427-ci ildən 2010-cu ilə qədər Azərbaycan ərazisində 223 belə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ilk dəfə olaraq Azərbaycan ərazisində 427-ci ildən 2010-cu ilə qədər baş vermiş güclü, dağıdıcı zəlzələlərin episentr xəritəsini hazırlayıb. Bu barədə RSXM-in baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, xəritə ötən ilin sonu, bu ilin əvvəllərində hazırlanıb. Xəritəyə 427-ci ildən Rixter cədvəli üzrə maqnitudası 5-dən yuxarı olan zəlzələlər, onların tarixi, insan tələfatı və baş verən dağıntılar haqqında məlumatlar daxil edilib: “Xəritəyə tarixi mənbələrə və instrumental müşahidələrə əsasən, 223 güclü, katastrofik zəlzələ daxil edilib. Ola bilsin ki, bu zəlzələlərin sayı daha çox olub. Amma biz bu faktları daha çox tarixi mənbələrə əsasən qeyd etmişik”.
Q. Yetirmişli bildirib ki, Azərbaycan ərazisində ən güclü zəlzələlər 1667, 1669 və 1671-ci illərdə Şamaxıda baş verən zəlzələlər hesab olunur: “Bu üç zəlzələdə 100 mindən artıq insan tələf olub. Təkcə 1667-ci ildə Şamaxıda baş verən zəlzələ 10 bala yaxın idi. Bundan başqa, 427-ci il Gəncə, 1139-cu il Gəncə (həmin vaxt Kəpəz dağı uçaraq Ağsuçayın qabağını kəsib və Göygöl əmələ gəlib), 1235-ci il Gəncə, 1859-cu il Şamaxı (bu zəlzələdən sonra paytaxt Şamaxıdan Bakıya köçürülüb), 1902-ci il Şamaxı zəlzələlərini də Azərbaycan tarixinin ən güclü zəlzələləri saymaq olar”.
Azərbaycan ərazisinə cənub siklonunun daxil olması ilə əlaqədar olaraq yağan yağışlar bu gün və ayın 18-nə keçən gecə fasilələrlə davam edəcək.
Yağışlar sabah gündüz saatlarında kəsiləcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun Qısamüddətli proqnozlar şöbəsinin rəisi Elmira Həmidova bildirib.
Onun sözlərinə görə, bu gün axşama doğru havanın temperaturu 3-4 dərəcə düşəcək, Bakıda və Abşeron yarımadasında temperatur 14-16 dərəcə isti təşkil edəcək.
E. Həmidova bildirib ki, Azərbaycanın bölgələrində də davam edən intensiv yağışlar sabah gündüz saatlarında kəsiləcək.
“Mənə elə gəlir ki, belə bir zərurət yaranmayacaq”
“Eurovision - 2012” mahnı müsabiqəsi ilə əlaqədar olaraq Bakı məktəblərində dərslərin vaxtından əvvəl dayandırılması barədə məsələ müzakirəyə çıxarılmayıb”. Bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, onda olan məlumata əsasən, belə bir qərarın qəbul olunması gözlənilmir: “Mənə elə gəlir ki, belə bir zərurət yaranmayacaq. Yəni bu yarış Bakının müəyyən bir hissəsində keçiriləcək. Müsabiqə keçirilən vaxt artıq bizim dərslər təxminən başa çatmaq ərəfəsində olacaq. Güman edirəm ki, belə bir hala zərurət yaranmayacaq”.
Qeyd edək ki, “Eurovision -2012” müsabiqəsinin Təşkilat Komitəsi üzlərinin dünən keçirdikləri mətbuat konfransında çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov “Eurovision 2012” yarışması öncəsi orta məktəblərdə dərslərin dayandırılması barədə qərarın olmadığını bildirib. Fond rəsmisi qeyd edib ki, əvvəllər belə bir təklif səslənsə də, bununla bağlı qərar qəbul olunmayıb. Onun sözlərinə görə, Təşkilat Komitəsinin növbəti toplantısında bu məsələyə toxunulması nəzərdə tutulur.
“Biz güclü hərbi sənaye yaradırıq, böyük həcmdə hərbi texnika alırıq və alacağıq”
Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq tədbirlərdə hər zaman ölkənin baxışlarını, mövqeyini və siyasi xəttini ifadə etdiyini bildirib. Bunu Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirəsində prezident İlham Əliyev deyib.
Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər, torpaqlarımızın işğal altında qalması və bir milyon soydaşımızın əziyyət çəkməsi məsələlərinə toxunduğunu, dünya birliyinin diqqətini bu məsələlərə cəlb etdiyini bildirib.
Bakıda Avronest Parlament Assambleyasının ikinci sessiyasının keçirildiyini xatırladan ölkə başçısı bu sessiyanın Avropa İttifaqının xaricində ilk dəfə keçirildiyini vurğulayıb: “Sessiya çox yüksək səviyyədə keçirildi və yenə də bu, bizə imkan verdi ki, Avropa Parlamenti deputatlarına birbaşa müraciət edərək, Azərbaycanın həm gördüyü işlər, həm mövqeyi haqqında məlumatı verək, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və həqiqətləri, azərbaycanlılara qarşı törədilən soyqırımı, erməni faşizmi haqqında mövqeyimizi bildirək. Xocalıda o qanlı faciəni, soyqırımını törədənlər faşistlərdir, bunun başqa adı ola bilməz. Mən bu imkanlardan istifadə edərək həm həqiqətləri, həm Azərbaycanın mövqeyi və gələcəyə ümumi baxışları haqqında fikirlərimi bildirmişdim”.
Prezident İlham Əliyev deyib ki, ölkənin xarici siyasəti daxili siyasətin məntiqi davamıdır: “Bizim xarici siyasətimiz açıqdır, aydındır və birmənalıdır. Bölgədə, dünyada rolumuz artır. Bu, həqiqətdir və bu həqiqətlə hesablaşmaq lazımdır”.
Prezident Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün beynəlxalq tədbirlərdə sözünü dediyini bildirib: “Ermənistanın işğalçı siyasətini ifşa etmişəm. Bundan sonra da bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçı siyasətini ifşa edəcəyəm. Münaqişənin həlli ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı qüvvələr torpaqlarımızdan geri çəkilməlidir. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz tam şəkildə bərpa ediləcək. Mən buna şübhə etmirəm”.
Ölkənin hərbi potensialının gücləndiyini deyən prezident bu sahəyə böyük diqqət göstəriləcəyini bildirib: “Biz güclü hərbi sənaye yaradırıq, eyni zamanda, böyük həcmdə hərbi texnika, silah, sursat alırıq və alacağıq.
Mən hələ hava hücumuna qarşı silahlardan danışmıram, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri, müxtəlif silahlar, döyüş aparmaq üçün lazım olan bütün müasir ləvazimatlar alınır və alınacaq. Deyə bilərəm ki, hər bir yerdə olduğu kimi, bu sahədə də biz şaxələndirilmiş siyasət aparırıq, bir istehsalçıdan asılı deyilik. Bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır və imkanımız var. Biz bəzi başqa ölkələrdən fərqli olaraq heç nəyi müftə almırıq, pulla alırıq və bu siyasət davam edəcək.
Azərbaycanın artıq güclü ordusu var. Bütün silahlı qüvvələr bu gün istənilən vəzifəni – ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər. Dağlıq Qarabağda və işğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdırlar. Sadəcə olaraq biz istəyirik ki, bunu qan tökülmədən, sülh, danışıqlar yolu ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Hər gün Ermənistan daha da böyük tənəzzülə uğrayır, Azərbaycan daha da güclənir. Biz hər gün qələbə gününü yaxınlaşdırırıq. Gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaq”.
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Hindistanın ticarət və sənaye naziri, Azərbaycan-Hindistan ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın həmsədri Cyotiraditya Sindianı qəbul edib.
Cyotiraditya Sindia Hindistan prezidenti Pratibha Patilin və baş nazir Manmohan Sinqxin salamlarını dövlət başçısına çatdırıb. İki ölkə arasında əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini deyən hindistanlı nazir iqtisadi və mədəni sahələrdə əlaqələrimizin qədim tarixə malik olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan-Hindistan ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın sessiyasının keçirilməsinin iqtisadi sahədə əlaqələrimizin genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi üçün yaxşı fürsət yaratdığını deyib. O, Azərbaycanla Hindistan arasında informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, əczaçılıq, enerji, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Dövlət başçısı ölkələrimizin tərəfdaşlıq münasibətlərini xalqlarımız arasında əsrlər boyu mövcud olan tarixi əlaqələr əsasında qurmağın önəmini qeyd edib.
