Milli Məclisin (MM) sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycanın parlament nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə yola düşüb.
Səfərdə məqsəd İstanbulda keçiriləcək BMT Sivilizasiyalar Alyansının Tərəfdaşlar Forumunda iştirak etməkdir. Nümayəndə heyətinin tərkibinə MM aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Forumun açılışında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Ban Ki Mun çıxış edəcəklər.
Tədbir çərçivəsində keçiriləcək sessiyalarda “Mədəniyyətlər ittifaqı və qlobal siyasət”, “Münaqişələrin qarşısının alınması və vasitəçilik”, “Qlobal sülhə baxış” mövzularında müzakirələr aparılacaq.
Səfər mayın 31-də başa çatacaq.
Mayın 31-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Mayın 31-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir. Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşıladılar. Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin önündən keçdi.
Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının rəhbər şəxsləri ilə görüşdü.
Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
Bu gün Azərbaycan Milli Məclisinin plenar iclasında 2012-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı müvafiq qanun layihəsi təsdiq olunub.
Dövlət büdcəsinin gəlirləri və xərcləri 600 mln. manat artırılmaqla gəlirlər 17 038 mln. manat, xərclər isə 17 672 mln. manata çatdırılıb.
Artımın strukturunda 300 mln. manatı ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə və sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın, 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində yaratdığı irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin başa çatdırılması, cari ildə ölkənin bəzi rayon və şəhərlərinin ərazisində normadan artıq yağan leysan yağışlarının, sel və daşqınların törətdiyi fəsadların (Saatlı, İmişli, Neftçala, Hacıqabul, Şirvan, Zərdab, Kürdəmir, Salyan, Sabirabad, Şamaxı) aradan qaldırılması, ölkədə ehtimal olunan təbii fəlakət və fövqəladə halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə xüsusi təyinatlı maşın və avadanlıqların alınması, Bakı şəhərinin bir sıra ərazilərində müəyyən edilmiş sürüşmə zonalarında müvafiq tədbirlərin görülməsi üçün əlavə maliyyə təminatının yaradılmasına yönəldiləcək. Bundan əlavə 200 mln. manatı Sovet dövründən qalan əmanətlərin qaytarılmasına büdcənin ehtiyat fondun götürülmüş vəsaitlərin bərpası üçün yenidən ehtiyat fonda qaytarılması üçün nəzərdə tutulur. Həmçinin 95 mln. manatı Bakı və rayonların infrastrukturun inkişafına, 45 mln. manatı təhlükəsizlik və hərbi quruculuğun gücləndirilməsinə yönəldiləcək. Göründüyü kimi, nəzərdə tutulan xərclərin həcmi 640 mln. manat təşkil edir və beləliklə nəzərdə tutulandan çoxdur. Bu səbəbdən qeyd olunmalıdır ki, həmin 40 mln. manatı büdcənin digər xərclərində qənaət hesabına əldə edilməsinə nəzərdə tutulur.
Maliyyə naziri Samir Şərifov bildirib ki, büdcə xərclərinin artırılması ölkədə inflyasiyaya təsir göstərməyəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il tarixli 2236 nömrəli Sərəncamının icrası ilə əlaqədar, ölkəmizdə dilçilik elmi üzrə araşdırmaların mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi, institutda fundamental tədqiqatların, monoqrafik əsərlərin hazırlanması və nəşrinin həyata keçirilməsi, dünyanın mötəbər kitabxanalarında, əlyazma fondlarında saxlanılan ana dilimizə aid qədim mənbələrin öyrənilməsi, həmçinin lüğətçilik sahəsində indiyədək toplanmış materialların elektron bazasının yaradılması və dialektoloji ekspedisiyaların təşkilinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına 2 (iki) milyon manat ayrılıb.
Milli Məclis Avropa Parlamentinin mayın 24-də Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı imzaladığı qətnaməyə etiraz sənədi qəbul edib. Sənədi Milli Məclisin vitse-spikeri Bahar Muradova oxuyub.
Sənəddə qeyd olunub ki, qətnamə Azərbayca Parlamenti tərəfindən təəssüf və narahatlıqla qarşılanır. Qətnamənin təcili olaraq Avropa Parlamentinin 56 deputatının iştirakı ilə qəbul olunması konstruktiv əməkdaşlığımızın ruhuna zidd kimi qiymətləndirilir.
