Bakının Nərimanov rayonunda güclü yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, yanğın ümumi sahəsi 900 kv.m olan anbarda meydana gəlib.
Yanğın zamanı anbarda olan “Hyundai Tucson” markalı minik avtomobilinin yanar hissələri, “Hyundai Sonata” markalı minik avtomobilinin qapıları və 80 kv.m sahəyə yığılmış yağ çəlləkləri yanıb. Anbar və anbarda olan digər avtomobillər (33 ədəd) yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Yanğın saat 11:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakı şəhəri, Qaradağ rayonunda IVECO markalı sərnişin avtobusu və KAMAZ markalı yük avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat verir ki, nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. IVECO markalı sərnişin avtobusunda xəsarət almış sərnişinlər Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.
Digər sərnişin Abdullayeva Xanım Qəzənfər qızı aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə Abdullayevanın cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib, habelə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə iyunun 18-də Parisdə görüşəcəklər. Bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
"Biz ermənistanlı həmkarım Edvard Nalbandyan və həmsədrlərlə iyunun 18-də Parisdə görüşəcəyik", - Məmmədyarov deyib.
Nazirin sözlərinə görə, cəbhə xəttində insanların ölməsi Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə mənfi təsir edir.
"Münaqişə həll edilməyənədək belə insidentlər, təəssüf ki, davam edəcək, buna görə də biz Ermənistanı böyük sülh sazişi üzərində işləməyə başlamağa çağırırıq", - Məmmədyarov qeyd edib.
Onun sözlərinə görə, Parisdə görüşdə Azərbaycan Ermənistan tərəfinə başa salmağa çalışacaq ki, bundan sonra da status-kvonun saxlanması qəbuledilməzdir.
Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ABŞ dövlət katibi Hillari Klintonla danışıqların da əsas mövzusu olacaq.
"Biz həmişə başa düşmüşük ki, bu mövzu olduqca həssasdır və həm beynəlxalq vasitəçilər, həm də münaqişə tərəfləri uzanan münaqişədən çıxış yolu tapmalıdır", - nazir vurğulayıb.
Məmmədyarovun sözlərinə görə, Azərbaycan Ukraynanın gələcəkdə ATƏT-ə həmsədrliyinə böyük ümidlər bəsləyir.
İyunun 5-də Bakı Sərgi Mərkəzində XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlamışdır.
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Sərgidə dünyanın 35 ölkəsindən 304 şirkət təmsil olunur. Ekspozisiyanın 40 faizindən çoxu dünyada tanınmış iqtisadi qurumların payına düşür. Onların əksəriyyəti bu sərginin daimi iştirakçılarıdır. Almaniya, Böyük Britaniya, Çin, Rusiya və Türkiyənin milli qrupları üçün pavilyonlar əvvəlcədən sifariş olunmuşdur. Sərgidə iştirak etmək arzusunda olan MDB, Avropa və Şərqi Asiya ölkələrində fəaliyyət göstərən şirkətlərin sayı xeyli artmışdır. İlk dəfə olaraq, bu il sərgidə Vyetnam milli neft şirkəti də iştirak edir.
Ekspozisiya sahəsinin 59 faizi xarici şirkətlər üçün ayrılmışdır. Qalan ekspozisiya sahəsi isə yerli istehsalçılar və xarici şirkətlərin yerli nümayəndəlikləri üçün nəzərdə tutulmuşdur. Sərgiyə olan daimi marağı sübut edən əsas fakt ondan ibarətdir ki, ekspozisiyanın 10 faizini əvvəllər Azərbaycan bazarında fəaliyyət göstərməmiş yeni şirkətlərin stendləri təşkil edir.
Bütövlükdə, bütün sərgi ekspozisiyasının ümumi artımı 15 faizdir. Sərgi sahəsinin və iştirakçı şirkətlərin sayının artması Azərbaycanın neft və qaz sahəsinin sürətlə inkişaf etdiyini və dünya miqyasında böyük nüfuz qazandığını deməyə əsas verir.
Sərgi və konfransı açan Böyük Britaniyanın İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu Vud dövlətimizin başçısını salamladı.
Prezident İlham Əliyev sərgi və konfransın açılış mərasimində nitq söylədi.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq Prezident Barak Obamanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Piter Beytman isə Baş nazir Deyvid Kemeronun dövlətimizin başçısına təbrik məktublarını oxudular.
