“Kolumbiya Senatının Xocalı soyqırımını tanımasını müsbət qiymətləndiririk. İstənilən haqsızlığa qarşı bəşəriyyət, ayrı-ayrı xalqlar öz haqq səslərini ucaltmalıdırlar. Məmnunluqla qeyd edim ki, artıq Xocalı soyqırımı ilə əlaqədar dünyanın bir çox ölkələrində müvafiq sənədlər qəbul olunur”.
Bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib.
Ə. Əhmədovun fikrincə, bu, hələ başlanğıcdır: “Digər ölkələrdə də belə qətnamələrin qəbul olunacağına inanıram. Amma eyni zamanda Azərbaycan cəmiyyəti və bütövlükdə xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları da bu istiqamətdə səylərini artırmalıdır. Əgər yalan və böhtan üzərində qurulan hər hansı ideologiya yüz il ərzində yaşayıbsa və onu yaşada biliblərsə, o zaman yolverilməz hal olardı ki, həqiqətən baş vermiş faciə dünya ictimaiyyəti tərəfindən əsl faciə kimi qəbul olunmasın. Artıq bəşəriyyət bu reallığı dərk edir və bunun əyani sübutu Kolumbiya Senatının qəbul etdiyi qərardır”. Artıq bəşəriyyət bu reallığı dərk edir və bunun əyani sübutu Kolumbiya Senatının qəbul etdiyi qərardır”.
Bakıda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobili yol kənarında duran 4 piyadanı vurub. Nəticədə piyadalardan biri hadisə yerindəcə keçinib. Digərləri isə xəstəxanaya yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsindən həmçinin bildirilib ki, ötən gün respublikanın avtomobil yollarında 6 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb.
Kolumbiya Senatında Azərbaycan Respublikasının ərazilərinin işğalı ilə bağlı qərar qəbul edilib. Bu barədə bazar ertəsi jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
"Kolumbiya Senatında qərar yekdilliklə qəbul olunub. Həmin qərara əlavədə Azərbaycana qarşı təcavüzkar siyasətin tarixi haqqında məlumat verilib. Azərbaycanın mövqeyi əks olunub, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətarafındakı digər 7 rayonun Ermənistan tərəfindən təcavüzə məruz qaldığı və indiyə qədər Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılması barədə bildirilib", - Abdullayev deyib.
Onun sözlərinə görə, qərarda həmçinin 1 milyondan artıq azərbaycanlının qaçqın və
məcburi köçkünə çevrildiyi, Azərbaycan əhalisinə qarşı törədilən zorakılıq və onların insan hüquqlarının pozulması barəsində məlumat verilib və qətiyyətlə pislənilib.
"Bununla yanaşı, önəmli bir fakt odur ki, qərarda Xocalıda baş vermiş cinayətlər soyqırım kimi adlandırılıb. Bu o deməkdir ki, Latın Amerıkasında Meksikadan sonra növbəti bir ölkə - Kolumbiya - Xocalıda baş vermiş hadisələri soyqırım kimi qiymətləndirib. Qərar senata çıxmamışdan əvvəl Kolumbiyanın xarici işlər və müdafiə məsələləri üzrə ikinci komitəsində müzakirə edilib", - Abdullayev deyib.
Abdullayev bildirib ki, 102 senatorun iştirakı ilə yekdilliklə qəbul olunan bu qərar Azərbaycan diplomatiyasının Xocalı soyqırımına dünya tərəfindən hüquqi siyasi qiymətin verilməsi istiqamətində növbəti uğurlu addımıdır.
"Biz bundan sonra da bu sahədə işləri davam etdirəcəyik. Bu istiqamət bizim üçün
çox önəmlidir", - XİN rəsmisi deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Rusiya Federasiyasının Kurqan vilayətinin qubernatoru Oleq Boqomolovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirən Oleq Boqomolov ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda xoş təəssürat yaratdığını dedi.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri arasında yaxşı əməkdaşlığın qurulduğunu bildirərək, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi.
"Nabukko" qaz kəməri layihəsi Avropa İttifaqının (Aİ) layihəsidir və onun taleyi Aİ-nin əlindədir. Bunu bazar ertəsi Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyənin "Cümhuriyyət" qəzetinə müsahibəsində bildirib.
"Nabukko" qaz kəməri layihəsinin reallaşdırılması Aİ-nin əlindədir. Bu layihə Avropaya tədarük edilən Rusiya qazının alternatividir", - Həsənov deyib.