Azərbaycanın demokratiyanın inkişafı məqsədilə məqsədyönlü iş apardığı qeyd olunan sənəddə bildirilir ki, ötən il Azərbaycanla Avropa Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün Avronest Parlament Assambleyası yaradılıb.
"Lakin qəbul olunan qətnamə Azərbaycanın həmin qurumla əməkdaşlığını faydasız edir", - etiraz sənədində deyilir.
Qeyd olunur ki, Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı yönəlmiş və qərəzli akt kimi qiymətləndirilsin.
Azərbaycan Milli Məclisinin etirazı qətnamənin qəbul olunmasında iştirak etməyən deputatlara ünvanlanacaq.
Sənədi vitse-spiker Bahar Muradova, deputatlar Rəbiyyət Aslanova, Azay Quliyev, Sahibə Qafarova, Fəzail İbrahimli və Fərəc Quliyevin daxil olduğu komissiya hazırlayıb.
"Azərbaycanla Avropa Parlamenti arasında əməkdaşlıq münasibətlərinə yenidən baxmağa ciddi əsaslar var".
bu fikirləri Milli Məclisdəki çıxışında YAP-ın icra katibi Əli Əhmədov Səməd Seyidovun Avropa Parlamenti ilə münasibətlərə yenidən baxılması ilə bağlı səsləndirdiyi bəyanatına münasibət bildirərkən deyib. O bildirib ki, parlament bununla bağlı özünün kəskin və aydın mövqeyini ortaya qoymalıdır: "Bu mövqe parlamentin böyük bir hissəsini təşkil edən YAP qrupunun mövqeyi kimi ortaya qoyulmalıdır. Qoy Azərbaycan parlamentində təmsil olunan deputatlar ədalətsiz mövqe ilə əlaqədar daha ciddi müzakirələr aparsın".
“Bir neçə gün öncə Azərbaycan beynəlxalq müsabiqəyə ev sahibliyi etdi. Avropanın 42 ölkəsinin iştirak etdiyi tədbirdə bütün müşahidəçilər tədbirin yüksək səviyyədə təşkil olunduğunu deyib”.
Bu fikirləri Milli Məclisin plenar iclasında spiker Oqtay Əsədov deyib.
Spiker bildirib ki, bu möhtəşəm tədbir bəzi anti-Azərbaycan qüvvələrində narazılıq yaradıb: “Bəzi ölkələrin mətbuatında gedən fikirləri eşitdik. Bu, Azərbaycana göstərilən qısqanclıq idi.”
O. Əsədov Avropa Parlamentinin mayın 24-də qəbul etdiyi qətnaməni tənqid edib: “Təəssüflər olsun ki, mayın 24-də 750 deputatdan yalnız 56 deputatın iştirakı ilə Azərbaycana qarşı qətnamə qəbul edilib. Mən bu qətnaməni pisləyirəm”.
O. Əsədov deyib ki, qətnaməyə Azərbaycanın müstəqil siyasətinə qısqanclıqla yanaşanlar, anti-Azərbaycan qüvvələri, erməni lobbisinin təsiri altına düşmüş bəzi qüvvələr imza atıb.
Qətnamə ilə bağlı Səməd Seyidov və Azay Quliyev də tənqidi fikirlər səsləndirib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib.
Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, 11-ci sinif şagirdləri imtahana gələrkən özləri ilə "İmtahana buraxılış vərəqəsi", şəxsiyyət vəsiqəsini (16 yaşına çatmayanlar şəkilsiz şəxsiyyət vəsiqəsi ilə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və şagirdin fotoşəkili yapışdırılmış arayışı) gətirməlidirlər.
9-cu sinif şagirdləri isə "İmtahana buraxılış vərəqəsini", şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnaməni, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkil yapışdırılmış arayışı gətirməlidirlər.
Buraxılış imtahanında iştirak edəcək əcnəbilər imtahana gələrkən "İmtahana buraxılış vərəqəsini", şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim etməlidirlər. 9-cu sinif şagirdləri qeyd olunan sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da təqdim etməlidirlər.