Açılış mərasimindən sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu. Sonra dövlətimizin başçısı fəxri qonaqlar kitabını imzaladı. Prezident İlham Əliyev pavilyonlarla tanışlıqdan sonra sərgi və konfransın işinə uğurlar arzuladı.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin Azərbaycan və rus bölmələrində, həmçinin Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsində təhsil alan XI və IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, nəticələr TQDK-nın internet saytında yerləşdirilib.
Bu imtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı, Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.
İyun ayının 2-də tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
“Bu gün bir neçə ölkənin balansında Azərbaycan nefti 25, 30, 35 faiz təşkil edir”
Azərbaycan prezidenti İlham Əliyev XIX Xəzər Neft-Qaz Konfransında çıxış edib. Prezident çıxışında bildirib ki, bu gün Azərbaycanın enerji resursları tam şəkildə Azərbaycan xalqının xidmətindədir.
Azərbaycanın neft-qaz sektorunda həyata keçirilən layihələrdən danışan prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın neft-qaz sektoruna qoyulan investisiyaların həcmi 50 milyard dollar səviyyəsindədir. Ümumilikdə isə ölkə iqtisadiyyatına 1995-ci ildən bu günə qədər qoyulan investisiyaların həcmi 120 milyard dollar təşkil edir. Dövlət başçısı deyib ki, ötən əsrin 90-cı illərinin ortalarından Azərbaycanın neft siyasətində islahatlar aparılır, təzyiqlərə baxmayaraq, məqsədlərə nail olunub: “Bakı-Tbilisi-Ceyhan neft kəməri təkcə Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün deyil, yeni marşrut baxımından da əhəmiyyətli idi və yeni dəhliz açıldı. Buz bu dəhliz vasitəsilə pəncərədən başlayaraq qapı açdıq. ARDNŞ-i dünya miqyaslı nəhəng neft şirkətinə çevirməyə nail olduq. Neft bizim əlimizdə müasir dövlət yaratmaq üçün vasitədir. Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətə başlaması neft gəlirləri üzərində şəffaflığı təmin etdi. Bu gün bizim valyuta ehtiyatlarımız 40 milyard dolları ötüb. Gələcəkdə bu məbləğ daha da artacaq. Bu isə qeyri-neft sektorunun inkişafına təkan verir. Dünya birliyi ilə əlaqələrin möhkəmləndirilməsində neft-qaz amili öz rolunu oynayır. Bu gün bir neçə ölkənin balansında Azərbaycan nefti 25, 30, 35 faiz təşkil edir. Hazırda müxtəlif istiqamətlərə neft-qaz daşıyan 7 kəmərimiz var. Biz bir yoldan asılı deyilik. Əlbəttə, bir mənbədən asılılıq yaxşı deyil. Bizim enerji siyasətimiz açıq və xoşniyyətlidir. Hesab edirik ki, enerji amilindən hansısa siyasi məqsədlər üçün istifadə edilməməlidir. Biz bəzi dövlətlərin çətin anında yardım əli uzatdıq. Hesab edirik ki, Azərbaycan bu sahədə də nümunə ola bilər. Bizim üçün dövlət olaraq ilk növbədə Azərbaycanın milli maraqlarıdır. Enerji təhlükəsizliyi müstəqilliyi təmin edir. İqtisadi müstəqillik olmadan siyasi müstəqillik ola bilməz. Biz enerji resursların ixracında müstəqilik”.
Prezident İlham Əliyev daha sonra deyib ki, bu gün Azərbaycanın müstəqilliyi tam və şərtsizdir: “Bəzi ölkələrin neft və qaz ehtiyatı bizdən çoxdur. Amma iqtisadiyyatı birtərəflidir, neft və qazdan asılıdır”.
Azərbaycanın iqtisadiyyatı inkişafı barədə danışan ölkə başçısı deyib ki, son 8 ildə ölkə iqtisadiyyatı və sənaye istehsalı 3 dəfə artıb, yoxsulluq azalıb. Qeyri-neft sektorunda 1 milyon iş yeri açılıb. Son iki ildə 2 böyük qaz yatağı kəşf edilib. İlkin hesablamalara görə bu yataqlarda 600-700 milyard kubmetr qaz ehtiyatı var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir: “Qaz sahəsində həlledici məqama gəlmişik. “Şahdəniz-2” layihəsi yaxınlaşır. Azərbaycan uzun müddətli qaz strategiyasına demək olar ki, hazırdır”.