Onun sözlərinə görə, Azərbaycan Türkmənistanın "Nabukko" üçün qaz tədarük edəcəyinə əmin olduğu zaman mövcud layihənin reallaşdırılması üzrə işlərə başlamağa hazır olacaq.
PA rəsmisi bir daha qeyd edib ki, Türkiyə dünya qiymətlərindən 50 faiz aşağı qiymətə Azərbaycandan müəyyən həcmdə qaz satın alır. Onun sözlərinə görə, əgər Türkiyə əlavə həcm (kvotadan artıq) tələb edərsə, qaz 30 faizlik endirimlə satılacaq. Həcmin daha da artırılması satışın 10 faiz endirimlə həyata keçirilməsinə gətirib çıxaracaq.
2012/2013-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdirilib.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ilk qəbul imtahanı iyulun 8-də III ixtisas qrupu üzrə keçiriləcək. İyulun 14-də I, iyulun 20-də IV, iyulun 27-də isə II ixtisas qrupu üzrə qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur.
Qabiliyyət imtahanlarının keçirilmə cədvəlində də dəyişikliklər ediləcək. Bununla bağlı əlavə məlumat yaxın günlərdə elan ediləcək.
Qeyd edək ki, əvvəlki cədvələ əsasən, ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçirilməli idi.
Bakıda temperaturun bir qədər aşağı olması aşağı buludluluqla bağlı idi.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar bürosunun direktoru Umayra Tağıyeva deyib.
“Dünən gün ərzində Bakıda və Abşeron yarımadasında cənub-şərq küləyi üstünlük təşkil edirdi. Yəni Xəzər dənizi üzərindən rütubətli hava kütlələri sırf sahilyanı ərazilərə daxil olurdu. Bu da dumanın yaranmasına şərait yaradırdı”, - Tağıyeva bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycan üzərində nisbətən alçaq təzyiq sahəsi hava şəraitini təyin edirdi. “Abşeron yarımadasının relyefi elədir ki, burada cənub-şərq küləkləri üstünlük təşkil edəndə dumanın yaranması üçün şərait olur. Temperaturun aşağı enməsi bu proseslə bağlı idi, yəni duman olmasaydı, Bakıda da temperatur əvvəlki kimi yüksək olacaqdı. Yəni bu heç bir soyuq hava kütləsi ilə bağlı deyil”, - Tağıyeva əlavə edib.
Şənbə və bazar günləri Azərbaycanda 28 yol qəza hadisəsi qeydə alınıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Məlumata görə, baş verən yol qəzalarında 6 nəfər ölüb, 29 nəfər xəsarət alıb. Ölümlə nəticələnən yol qəzaları Cəlilabad, Şəmkir, Göygöl və Bakıda qeydə alınıb.
Qəzaların böyük əksəriyyəti sürət həddini aşma nəticəsində meydana gəlib.
Aprelin 20-də İtaliyanın paytaxtı Romada “Baku” jurnalının təqdimat mərasimi olmuşdur.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, jurnalın təsisçisi və baş redaktoru Leyla Əliyeva tədbirdə iştirak etmişlər.
“Baku” jurnalının ingilisdilli versiyası ölkəmizi Avropada daha yaxından tanıtmaq baxımından mühüm əhəmiyyətə malikdir. Jurnal avropalı oxucuları qədim Odlar Yurdunun zəngin tarixi, mədəniyyəti, incəsənəti, gözəl ənənələri və mətbəxi ilə məhz ingilis dilində tanış edir. Bundan başqa, jurnalda Azərbaycanın müasir inkişafı və beynəlxalq aləmdəki nüfuzlu rolu, ölkəmizdə həyata keçirilən mühüm layihələr, geniş turizm imkanları və azərbaycanlıların müasir həyat tərzi, xalqımızın gözəl xüsusiyyətləri də ingilisdilli oxuculara təqdim olunur.
Jurnalın səhifələrində bədii foto sahəsində tanınmış ustaların işləri yer almışdır. Bu isə heç şübhəsiz ki, dərgiyə olan marağı daha da artırır.
Nəşrə 2007-ci ildə Moskvada rus dilində başlayan “Baku” jurnalı artıq beynəlxalq aləmdə kifayət qədər tanınan və böyük reytinqə malik mətbu orqana çevrilmişdir. Bundan əvvəl Moskvada və Londonda təqdimat mərasimləri keçirilən jurnalın ingilisdilli versiyası indi Avropada kifayət qədər geniş oxucu auditoriyasına malikdir.