Qeyd edək ki, buraxılış imtahanlarının keçirilməsinə iyunun 2-dən başlanacaq. İyunun 2-də Bakı şəhəri üzrə 23914 nəfər XI sinif şagirdi, iyunun 3-də 34277 IX sinif şagirdi buraxılış imtahanı verəcək. İyunun 2-də həm də Gəncə, Abşeron, Mingəcevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsi şagirdləri Bakı şəhərinin məktəblərinin şagirdləri ilə imtahan verəcəklər.
Mayın 28-də Dənizkənarı Milli Parkdakı “Kiçik Venesiya şəhərciyi” əsaslı yenidənqurmadan sonra istifadə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
“Kiçik Venesiya şəhərciyi” 1960-cı ildə istifadə verilmişdir. 2011-ci il martın 30-da dövlətimizin başçısı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində aparılan tikinti işlərinin gedişi ilə tanış olarkən “Kiçik Venesiya şəhərciyi”nin yenidən qurulması ilə bağlı göstəriş vermişdir.
Prezident İlham Əliyevə məlumat verildi ki, əsaslı yenidənqurma işləri zamanı şəhərciyin ümumi strukturu saxlanılmaqla mövcud kanallar genişləndirilmiş, yeni qayıqlar gətirilmiş, əlavə körpülər və iki restoran inşa edilmişdir. Restoranlardan biri Qərb, digəri isə Şərq mətbəxinin ləziz nümunələrini müştərilərə təqdim edəcəkdir.
Görülmüş işlərdən razılığını bildirən dövlətimizin başçısı paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının burada istirahətinin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Sonra Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün Dənizkənarı Milli Parkın ərazisində inşa edilən yeni binada görülən işlərlə maraqlandı.
Mayın 28-də Bakının Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən müxtəlif səviyyəli yol qovşağının üçüncü kompleksi istismara verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyev kompleksin açılışını bildirən rəmzi lenti kəsdi.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına yol qovşağının tikintisi və texniki göstəriciləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, “Azəryolservis” ASC-nin sifarişi ilə “Azərkörpü” ASC tərəfindən inşa olunmuş bu yol qovşağının tikintisinə Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2006-ci il aprelin 11-də başlanmışdır. Layihəyə əsasən, üç kompleksdən ibarət olan bu qurğunun ümumi uzunluğu 3 min 145 metrdir. Qurğu doqquz körpü, körpü girişləri və qovşağın tərkib hissəsi olan avtomobil yollarından ibarətdir.
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Temperatur gecə 16-20, gündüz 24-29 dərəcə isti olacaq.
Bakıda gecə 17-19, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-85 faiz, gündüz 55-60 faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq. Temperaturun gecə 10-15, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 11-16, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq.
Temperaturun gecə 16-20, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Respublika Günü Bakı şəhərində möhtəşəm qeyd olunacaq.
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Milli.Az-a verilən məlumata görə, bu gün Dənizkənarı Milli Parkda konsert təşkil ediləcək. BŞİH-in təşkilatçılığı ilə keçiriləcək konsert saat 21:00-da başlanacaq və saat 23:00-da bitəcək.
Konsert üçün Saat qülləsinin qarşısında səhnə qurulub. Tədbirə möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etmişdir.
Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Bu gün Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur.
Uzun bir dövr Azərbaycan Rusiyanın müstəmləkəsi olmuşdur. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparmışdır.
XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olmaları və milli dövlətlərin yaranması əsri kimi də daxil olmuşdur.
1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Demokratik Cümhuriyyətini elan etdilər.
ADC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üç rəngli bayrağında türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq ADC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və Respublika süqut etdi.
Respublika Günü - dövlət müstəqilliyinin bərpası günü - 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur.
Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günü elan edilib.
Bakının ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsi başa çatmışdır. İsveçli 28 yaşlı müğənni Loren 42 ölkənin səs verməsi nəticəsində “Eyforiya” mahnısı ilə “Eurovision-2012”nin qalibi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri möhtəşəm “Baku Crystal Hall”a gələrək “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsini izləmişlər.