Xarici işlər naziri Elmar Məmmədyarov Litvanın keçmiş dövlət başçısı, Litva Seyminin keçmiş sədri, Avropa Parlamentinin üzvü Vitautas Landsbergisi qəbul edib.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı regional və beynəlxalq məsələlər, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlər, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq, həmçinin Aİ ilə enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Tərələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparıblar.
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda çıxış edən prezident İlham Əliyev bu ilin birinci rübünün sosial-iqtisadi yekunları barədə məlumat verərək bildirib ki, 2012-ci il uğurlu başlayıb. Ölkədə ümumi daxili məhsul 0,5% artıb, qeyri-neft sektorunda bu göstərici 7,7% olub: “Ümumi sənaye istehsalı 0,3% azalsa da, sənayedə qeyri-neft sektorunun çəkisi 16,5% artıb. Bu, müstəqillik dövründə rekord göstəricidir”.
Artıq sənayeləşmə siyasətinin gözəl nəticələr verdiyini deyən dövlət başçısı makroiqtisadi göstəricilərin müsbət olduğunu, inflyasiyanın cəmi 3,1% təşkil etdiyini, əhalinin pul gəlirlərinin isə 14% artdığını bildirib. O qeyd edib ki, bu ilin dövlət büdcəsi 20 mlrd. dollardan çoxdur, icmal büdcə 25 mlrd. dollardır: “Ölkənin strateji xəttinə uyğun olaraq valyuta ehtiyatları artır və cari ilin birinci rübündə bu rəqəm 43 mlrd. dollardan çoxdur”.
Prezident İlham Əliyev Dövlət Neft Fondunun yeni strategiyasının müəyyən edildiyini, hazırda Fondun investisiya və yerləşdirmə portfelinin genişləndiyini, bununla da ölkəmizin iqtisadi gücünün daha da artdığını vurğulayıb. “Dövlət İnvestisiya Proqramı bizim üçün əsas inkişaf mexanizmidir”, - deyən prezident qeyd edib ki, Azərbaycanın investisiya paketində daxili sərmayələr üstünlük təşkil edir. Onun sözlərinə görə, indi ölkədə böyük ixrac potensialı formalaşıb və dövlət bu potensialın güclənməsində maraqlıdır. Sahibkarlığın inkişafı ilə bağlı bu il 200 mln. manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Birinci rübdə 24 min yeni iş yeri yaradılıb ki, onlardan da 20 mini daimidir.
Azərbaycanın beynəlxalq iqtisadi reytinqinin getdikcə artdığını vurğulayan dövlət başçısı qeyd edib ki, ölkədə sosial məsələlərin həlli də diqqət mərkəzindədir. Cari ilin birinci rübündə sovet dövründən qalan əmanətlərin qaytarılması təşəbbüsünün həyata keçirilməsi ilə bağlı işlərə başlandığını deyən Azərbaycan prezidenti kompensasiya üçün təxminən 1 mlrd. manat vəsaitin nəzərdə tutulduğunu diqqətə çatdırıb. “Birinci rübdə Azərbaycanın beynəlxalq mövqeləri daha da güclənib”, - deyən dövlət başçısı bu ildən etibarən Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi səlahiyyətlərinin icrasına başladığını və gələn aydan bu quruma sədrlik edəcəyini bildirib. Prezident İlham Əliyev qeyd edib ki, birinci rübdə Azərbaycan Davos İqtisadi Forumunda, Münhen Təhlükəsizlik Konfransında və Koreyada keçirilən Nüvə Təhlükəsizliyi Sammitində uğurla təmsil olunub, Avronest Parlament Assambleyasının ikinci sessiyası Bakıda keçirilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyinin dəyişməz olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, Azərbaycan güclənir, ölkədə böyük hərbi sənaye potensialı yaradılır, ordunun qüdrəti artırılır.
Sonra vergilər naziri Fazil Məmmədov, səhiyyə naziri Oqtay Şirəliyev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov 2012-ci ilin birinci rübündə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafın yekunları barədə məlumat veriblər.
