Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 25-də saat 20:20 radələrində Xətai rayonu ərazisində Elnur Əzizov "Mercedes" markalı avtomaşını idarə edərkən onu yol ayrıcına vurub.
Nəticədə sürücü hadisə yerində ölüb, xəsarət almış sərnişinləri - Firuz Piracov, Tatyana Oktyamova və Əli Salmanov isə xəstəxanaya yerləşdiriliblər.
Xətai Rayon Polis İdarəsindən əldə olunan məlumata görə, qəza zamanı "Mercedes" aşaraq bir neçə dövrə vurub. Sürücü isə hadisə yerində keçinib.
“Son qətnamə Avropa Parlamentinin Azərbaycana münasibətinin səmimiliyini şübhə altına alır”
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Parlamentinin sədri Martin Şultsa məktub göndərib. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Məktubda Avropa Parlamentinin mayın 24-də Azərbaycanla bağlı qəbul etdiyi “İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair” qətnamə ilə əlaqədar təəssüf və narahatlıq ifadə edilib.
Məktubda Azərbaycanın insan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində atdığı addımlar, qəbul etdiyi qanunlar, bu sahədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və digər nüfuzlu təşkilatlarla sıx əməkdaşlıq etdiyi xatırladılıb: «Baş verən ayrı-ayrı halları ümumiləşdirərək, Azərbaycanda həyata keçirilən demokratik prosesləri gözdən salmağa, xüsusi məsələləri ümumi inkişaf meyli kimi təqdim etməyə cəhd göstərilməsi məsələlərə birtərəfli yanaşmanı nümayiş etdirir. Bütün bunları nəzərə aldıqda, Avropa Parlamentinin son qətnaməsi ümumi ruhuna və mətninə görə Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində həyata keçirilən işlərin üstündən xətt çəkmək cəhdi kimi qiymətləndirilə bilər».
Milli Məclis sədri qeyd edib ki, qətnamənin bu şəkildə qəbul edilməsinin başlıca səbəblərindən biri müzakirələrdə Azərbaycan tərəfinin arqumentlərinin nəzərə alınmaması, dəqiq olmayan və yoxlanılmamış məlumatların əsas götürülməsi olub.
O. Əsədov, həmçinin əlavə edib ki, Azərbaycan bir tərəfdən, ərazilərinin 20 faizini işğal etmiş Ermənistanla hərbi qarşıdurma və faktiki müharibə vəziyyətindədir, digər tərəfdən cənubdan İslam fundamentalizmi təhlükəsi getdikcə güclənir: «Belə bir şəraitdə Avropa Parlamentinin ikili standartlara əsaslanan, islamofobiya əlamətləri açıq-aşkar sezilən, Azərbaycanda vəziyyəti qeyri-obyektiv şəkildə qiymətləndirən, onun beynəlxalq imicinə zərbə vurmağa yönələn bu cür qərəzli qətnamə qəbul etməsi ikitərəfli münasibətlərə kölgə salır və Avropa Parlamentinin Azərbaycana münasibətinin səmimiliyini şübhə altına alır».
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Temperatur gecə 15-20° isti, gündüz 25-30° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 27-29° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 10-15°, gündüz 24-29° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 7-11°, gündüz 17-22° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 10-15°, gündüz 21-26° isti, dağlarda gecə 6-10° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 16-21°, gündüz 25-30° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 16-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri rəsmi qəbulda iştirak etmişlər.
Salona toplaşanlar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
Azərbaycanın dövlət himni səsləndi.
Dövlətimizin başçısı rəsmi qəbulda nitq söylədi.
Sonra 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsi üzrə Dövlət Mükafatının təltif edilməsi mərasimi oldu.
Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə tarixçi-alimlər Yaqub Mahmudov, Kərim Şükürov, Tofiq Mustafazadə, Süleyman Məmmədov, Güntəkin Nəcəfli, Nazim Mustafayev, Gövhər Məmmədova, Hacı Həsənov, İsrafil Məmmədov, Vidadi Umudlu, Səidə Hacıyeva, İradə Məmmədova və Nigar Gözəlovaya Dövlət mükafatları təqdim edildi.