Artıq 57-ci ildir ki, davam edən “Eurovision” mahnı müsabiqəsinin ən çox gözlənilən mərhələsi məhz yarışmanın final günüdür. İki yarımfinaldan finala vəsiqə qazanmış və müsabiqənin əsas beşliyi, həmçinin ötən ilki yarışmanın qalibi Azərbaycanın da birbaşa iştirak etdiyi “Eurovision-2012” mahnı müsabiqəsinin ən maraqlı və həyəcanlı məqamı şübhəsiz ki, qalibin adının açıqlanacağı gün idi. Final günü “Baku Crystal Hall”a ardı-arasız kəsilməyən insan axını da məhz bununla əlaqədar idi. Artıq iki həftə idi ki, Avropa musiqisevərlərinin və tamaşaçılarının diqqəti müasirliyi, sürətli inkişafı və gözəlliyi ilə çoxsaylı qonaqlarını valeh edən, hər bir turistə xoş anlar yaşadan Odlar yurdu Azərbaycanın paytaxtı Bakıya yönəlmişdi.
Nəhayət, mayın 26-da Bakı vaxtı ilə saat 00:00-da müsabiqənin səbirsizliklə gözlənilən final mərhələsi başlandı. Avropa möhtəşəm final şousunun açılış mərasimində Azərbaycanın rəngarəng milli musiqisi ilə bir daha tanış oldu.
“Eurovision-2012” mahnı müsabiqəsinin finalı Azərbaycanın qədim milli musiqi aləti balabanda həzin ifa ilə başladı. Tamaşaçıları sülh rəmzi olan ağ geyimlərdə salamlayan şounun aparıcıları - Leyla, Eldar və Nərgiz Azərbaycan, ingilis, fransız və alman dillərində Avropaya səsləndilər.
Final şousu Azərbaycanın dünya şöhrətli muğam ustası, Xalq Artisti Alim Qasımovun möhtəşəm ifası ilə davam etdi. “Natiq” ritm qrupunun unudulmaz ifası, həmçinin “Eurovision-2012”in qalibləri Eldar Qasımov və Nigar Camal “Running Scared” mahnısı hər kəsə gözəl anlar bəxş etdi.
Sonra finalda birincilik uğrunda mübarizə aparan 26 ölkənin - Böyük Britaniya, Macarıstan, Albaniya, Litva, Bosniya və Herseqovina, Rusiya, İslandiya, Kipr, Fransa, İtaliya, Estoniya, Norveç, Azərbaycan, Rumıniya, Danimarka, Yunanıstan, İsveç, Türkiyə, İspaniya, Almaniya, Malta, Makedoniya, İrlandiya, Serbiya, Ukrayna və Moldovanın təmsilçilərinin hər biri üç dəqiqə ərzində möhtəşəm şou nümayiş etdirdi.
“Eurovision” mahnı müsabiqəsinin qaydalarına əsasən, müsabiqənin finalından bir gün əvvəl münsiflər səs verirlər. Final şousu başa çatanadək gizli saxlanılan münsiflərin verdiyi səslər müsabiqənin yekununda tamaşaçı səsləri ilə toplanır.
Səsvermə intervalı aktında iyirmi altı ölkənin təmsilçilərinin final şousundakı çıxışlarının ən maraqlı məqamları bir daha nümayiş olundu. Beləliklə, iştirakçı ölkələr səs verməyə başladılar.
Səsvermə prosesinin davam etdiyi müddətdə “Baku Crystal Hall”un səhnəsinə 68 musiqiçi heyəti ilə tanınmış azərbaycanlı bəstəkar və müğənni Emin Ağalarov çıxdı. “Never Enough” mahnısı ilə bütün Avropa qarşısında çıxış edən Emin Ağalarov səsvermə zamanı yaşanan həyəcanı maraqlı ifası ilə yumşaltmağa müvəffəq oldu.
Nəhayət, müsabiqənin səsvermə prosesi dayandırıldı və həm tamaşaçıların, həm də münsiflər heyətlərinin səslərinin toplanmasına başlanıldı.
Beləliklə, 42 ölkənin iştirak etdiyi səsvermə prosesində “Baku Crystal Hall”a ilk olaraq Albaniya qoşuldu. İştirakçı ölkələrin əksəriyyətinin mühüm hesab edilən 8, 10, 12 səslərini İsveçə verməsi çoxları təəcübləndirmədi. Çünki müsabiqənin ilk günlərindən məhz İsveçin qələbəsinə inananlar çox idi. Bununla da ən çox səs qazanan İsveç təmsilçisi Loren müsabiqənin qalibi oldu.