Prezident İlham Əliyev yekun nitqində ölkədə nağdsız ödəmələrin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, elektron xidmətlərə keçidin qısa vaxtda bütün dövlət qurumlarında tətbiq olunması ilə bağlı tapşırıqlarını verib. Dövlət başçısı deyib ki, bu il texnoparkların yaradılması istiqamətində təsirli addımlar atılmalı, kənd təsərrüfatının inkişafı üçün müasir texnologiyalar tətbiq olunmalı, aqroservis şirkətlərinin sayı artırılmalı, ekoloji məsələlərin həlli diqqət mərkəzində saxlanılmalı, paytaxtın və digər şəhərlərin su-kanalizasiya problemi həll olunmalı, Bakı və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramının icrası davam etdirilməlidir. Bununla yanaşı, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində işlərin miqyası genişləndirilməli, Bakı şəhərinin inkişaf konsepsiyasına uyğun olaraq abadlıq-quruculuq işləri davam etdirilməli, ölkədə informasiya təhlükəsizliyinin təmin olunması, diaspor quruculuğu və islamofobiya meyllərinə qarşı mübarizə tədbirləri gücləndirilməlidir.
Sonda prezident İlham Əliyev uğurlu sosial-iqtisadi islahatların ölkəmizin müstəqilliyini daha da gücləndirdiyini və bu siyasətin bundan sonra da davam etdiriləcəyini bildirib.
Bu gündən abituriyent ərizələrinin təsdiqinə başlanılır. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Abituriyentlər aprelin 10-dan mayın 16-dək elektron ərizələrini doldurmalı və tələb olunan sənədləri aprelin 16-dan mayın 18-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.
Qeyd edək ki, abituriyentlər ərizələrini təsdiq etdirmək üçün SQK-ya tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədi, şəxsiyyət vəsiqəsini, əcnəbilər isə şəxsi pasportları və ya icazə vərəqələrini təqdim etməlidirlər.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu həftə Brüsseldə Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) tərkibinə daxil olan ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.
Bu barədə jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib. Toplantı aprelin 18-20-də alyansın Brüsseldəki mənzil-qərargahında keçiriləcək. Görüşdə İSAF proqramlarının reallaşma perspektivləri müzakirə olunacaq. Bundan başqa, nazirin ikitərəfli görüşləri də nəzərdə tutulur.
Xatırladaq ki, İSAF 2001-ci ildən Əfqanıstanda NATO-nun rəhbərliyi altında fəaliyyət göstərən hərbi kontingentdir.
Bakı və Abşeron yarımadasında aprelin 17-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gündüz buludluluğun artacağı, axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.
Aprelin 18-də havanın tutqun olacağı, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək, günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14, gündüz 22-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 17-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacaq.
Aprelin 18-də bölgələrdə gündüz hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, 18-də gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-15, gündüz 22-27 dərəcə, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 17-19-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, 19-da atmosfer təzyiqinin enərək normadan aşağı olması fonunda mülayim cənub küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 10-15° isti, gündüz 20-25° isti olacaqdır.
Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında axşam və gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 5-10° isti, gündüz 21-26° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 5-10° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 9-14° isti, gündüz 21-26° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 6-11° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-6° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 10-15° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 10-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Litva Respublikasının keçmiş dövlət başçısı, Litva Seyminin keçmiş sədri, Avropa Parlamentinin üzvü Vitautas Landsbergisi qəbul edib. Görüşdə ölkəmizin Avropa Şurasına üzv seçilərkən Vitautas Landsbergisin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi məmnunluqla xatırlanıb. Müstəqillikdən sonrakı ötən dövr ərzində Azərbaycanda bütün sahələrdə böyük dəyişikliklərin baş verdiyi vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycan ilə Avropa Parlamenti arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan bu gündən etibarən «Eurovision-2012» mahnı müsabiqəsinə gələn əcnəbilərə sadələşdirilmiş şərtlərlə vizaların verilməsinə başlayıb.
Azərbaycanda «Eurovision-2012» mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar müsabiqə dövründə ölkəyə gəlmək məqsədi ilə viza almaq üçün şərtlər sadələşdirilib.
Azərbaycana gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Azərbaycandakı beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.
Viza verilməsi üçün əsas «Eurovision-2012» mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu, Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd və ya «Eurovision-2012» mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənədlərdən biri sayılır.
«Eurovision-2012» mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş müsabiqə iştirakçıları və nümayəndə heyətlərinin üzvlərinə vizalar 2012-ci il aprelin 15-dən iyunun 1-dək, Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fan-klub üzvləri, habelə «Eurovision-2012» mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslərə 2012-ci il mayın 10-dan iyunun 1-dək veriləcək.
Azərbaycan prezidenti İlham Əliyev bir neçə şəhər və rayonun icra hakimiyyəti başçılarını işdən azad edib və onların yerinə yeni təyinatlar həyata keçirib.