Təltif olunma mərasimindən sonra incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdilər.
Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın dövlət müstəqilliyinin bərpası günü münasibətilə bu ölkənin dövlət başçısı Mixail Saakaşviliyə təbrik məktubu göndərib.
Təbrik məktubunda bildirilir:
“Hörmətli cənab Prezident,
Əziz dostum,
Milli bayramınız – Dövlət müstəqilliyinin bərpası günü münasibətilə Sizi və qardaş Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Tarixən möhkəm dostluq və mehriban qonşuluq telləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın yekdil iradəsinə uyğun olaraq bu gün Azərbaycan-Gürcüstan münasibətləri dinamik və hərtərəfli şəkildə inkişaf etməkdədir.
Əminəm ki, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərimizin dərinləşdirilməsi, regional qurumlar və layihələr çərçivəsində qarşılıqlı dəstək və etimada əsaslanan birgə işimizin müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Gürcüstan xalqına əmin-amanlıq və rifah arzulayıram”.
Azərbaycanın təhsil naziri Misir Mərdanov orta məktəblərdə "Son zəng" tədbirinin mayın 31-də saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız müəssisənin ərazisində keçirilməsinə icazə verib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı təhsil naziri Misir Mərdanov əmr verib.
Ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakı təmin ediləcək.
Əmrdə qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işləri vaxtında başa çatdırmalı, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görməlidirlər. Bu tədbiri məzunların həyatında yadda qalan əlamətdar hadisəyə çevirmək üçün valideynlərlə pedaqoji kollektivin birgə səmərəli fəaliyyətinə nail olunmalıdır.
Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul etməsi düşünülməmiş, səhv və ədalətsiz qərardır. Bu barədə XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev brifinqdə bildirib.
“Azərbaycandakı vəziyyət diqqətlə öyrənilmədən ölkədə “Eurovision” müsabiqəsinin keçirildiyi dövrdə AP-nin azsaylı deputatlarının belə bir sənədi qəbul etməsi bu institutun imicinə və neytrallığına zərbədir”, - Abdullayev deyib.
Dünən, mayın 24-də Avropa Parlamenti Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul edib. Qətnamədə Azərbaycan hökumətinə dinc aksiyaların keçirilməsinə icazə verilməsi çağırışı yer alır.
Qətnamədə, həmçinin “Eurovision-2012” müsabiqəsi iştirakçıları və tamaşaçılarının radikal islamçılar tərəfindən hədələnməsi pislənilir.
Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının tarixlərinə yenidən baxılacaq.
Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, qəbul imtahanlarının tarixlərinin yenidən dəqiqləşdirilməsi zərurəti buraxılış imtahanlarının keçirilməsi ilə bağlıdır.
Komissiya sədri deyib ki, TQDK bütün buraxılış imtahanlarının cədvəlini artıq müəyyənləşdirib. Bu cədvələ uyğun olaraq ölkədə sonuncu buraxılış imtahanı iyulun 4-də olacaq.
“Biz nəzərdə tuturduq ki, ölkə üzrə buraxılış imtahanları elə iyulun 4-də bitəcək. Amma indi belə bir problem ortaya çıxıb ki, eksternat qaydada imtahan verənlərin, əvvəlki illərdə imtahanlarda uğur qazanmayanların siyahısı formalaşır və bu siyahı hələ bizə təhvil verilməyib”, - Abbaszadə əlavə edib.
O qeyd edib ki, bu gündən başlayaraq mayın 30-dək bununla bağlı məlumatlar TQDK-ya təqdim ediləcək. Amma bu məlumatlar hələ tam təsdiqlənmədiyi üçün bu imtahanlarda nə qədər adamın iştirak edəcəyi bəlli deyil. Abbaszadənin sözlərinə görə, iyulun 8-də bütün ölkə üzrə imtahana gəlməyən, problemi olan, əvvəlki illərin məzunları ilə əlaqədar imtahan keçiriləcək.
