Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 7-də “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi «Baku Crystal Hall»un açılışında iştirak ediblər. Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan prezidentinə və xanımına “Baku Crystal Hall”da görülən işlər, eləcə də müsabiqəyə hazırlıqla bağlı ətraflı məlumat verilib. Bildirilib ki, 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. Kompleksdə gələcəkdə başqa beynəlxalq tədbirlərin keçirilməsi də mümkündür. “Baku Crystal Hall”un əhəmiyyətini artıran mühüm amillərdən biri də onun Dövlət Bayrağı Meydanı ətrafında yerləşməsidir. “Baku Crystal Hall” prezident İlham Əliyevin Bakı şəhərində müasir idman-konsert kompleksinin inşa edilməsi haqqında 2011-ci il iyulun 11-də imzaladığı Sərəncama əsasən inşa olunub. Bu il yanvarın 15-də isə Avropa Yayım Birliyi müsabiqənin məhz “Crystal” sarayında keçirilməsi ilə bağlı qərar qəbul edib. Almaniyanın Düsseldorf şəhərində “Eurovision-2011” beynəlxalq mahnı müsabiqəsində 43 ölkə arasında möhtəşəm qələbə qazanan Azərbaycan 2012-ci ilin mayında bu yarışmanı Bakıda keçirmək hüququ qazanıb.