Meteoroloqlar mayın ayrı-ayrı günlərində çaylarda sululuğun artacağını istisna etmirlər
“Son 3 gün ərzində həm Azərbaycan, həm Gürcüstan ərazisində yağan intensiv yağışlar nəticəsində Kür çayının yuxarı axınında suyun səviyyəsində 30 sm artım müşahidə olunub”. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, Qanıx çayında da suyun səviyyəsində artım qeydə alınıb. Qanıx çayında artım mayın 6-dan başlayıb və mayın 7-də də davam edib. Mayın 6-da Qanıx çayında suyun səviyyəsi 96 sm artıb. Kiçik Qafqazın çaylarında, xüsusən Gəncəçayda, Böyük Qafqazın Vəlvələçay və Səngialtı çaylarında suyun səviyyəsində də artım qeydə alınıb. Kür çayının aşağı hissəsində isə suyun səviyyəsində sabitlik müşahidə edilməkdədir. A. Verdiyev deyib ki, hələlik ölkənin yüksək dağlıq ərazilərində qar ehtiyatları var. Buna görə də Azərbaycanın çaylarında suyun səviyyəsinin artımının davam etməsi istisna edilmir: “Aprel ayında qar ehtiyatının 35-45 faizi əriyib. Mayda temperaturun yüksəlməsi, yağan yağışlar qar ərimə prosesində müəyyən rol oynayacaq. Ona görə də may ayının ayrı-ayrı günlərində qarın əriməsi, yağışların yağması çaylarda sululuğun artmasına səbəb olacaq”.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı gözlənilir. Səhər zəif duman olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Temperatur gecə 10-15° isti, gündüz 21-26° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 24-26° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 60-65 faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 10-15°, gündüz 25-30° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən,Gədəbəy rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 5-10°, gündüz 14-19° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 11-16°, gündüz 23-28° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 10-15°, gündüz 21-26° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 13-18°, gündüz 24-29° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 12-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz: Mayın 8-dən 11-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev BMT-nin baş katibi Pan Gi Muna Azərbaycanın Dağlıq Qarabağ regionunda qondarma "prezident seçkiləri"nin keçirilməsi ilə əlaqədar məktub göndərib.
Daimi nümayəndəlikdən Trend-ə daxil olan məlumatda deyilir ki, Ermənistan iyulda işğal etdiyi Dağlıq Qarabağda qondarma "prezident seçkiləri"nin keçirilməsini planlaşdırır.
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ona bitişik yeddi rayonunun Ermənistanın işğalı altında olması beynəlxalq səviyyədə, o cümlədən Baş Assambleya və Təhlükəsizlik Şurası tərəfindən tanınıb. Ermənistan Azərbaycan ərazilərini işğal etmək və nəticədə orada təcavüzün və irqi ayrı-seçkiliyin məhsulundan başqa bir şey olmayan və Ermənistan tərəfindən siyasi, hərbi, iqtisadi və s. dəstəyə malik etnik əsasda marionet separatçı qurum yaratmaq üçün hərbi güc tətbiq edib.
Separatçı qurumun və onun strukturlarının yaranmasının qanunsuzluğu beynəlxalq səviyyədə ən aydın şəkildə dəfələrlə təsdiq edilib. Belə bir qurum heç kim tərəfindən tanınmır və mahiyyət etibarilə o, Ermənistan Respublikasının idarəçiliyi və nəzarəti altındadır", - sənəddə deyilir.
Məktubda qeyd edildiyi kimi, Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin danışıqlar yolu ilə nizamlanması üzrə görülən siyasi səylərə baxmayaraq, Ermənistanın siyasəti və Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi qanunsuz əməllər çərçivəsində həyata keçirdiyi praktiki addımlar onun həmin ərazilərin işğalını möhkəmləndirməklə bağlı niyyətini aydın şəkildə ifadə edir.
