“İdrak Abbasovun Sulutəpədəki söküntülər zamanı təzyiqə məruz qalmasını pisləyirik. Jurnalistin yerindən, situasiyadan asılı olmayaraq, öz peşə funksiyasını yerinə yetirmək imkanı olmalıdır”.
Bunu Azərbaycan Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Şöbə müdirinin sözlərinə görə, hadisə indi araşdırılır: “Lakin indiyə qədər verilən açıqlamalardan mənim anladığıma görə, onun orda döyülməsi məhz jurnalist olduğuna görə, baş verməyib. Sadəcə olaraq, söküntü prosesindəki anlaşılmazlıq nəticəsində insident yaranıb. Bu hadisə müdafiə olunanla söküntünü həyata keçirmək istəyən arasında çəkişmə zəminində baş verib”.
Ə. Həsənov hadisənin ölkədə söz, mətbuat azadlığına basqı kimi dəyərləndirilməsinin yanlış olduğunu bildirib: “ Bu, qətiyyən Azərbaycanda söz, mətbuat azadlığına basqı deyil. Bu, bəzi mətbuat orqanlarının qələmə verdiyi kimi mətbuatla hakimiyyət arasındakı qarşıdurması da deyil. Azərbaycanda söz, mətbuat azadlığı Konstitusiya normasıdır, Azərbaycan hakimiyyəti də bunu qoruyur, bundan sonra da qoruyacaq. Azərbaycan hakimiyyəti söz, mətbuat azadlığının qarantıdır, bundan sonra da belə qalacaq”.
PA rəsmisi jurnalistlərin bu tipli aksiyalarda iştirak edərkən öz geyim və davranışları, seçdikləri yer, həyata keçirdikləri fəaliyyətlə hadisələrin iştirakçılarından fərqlənmələrinin vacib olduğunu bildirib: “Bu ona görə lazımdır ki, qayda-qanun yaradan, söküntü prosesi aparanlar da jurnalistlə hadisə iştirakçısını fərqləndirə bilsinlər. Belə aksiyaları işıqlandıran jurnalistlərin ayrıcı forma geyinmələri, hadisələrə müdaxilə etməmələri, iştirakçılara qarışmamaları vacibdir”.
Ə. Həsənov hazırda məsələnin araşdırıldığını vurğulayıb: “Hadisənin hansı şəraitdə baş verdiyi, kimin tərəfindən törədildiyi, onların İdrak Abbasovun jurnalist olub-olmadığını bilib-bilməmələri araşdırılır. Lakin dünən ARDNŞ-in əməkdaşlarının açıqlamasından belə bəlli oldu ki, bu hadisəni törədənlər onun jurnalist olduğunu bilməyiblər. Onların dediyinə görə, İdrak Abbasovun yaxın qohumlarının oradakı qanunsuz tikililəri sökülürmüş, o da onları müdafiə etmək məqsədilə ora gəlibmiş, bu müdafiə fonunda da qarşıdurma yaranıb. İstənilən halda Neft Şirkəti araşdırma aparır, nəticə haqqında məlumat veriləcək”.