“Bizə vaxt lazımdır. Biz elə bilirdik ki, baza tam təmizdir. Bununla əlaqədar biz bu siyahıları mayın 30-na qədər əldə edəndən və yoxlama prosesinə başlayandan sonra biləcəyik ki, iyulun 8-də keçiriləcək imtahanda nə qədər adam iştirak edəcək. Bundan sonra biz qəbul imtahanlarının tarixlərini dəqiq elan edəcəyik”, - TQDK sədri qeyd edib.
Məleykə Abbaszadə bunu da xatırladıb ki, builki qəbul imtahanlarının tarixləri TQDK tərəfindən rəsmi olaraq aprelin əvvəlində elan edilmişdi. Amma bu tarixlər ölkə Prezidentinin TQDK-nın səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı aprelin 19-da verdiyi fərmandan əvvəl açıqlanıb.
“Bu tarixlər TQDK-nın səlahiyyətləri artırılmamışdan əvvəl açıqlandığından biz elan etdik ki, qəbul imtahanlarının tarixləri dəyişəcək”, - komissiya sədri nəzərə çatdırıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur.
Temperatur gecə 17-20° isti, gündüz 25-30° isti olacaqdır.
Bakıda gecə 18-20° isti, gündüz 27-29° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 756 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-50 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 23-30° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 7-11°, gündüz 18-23° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 15-19°, gündüz 25-30° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 12-17°, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 16-21°, gündüz 27-32° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 16-19° isti, gündüz 27-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Mayın 25-dən 27-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Yetmiş üç min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Saray-Novxanı-Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi məqsədilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Azərbaycan hakimiyyəti İranın xarici işlər naziri Əli Əkbər Salehinin müraciəti ilə diqqətlə tanış olub. Azərbaycan çoxdandır ki, İranın rəsmi dairələrindən belə bir açıqlama gözləyirdi. Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
“Biz dəfələrlə İrana olan münasibətimizi bildirmişik, dövlət başçısından tutmuş bütün səviyyələrdə İranla dost münasibətləri davam etdirməyə hazır olduğumuzu və bunun zəruriliyini açıqlamışıq. Azərbaycandan İrana heç bir ziyan gəlməyəcəyini dəfələrlə bəyan etmişik. Eyni zamanda, çağırışlar da etmişik ki, İran tərəfi Azərbaycanla, onun seçimi, onun xalqının iradəsi, dövlət quruluşu, daxili və xarici siyasəti ilə bağlı ehtiyatlı olmalıdır. Xüsusən son zamanlar İran ruhaniyyətinin antiazərbaycan çağırışlarına reaksiya verməlidir”, - Həsənov əlavə edib.
PA rəsmisi bildirib ki, Azərbaycan İslam dininin bütün müqəddəslərinə hörmət və sayğı ilə yanaşır və heç zaman Azərbaycanda imkan verilmir ki, İslam müqəddəslərinə qarşı hansısa çağırışlar, onların təlqin etdiyi İslam dəyərlərinə qarşı tədbirlər olsun.
“O cümlədən biz İranın ruhaniyyətinə qarşı da həmişə hörmətli, sayğılı davranmışıq. Amma əfsuslar olsun ki, İran ruhaniyyətinin bəzi nümayəndələri son zamanlar Azərbaycan dövlətinə, dövlətçiliyinə, onun Konstitusiya quruluşuna, Azərbaycan xalqına, Azərbaycanın Prezidentinə qarşı hörmətsizlik nümunəsi olan açıqlamalar verirlər, çağırışlar edirlər, şüarlar səsləndirirlər. Biz də İran tərəfindən bu çağırışlara münasibət gözləyirik. Biz də gözləyirik ki, İranın rəsmi dairələri bu çağırışları pisləyən bəyanatlar versinlər, iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərən belə hallarla mübarizə aparsınlar. Əlbəttə, biz İran səfirliyi qarşısındakı piketlərdəki çağırışların əksəriyyətini dəstəkləmirik. Eləcə də onlara müvafiq münasibət bildirəcəyik, əgər orada İran ruhaniyyətinin, dini rəhbərlərinin ünvanına nalayiq sözlər səsləndirilibsə, onlara müvafiq cavablar veriləcək. Amma eyni addımı biz İran tərəfdən də gözləyirik. İran hakimiyyətinin Azərbaycan dövlətinə, xalqına, Konstitusiya quruluşuna qarşı çevrilmiş çağırışlara da adekvat qiymət verməsini gözləyirik”, - Həsənov əlavə edib.
