Bakıda və Abşeron yarımadasında aprelin 14-də gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.
Aprelin 15-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Aprelin 14-də Azərbaycanın bəzi bölgələrində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.
Aprelin 15-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.