Dövlət başçısı deyib ki, bu gün investorlar, hasilatçılar, təchizatçılar arasında anlaşma olarsa, inkişaf olar: “Azərbaycan neft-qaz sektorunda xoşməramlı siyasət yürüdür və əməkdaşlığa həmişə açıqdır”.
Qeyd edək ki, tədbirdə ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeronun təbrik məktubları da oxunub.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 15-20° isti, gündüz 28-33° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 30-32° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 757 millimetr civə sütununadək enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaq.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Şıx, Sahildə 23-24° olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında gün ərzində hava əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli az yağış yağacağı ehtimalı var. Temperaturun gecə 14-19° isti, gündüz 31-36° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gün ərzində hava əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli az yağış yağacağı ehtimalı var. Temperaturun gecə 9-14°, gündüz 20-25° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 15-20°, gündüz 29-34° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gün ərzində əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli az yağış yağacağı ehtimalı var. Temperaturun gecə 13-18°, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Temperaturun gecə 15-20°, gündüz 31-36° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 15-20° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 23-28° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz: İyunun 5-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. İyunun 6-7-də meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən, əlverişlidir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan və Ermənistan KİV rəhbərlərinin Moskvada keçirilən görüşünə münasibət bildirib.
Polad Bülbüloğlu görüşün normal şəraitdə keçirdiyini söyləyib: “Belə görüşlər iki ölkənin jurnalistləri arasında əlaqələri yaratmaq üçün vacibdir”. Səfir Azərbaycan və Ermənistan nümayəndə heyətinin ilk olaraq “Moskva 24” televiziya kanalında olduqlarını söyləyib: “Daha sonra “Rossiyskaya qazeta”da görüş olub. Burda keçirilən görüşdə “Rossiyskaya qazeta”nın baş redaktoru Vladislav Fronin və baş direktoru Pavel Neqoitsa da iştirak edirdilər. Pavel Neqoitsa “Rossiyskaya qazeta”nın artıq ikinci dəfədir ki, belə nümayəndə heyətini qəbul etdiyini söyləyib. O, bundan qabaq iki ölkənin ziyalılarının görüşünün bu redaksiyada keçirildiyini xatırladıb. Belə görüşlərə ev sahibliyi elədiklərindən məmnun olduğunu bildirib.
P. Bülbüloğlu görüşdə iştirak edən Ermənistanın Rusiyadakı səfiri Oleq Esayanın konstruktiv mövqedən çıxış etdiyini söyləyib: “Ermənistanın səfiri çıxışında bu gün keçirilən görüşün səbəbinin siyasi məsələni həll etmək olmadığını bildirib. O, görüşün tərəflər arasında əlaqələrin yaradılmasına xidmət etdiyini söyləyib”.
Səfir iki ölkənin media rəhbərlərinin görüşündə tərəflərin öz mövqelərini bildirdiklərini söyləyib: “Ümumi mövqe ondan ibarət oldu ki, jurnalistika vətənpərvər olmalıdır, lakin tendensiyalı yox. Dövlət şəxslərini, xalqın nümayəndələrini təhqir etmək olmaz. Müzakirələri normal jurnalistika çərçivəsində aparmaq lazımdır. Tərəflər belə təklif irəli sürdülər ki, görüşlər keçirmək üçün daimi qrup yaradılsın. Bunun jurnalistlər arasında əlaqələrin möhkəmlənməsinin xeyrinə olacağı bildirilib. O da qeyd olunub ki, biz bir regionda yaşayırıq və heç kəs bu regionu tərk edən deyil.”
Sabah Abşeron rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə ARDNŞ-dən məlumat verilib.
Məlumatda deyilir ki, təmir işləri ilə əlaqədar 5 iyun 2012-ci il tarixdə saat 10-dan 17-dək “Ceyranbatan” Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
Azərbaycan prezidenti İlham Əliyev XIX Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2012” sərgisi və konfransının iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“Hörmətli sərgi və konfrans iştirakçıları!
Sizi XIX Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2012” sərgisi və konfransının açılışı münasibətilə səmimi qəlbdən salamlayıram. Hamınıza cansağlığı və işlərinizdə müvəffəqiyyətlər diləyirəm.