Azərbaycan isə “Eurovision-2012” mahnı müsabiqəsində dördüncü yerdə qərarlaşdı. Ukrayna, Malta, Litva, Türkiyə ən yüksək -12 səsini, Gürcüstan, Moldova, Bolqarıstan, İsrail 10 səsini, Kipr isə 8 səsini Azərbaycanın hesabına yazdırdı.
Azərbaycandan verilən səslərin nəticələrini 2010-cü ildə Norveçdə keçirilən “Eurovison” mahnı müsabiqəsində ölkəmizin təmsilçisi olmuş Səfurə Əlizadə elan etdi. Səfurə Azərbaycanın 8 səsi Maltaya, 10 səsi Rusiyaya, 12 səsi isə qardaş Türkiyəyə verdiyini elan etdi. Səsverməyə sonuncu İrlandiya qoşuldu. Bununla da 372 səs alan İsveç müsabiqənin birincisi oldu. Rusiya ikinci, Serbiya üçüncü, Azərbaycan isə dördüncü yerləri tutdular.
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”. Azərbaycan prezidenti İlham Əliyev bu fikri “Buta” sarayında 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbuldakı çıxışı zamanı işlədib.
Dövlət başçısı bildirib ki, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Cümhuriyyətin müstəqilliyinin çox qısamüddətli olduğunu qeyd edən dövlət başçısı bu iki il ərzində böyük işlərin görüldüyünü, mühüm dövlət strukturlarının və atributlarının yaradıldığını vurğulayıb.
Cümhuriyyətin süqutundan sonra Azərbaycanda sovet dövrünün başlandığını qeyd edən prezident İlham Əliyev bütün çətinliklərə və ideoloji çərçivələrə baxmayaraq, o dövrün də Azərbaycan üçün uğurlu olduğunu bildirib.
Azərbaycanın 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illərinin çətin keçdiyini, həmin dövrdə hökm sürən anarxiya, xaos, hakimiyyətsizlik və özbaşınalığın ölkəmiz üçün böyük təhlükə olduğunu deyən prezident İlham Əliyev 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısının alındığını, respublikada sabitliyin yarandığını, inkişaf dövrünün başlandığını, dövlətçiliyimizin əsaslarının formalaşdırıldığını və ümumi inkişaf strategiyasının müəyyənləşdirildiyini diqqətə çatdırıb.
Dövlət başçısı 1993-2003-cü illərdə ölkəmizin böyük, uğurlu yol keçdiyini vurğulayıb.
Bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmləndiyini, regional müstəvidə təsir imkanlarının artdığını, iqtisadiyyatın inkişaf etdiyini vurğulayan dövlət başçısı, digər sahələrdə də respublikamızın sürətlə inkişaf etdiyini deyib. Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil etdiyini deyən prezident İlham Əliyev ötən il müstəqilliyinin 20-ci ildönümünü qeyd edən gənc respublikamızın 155 ölkənin etimadını qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini xarici siyasətimizin düzgün olduğunun bariz nümunəsi kimi səciyyələndirib. Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz dünya birliyinin bizə olan münasibətini göstərir və hazırda Azərbaycan Təhlükəsizlik Şurasına sədrlik edir.
“Ölkə qarşısında duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir”, deyən prezident İlham Əliyev bu istiqamətdə heç bir nəticənin olmamasından təəssüfləndiyini vurğulayıb. Münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həlli ilə bağlı nüfuzlu beynəlxalq təşkilatların kifayət qədər qətnamə və qərarlarının olduğunu diqqətə çatdıran dövlət başçısı bu istiqamətdə bir neçə gün əvvəl Çikaqoda keçirilən NATO zirvə görüşündə çox əsaslı və ədalətli qətnamənin qəbul edildiyini deyib.
“Bu gün iqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider ölkədir”, deyən prezident İlham Əliyev beynəlxalq kredit agentlikləri tərəfindən Azərbaycanın kredit reytinqlərinin yüksək qiymətləndirildiyini bildirib. O qeyd edib ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi təmin olunur, neft və qazdan asılılıq azaldılır, özəl sektorun inkişafına böyük dəstək verilir. Hazırda iqtisadiyyatımızın 80 faizi özəl sektorda formalaşır.