PA rəsmisi Salehinin çağırışında bəzi təhdidlərin olmasına təəssüf etdiklərini bildirib.
“Azərbaycanı bu cür təhdidlərlə nə qorxutmaq olar, nə də onu haqq yolundan döndərmək, onun xalqını iradəsindən daşındırmaq olar. Azərbaycan dövlətinin iradəsi onun xalqının iradəsinə söykənib və bu iradəni heç kim qıra bilməz, heç kim də buna qarşı hər hansı təhdidlər irəli sürə bilməz”, - Həsənov qeyd edib.
Qeyd edək ki, İranın xarici işlər naziri Əli Əkbər Salehi ötən gün keçirdiyi mətbuat konfransında son günlər İranla Azərbaycan arasında yaranan gərginliyə münasibət bildirib.
Bakı və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Gecə 17-20, gündüz 25-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında mayın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 7-11, gündüz 18-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 25-dən 27-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
“Əvvəlki günlərə nisbətən son bir neçə gündə Zaqatalada baş verən zəlzələlərin sayı azalıb. Buna baxmayaraq, zəlzələ ocağında gərginlik hələ də davam edir”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.
Onun sözlərinə görə, son sutka ərzində Zaqatalada 10 xırda və hiss edilməyən yeraltı təkan olub. Ümumilikdə, mayın 7-dən bu yana Zaqatala ərazisində maqnitudası 1 baldan aşağı 1000-dən çox, 1 baldan yuxarı isə 500-dən artıq yeraltı təkan qeydə alınıb.
Elman Abdullayev: “Fakt təsdiqini tapsa, buna adekvat reaksiya veriləcək”
Xarici İşlər Nazirliyi Azərbaycanın Fransadakı səfirliyinə bu ölkənin Senat üzvlərinin Azərbaycanın işğal latında olan ərazilərinə səfər etməsi barədə kütləvi informasiya vasitələrində gedən məlumatları dəqiqləşdirmək barədə tapşırıq verib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev məlumat verib.
O qeyd edib ki, Ermənistan kütləvi informasiya vasitələri əksər hallarda informasiyanı təhrif edir və yaxud şişirdilmiş şəkildə təqdim edirlər: “Buna görə də qeyd olunan məsələ Parisdəki diplomatik missiyamız tərəfindən araşdırılır. Əgər fakt təsdiqini tapsa, buna adekvat reaksiya veriləcək”.
Xatırladaq ki, Ermənistan kütləvi informasiya vasitələri Fransa Senatının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionuna səfər etməsi, orada separatçı rejimin rəhbərliyi ilə görüşlər keçirməsi barədə məlumat yayıb.
Milli Məclisin (MM) növbəti plenar sessiyası mayın 29-da keçiriləcək.
MM mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun verdiyi məlumata görə, iclasda ümumilikdə 10 məsələnin müzakirəsi gözlənilir. Bu sıraya “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihələri daxildir. Həmçinin, Ticarət Gəmiçiliyi Məcəlləsi, “Mühasibat uçotu haqqında” “Dövlət rüsumu haqqında”, “Patent haqqında” və digər qanunlara dəyişiklik ediləcək.
Mayın 29-da keçiriləcək iclasda Azərbaycanın 2012-ci il dövlət büdcəsinə bir sıra əlavələr də ediləcək.
Yazı işi bır sıra meyarlar nəzərə alınmaqla "məqbul" və ya "qeyri-məqbul" ilə qiymətləndiriləcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanında şagirdlərin yazacaqları inşaya qoyulan tələbləri açıqlayıb. Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, şagirdlərə müstəqil mühakimə yürütmək bacarığını nümayiş etdirməyə imkan verən ictimai, iqtisadi və ya mədəni həyat sahələrinə aid hadisə və proseslər, həmçinin respublikamız və görkəmli şəxsiyyətlərimiz, təhsil, peşə seçimi, ətraf mühit, mənəviyyat və digər qlobal problemlər haqqında mövzular təklif olunur.