Bu mötəbər ənənəvi tədbirin bünövrəsi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən elan edilmiş yeni neft siyasəti ilə eyni vaxtda, 1994-cü ildə qoyulub. Həmin dövrdən Bakıda ardıcıl keçirilən belə mühüm sərgi və konfransların ölkəmizin müəllifi və ya bilavasitə iştirakçısı olduğu strateji layihələrin həyata keçirilməsində, cəlbedici təşəbbüslərin beynəlxalq işgüzar dairələrə çatdırılmasında, dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsində və qlobal tərəfdaşlığın qurulmasında böyük rolu var.
Azərbaycan hazırda Avrasiya məkanında həm dayanıqlı infrastruktura və şaxələnmiş neft-qaz kəmərləri sisteminə malik etibarlı enerji daşıyıcıları təchizatçısı kimi tanınır, həm də xarici bazarlarda nüfuzlu investor kimi çıxış edir.
Respublikamızın başlatdığı daha bir irimiqyaslı layihə ən müasir tələblərə cavab verən neft-kimya kompleksinin yaradılmasıdır. Əməkdaşlıq üçün geniş perspektivlər açan bu meqalayihə Azərbaycanın neft-qaz emalı sənayesini keyfiyyətcə yeni mərhələyə çıxarmaqla ixrac potensialını əhəmiyyətli dərəcədə artıracaq.
Builki sərgi və konfransda 30-dan artıq ölkənin 300-dən çox şirkəti iştirak edir. Əminəm ki, bu görüşünüz də qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsi və uzunmüddətli inkişaf istiqamətlərinin müəyyən olunmasına öz dəyərli töhfəsini verəcək”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunye ilə görüşüb. XİN mətbuat xidmətindən verilən məlumata görə, nazir E. Məmmədyarov andorralı həmkarı G. Sunyenin ölkəmizə səfərini yüksək qiymətləndirib və iki ölkə arasında münasibətlərin inkişafına xidmət edəcəyini vurğulayıb.
Öz növbəsində qonaq Andorra hökuməti adından Azərbaycana səfər etməkdən böyük məmnunluq hissi keçirdiyini həmsöhbətinin diqqətinə çatdırıb. Ölkəsi haqqında məlumat verən nazir G. Sunye, iki ölkə arasında diplomatik münasibətlərin çox uğurla inkişaf etdiyini qeyd edib və ölkəsinin Azərbaycanla bir çox sahələrdə, o cümlədən turizm və təhsil sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkənin şimal-qərbində baş vermiş zəlzələ ilə əlaqədar yenidən Zaqatalaya səfər edib.
K. Heydərov Zaqatalada yaradılan qərargahda olub. Nazir Qax, Zaqatala və Balakən rayonlarının icra başçıları ilə birgə zəlzələ bölgəsindəki son vəziyyəti müzakirə edib.
K. Heydərov zəlzələdən zərər çəkmiş bir neçə kənddə olub, yerli sakinlərlə görüşüb, aparılan təmir-tikinti və yenidənqurma işləri ilə birbaşa yerində tanış olub.
Qeyd edək ki, mayın 7-də Zaqatalada iki güclü zəlzələ baş verib. Nəticədə 3000 mindən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb.
İclasda “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” konstitusiya qanunu layihəsi ikinci oxunuşda müzakirə ediləcək
Azərbaycan Milli Məclisinin (MM) növbədənkənar sessiyasının ilk plenar iclası iyunun 12-də keçiriləcək. MM mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun verdiyi məlumata görə, iclasda ümumilikdə 10 məsələ müzakirə olunacaq.
İclasın gündəliyinə “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” konstitusiya qanunu layihəsinin ikinci oxunuşu və Tikinti və Şəhərsalma Məcəlləsinin ikinci oxunuşu daxildir. Həmçinin, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Kommersiya sirri haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsi, Vergi Məcəlləsi və digər qanunlara əlavə və dəyişikliklər daxildir.
Qeyd edək ki, MM-in daha bir neçə növbədənkənar plenar iclası keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunyeni qəbul etmişdir.
Nazir Gilbert Saboya Sunye Andorra hökuməti adından Azərbaycana ilk rəsmi səfərə gəlməsindən şərəf hissi keçirdiyini dedi. O, Azərbaycanı yaxından tanımaq və Andorranın ölkəmizdə tanınması baxımından bu səfərin yaxşı imkan yaratdığını bildirdi. Xalqlarımızın qədim tarixə malik olduğunu vurğulayan Gilbert Saboya Sunye Azərbaycanın yaxşı inkişaf perspektivlərinin olduğunu qeyd etdi.