"Ermənistanın açıq şəkildə beynəlxalq hüquq prinsiplərinə əsaslanan BMT Nizamnaməsini, Baş Assambleya və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, eləcə də Azərbaycan Respublikasının Konstitusiyası və milli qanunvericiliyini saymadan işğal olunmuş Dağlıq Qarabağda qondarma "seçkilər" keçirməsi ilk dəfə deyil. Lakin hamıya məlumdur ki, demokratiya qılınc gücünə yayıla bilməz, qanunsuz akt isə qanuni hüququ təmin edə bilməz. Ona görə də Azərbaycanın işğal olunmuş ərazilərində davam edən təcavüz, işğal və etnik təmizləmə şəraitində istənilən seçki prosesi qanuni hesab edilə bilməz və birtərəfli qərarın zorla qəbul edilməsi üçün əsas ola bilməz", - Azərbaycanın BMT yanında daimi nümayəndəsinin məktubunda deyilir.
Məktubda qeyd olunur ki, beynəlxalq birlik Azərbaycanın Dağlıq Qarabağ regionunda bundan əvvəl keçirilən bütün "seçki"ləri pisləyib.
"Bununla əlaqədar mənim hökumətim ümid edir ki, BMT və ona üzv olan dövlətlər Ermənistanın yuxarıda adıçəkilən, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan, insan hüquqlarına və əsas azadlıqlara hörmətsizlik nümayiş etdirən, münaqişənin nizamlanmasına yönələn siyasi səyləri pozan təxribatçı və qanunsuz hərəkətinə qarşı yenə qəti mövqeyini ifadə edəcək. Biz beynəlxalq birliyi Ermənistan rəhbərliyindən onun pozucu işğalçılıq və etnik təmizləmə siyasətini dayandırmağı, sülh prosesini nüfuzdan salmağı və Azərbaycanın ərazilərinin işğalına son qoymağı tələb etməyə çağırırıq", - məktubda deyilir.
Quba rayonu ərazisində, Vəlvələçay üzərində yerləşən 118 metrlik körpü qəzalı vəziyyətə düşüb.
Bu səbəbdən Gəndob-Quba yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Bakıdan Qubaya və Rusiya Federasiyası sərhədinə gedən avtomobillər Xaçmaz rayonundan keçməklə hərəkət edir. Quba 5 saylı Yol İstismar İdarəsinin rəisi Aydəmir Manafov APA-ın şimal bürosuna bildirib ki, dayaqlarda problemlər yaranıb və körpü təmirə dayanıb. İdarə rəisi bir müddət yolda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağını qeyd edib.
Bu gün Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 20 il ötür.
Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.
Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.
Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 7-də “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi «Baku Crystal Hall»un açılışında iştirak ediblər. Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan prezidentinə və xanımına “Baku Crystal Hall”da görülən işlər, eləcə də müsabiqəyə hazırlıqla bağlı ətraflı məlumat verilib. Bildirilib ki, 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. Kompleksdə gələcəkdə başqa beynəlxalq tədbirlərin keçirilməsi də mümkündür. “Baku Crystal Hall”un əhəmiyyətini artıran mühüm amillərdən biri də onun Dövlət Bayrağı Meydanı ətrafında yerləşməsidir. “Baku Crystal Hall” prezident İlham Əliyevin Bakı şəhərində müasir idman-konsert kompleksinin inşa edilməsi haqqında 2011-ci il iyulun 11-də imzaladığı Sərəncama əsasən inşa olunub. Bu il yanvarın 15-də isə Avropa Yayım Birliyi müsabiqənin məhz “Crystal” sarayında keçirilməsi ilə bağlı qərar qəbul edib. Almaniyanın Düsseldorf şəhərində “Eurovision-2011” beynəlxalq mahnı müsabiqəsində 43 ölkə arasında möhtəşəm qələbə qazanan Azərbaycan 2012-ci ilin mayında bu yarışmanı Bakıda keçirmək hüququ qazanıb.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 7-də Bakı-Ələt yolunun Dövlət Bayrağı Meydanına gedən 2-4 kilometrlik hissəsinin açılışında iştirak ediblər.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib. Bildirilib ki, 2,8 kilometr uzunluğu olan yolda hərəkət zolaqlarının eni 3,75 metrdir. Səkkizzolaqlı yolun üzərində 4 piyada keçidi də inşa olunub. Tikinti zamanı 614 min kubmetr torpaq işləri görülmüş yolun əhəmiyyətini artıran digər mühüm amil onun “Azneft” meydanından Dövlət Bayrağı Meydanına, oradan isə Bibiheybət məscidi istiqamətində avtomobillərin rahat hərəkətini təmin etməsidir.