Tofiq Hüseyn oğlu İbrahimov Lənkəran şəhər İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə bu vəzifəyə Taleh Azay oğlu Qaraşov təyin olunub. T. Qaraşov indiyə qədər Astara rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Rafiq Həbibulla oğlu Niftəliyev Ağdaş rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılıb. Onun yerinə Tofiq Hüseyn oğlu İbrahimov təyin edilib.
Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.
Əlibaba Nəcəf oğlu Əliyev Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılıb. Onun yerinə Adil Ənvər oğlu Vəliyev təyin edilib.
Qəzənfər Arif oğlu Ağayev Masallı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə Rafil İsrafil oğlu Hüseynov təyin olunub. Qəzənfər Ağayev isə Astara rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.
Əbülfəz Yusif oğlu Ağayev İmişli rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə Samux rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş Vilyam Fəhralı oğlu Hacıyev təyin olunub.
Mehriban Əliyeva: “Mən sizə Azərbaycan prezidenti və bütövlükdə ölkəmiz adından zəmanət verirəm ki, Bakı Olimpiya Oyunlarına ev sahibliyi etmək şərəfinə layiq görülsə, biz hər kəsin gözlədiyindən daha yüksək səviyyəli oyunlar keçirəcəyik”
Milli Olimpiya Komitələri Assosiasiyasının Moskvada keçirilən Baş Assambleyasında iştirak edən “Bakı-2020” nümayəndə heyəti dünya Olimpiya ictimaiyyətinə Olimpiya və Paralimpiya Oyunlarına yeni davamlı ev sahibliyi modelini təqdim edib. APA-nın xəbərinə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Moskvadakı Dünya Ticarət Mərkəzində 1000 nəfərin iştirakı ilə keçirilən assambleyada çıxış edib.
M. Əliyeva bildirib ki, Azərbaycan “Bakı-2020” layihəsi ilə bütün dünyaya Olimpiya və Paralimpiya dəyərlərinə söykənən nümunəvi və məsuliyyətli Olimpiya Oyunları keçirmək iqtidarında olduğunu nümayiş etdirmək istəyir: “Biz mükəmməllik, dostluq və ədalətli oyun kimi Olimpiya ideallarının tətbiqi ilə xalqımızın və ölkəmizin davam edən sosial inkişafına yeni təkan vermək istəyirik. Bakı qədim və müasir arxitektura, zəngin mədəni və tarixi irsə malik çox dinamik, müasir və sağlam həyat tərzi ilə seçilən şəhərdir. Adi yay günlərində hər kəs Xəzər dənizinin xoş çimərliklərində istirahət edə bilər, dənizkənarı parkda gəzintiyə çıxar və ya şəhərin yeni müasir idman komplekslərində bir çox idman növləri ilə məşğul ola bilər”.
M. Əliyeva Azərbaycan hökumətinin Olimpiya Oyunlarını keçirmək üçün lazımi siyasi və maliyyə resurslarını cəlb etməsinin vacibliyini vurğulayıb: “Sizi əmin edirəm ki, biz buna tam hazırıq. Mən sizə Azərbaycan prezidenti və bütövlükdə ölkəmiz adından zəmanət verirəm ki, Bakı Olimpiya Oyunlarına ev sahibliyi etmək şərəfinə layiq görülsə, biz hər kəsin gözlədiyindən daha yüksək səviyyəli oyunlar keçirəcəyik. Ölkəmizin və paytaxtımızın qədim rəmzi olan Bakının əbədi məşəli sülh və dostluq rəmzi olan Olimpiya məşəlini qəbul etsə, bizim bütün xalqımızın yeni bir arzusu həyata keçmiş olacaq. Hamınızı bizim bu arzumuza şərik olmağa dəvət edirəm”.
Təqdimat zamanı çıxış edən “Bakı-2020” nümayəndə heyətinin üzvü Nərgiz Birk-Petersen tədbir iştirakçılarını özlərini xəyalən Bakıda, dünyaya yeni açılan bir ölkənin paytaxtında təsəvvür etməyə çağırıb: “Olimpiya Oyunları vasitəsilə bütün dünya bəşərin qədim və eyni zamanda müasir və dinamik mədəniyyətini qlobal idman bayramı formatında tanımış olacaq”.