Prezident İlham Əliyev ölkələrimizin bir-birini yaxından tanıması üçün bu cür səfərlərin bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı səfər zamanı ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yaradılması ilə bağlı imkanların müzakirə ediləcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul etmişdir.
Baş katib Ekmələddin İhsanoğlu ölkəmizdə “Eurovision-2012” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkili və keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə daim dəstək verdiyini vurğulayan Ekmələddin İhsanoğlu bu dəstəyin bundan sonra da davam etdiriləcəyini dedi.
Görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edildi, bu əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Sabah Bakıda havanın temperaturu 33 dərəcəyə yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti olacağı gözlənilir.
Respublikanın rayonlarında isə hava gün ərzində əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
İyunun 5-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
İyunun 6-7-də meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı şəhərində Azərbaycan və rus bölməsində, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında isə rus bölməsində təhsil alan ümumtəhsil müəssisələrinin XI sinif şagirdləri üçün buraxılış imtahanı keçirib.
TQDK-dan verilən məlumata görə, buraxılış imtahanı Bakı şəhərinin 11 rayonunda yaradılmış 53 imtahan mərkəzində - Nərimanov rayonunda 5, Səbail rayonunda 3, Yasamal rayonunda 5, Nəsimi rayonunda 4, Nizami rayonunda 4, Binəqəd rayonunda 6, Sabunçu rayonunda 6, Xətai rayonunda 6, Suraxanı rayonunda 5, Xəzər rayonunda 5, Qaradağ rayonunda 4 binada saat 11:00-da başlanıb və saat 13:00-da başa çatıb.
«İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur», - deyə TQDK-dan bildirilib.
Bununla yanaşı TQDK rəsmiləri təəssüflə qeyd ediblər ki, dəfələrlə edilmiş elan və xəbərdarlıqlara baxmayaraq, bəzi şagirdlər imtahan binasına hər iki sənədi və ya sənədlərindən biri olmadan yaxınlaşıb: «Qaydalara uyğun olaraq həmin şagirdlər imtahana buraxılmayıblar. Bəzi şagirdlərin isə imtahan binalarına mobil telefon, eləcə də digıər köməkçi vasitələrlə keçmək cəhdlərinin qarşısı alınıb».
İlkin məlumatlara əsasən, müxtəlif binalarda 7 şagirdin üzərində mobil telefon aşkarlanıb və onlar imtahandan xaric edilərək nəticələri ləğv edilib. Bəzi şagirdlərin isə imtahan zalından qaydalara zidd olaraq sual kitabçasını çıxarmaq cəhdlərinin qarşısı alınıb.
Qeyd edək ki, TQDK iyunun 3-də Bakı şəhərində Azərbaycan və rus bölməsində, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında isə rus bölməsində təhsil alan ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, günün birinci yarısında arabir tutulacağı, gündüz əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 16-21° isti, gündüz 25-30° isti olacaqdır.
Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 765 millimetr civə sütununadək yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Şıx, Sahildə 23-24° olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 13-18° isti, gündüz 29-34° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz əsasən, yağmursuz keçəcəkdir.
Temperaturun gecə 7-12°, gündüz 18-23° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında gündüz hava əsasən, yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 14-18°, gündüz 26-31° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 13-18°, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava gündüz əsasən, yağmursuz keçəcəkdir. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 15-20° isti, gündüz 26-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 21-26° isti olacağı gözlənilir.
Batumi şəhərindəki Azərbaycanın Baş Konsulluğunun qarşısında Naxçıvan Muxtar Respublikasına səfər edəcək asma xəstəliyindən əziyyət çəkən, valideynindən məhrum olmuş və aztəminatlı ailələrinin uşaqlarının təntənəli yolasalma mərasimi keçirilib.
Konsulluqdan veriləm məlumata görə, mərasimdə Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidze, Acarıstan Muxtar Respublikasının Səhiyyə Naziri Temur Qabaidze, Nazir müavini Tamaz Karanadze və hökumət aparatının məsul işçiləri iştirak ediblər.