Azərbaycanın qonşuları ilə beynəlxalq hüquq prinsipləri, qarışlıqlı hörmət və etimad əsasında, bir-birinin işinə qarışmamaq şərti ilə münasibət qurmağa çalışdığını deyən dövlət başçısı ölkəmizin bu yaxınlarda Qoşulmama Hərəkatına üzv olduğunu diqqətə çatdırıb. Prezident bildirib ki, bu təşkilatda Azərbaycana qarşı böyük rəğbət, inam var və ölkəmiz bu vəziyyətdən istifadə edib daha da çox dostlar qazanacaq.
Prezident İlham Əliyev ölkəmizin sosial-iqtisadi inkişafı və hüquqi-demokratik dövlət quruculuğu prosesinin bundan sonra da uğurla davam edəcəyini diqqətə çatdıraraq, Azərbaycan xalqını bir daha Respublika Günü münasibətilə təbrik edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Milli Məclisin İqtisadi siyasət Komitəsinin iclasında Azərbaycanın 2012-ci il üçün dövlət büdcəsinə təklif edilən bir sıra əlavə və dəyişikliklər müzakirə edilib.
Dövlət büdcəsinin gəlirləri və xərcləri 600 mln. manat artırılmaqla gəlirlər 17 038 mln. manat, xərclər isə 17 672 mln. manata çatdırılacaq.
Artımın strukturunda 300 mln. manatı ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə və sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın, 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində yaratdığı irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin başa çatdırılması, cari ildə ölkənin bəzi rayon və şəhərlərinin ərazisində normadan artıq yağan leysan yağışlarının, sel və daşqınların törətdiyi fəsadların (Saatlı, İmişli, Neftçala, Hacıqabul, Şirvan, Zərdab, Kürdəmir, Salyan, Sabirabad, Şamaxı) aradan qaldırılması, ölkədə ehtimal olunan təbii fəlakət və fövqəladə halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə xüsusi təyinatlı maşın və avadanlıqların alınması, Bakı şəhərinin bir sıra ərazilərində müəyyən edilmiş sürüşmə zonalarında müvafiq tədbirlərin görülməsi üçün əlavə maliyyə təminatının yaradılmasına yönəldiləcək.
Bundan əlavə, 200 mln. manat Sovet dövründən qalan əmanətlərin qaytarılmasına büdcənin ehtiyat fondun götürülmüş vəsaitlərin bərpası üçün yenidən ehtiyat fonda qaytarılması üçün nəzərdə tutulur. Həmçinin 95 mln. manat Bakı və rayonların infrastrukturun inkişafına, 45 mln. manat təhlükəsizlik və hərbi quruculuğun gücləndirilməsinə yönəldiləcək.
Göründüyü kimi, nəzərdə tutulan xərclərin həcmi 640 mln. manat təşkil edir və beləliklə nəzərdə tutulandan çoxdur. Bu səbəbdən qeyd olunmalıdır ki, həmin 40 mln. manatı büdcənin digər xərclərində qənaət hesabına əldə edilməsinə nəzərdə tutulur.
Müzakirələrdə çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, büdcə xərclərinin artırılması ölkədə inflyasiyaya təsir göstərməyəcək.
Müzakirələr nəticəsində dövlət büdcəsinə əlavə və dəyişikliklər parlamentin plenar iclasına tövsiyə edilib.
Azərbaycanın Zaqatala bölgəsində zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Ragim Lətifov bildirib.
Nazir müavinin sözlərinə görə, tədbirlər çərçivəsində 22 komissiya yaradılıb. Komissiyalara FHN və yerli qurumların nümayəndələri daxil edilib. Ərazilərdə vəziyyətin araşdırılması üçün xüsusi qruplar da yaradılıb və onlar tikililərə baxış keçirir: “İlk olaraq qeyri-yaşayış obyektlərində işlərə start verilib”.
Qəzalı evlərin söküntüsünə başlandığını deyən R. Lətifov bildirib ki, söküntüyə Mülki Müdafiə Qoşunları, yerli icra hakimiyyətinin, podratçı şirkətlərin nümayəndələri və yerli əhali cəlb olunub: «Söküntüdən əvvəl qəzalı vəziyyətində olan evlərin fotoşəkilləri çəkilir. Qəzalı evlərdən əşyaların çıxarılmasını isə Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti həyata keçirir, bu işə sakinlər buraxılmır. Xoşbəxtlikdən qəzada zərər çəkən olmayıb, istəmirik ki, əşyaların daşınması zamanı da kimsə xəsarət alsın».