Romada “Baku” jurnalının təqdimat mərasimini İtaliyanın tanınmış teleaparıcısı Massimo Ginni açaraq Azərbaycanın malik olduğu mədəni dəyərlər haqqında qonaqlara məlumat vermişdir.
Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti barədə danışan Massimo Ginni vurğulamışdır ki, Şərq ilə Qərbin qovuşduğu məkanda yerləşən Azərbaycan bu gün dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platforması qismində çıxış edir.
Son dövrlərdə İtaliyada Azərbaycan ilə bağlı bir çox tədbirlər keçirilir. Bu isə Azərbaycanın İtaliyada daha yaxşı tanıdılmasına xidmət edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva mərasimdə çıxış etmişdir.
“Baku” jurnalını qədim Roma şəhərində təqdim etməkdən məmnunluq ifadə edən Leyla Əliyeva bildirmişdir ki, jurnalı təsis edərkən əsas məqsədi beynəlxalq miqyaslı dərgi hazırlamaq olmuşdur.
Ötən ildən ingilis dilində nəşr olunmağa başlayan jurnalın hazırda Roma, Paris, Berlin və Nyu-Yorkda yayıldığını qeyd edən Leyla Əliyeva demişdir ki, “Baku”da Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti və adət-ənənələri, həmçinin müxtəlif sənət adamları haqqında məlumat verilir.
“Biz çox çalışırıq ki, bu dərgi italyan oxucularının da ürəyincə olsun”, - deyən Heydər Əliyev Fondunun vitse-prezidenti italiyalılara ölkəmiz haqqında da ətraflı məlumat vermişdir.
Leyla Əliyeva bildirmişdir ki, Azərbaycan kifayət qədər gənc ölkədir. Bu yaxınlarda ölkəmiz müstəqilliyinin bərpa olunmasının 20 illiyini qeyd etmişdir. Lakin bununla bərabər ölkəmizin çox qədim tarixi vardır. Müsəlman şərqində ilk dəfə Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilmişdir.
Azərbaycanda 1901-ci ildə müsəlman qızlar üçün məktəbin açıldığını və Şərqdə ilk opera və baletin məhz ölkəmizdə yarandığını vurğulayan Leyla Əliyeva demişdir:
“Azərbaycanın olduqca zəngin mədəni irsi və çox qədim tarixi vardır. Azərbaycanın paytaxtı Bakı özündə təkcə qədim Qız qalasında və Qobustan qayaüstü rəsmlərdə əksini tapan köhnə ilə yenini birləşdirmir, həmçinin Şərq ilə Qərbi, XX əsrin əvvəllərinin neft bumu dövrünə aid fransız şəhərsalma mədəniyyətini özündə təcəssüm etdirir.
Düşünürəm ki, ölkəmiz hər zaman açıq fikirliliyi və tolerantlığı ilə tanınmışdır. Ölkəmizdə hər zaman mədəniyyətlər, dinlər və adət-ənənələr biri-birinə qovuşmuşdur. Ümid edirəm ki, Heydər Əliyev Fondu tərəfindən Romada təşkil edilən Azərbaycan Mədəniyyəti Günləri italyan xalqına ölkəmizi daha yaxından tanımaq imkanı yaradır”.
Leyla Əliyeva Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti barədə də məlumat vermişdir. Bildirmişdir ki, Fond Azərbaycan mədəniyyətinin xaricdə təbliğ edilməsi sahəsində böyük işlər görür və UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlar ilə səmərəli əməkdaşlıq edir. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, sosial sahələrdə iri layihələr həyata keçirir.
Fondun ən vacib fəaliyyət istiqamətlərindən biri də Azərbaycanda və regionda ekoloji sağlamlığın mühafizəsi və qorunmasıdır. Bu məqsədlə Ətraf Mühitin Qorunması üzrə Beynəlxalq Dialoq Təşəbbüsünü irəli sürdüyünü deyən Leyla Əliyeva bu il Azərbaycanın “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi edəcəyini bildirmiş və bütün qonaqları ölkəmizə dəvət etmişdir.
Mərasim Azərbaycan incəsənət ustalarının çıxışı ilə davam etmişdir.
