Ukraynanın Baş naziri Nikolay Azarov Azərbaycana səfəri və keçirdiyi görüşlərlə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırıb. Qonaq ölkələrimiz arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayaraq Azərbaycanın son illərdə əldə etdiyi sosial və iqtisadi inkişafı yüksək qiymətləndirib. N.Azarov deyib:
“Azərbaycanın əldə etdiyi nailiyyətlərdən heyrətlənməmək mümkün deyil. Azərbaycan rəhbərliyi ölkənin iqtisadi inkişafı üçün bütün lazımi tədbirləri həyata keçirir. Paytaxt Bakı demək olar ki yenidən qurulub.
Ölkədə mövcud siyasi sabitlik Azərbaycanın gələcək illər üçün inkişaf dinamikasının uğurlarından xəbər verir. Keçirdiyim görüşlər zamanı Azərbaycanın 2020-2030-cu illər üçün inkişaf strategiyası ilə tanış oldum. Genişmiqyaslı tədbirlər planı məni valeh etdi. İnanıram ki, Azərbaycan daha böyük uğurlara imza atacaq”.
Ukraynanın Baş naziri Nikolay Azarovun Azərbaycana rəsmi səfəri aprelin 4-də başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Ukraynanın Baş naziri Nikolay Azarovu hava limanında Baş nazirin müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.