“Biz bu düzəliş çərçivəsində ABŞ-dan heç bir maliyyə, iqtisadi yardım gözləmirik”
“Azərbaycan 20 ilə yaxındır, ABŞ-ın siyasət planlaşma mərkəzlərinə və dövlət siyasətini həyata keçirən bütün instansiyalara çatdırmaq istəyir ki, bu məsələdə bizim haqqımız pozulub.
907-ci düzəliş ədalətsiz qərardır. Azərbaycan bu qərara layiq deyil. Bu, erməni lobbisinin təzyiqi ilə 1992-ci ildə Azərbaycana qarşı qəbul edilmiş qərardır və onu aradan qaldırmaq lazımdır”. Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, bu qərarın ədalətsiz qəbul edildiyini Azərbaycan ötən dövr ərzində öz fəaliyyəti ilə də sübut edib: “Bütün dünyaya göstərmişik ki, Azərbaycan Ermənistanı blokadaya salmayıb, Ermənistan özü-özünü blokadaya salıb. Ermənistanla Azərbaycan arasında ərazini işğal eləyən Ermənistandır”.
Bununla belə, şöbə müdiri hazırda rəsmi Bakı üçün 907-ci düzəlişin heç bir aktuallığının olmadığını qeyd edib: “Biz ABŞ-dan heç bir maliyyə, iqtisadi yardım gözləmirik. Buna ehtiyacımız da yoxdur. Azərbaycan ABŞ-la bərabər hüquqlu tərəfdaşdır. Əgər bu ölkənin siyasət planlaşma mərkəzləri hesab etsələr ki, bu düzəlişi aradan qaldırmaq bundan sonra ABŞ-ın maraqlarına cavab verir, qaldırarlar. Əks halda, biz bunun üzərinə getməyəcəyik. Bizim 907-ci düzəliş çərçivəsində ABŞ-dan hər hansı qrant almağa ehtiyacımız yoxdur”.