Azərbaycanın maliyyə naziri Samir Şərifov Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun Vaşinqtonda yerləşən mərkəzi ofislərində bir sıra işgüzar görüşlər keçirib. Qeyd edək ki, bu yaxınlarda Vaşinqtonda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının III iclası keçirilib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Dünya Bankının Şərqi Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Filip Le Ueru ilə görüşdə Azərbaycandakı sosial-iqtisadi inkişaf, ölkənin davamlı iqtisadi artım və diversifikasiyası, Dünya Bankı tərəfindən Azərbaycanda maliyyələşdirilən layihələrin hazırkı icra vəziyyəti və ölkə üzrə yeni iqtisadi inkişaf strategiyasının müxtəlif istiqamətləri müzakirə olunub. Qeyd edilib ki, Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı ölkədə həyata keçirilən birgə layihələrin önəmini daha da artırır. Görüşdə tərəflər arasında əməkdaşlığın yaxşı səviyyədə olduğu vurğulanıb, Azərbaycanda son illər əldə edilən uğurlar və gələcəkdə görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Alamı ilə görüşdə isə bank tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə edilib.
Maliyyə naziri Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktorunun müavini xanım Nemat Şafik və Fondun Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru Məsud Əhməd ilə də ayrı-ayrılıqda görüşlər keçirib.
Görüşlər zamanı Azərbaycanda 2011-ci ilin iqtisadi yekunları və 2012-ci ilin prioritetləri, makroiqtisadi vəziyyət və maliyyə sektorunun mövcud vəziyyəti müzakirə olunub. BVF-in rəsmiləri ölkəmizdə müşahidə olunan iqtisadi artımı, makroiqtisadi və maliyyə sabitliyini müsbət qiymətləndiriblər.
Maliyyə naziri, həmçinin, Azərbaycanı Dünya Bankında təmsil edən isveçrəli icraçı direktor Yorq Friden və ölkəmizi Beynəlxalq Valyuta Fondunun icra ofisində təmsil edən icraçı direktor Rene Verber ilə də işgüzar görüşlər keçirib. Azərbaycanın iqtisadi vəziyyəti barədə geniş məlumat verən Şərifov ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf proqramlarına Dünya Bankı və BVF-in verdiyi töhfəni məmnunluqla qeyd edib.
Öz növbəsində, icraçı direktorlar Yorq Friden və Rene Verber təmsil etdikləri beynəlxalq qurumların Azərbaycan ilə münasibətlərin yüksək səviyyədə olmasından məmnunluqlarını ifadə ediblər.
“İdrak Abbasovun Sulutəpədəki söküntülər zamanı təzyiqə məruz qalmasını pisləyirik. Jurnalistin yerindən, situasiyadan asılı olmayaraq, öz peşə funksiyasını yerinə yetirmək imkanı olmalıdır”.
Bunu Azərbaycan Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Şöbə müdirinin sözlərinə görə, hadisə indi araşdırılır: “Lakin indiyə qədər verilən açıqlamalardan mənim anladığıma görə, onun orda döyülməsi məhz jurnalist olduğuna görə, baş verməyib. Sadəcə olaraq, söküntü prosesindəki anlaşılmazlıq nəticəsində insident yaranıb. Bu hadisə müdafiə olunanla söküntünü həyata keçirmək istəyən arasında çəkişmə zəminində baş verib”.
Ə. Həsənov hadisənin ölkədə söz, mətbuat azadlığına basqı kimi dəyərləndirilməsinin yanlış olduğunu bildirib: “ Bu, qətiyyən Azərbaycanda söz, mətbuat azadlığına basqı deyil. Bu, bəzi mətbuat orqanlarının qələmə verdiyi kimi mətbuatla hakimiyyət arasındakı qarşıdurması da deyil. Azərbaycanda söz, mətbuat azadlığı Konstitusiya normasıdır, Azərbaycan hakimiyyəti də bunu qoruyur, bundan sonra da qoruyacaq. Azərbaycan hakimiyyəti söz, mətbuat azadlığının qarantıdır, bundan sonra da belə qalacaq”.
PA rəsmisi jurnalistlərin bu tipli aksiyalarda iştirak edərkən öz geyim və davranışları, seçdikləri yer, həyata keçirdikləri fəaliyyətlə hadisələrin iştirakçılarından fərqlənmələrinin vacib olduğunu bildirib: “Bu ona görə lazımdır ki, qayda-qanun yaradan, söküntü prosesi aparanlar da jurnalistlə hadisə iştirakçısını fərqləndirə bilsinlər. Belə aksiyaları işıqlandıran jurnalistlərin ayrıcı forma geyinmələri, hadisələrə müdaxilə etməmələri, iştirakçılara qarışmamaları vacibdir”.