Azərbaycan prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsib.
Qeyd edək ki, Bakı-Ələt yolunun yenidən qurulması və tikintisinə dair Nazirlər Kabineti 2008-ci il 6 fevral, 2009-cu il 2 fevral, 2010-cu il 28 yanvar, Bakı-Ələt yolunun 2-4-cü kilometrliyinin yenidən qurulması üçün isə 2011-ci il 25 yanvar tarixli sərəncamlar qəbul edib.
Azərbaycan prezidenti İlham Əliyev Fransua Ollanda təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli cənab Olland! Fransa Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan ilə Fransa arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi, siyasi, iqtisadi və humanitar sahələrdə səmərəli əməkdaşlığımız məmnunluq doğurur.
Bu gün beynəlxalq qurumlar, Avropa strukturları çərçivəsində, eləcə də enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə işimiz ölkələrimiz arasında, həmçinin çoxtərəfli qaydada əməkdaşlığı səciyyələndirən amillərdəndir.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə, tezliklə və ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın rolu böyükdür. Biz sülhyaratma prosesində ölkənizin öz səylərini daha da artıracağına, bu işə Sizin şəxsən töhfələr verəcəyinizə ümidlər bəsləyirik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Fransa xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
Bu gün Azərbaycanın şimal-qərb bölgəsində gün ərzində dördüncü dəfə zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 13.36-da baş verən yeraltı təkanlar Zaqatalada 4.0 , Qax, Oğuz, Şəki rayonlarında 2.0-3.0 bal gücündə hiss olunub. 10 kilometr dərinlikdə baş verən zəlzələnin episentri Zaqatala rayonundan 18 km cənubi-şərqə düşüb. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur. Qeyd edək ki, bu gün səhər 09.40 radələrində ölkənin şimal-qərbində yeraltı təkanlar qeydə alınıb. Zəlzələ Zaqatala rayonundan 17 kilometr cənub-qərbdə, yerin 10 kilometr dərinliyində baş verib. Yeraltı təkanlar Zaqatala və Qaxda 7 bal, Şəki, Oğuz ,Qazax Tovuz və digər rayonlarda 2-5 bal arasında hiss olunub. Tikililərdə dağıntı var, insan itkisi yoxdur.
“Bu il müəllimlərin işə qəbulu yenə ötənilki qaydada keçiriləcək. Bu qayda özünü ötən il tam doğruldub”. Bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda boş, vakant yerlərlə bağlı məlumatların bölgələrdən toplanılması işi həyata keçirilir: “Yaxın vaxtlarda müəllimlərin işə qəbulu ilə bağlı elan veriləcək. Dərs ili başlayana qədər müsabiqədə iştirak edərək qalib gələn müəllimlərin yerlərə göndərilməsini təşkil edəcəyik. Hələlik nə qədər vakant yerin olduğu dəqiq deyil. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin avqust ayında keçirilməsi nəzərdə tutulur”.
Bakı və Abşeron yarımadasında mayın 8-də hava şəraitinin dəyişkən buludlu, səhər zəif duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında mayın 8-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 13-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnozlara görə, mayın 8-dən 11-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişikliklər gözlənilmir. Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
“Hazırda mən Zaqatala rayonundayam. Rayon mərkəzinə baxış keçirdikdən sonra indi kəndlərə gedirik. Rayonda zəlzələ nəticəsində insan itkisi olmayıb, ağır xəsarət alan da yoxdur”.
Bunu açıqlamasında Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.
Nazir bildirib ki, bir neçə kənddə köhnə tikintilərə zərər dəyib, bəzi evlərdə çatlar əmələ gəlib: “İstər rayon mərkəzində, istərsə də kəndlərdə xüsusi dağıntılar, kütləvi şəkildə evlərin uçması və s. hadisələr baş verməyib. Hazırda zərər çəkmiş tikililərin qeydiyyatı aparılır. Bu cür tikililərin sayı və dəymiş ziyan müəyyənləşdirildikdən sonra bu barədə ətraflı məlumat veriləcək”.
