Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunye ilə görüşüb. XİN mətbuat xidmətindən verilən məlumata görə, nazir E. Məmmədyarov andorralı həmkarı G. Sunyenin ölkəmizə səfərini yüksək qiymətləndirib və iki ölkə arasında münasibətlərin inkişafına xidmət edəcəyini vurğulayıb.
Öz növbəsində qonaq Andorra hökuməti adından Azərbaycana səfər etməkdən böyük məmnunluq hissi keçirdiyini həmsöhbətinin diqqətinə çatdırıb. Ölkəsi haqqında məlumat verən nazir G. Sunye, iki ölkə arasında diplomatik münasibətlərin çox uğurla inkişaf etdiyini qeyd edib və ölkəsinin Azərbaycanla bir çox sahələrdə, o cümlədən turizm və təhsil sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.