Ə. Həsənov hazırda məsələnin araşdırıldığını vurğulayıb: “Hadisənin hansı şəraitdə baş verdiyi, kimin tərəfindən törədildiyi, onların İdrak Abbasovun jurnalist olub-olmadığını bilib-bilməmələri araşdırılır. Lakin dünən ARDNŞ-in əməkdaşlarının açıqlamasından belə bəlli oldu ki, bu hadisəni törədənlər onun jurnalist olduğunu bilməyiblər. Onların dediyinə görə, İdrak Abbasovun yaxın qohumlarının oradakı qanunsuz tikililəri sökülürmüş, o da onları müdafiə etmək məqsədilə ora gəlibmiş, bu müdafiə fonunda da qarşıdurma yaranıb. İstənilən halda Neft Şirkəti araşdırma aparır, nəticə haqqında məlumat veriləcək”.
Meksikada yük maşınının avtobus ilə toqquşması nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb. Bu barədə yerli rəsmilər məlumat yayıblar. Daha öncə 30 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilirdi.
Hadisə Meksikanın şərqində Verakrus ştatındakı Alamo Potrero şosesində baş verib. Yük maşını qarşı zolağa çıxaraq avtobus ilə toqquşub.
Bu gün Romada Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub.
Romanın “Villa Borghese” parkında ucaldılan abidənin açılış mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.
Mərasimdə çıxış edən Roma Şəhər Meriyasının beynəlxalq şöbəsinin müdiri Serena Forni Romada dahi şairə heykəl ucaldılmasını iki ölkə arasında dostluğun rəmzi kimi qiymətləndirib. Xanım Forni son vaxtlar Romada Mehriban Əliyevanın təşəbbüsü ilə bir sıra tədbirlərin keçirildiyini vurğulayıb.
Bu tədbirlərdən biri kimi ötən il ölkəmizin müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibətilə Romada keçirilən tədbiri xatırladıb.
Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardini də Nizami Gəncəvinin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırıb.
Professor bildirib ki, şairin yaradıcılığının Azərbaycan xalqına xidmət etməklə yanaşı, digər xalqlar üçün də böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Nizamini İtaliyada da yaxşı tanıyırlar”.
M.Bernardini N. Gəncəvinin əsərlərini italyan dilinə tərcümə edildiyini və sevildiyini, onun yaradıcılığının bəşəri əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxışında abidənin ucaldılmasında əməyi olan insanlara minnətdarlığını bildirib.
Bu günlərdə İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin keçirildiyini xatırladan birinci xanım qeyd edib ki, N. Gəncəvinin abidəsinin açılışını bu hadisənin kulminasiya nöqtəsidir.
“Nizami Gəncəvi Azərbaycan mədəniyyətinin və tarixinin ən görkəmli şəxsiyyətlərindən biridir”, - deyən Mehriban Əliyeva Nizami yaradıcılığının bütün dünyada sevildiyini, UNESCO tərəfindən ədibin 850 illiyi münasibətilə 1991-ci ilin “Nizami Gəncəvi ili” elan edildiyini diqqətə çatdırıb. Mehriban Əliyeva şairin əlyazmalarının dünyanın bir çox kitabxanalarında və arxivlərində saxlanıldığını da vurğulayıb.
Mehriban Əliyeva Nizami yaradıcılığının bəşəri olduğunu, hələ orta əsrlərdə - Renessans dövründə bir çox Avropa ədiblərinin Nizaminin əsərlərinə müraciət etdiyini söyləyib.
Şairin Gəncədəki məqbərəsinin mədəniyyət və tarixi abidə kimi dövlət tərəfindən qorunduğunu vurğulayan birinci xanım Romada belə bir abidənin ucaldılmasının İtaliyada da onun yaradıcılığına, diqqət və marağı artıracağına əminliyini vurğulayıb: “Eyni zamanda, bu hadisə ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsinə şübhəsiz ki, öz töhfəsini verəcək. İtaliya və Azərbaycan bu gün demək olar ki, bütün sahələrdə tərəfdaşdır və bizim mədəniyyət sahəsində görüşlərimiz artıq ənənəvi xarakter daşıyır”.