K. Heydərov hazırda Zaqatala və ətraf rayonlarda heç bir problem, təşvişə səbəb olacaq halın baş vermədiyini bildirib: “Rayonlarda əhali gündəlik həyat tərzini davam etdirir, bütün infrastruktur tam gücü ilə işləyir”.
“Orta məktəb dərslikləri ilə bağlı məsələ hər an gündəmdədir. Təhsil Nazirliyi il ərzində bu məsələyə ciddi hazırlaşır. Hazırda I-V sinif dərsliklərinin tenderi elan olunub”. Bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, tenderdə iştirak edən nəşriyyatlar öz təkliflərini Təhsil Nazirliyinə təqdim edib. Nazirlikdə həmin müraciətlər baxılıb və bu günlərdə Qiymətləndirmə Şurası öz işinə başlayacaq.
Nazir dərsliklərdəki səhvlərə də münasibət bildirib: “Ümumiyyətlə, dünyanın heç bir ölkəsində səhvi, nöqsanı olmayan dərslik yoxdur. Biz bunu bilirik, İctimaiyyətin müzakirəsini keçiririk. Hər il aldığımız qeydləri yadda saxlayaraq mütəxəssislərin köməyi ilə nöqsanları aradan qaldırmağa çalışırıq. Ona görə də ildən-ilə bizim dərsliklərin həm poliqrafik keyfiyyətində, həm də məzmununda çox ciddi yeniliklər olur. Əminəm ki, gələcəkdə bu səhvlərin sayı daha az olacaq”.
Azərbaycanın Zaqatala rayonunda güclü zəlzələ baş verib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zaqatalada baş vermiş zəlzələ ilə bağlı hadisə yerinə gedib. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, bu gün Bakı vaxtı ilə saat 09:40-da Zaqatala rayonunundan 17 km cənub-qərbdə zəlzələ qeydə alınıb. Yeraltı təkanların gücü episentrdə 7 bal olub.
Yeraltı təkanlar Zaqatala, Balakən, Şəki, Qax, Oğuz, Mingəçevir, Gədəbəy və Şəmkirdə hiss olunub.
İlkin məlumata əsasən, bəzi tikililərdə çatlar əmələ gəlib. Tələfat və xəsarət alanlar barədə məlumat verilmir. Nazirliyin Aviasiya dəstəsi və digər qəza-xilasetmə qüvvələri hadisə zonasına cəlb olunub. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə zonasındadır.
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 6-da Heydər Əliyev Mərkəzində həyata keçirilən tikinti işlərinin gedişi, paytaxtın Nərimanov rayonunda Qədirbəyov və Həsənoğlu küçələrinin kəsişməsində 1 kilometrə yaxın yolda aparılan əsaslı təmir, yenidənqurma işləri, “Hilton” otelinin qarşısındakı parkın abadlıq və quruculuq işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Prezident və xanımı əvvəlcə Heydər Əliyev Mərkəzində həyata keçirilən tikinti işlərinin gedişi ilə tanış olublar. İnşaat işlərinin ən müasir standartlara uyğun şəkildə həyata keçirildiyi bildirilib.
Azərbaycan prezidenti və xanımı ayrı-ayrı tikinti sahələrində görülən işlərlə yerindəcə tanış olublar.
Mərkəzdə aparılan işlərlə yaxından tanış olan prezident müvafiq tapşırıqlarını verib.
Sonra dövlət başçısı və xanımı paytaxtın Nərimanov rayonu ərazisində Qədirbəyov və Həsənoğlu küçələrinin kəsişməsində 1 kilometrə yaxın yolda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olublar. Bildirilib ki, 32 metr eni olan ikitərəfli yol 4 zolaqlıdır. Xətai prospektinin davamı olan bu yola ən yüksək keyfiyyətli polimer asfalt döşənib, iki komponentli yol zolaqları çəkilib. Yol boyu 3400 paqonmetr qranit daşlardan bardürlər düzəldilib, 3800 kvadratmetr ərazisi olan səkilərə qranit daşlar döşənib, müasir işıqlandırma sistemi quraşdırılıb.