Mərasimdə Baş Konsul Hüseyn Nəcəfov çıxış edərək, Azərbaycan və Gürcüstan Respublikaları, eyni zamanda, Naxçıvan və Acarıstan Muxtar Respublikaları arasında əlaqələrin inkişafı barədə danışıb. Xüsusi olaraq qeyd edilib ki, cari ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Acarıstan Muxtar Respublikasına səfər etmiş və səfər zamanı digər məsələlərlə yanaşı asma xəstəliyindən əziyyət çəkən aztəminatlı uşaqların ildə 4 dəfə Naxçıvanda müalicə almaları barədə razılıq əldə edilib. Baş Konsul müalicənin bütün maliyyə xərclərinin Azərbaycan Respublikası tərəfindən ödəniləcəyini diqqətə çatdırıb və bunun da 2 ölkə arasında dostluq və qardaşlıq əlaməti olduğunu bildirib. Bununla yanaşı, Baş Konsul, 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə uşaqları təbrik edib və onlara şəfa, müalicələrində uğurlar və can sağlığı arzulayıb.
Sonra hökumət sədri Levan Varşalomidze uşaqları salamlayaraq onları Naxçıvan Muxtar Respublikasına səfər etmələri ilə əlaqədar təbrik etmiş və bunun Naxçıvan və Acarıstan Muxtar Respublikaları arasında bir neçə ay bundan öncə əldə olunmuş razılığın bəhrəsi olduğunu söyləyib. Varşalomidze Vasif Talibova və səfər ilə bağlı zəhməti olmuş digər insanlara təşəkkürünü ifadə edib, müalicə alacaq uşaqlara can sağlığı arzulayıb.
Mərasim çərçivəsində, Baş Konsulun həyat yoldaşı Aysel Nəcəfova tərəfindən uşaqlara gürcü dilində kitablar, müxtəlif nəşrlər, həmçinin “Əli və Nino” əsəri və turistik xəritələr hədiyyə olunub. Nəcəfova bu müalicənin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun köməkliyi sayəsində həyata keçdiyini vurğulayıb. Nəcəfova Azərbaycanın gözəl guşələrindən biri olan Naxçıvanda uşaqlara ən qısa zamanda sağlamlığın bərpa olunmasını arzulayıb.
Mərasimin yekununda asma xəstəliyindən əziyyət çəkən 15 uşaq müalicə məqsədilə Naxçıvan şəhərinə yola salınıb.
Mərasim “PIK TV”, “TV25” və “Ajara TV” telekanalları tərəfindən işıqlandırılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün XI sinif üzrə Bakı şəhərində Azərbaycan və rus bölməsi şagirdlərinin, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında isə rus bölməsi şagirdlərinin buraxılış imtahanlarını keçirir.
TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı şəhərində ümumilikdə 53 imtahan mərkəzi ayrılıb.
Bakı şəhəri üzrə 23914 nəfər XI sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur.
Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsi şagirdlərinin buraxılış imtahanları üçün adı çəkilən şəhərlərin hər birində 1 imtahan mərkəzi yaradılıb. Həmin şəhərlərin orta ümumtəhsil müəssisələrinin rus bölməsi üzrə buraxılış sinfində təhsil alan 1935 nəfər XI sinif şagirdi imtahan verir.
İmtahanın gedişini işıqlandırmaq üçün 52 KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib. Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir.
Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Saat 11.00-də başlayacaq imtahan 2 saat çəkəcək. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir. Buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul ayının 8-də buraxılış imtahanı verəcəklər.
Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasındakı sədrliyi başa çatıb.
İyunun 1-də Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev qurumdakı sədrliyi Çinin daimi nümayəndəsi Li Baodonqa təhvil verib.
L.Baodonq qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasına iyunda sədrlik edəcək Çin beynəlxalq sülhün dəstəklənməsi üçün bütün mümkün vasitələrdən istifadə edəcək. Bu ay ərzində Şuranın 30-dək məsələyə, o cümlədən Suriya, Sudan, Cənubi Sudan və Yaxın Şərqdəki vəziyyətə baxacağı gözlənilir.
Xatırladaq ki, BMT-nin Nizamnaməsinə uyğun olaraq, Təhlükəsizlik Şurası dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün məsuliyyət daşıyır. Şura 5 daimi üzvdən (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin) ibarətdir. Digər 10 müvəqqəti üzv isə BMT-nin Baş Assambleyası tərəfindən iki il müddətinə seçilir.
Qeyd edək ki, Azərbaycan növbəti, ikinci dəfə Şuraya 2013-cü ilin sentyabr ayında sədrlik edəcək.