Mehriban Əliyeva ötən ilin dekabrında Romada ölkəmizin müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünə həsr edilmiş Azərbaycan Gecəsi keçirildiyini xatırladıb: “Roma Opera Teatrında Azərbaycan musiqisi, muğam səslənirdi, Azərbaycanın qədim xalçaçılıq məktəbini əks etdirən sərgi təşkil olunub. Bu ilin sonunda Azərbaycanın müasir incəsənətini əks etdirən “Bakıya uçuş” adlı sərgi təşkil ediləcək”.
Birinci xanım bu ay Romada və digər şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin maraqla qarşılandığını qeyd edib: “Bu ilin payızında Azərbaycanda İtaliya Mədəniyyəti Günləri keçiriləcək. Mən sizi əmin etmək istərdim ki, İtaliyanın zəngin tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, rəssamlıq və memarlıq məktəbi ölkəmizdə çox yaxşı tanınır və sevilir”.
Mədəniyyət və incəsənətin xalqları, insanları bir araya gətirmək, daha yaxşı anlamaq üçün ən gözəl vasitə olduğunu deyən Mehriban Əliyeva gələcəkdə ölkələrimiz arasında maraqlı layihələrin həyata keçiriləcəyini, əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, N. Gəncəvinin Romadakı abidəsinin müəllifləri xalq rəssamı Salxab Məmmədov və əməkdar rəssam Əli İbadullayevdir.
Layihə Roma şəhər meriyasının tarix və incəsənət komissiyası tərəfindən təsdiqlənib. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 23 dekabr 2011-ci ildə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.
Pakistanın paytaxtı İslamabad səması üzərində, beynəlxalq aeroportun yaxınlığında "Boeing" tipli mülki təyyarə qəzaya uğrayıb.
MIGnews.com saytı xəbər verir ki, qəza nəticəsində ölənlərin sayı 138 nəfərə çatıb. Qəzaya uğramış təyyarənin göyərtəsindəki insanların hamısı (118 sərnişin və 9 heyət üzvü) dünyasını dəyişib. Üstəlik, qəzaya uğramış təyyarənin üzərinə düşdüyü evlərdə yaşayan 11 sakin də həlak olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin açılması bir qədər də yaxşılaşıb.
Daxili İşlər Nazirliyində "2008-2011-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin beynəlxalq əməkdaşlığının İnkişaf Konsepsiyasının həyata keçirilməsinə dair Proqram"ın icrasının, "Mülkiyyət əleyhinə törədilən cinayətlərin açılması istiqamətində fəaliyyətin təşkili və görülən işlər"in və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə"nin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclası giriş sözü ilə açan respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə dayanıqlı sabitliyin, əmin-amanlığın nəinki vətəndaşlarımız, həmçinin xarici iş adamlarının təhlükəsiz və rahat şəraitdə yaşamaları üçün əlverişli zəmin yaratdığını, bunun əyani təzahürü kimi paytaxtımızda bir sıra önəmli kütləvi tədbirlərin, dünya və Avropa çempionatlarının təşkil olunduğunu, "Eurovision 2012" kimi mötəbər musiqi yarışmasının Azərbaycan dövlətinin və xalqının dünyada daha yaxşı tanıdılması yönündə çox önəmli vasitə və addım olacağını diqqətə çatdırıb.
Daxili işlər naziri artıq ilin birinci rübünün arxada qaldığını, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə edilmiş müsbət təmayüllərin bu hesabat dövründə də qorunub-saxlanıldığını bildirib. O deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin açılması bir qədər də yaxşılaşıb, şəxsiyyət əleyhinə olan cinayətlərin sayı isə təxminən 5 faiz azalıb.
İclasda məruzə ilə Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərli çıxış edib. O deyib ki, ötən müddət ərzində 40-a yaxın dövlətin aidiyyəti qurumları ilə 53-ü ikitərəfli, 29-u çoxtərəfli olmaqla hökumətlərarası və idarələrarası saziş, memorandum və protokollar imzalanıb. Həmin beynəlxalq hüquqi sənədlərin predmetini transmilli cinayətkarlığın müxtəlif növləri, narkotik vasitələrin, psixotrop maddələrin, silahların qanunsuz dövriyyəsi, terrorçuluq, insan alveri, qeyri-leqal miqrasiya, mədəni sərvətlərin qaçaqmalçılığı və digər cinayətlərlə mübarizədə qarşılıqlı fəaliyyət əsasında məlumat və təcrübə mübadiləsi, birgə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, təlim və təhsil sahəsində əməkdaşlıq məsələləri təşkil edir.