Nərgiz Birk-Petersen Bakının təqdim etdiyi yeni Olimpiya Oyunları modelinin önəminə toxunub: “Biz sübut etmək istəyirik ki, Olimpiya Oyunları xalqın idman potensialı və sağlamlığına qoyulan böyük sərmayə olmaqla yanaşı, eyni zamanda, beynəlxalq Olimpiya ictimaiyyəti üçün səmərəli təşkil edilmiş davamlı oyun modeli ola bilər. Dünyanın bir çox ölkələrində tərəqqi baş verir. Olimpiya Oyunlarının əsaslandığı və bizim də bölüşdüyümüz mühüm dəyərlər vasitəsilə biz sosial inkişafı daha da sürətləndirmiş olarıq. Digər ev sahibi şəhərlərin təcrübəsində biz Olimpiya Oyunlarının nə dərəcədə müsbət dəyişikliyə səbəb ola biləcəyini bilirik. Elə bu səbəbdən bu gün biz öz gələcək inkişafımızı Olimpiya Hərəkatı ilə birgə görmək istəyirik”.
“Bakı-2020” nümayəndə heyətinin digər üzvü Elxan Məmmədov isə təqdimat zamanı Bakının üstünlüklərindən danışıb: “Bakı idman üçün ideal iqlimə, gözəl dəniz sahilinə və zəngin tarixə malikdir. Dünya ölkələrinin maliyyə çətinlikləri yaşadığı bir dövrdə biz dünyanın ən sürətlə inkişaf edən güclü iqtisadiyyatına malik olduğumuzu bildiririk. Bakının namizədliyinin ciddi müsbət tərəflərini görməmək mümkün deyil. Olimpiya Oyunlarından sonra Azərbaycan idmançılarına qalacaq miras isə növbəti nəsillər üçün əvəzsiz töhfə olacaq”.
Olimpiya Oyunları veteranı olan Bob Elfinston tədbirdə “Bakı-2020”nin texniki video-çarxını təqdim edib və bundan şərəf duyduğunu bildirib.
İndoneziya sahilləri yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji xidmətindən bildiriblər ki, zəlzələnin episentri paytaxt Cakartadan 170 km aralıda, mərkəzi isə yar səthinin 50 km dərinliyində olub.
Tələfat və dağıntılar barədə xəbər verilmir. Sunami təhlükəsi elan olunmayıb. Xatırladaq ki, bir qədər əvvəl İndoneziyanın Açeh əyalətində 8,6 bal və 8,3bal gücündə zəlzələ olub. Sunamidən ehtiyatlanan şəhər sakinləri panika halında evlərini tərk ediblər. Lakin sonradan sunami təhlükəsi olmadığı elan olunub.
Şamaxı rayonun ərazisində Mozdok-Qazıməmməd magistral qaz kəmərindəki yanğın söndürülüb.
Bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı rayon idarəsindən bildirilib.
Cümə axşamı axşam saatlarında Şamaxı rayonun ərazisindən keçən Mozdok-Qazıməmməd magistral qaz kəmərində güclü partlayış baş verib. Partlayış nəticəsində yanğın başlayıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı rayon idarəsindən Trend-ə bildirilib ki, hadisə nəticəsində insan tələfatı və xəsarət alan yoxdur.
Partlayışın səbəbləri hələ bilinmir.
Şamaxı rayon polis idarəsindən Trend-ə bildirilib ki, partlayış qaz xəttinin Şamaxı şəhərindən Qızmeydan kəndinə aparan hissəsində baş verib. Hazırda qaz xəttinin vasitəsilə qazın verilməsi dayandırılıb.
Mozdok-Qazıməmməd magistral qaz kəməri 1983-cü ildə çəkilmişdir. Onun vasitəsilə təbii qaz Azərbaycandan Rusiyaya ötürülür.
Bakıda və Abşeron yarımadasında aprelin 14-də gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.
Aprelin 15-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Aprelin 14-də Azərbaycanın bəzi bölgələrində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.
Aprelin 15-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Azərbaycanın birinci xanımı “Birliyin Ulduzları” mükafatına layiq görüldüyünə görə ona verilən 2 milyon rubl vəsaiti Birinci Moskva Dövlət Tibb Universitetinin hesabına keçirib
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu gün Moskvada daha bir nüfuzlu mükafata layiq görülüb. Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri Professoru Diplomuna və Xatirə Nişanına layiq görülüb. Təqdimat mərasimi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Tibb Tarixi Muzeyində baş tutub.
