ukraynanın baş naziri Azərbaycana gəlib
04 aprel 2012 04:08

 

Ukraynanın baş naziri Nikolay Azarovun Azərbaycana səfəri başlayıb. Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 Baş nazirin səfəri çərçivəsində tərəflər arasında iqtisadi, yanacaq-energetika və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

 N. Azarovun Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulur.

Azərbaycan və Rusiyanın xarici işlər nazirləri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə birgə bəyanat qəbul ediblər
04 aprel 2012 04:04

 

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin təkbətək görüşü keçirilib. Görüşün yekununda iki ölkə arasında diplomatik münasibətlərin 20 illiyi münasibətilə birgə bəyanat qəbul olunub.

 Görüşdən sonra jurnalistlər üçün keçirilən brifinqdə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, 20 il ərzində Azərbaycanla Rusiya arasında 165 saziş imzalanıb ki, bunlardan 80-i dövlətlərarası və hökumətlərarası sazişlərdir. Nazir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı göstərdiyi təşəbbüslərə görə Rusiya prezidenti Dmitri Medvedyevə təşəkkürünü bildirib: “Hələlik təəssüf ki, buna nail olmasaq da, ümidvaram ki, problemi nizamlamağa və status-kvo nöqtəsindən tərpətməyə nail olacağıq”.

 Görüşdə Xəzərin hüquq statusu ilə bağlı məsələlər, ticarətin inkişafı, federal mərkəzlərlə əlaqələrin inkişafı, humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Nazirlər Moskvada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması məsələsini də nəzərdən keçiriblər. Sergey Lavrov bildirib ki, Rusiya Azərbaycanla tərəfdaşlığın inkişafını davam etdirməyə hazırdır: “Ötən illər ərzində biz qarşılıqlı maraq doğuran dialoqu inkişaf etdirmək qabiliyyətinə malik olduğumuzu və mürəkkəb problemlərin, o cümlədən dövlət sərhədi probleminin həllinə tapa bildiyimizi sübuta yetirdik.” Lavrov bu gün Rusiyanın 70 regionunun Azərbaycanla əməkdaşlıq etdiyini qeyd edib: “İnsanlar arasında ənənəvi humanitar və mədəni əlaqələr dialoqu inkişaf etdirmək üçün yaxşı bazadır”. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan Sergey Lavrov bildirib ki, Rusiya iki qonşu dövlətin Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tapmasında və bu yaranın tezliklə qaysaq bağlamasında maraqlıdır: “Bu qərar bütün tərəflər üçün qəbul edilən olmalıdır. Rusiya münaqişənin nizamlanmasında vasitəçilik missiyasını davam etdirir”.

 Nazirlər həmçinin 1992-2012-ci illərdə Azərbaycanla Rusiya arasında imzalanmış sənədlər toplusunu təqdim ediblər.

 Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə ölkəmizdə iki günlük rəsmi səfərdədir. Səfər sabah başa çatacaq.

Azərbaycan prezidenti Lerikdə 73 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 3 milyon manat ayırıb
04 aprel 2012 04:03

 

Azərbaycan prezidenti İlham Əliyev Lerik rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 73 yaşayış məntəqəsini birləşdirən Lerik-Qoşmalian-Kəlvəz avtomobil yolunun tikintisi məqsədilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lerik Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.  Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Azərbaycan prezidenti Dövlət Bayrağı Meydanı və İdman-Konsert Kompleksində inşaat işlərinin gedişi ilə tanış olub
04 aprel 2012 04:01

 

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 3-də Dövlət Bayrağı Meydanı, onun ətrafında görülən abadlıq, quruculuq tədbirləri və İdman-Konsert Kompleksində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olublar. Dövlət başçısına layihə üzrə görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı meydanınadək hissəsi 8 zolaqdan ibarət olacaq və ən müasir standartlara cavab verəcək. Burada rahat gediş-gəlişi təmin etmək məqsədi ilə yol boyu piyada keçidlərinin inşa olunacağı nəzərdə tutulub.

 Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanında və onun ətrafında həyata keçirilən abadlıq və quruculuq işlərinə baxıb, ərazidə inşa olunan İdman-Konsert Kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

 İnşaat işləri ilə tanışlıqdan sonra dövlət başçısı həyata keçirilən tədbirlərlə bağlı müvafiq tapşırıqlarını verib.

Heydər Əliyev Fondu və YUNİSEF-in növbəti layihəsi həyata keçirildi
03 aprel 2012 09:10

 

Heydər Əliyev Fondunun və YUNISEF-in dəstəyi ilə Bakı aprelin 2-də Dünya Autizm Günündə beynəlxalq miqyasda qeyd olunan “Mavi işıqla işıqlandır” aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulub. Bu barədə Heydər Əliyev Fondundan məlumat verilib. Həmin gün Milli Parkdakı binalardan biri - Bakı Biznes Mərkəzi mavi işıqla işıqlandırılıb.
Artıq üçüncü ildir ki, həyata keçirilən "Mavi işıqla işıqlandır" aksiyası getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönəldilmiş unikal qlobal təşəbbüsdür. Həmin gün Yer kürəsinin müxtəlif ölkələri öz dəstəklərini göstərmək üçün şəhərlərin ən nəzərəçarpan binalarından birini mavi işıqla işıqlandırırlar. Autizm uşaqlarda irsi və ətraf mühit amillərinin təsirindən beyində yaranıb inkişaf edən çatışmazlıqları ifadə edən ümumi termindir. Autizm üç yaşından əvvəl başlayan və məhdud davranışlara gətirib çıxaran, beynin inkişafına maneə törədən bir xəstəlikdir. Bu baxımdan ilkin diaqnoz çox önəmlidir. Valideynlərin uşağın davranışlarını müşahidə etməsi, müqayisəsi bəzi problemləri erkən fərq edə bilmələri baxımından çox əhəmiyyətli olduğundan, keçirilən aksiya diqqəti məhz bu məsələyə yönəldir. Aparılmış tədqiqatlara görə, dünya əhalisinin 1 faizi - 70 milyon nəfər autizmin qurbanıdır. Narahatlıq doğuran digər məsələ onun artım sürətidir. Hesablamalara görə, bu il uşaqlarda aşkar olunacaq autizm xəstəliyi QİCS, diabet və xərçəng xəstəliklərinin ümumi cəmindən artıq olacaq. Autizmin sağalması üçün hələlik heç bir tibbi vasitə yoxdur, lakin erkən diaqnozlaşdırma xəstəliyin fəsadlarını müəyyən dərəcədə azaltmağa imkanı yaratdığından, gənc valideynlərin daha diqqətli və xəstəlik barədə daha geniş məlumatlı olması zəruridir.

Prezident İlham Əliyev Bakıda Avronest Parlament Assambleyasının ikinci sessiyasının rəsmi açılış mərasimində iştirak edib
03 aprel 2012 09:05

 

Aprelin 3-də Bakıda, Azərbaycan Respublikası Milli Məclisinin binasında Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Sessiyanı giriş sözü ilə açan Milli Məclisin sədri Oqtay Əsədov Prezident İlham Əliyevi və qonaqları salamladı. Azərbaycan Prezidenti mərasimdə nitq söylədi. Sonra Avropa Parlamentinin sədri Martin Şultsun sessiya iştirakçılarına videomüraciəti nümayiş etdirildi. Avronest PA-nın birinci sessiyası Strasburqda keçirilmişdir. Bu, ikinci sessiyadır və tədbirin Bakıda keçirilməsi Azərbaycan üçün çox önəmlidir. Sessiyada Avropa ölkələrindən 200-dək nümayəndə, o cümlədən deputatlar, ictimai xadimlər, Avropa Parlamentində təmsil olunan siyasi partiyaların təmsilçiləri iştirak edirlər.

 əvvəlki    43  44  45  46  47  48  49  50  51  52  53    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.