İnşanı yazarkən şagird mövzunu açmalı, təklif olunan mövzuya bələd olduğunu göstərməli, mövzunu ümumiləşdirmək və məntiqi nəticə çıxarmaq qabiliyyətini nümayiş etdirməli, Azərbaycana dair məsələləri qlobal inkişaf çərçivəsində təhlil etməli, öz fikirlərini anlaşıqlı, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına və qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına müvafiq olaraq ifadə etməlidir.
İnşa səliqəli və aydın xətlə yazılmalıdır. Yazı işi şagirdin oxuduğu bölmədən asılı olaraq Azərbaycan dili və ya rus dilində yerinə yetirilməlidir.
Qiymət həm məzmunu, həm də yazı savadını nəzərə almaqla verilir. Yazı işi bır sıra meyarlar nəzərə alınmaqla "məqbul" və ya "qeyri-məqbul" ilə qiymətləndiriləcək. Bu meyarlar verilmiş mövzunun açılma səviyyəsi, yazıda əks etdirilən materialların, fakt və hadisələrin dəqiqliyi, məntiqi ardıcıllıq, abzaslararası rabitə, fakt və hadisələri təhliletmə qabiliyyəti, şagirdlərin mövzuya orijinal yanaşması, öz fikrini ifadə etmək bacarığı, fikirlərin yığcam, aydın və anlaşıqlı ifadə olunması, mühakimələrin və fikirlərin inandırıcılığı, yazı işinin ədəbi dilin leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına riayət etməklə tərtib olunmasıdır.
"Məqbul" qiyməti mövzunun qənaətbəxş səviyyədə açıldığı yazılara verilir. Belə yazılarda şagird mövzunu yaxşı bildiyini nümayiş etdirməli, fikirlərini aydın və rabitəli surətdə ifadə etməlidir. Yazı işi yaxşı tərtib olunmalı, səlis ədəbi dildə yazılmalı, müvafiq üslubun tələblərinə uyğun olmalıdır. Yazıda 4-5 fakt yanlışlığı, orfoqrafiya, durğu işarəsi səhvi və qrammatik səhv ola bilər.
"Qeyri-məqbul" qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, şagirdin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, yazının hissələri arasında məntiqi əlaqənin pozulduğu, çoxlu nitq səhvi olan yazılara verilir. Yazıda 6-7 fakt yanlışlığı, orfoqrafiya və durğu işarəsi səhvi, həmçinin 6-7 qrammatik səhv ola bilər.
Sərəncama əsasən, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılacaq.
Prezident İlham Əliyev Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Sərəncamda preambula hissəsində Azərbaycan dilinin inkişaf tarixinə dair faktlar öz əksini tapıb. Sərəncamda bildirilir ki, son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir.
Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması adi hal alıb. Dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsi bir qayda olaraq yüksək estetik tələblərə cavab vermir, onlar sönük və yarıtmazdır, dilimizin hüdudsuz ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədədir. Küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulması təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çevrilib.
Sərəncamda qeyd edilir ki, Azərbaycan dilində internet resurslarının qıtlığı, elektron və interaktiv dərsliklərin yoxluğu, Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsi narahatlıq doğurur. Sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində gedən proseslərdən təcrid olunması ilə ölkəmizdə dilçilik sahəsindəki nəzərə çarpan boşluq hələ də aradan qaldırılmayıb.
Sənəddə qeyd olunur ki, müasir dillərin nəzəri cəhətdən araşdırılmasına, eyni zamanda qədim dünya dilləri və mədəniyyətlərinin tədqiqinə yönələn yeni layihələr işləyib hazırlamalıdır.
Prezident dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə AMEA-ya Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının layihəsini hazırlayıb 2012-ci il oktyabr ayının 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməyi tapşırıb.
Sərəncamın digər bəndinə görə, Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Dövlət Proqramının layihəsini 2012-ci il noyabr ayının 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Bundan başqa Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası, həmçinin Azərbaycanda müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılacaq.