Daha sonra dövlət başçısı və xanımı “Hilton” otelinin qarşısındakı parkda həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olublar. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə prezidentə məlumat verib. Bildirilib ki, 7800 kvadratmetr ərazisi olan parkın 5700 kvadratmetr hissəsinə qranit daşlar döşənib. Burada böyük fəvvarələr kompleksi quraşdırılıb. Parkda İtaliyadan gətirilmiş 12 illik 18 ədəd maqnoliya və 26 illik 28 ədəd şaxtaya davamlı palma ağacları əkilib, 2010 kvadratmetrlik ərazi yaşıllaşdırılıb. Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsində qurulub. Dövlət başçısı görülən işləri yüksək qiymətləndirib.
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT-nin baş katibi Pan Gi Mun ilə görüşmüşdür.
Görüşdə BMT-nin baş katibi Pan Gi Mun Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına sədrliyi ilə əlaqədar Prezident İlham Əliyevin Nyu-Yorka işgüzar səfərinin əhəmiyyətini qeyd etdi. O, Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunun BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınmasını uğurlu addım kimi dəyərləndirdi və bu mövzunun hazırda dünyada çox aktual məsələ olduğunu bildirdi.
BMT-nin baş katibi 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın əhəmiyyətinə toxundu və bu sənədin ölkəmizdə demokratiyanın daha da inkişaf etdirilməsinə verdiyi töhfələri vurğuladı. Pan Gi Mun Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratiyanın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə terrorizmə qarşı mübarizə mövzusunun BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınmasına BMT-nin baş katibi tərəfindən verilən qiymətə görə təşəkkür etdi. Bildirdi ki, Azərbaycan terrorizmə qarşı mübarizədə və antiterror koalisiyasının tərkibində ilk günlərdən fəal iştirak etmişdir. Ölkəmiz bundan sonra da bu işə öz töhfəsini verəcəkdir. Dövlətimizin başçısı Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi sahələrdə həyata keçirdiyi genişmiqyaslı islahatlar, demokratiyanın təmin olunması istiqamətində ölkəmizdə gedən böyük işlərdən danışdı.
Pan Gi Mun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair proseslərlə bağlı Prezident İlham Əliyevin fikirləri ilə maraqlandı.
Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində meydana gələn bu münaqişənin həlli ilə bağlı bir daha ölkəmizin mövqeyi barədə məlumat verdi.
“Biz bu düzəliş çərçivəsində ABŞ-dan heç bir maliyyə, iqtisadi yardım gözləmirik”
“Azərbaycan 20 ilə yaxındır, ABŞ-ın siyasət planlaşma mərkəzlərinə və dövlət siyasətini həyata keçirən bütün instansiyalara çatdırmaq istəyir ki, bu məsələdə bizim haqqımız pozulub.
907-ci düzəliş ədalətsiz qərardır. Azərbaycan bu qərara layiq deyil. Bu, erməni lobbisinin təzyiqi ilə 1992-ci ildə Azərbaycana qarşı qəbul edilmiş qərardır və onu aradan qaldırmaq lazımdır”. Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, bu qərarın ədalətsiz qəbul edildiyini Azərbaycan ötən dövr ərzində öz fəaliyyəti ilə də sübut edib: “Bütün dünyaya göstərmişik ki, Azərbaycan Ermənistanı blokadaya salmayıb, Ermənistan özü-özünü blokadaya salıb. Ermənistanla Azərbaycan arasında ərazini işğal eləyən Ermənistandır”.