Təqdimat mərasimindən əvvəl Tibb Tarixi Muzeyindəki eksponatlarla tanış olan Mehriban Əliyeva daha sonra universitetdə təhsil alan azərbaycanlı tələbə və məzunlarla görüşüb .
Tədbirdə çıxış edən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Petr Qlıboçko Mehriban Əliyevaya Fəxri Professor Diplomunu təqdim edib.
Mehriban Əliyeva ona göstərilən diqqətə görə təşəkkür edərək bugünkü günün onun üçün əlamətdar olduğunu söyləyib. Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verən Azərbaycanın birinci xanımı bildirib ki, son on il ərzində ölkədə 4000-dən çox məktəb tikilib və təmir edilib: “Son on il ərzində Azərbaycanda 400-dən çox tibb obyekti inşa edilib. Bunlar tibb mərkəzləri, klinikalardır. Bu gün ölkəmizdə gedən inkişaf bütün sahələrdə baş verir. İnkişaf təkcə paytaxtda deyil, eləcə də regionlarda davam edir. Azərbaycanda beynəlxalq konfranslar, forumlar keçirilir. Heydər Əliyev Fondu yaranan gündən biz öz fəaliyyət prioritetlərimizi müəyyən etmişik. Bu təhsil, səhiyyə, ətraf mühitin qorunması, zəngin mədəni irsin təbliği və qorunmasıdır. Biz çox şadıq ki, “Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondunu dəstəyi nəticəsində ölkədə yeni məktəblər tikilib istifadəyə verilib. Bu məktəblər əsasən regionlarda yerləşir. Səhiyyə sahəsi də Heydər Əliyev Fondunun diqqət mərkəzində olan sahələrdən biridir. Fondun dəstəyi nəticəsində ölkədə Talassemiya Mərkəzi açılıb və mərkəz ən son avadanlıqla təchiz olunub. Səhiyyə sahəsində Fondun fəaliyyəti bir çox beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib”. Mehriban Əliyeva Heydər Əliyev Fondunun ölkə daxilində həyata keçirdiyi fəaliyyətlə yanaşı eyni zamanda ölkə xaricində də fəaliyyət göstərdiyini söyləyib.
Mehriban Əliyeva “Birliyin Ulduzları” mükafatına layiq görüldüyünə görə ona verilən 2 milyon rubl vəsaitin Birinci Moskva Dövlət Tibb Universitetinin hesabına keçirdiyini də söyləyib.
Tədbirdə Rusiya və Azərbaycanın ictimai siyasi xadimləri, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü Petr Qlıboçko, bir çox universitetlərin rektorları, Rusiyanın aparıcı tibb alimləri iştirak ediblər.
Qeyd edək ki, M. Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin məzunudur.
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı və emblemi haqqında fərman imzalayıb.
Fərmanla “Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında Əsasnamə” və “Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının təsviri” təsdiq edilib.
Bundan başqa, “Azərbaycan Respublikası gömrük orqanlarının emblemi haqqında Əsasnamə” təsdiq edilsin və “Azərbaycan Respublikası gömrük orqanlarının embleminin təsviri” də təsdiqlənib.
Əsasnaməyə uyğun olaraq gömrük orqanlarına məxsus dəniz və çay gəmiləri Azərbaycan Respublikası gömrük orqanlarının bayrağını daşıyır. Dəniz və çay gəmilərində istifadə olunan Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı hərəkət zamanı qafeldə, dayanacaqda olduqda isə arxa flaqştokda qaldırılır. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının təsviri gömrük orqanlarına məxsus hava gəmilərinin üzərinə vurulur. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı Azərbaycan Respublikasının dövlət bayrağı ilə birlikdə Dövlət Gömrük Komitəsi sədrinin iş otağında və Komitə tərəfindən keçirilən rəsmi tədbirlər zamanı kollegiya zalında “Azərbaycan Respublikası dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq yerləşdirilir.
Azərbaycan Respublikası gömrük orqanlarının emblemi isə Dövlət Gömrük Komitəsinin blanklarında, gömrük orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, gömrük orqanlarına məxsus avtonəqliyyat vasitələrində, dəniz, çay və hava gəmilərində, xüsusi geyim formasında və fərqlənmə nişanlarında, eləcə də Dövlət Gömrük Komitəsi sədrinin iş otağında, Komitənin kollegiya zalında və Azərbaycan Respublikası gömrük orqanlarının bayrağında da yerləşdirilir.