Mayın 23-də Bakı Funikulyoru əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
Son illər paytaxtda həyata keçirilən quruculuq tədbirləri, parkların və xiyabanların abadlaşdırılması, mədəniyyət ocaqlarının müasir tələblər səviyyəsində təmir edilməsi və inşası, nəqliyyat infrastrukturunun əsaslı şəkildə yenidən qurulması Bakını dünyanın inkişaf etmiş şəhərlərindən birinə çevirməkdədir. Paytaxtın gözəlliyinə xüsusi yaraşıq verən, şəhərimizin sakinlərinə və qonaqlarına xidmət göstərəcək Bakı Funikulyorunun əsaslı şəkildə yenidən qurulması da bu istiqamətdə həyata keçirilən məqsədyönlü quruculuq işlərinin davamıdır.
Bakı Funikulyoru 1960-cı il mayın 5-də istifadəyə verilmişdir. Funikulyorun ilk vaqonları o zaman xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq gətirilmişdir. İki stansiyadan ibarət funikulyorun vaqonu saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası intervalı 10 dəqiqə olan funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.
Bakı Funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən ötən il Bakı Funikulyorunun əsaslı şəkildə təmiri və yenidən qurulması işlərinə başlanılmışdır. Funikulyorun yeni layihəsi ən müasir standartlar əsasında işlənib hazırlanmışdır. Təmir və yenidənqurma işləri yüksək keyfiyyətlə həyata keçirilmişdir.
Dövlətimizin başçısı Bakı Funikulyorunun açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Funikulyorunun əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə yaxından tanış oldular.
Görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, funikulyorun aşağı və yuxarı vestibülləri, köhnə relsləri tamamilə təzələnmiş, yeni vaqonlar alınmışdır. Mexaniki və elektron qurğuları tamamilə dəyişdirilmiş funikulyorun hər iki stansiyası şüşədən hazırlanmışdır. Funikulyor mayın 29-dək paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına pulsuz xidmət göstərəcəkdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva funikulyorla yuxarı stansiyaya qalxdılar.
Bakı Funikulyoru ilə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı Azneft döngəsində, Mikayıl Hüseynov küçəsində inşa olunan yeraltı piyada keçidinin açılışında iştirak etmişlər.
Azərbaycan Prezidenti keçidin açılışını bildirən lenti kəsdi.
Nəqliyyat naziri Ziya Məmmədov yeraltı piyada keçidinin texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi. Uzunluğu 54, eni 6 metr olan yeraltı keçid Bəhram Gur abidəsi tərəfdən Dənizkənarı Milli parka və yeni inşa olunan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi istiqamətinə keçən piyadaların rahat gediş-gəlişinin təmin edilməsinə xidmət göstərəcəkdir. Yeraltı piyada keçidində müasir işıqlandırma sistemi quraşdırılmışdır. Keçidin inşası zamanı burada mövcud olan kommunikasiya sistemi yenilənmişdir.
Azərbaycan Prezidenti və xanımı yeni piyada keçidi ilə tanış oldular.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkda xüsusi memarlıq üslubunda inşa olunan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin fasadına baxdılar.
Dövlətimizin başçısı və xanımı Dənizkənarı Milli Parkın “Venesiya” adlanan ərazisində həyata keçirilən abadlıq və quruculuq işlərinin gedişi ilə maraqlandılar.
Dənizkənarı Milli Parka xüsusi gözəllik verən bu ərazidə abadlıq və quruculuq işlərinin ən yüksək standartlara uyğun şəkildə həyata keçirildiyi bildirildi. Burada əhalinin istirahəti üçün hər cür şəraitin yaradılacağı qeyd edildi.
Daha sonra Azərbaycan Prezidenti və xanımı Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər olan hissəsinə baxdılar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanının yaxınlığında tikilib istifadəyə verilən yeni iaşə obyektləri ilə də tanış oldular.
Bakıda sabah yağmursuz və küləkli hava şəraiti hökm sürəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.
Sabah əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 18-23 dərəcə isti olacaq.
Yaxın 2 gündə gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Azərbaycan prezidenti İlham Əliyev Yəmən prezidenti Abdurabbih Mənsur Hadiyə başsağlığı məktubu göndərib. Məktubda bildirilir: “Hörmətli cənab Prezident, ölkənizdə törədilmiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasına tərəfdar çıxırıq. Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Yəmən xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”