Mülkiyyət əleyhinə törədilən cinayətlərin açılması istiqamətində fəaliyyətin təşkili və görülən işlər barədə Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini, polis polkovniki Arzu Daşdəmirov çıxış edib. O deyib ki, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması istiqamətində ötən il həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu növ 1310 cinayət törətmiş 495 cinayətkar qrup və dəstə zərərsizləşdirilib, axtarışda olan 689 nəfər tutulub. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində, habelə "102" və "Təhlükəsiz şəhər" xidmətlərinin köməyi ilə 413 oğurluq, 94 soyğunçuluq, 85 nəqliyyat vasitəsinin qaçırılması, 63 oğurluğa cəhd, 38 quldurluq və digər cinayətlər "isti izlər"lə açılıb. Mülkiyyət əleyhinə olan cinayətlərə dair istintaqı tamamlanmış işlər üzrə dəymiş ziyanın 75 faizi ödətdirilib. Bu və ya digər məqsədyönlü tədbirlər sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin üç ayında respublika, o cümlədən paytaxt üzrə mülkiyyət əleyhinə cinayətlərin açılması 10 faiz yaxşılaşıb.
Məruzələrdə və çıxışlarda nöqsan və çatışmazlıqlara da toxunulub, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən danışılıb.
İclasa yekun vuran nazir Usubov kollegiya iştirakçılarının diqqətini qarşıda duran vəzifələrə yönəldib. Daxili işlər orqanlarının cari il üzrə fəaliyyətinin təməlinin birinci rübdə qoyulduğunu, yekun nəticələrin görülən tədbirlərin səmərəliliyindən, şəxsi heyətin peşəkarlığının, döyüş və fiziki hazırlığının yüksəldilməsindən, mənəvi-psixoloji durumun daha da sağlamlaşdırılmasından çox asılı olduğunu deyən nazir kriminogen duruma təsir edən ictimai-siyasi və sosial amillərin vaxtında müəyyən edilməsini, bütün bunlarla əlaqədar adekvat idarəçilik qərarları qəbul olunmasını, hər bir əməkdaşın tapşırılmış sahəyə cavabdehliyinin artırılmasını, icra intizamına nəzarətin gücləndirməsini baş idarə, idarə, xidmət və ərazi polis orqanlarının rəislərindən tələb edib.
Nazir "Eurovision 2012" mahnı müsabiqəsinin təşkilində Daxili İşlər Nazirliyinin də üzərinə mühüm vəzifələr düşdüyünü, bu istiqamətdə xüsusi Tədbirlər Planının hazırlanaraq uğurla icra edildiyini bildirib.
Moldovada ümummilli lider Heydər Əliyevə həsr edilmiş poçt markaları buraxılıb
Aprelin 20-də "Poşta Moldovei" dövlət müəssisəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmiş dörd poçt markası seriyasını buraxıb. Bu barədə Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.
Poçt markaları kiçik vərəq şəklində buraxılıb. Hər bir vərəqdə dörd növdə 24 poçt markası var.
Poçt markalarının rəsmi təqdimatının cari ilin may ayında keçirilməsi planlaşdırılır. Təqdimat Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ad gününə həsr olunacaq.
Təqdimat mərasiminə Moldova dövlət və hökumət rəhbərləri, parlament deputatları, Nazirlər Kabinetinin üzvləri, Kişinyovda akkreditə olunan səfirliklərin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri, Moldovanın ədəbiyyat və incəsənət, ictimai xadimləri, habelə KİV nümayəndələri və Moldova Azərbaycanlıları Konqresinin üzvləri dəvət ediləcək.
Aprelin 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz olacağı gözlənilir.
Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, havanın temperaturu gecə saatlarında 10-14, gündüz 20-25 dərəcə isti olacaq.
Aprelin 22-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub küləyinin gündüz arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-15, axşam 20-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 21-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 3-8 dərəcə, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
Aprelin 22-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 4-9 dərəcə, gündüz 14-19 dərəcə isti təşkil edəcək.
Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının istifadəyə verilməsi mərasimində iştirak etmiş, mövcud aerovağzal kompleksində yenidənqurma və yeni kompleksdə tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Dövlətimizin başçısı Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulmasının baş planını, yeni uçuş-enmə zolağını, yönəldici yolları və perronu əks etdirən stendə baxdı.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Prezident İlham Əliyevə məlumat verdi ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının uzunluğu 4 min, eni 75 metr, sahəsi 325 min 500 kvadratmetrdir. Yönəldici yolların ümumi uzunluğu 3 min 800, eni isə 60 metrdir. Perronun sahəsi 309 min kvadratmetrdir.
Dövlətimizin başçısı yeni uçuş-enmə zolağının rəmzi açılışını bildirən lenti kəsdi.
Sonra Azərbaycan Prezidenti mövcud aerovağzal kompleksində yenidənqurma və yeni kompleksdə tikinti işlərinin gedişi ilə tanış oldu.
Bildirildi ki, “Azərbaycan Hava Yolları” QSC-nin sifarişi və “Azvirt” MMC-nin baş podratçılığı ilə görülən işlərə mövcud hava terminalının yenidən qurulması, yeni terminal binasının inşası, ümumi sahəsi 63 min kvadratmetr olan vağzalətrafı meydanın tamamilə yenilənməsi, uçuşları idarə edəcək yeni naviqasiya binasının tikintisi, yeraltı və yerüstü kommunikasiya xətlərinin təzələnməsi daxildir.
Yeni aerovağzal kompleksində tikinti işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, layihənin həyata keçirilməsində məqsəd sərnişin və yük daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, uçuşların təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır. Yeni kompleks istifadəyə verildikdən sonra ildə 3 milyon sərnişinə xidmət göstəriləcəkdir.
Bildirildi ki, 58 min kvadratmetr sahəsi olan dördmərtəbəli yeni aerovağzal kompleksi beynəlxalq reysləri yerinə yetirən təyyarələrin sərnişinlərinə xidmət göstərəcəkdir. Yenidən qurulan mövcud terminaldan isə yerli aviareyslər həyata keçiriləcəkdir.
Azərbaycan dövlət başçısı İlham Əliyev Dünya Bankının prezidenti Cim Yen Kimə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: “Dünya Bankının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz ölkəmizin Dünya Bankı ilə əməkdaşlığına böyük əhəmiyyət veririk. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarda, infrastruktur layihələrinin maliyyələşdirilməsində Dünya Bankının yaxından iştirakını məmnunluqla qeyd etmək istərdim.
Ümidvaram ki, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası sahəsində qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əməkdaşlığımızın daha da dərinləşdirilməsi naminə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Bir daha Sizə öz təbriklərimi yetirir, möhkəm cansağlığı, qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.
Milli Məclisdə (MM) “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər layihəsinin müzakirəsi davam edib.
Müzakirələrdə çıxış edən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, təklif olunan dəyişikliklər hakim Yeni Azərbaycan Partiyasının (YAP) qüdrətini bir qədər də artıracaq.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı siyasi partiyaların maliyyələşdiriləcəyi zaman YAP-a daha çox pul ayrılacağı ilə bağlı deyilənləri tənqid edib. O deyib ki, əgər Azərbaycanda da siyasi partiyalara dünya praktikasında tətbiq olunan qaydalarla maliyyə ayrılsaydı, YAP-a daha çox vəsait düşərdi: “Azərbaycanda indiyədək yalnız YAP hər il öz hesabatını açıqlayır. Amma digər partiyalar, o cümlədən müxalifət partiyaları qanunvericiliyə rəğmən hesabat açıqlamırlar”.
Deputat Aydın Mirzəzadə ümummilli seçkilərdə iki dəfə iştirak etməyən partiyaların dövlət qeydiyyatının ləğv olunmasını təklif edib.
YAP-ın sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib ki, yeni dəyişikliklərlə ölkədəki siyasi partiyalar daha səmərəli şəkildə fəaliyyət göstərəcək. O, maliyyələşmə məsələsində müəyyən qədər ədalətsizlik olduğunu da deyib.
MM sədrinin I müavini Zifayət Əsgərov deyib ki, Azərbaycan nəhayət küçə müxalifətçiliyindən qurtarmalıdır, ölkədə sivil müxalifətçiliyə keçməyin vaxtı çatıb.
Layihə ilə bağlı Ədalət Partiyasının sədri İlyas İsmayılov, YAP icra katibinin müavini Siyavuş Novruzov, Sahib Alıyev də öz fikirlərini açıqlayıblar. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.