Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il tarixli 2236 nömrəli Sərəncamının icrası ilə əlaqədar, ölkəmizdə dilçilik elmi üzrə araşdırmaların mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi, institutda fundamental tədqiqatların, monoqrafik əsərlərin hazırlanması və nəşrinin həyata keçirilməsi, dünyanın mötəbər kitabxanalarında, əlyazma fondlarında saxlanılan ana dilimizə aid qədim mənbələrin öyrənilməsi, həmçinin lüğətçilik sahəsində indiyədək toplanmış materialların elektron bazasının yaradılması və dialektoloji ekspedisiyaların təşkilinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına 2 (iki) milyon manat ayrılıb.