Bununla belə, şöbə müdiri hazırda rəsmi Bakı üçün 907-ci düzəlişin heç bir aktuallığının olmadığını qeyd edib: “Biz ABŞ-dan heç bir maliyyə, iqtisadi yardım gözləmirik. Buna ehtiyacımız da yoxdur. Azərbaycan ABŞ-la bərabər hüquqlu tərəfdaşdır. Əgər bu ölkənin siyasət planlaşma mərkəzləri hesab etsələr ki, bu düzəlişi aradan qaldırmaq bundan sonra ABŞ-ın maraqlarına cavab verir, qaldırarlar. Əks halda, biz bunun üzərinə getməyəcəyik. Bizim 907-ci düzəliş çərçivəsində ABŞ-dan hər hansı qrant almağa ehtiyacımız yoxdur”.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Temperatur gecə 11-16 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq. Bakıda gecə 14-16 dərəcə isti, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-90 faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 8-13 dərəcə, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 3-8 dərəcə, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 10-15 dərəcə, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 8-13 dərəcə, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 5-8 dərəcə isti, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 12-17 dərəcə, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 11-16 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə isti, gündüz 15-10 dərəcə isti olacağı gözlənilir.
Nyu-Yorkda Azərbaycan prezidenti İlham Əliyev və Almaniyanın xarici işlər naziri Guido Vestervelle arasında görüş keçirilib.
Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Guido Vestervelle Azərbaycan ilə Almaniya arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Ölkəsinin ikitərəfli əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayan nazir Azərbaycan-Almaniya əməkdaşlığının bütün sahələrdə strateji maraqlar üzərində qurulduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyev Azərbaycanla Almaniya arasında əməkdaşlığın inkişafından məmnunluğunu bildirib. Dövlət başçısı ölkələrimiz arasında uzun illər davam edən dostluq və əməkdaşlıq mühitinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulayıb.
“Təəssüflər olsun ki, son vaxtlar qərb mətbuatında Azərbaycanın həddən artıq qeyri-demokratik, siyasi plüralizmin olmadığı, insan hüquqlarının pozulduğu, mətbuat, söz azadlığının təzyiq altında olduğu barədə rəy yaradılır. Mayın 2-də bununla bağlı Cenevrədə çox ciddi müzakirələr keçirdik”.
Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, Avropa Yayım Birliyinə Azərbaycana təzyiqlər göstərməklə bağlı çox ciddi basqılar var: “Bununla istəyirlər ki, illərlə-aylarla xarici təşkilatların, daxildə bəzi qüvvələrin, siyasi partiyaların, QHT-lərin, jurnalistlərin Azərbaycanla bağlı təzyiqlərinin reallaşmasına yardım göstərilsin, Azərbaycana təzyiq göstərərək, bu və digər məsələlərdə onu güzəştə sövq etmək mümkün olsun”.
Ə. Həsənov bildirib ki, Cenevrədə çıxışları zamanı tədbir iştirakçılarını Azərbaycanda söz-mətbuat azadlığının, vətəndaş cəmiyyətinin, insan hüquqlarının vəziyyətinin Avropa ölkələrinin heç birindən geridə olmadığına inandırmağa çalışıb: “Lakin bəzi hallar var ki, heç bir cəmiyyət onlardan sığortalanmayıb. Belə hallara qarşı mübarizə aparmaqda Azərbaycan hakimiyyəti də qərarlıdır, mübarizə aparır, bundan sonra da aparacaq. Dünyanın hər yerində qətlə yetirilən və təzyiq göstərilən jurnalistlər var, amma dövlətin iradəsi demokratiya, insan haqlarına istiqamətlənibsə, bu dövlətdə söz-mətbuat azadlığının vəziyyəti normal olmalıdır”.
Şöbə müdirinin sözlərinə görə, Cenevrədə ümumi qənaət ondan ibarət olub ki, Azərbaycanda keçiriləcək “Eurovision” yarışması siyasiləşdirilməsin, bu müsabiqə hansısa proseslə əlaqələndirilməsin: “Azərbaycan hakimiyyəti də söz verir ki, “Eurovision”u işıqlandırmaq üçün ölkəyə gələn bütün jurnalistlərə normal şərait yaradacaq. Burada söz, mətbuat azadlığı necə təmin olunubsa, bundan sonra da təmin olunacaq. Bundan sonra da Azərbaycan hakimiyyəti qərb ölkələri ilə qarşılıqlı əməkdaşlığı davam etdirəcək. Eyni zamanda jurnalistlərin peşəkarlaşması istiqamətində də səylərimizi davam etdirəcəyik”.