İyulun 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
17 iyul 2012 19:34

 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.

Bakıda gecə 20-24 isti, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 45-55 faiz olacaqdır.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 17-22, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən,Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 19-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 15-20, gündüz 27-32 dərəcə olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 20-25, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 20-24, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Bakıda bir neçə yolda hərəkət istiqaməti dəyişdirilib
17 iyul 2012 19:31

 

Neftçilər prospektində təmir işlərinə başlanması, xüsusilə kommunikasiyaların dəyişdirilməsi, asfalt örtüyünün yenilənməsi ilə əlaqədar prospekt istiqamətində bir neçə yolda hərəkət istiqaməti dəyişdirilib.

Bakıda təmir işləri ilə əlaqədar bir neçə yolda hərəkət istiqaməti dəyişdirilib.

Bu barədə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

Belə ki, Nobel prospektindən Afiyəddin Cəlilov küçəsi istiqamətinə Amay inzibati binasının yanından avtomobillərin hərəkəti Nəcəfqulu Rəfiyev küçəsi istiqamətinə yönəldilib. Afiyəddin Cəlilov küçəsinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən hərəkət tam məhdudlaşdırılıb.

Neftçilər prospekti istiqamətində Bakı-Salyan yolunun 14-cü km-dən avtomobillərin hərəkəti 3-cü Kənar Dairəvi yola; 20-ci sahədən Dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə istənilən istiqamətə; Bayıl qəsəbəsindən Qurban Abbasov küçəsi ilə Dağüstü park istiqamətindən Teymur Elçin, Mehdi Hüseyn küçələrinə, Parlament prospekti və digər istiqamətlərə yönəldilib.

Həmçinin "Dalğa Plaza" mehmanxanasının qarşısından geriyə Bayıl istiqamətindən qeyd edilən küçələrə avtomobillərin hərəkəti tövsiyə olunur.

Eləcə də, Rəsul Rza küçəsinin Neftçilər prospekti ilə kəsişməsində R.Rza küçəsi ilə Zərifə Əliyeva küçəsi və Z.Əliyeva küçəsi ilə Azadlıq prospekti istiqamətində ikitərəfli yol təşkil edilib. Həmin yolda bütün xətlər çəkilib, müvafiq yol nişanları qoyulub. Həmçinin Zərifə Əliyeva küçəsi ilə Rəşid Behbudov, Bülbül, Səməd Vurğun küçələrinin kəsişmələrində əlavə işıqfor obyektləri quraşdırılıb. Qeyd olunan istiqamət boyu avtomobillərin parklandırılmaması üçün xüsusi nişanlar qoyulub.

Eyni zamanda, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən Cavanşir körpüsü istiqamətində Yusif Səfərov küçəsi ilə kəsişməyədək yol ikitərəfli dörd zolaqlı təşkil edilib.

Yusif Səfərov küçəsi ilə 28 May küçəsinin kəsişməsindən istiqamət Rəşid Behbudov küçəsi istiqamətinə müəyyən edilib və Neftçilər prospekti ilə kəsişən əksər küçələrdə manelər qoyularaq istiqamət dəyişdirilib.

Neftçilər prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsində Qoşa Qala qapısının yanından hərəkət məhdudlaşdırılıb.

Artıq xüsusi texnika Kukla Teatrının qarşısında kollektorun tikinti işlərinə başlayıb.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, Nefçilər prospektinə giriş-çıxışın mümkünsüzlüyünü nəzərə alsınlar və prospektdə təmir işləri ilə əlaqədar nəqliyyat sıxlığının yaranmaması üçün alternativ yollardan istifadə etsinlər.

Vasif Talıbov: "Ölkəmizdə qazanılan bütün uğurların başlanğıcı 1969-cu ilin 14 iyul günüdür"
17 iyul 2012 06:41

 

"Vətəndaşlarımızın çəkdikləri zəhmət və onların səmərəli fəaliyyəti də dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir". 

Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Dövlət qulluğunda fərqlənməyə görə”, “Tərəqqi”, “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 1-ci və 2-ci dərəcəli, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının, 2011-2012-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqələrinin qaliblərinə mükafatların təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təltif olunanları dövlətimizin ali mükafatlarına layiq görülmələri münasibətilə təbrik edərək demişdir: "İnsanların yüksək həyat standartları səviyyəsində yaşaması və səmərəli fəaliyyət göstərməsi üçün ölkədə sabitlik, sosial-iqtisadi inkişaf, dövlət və xalq birliyi olmalıdır. Bu gün Azərbaycanda yüksək sosial-iqtisadi inkişaf, davamlı sabitlik, xalq və dövlət birliyi mövcuddur. Bunun da nəticəsində bütün sahələr inkişaf edir, insanların sosial-rifah halı yüksəldilir, genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının, bütün sahələrdə əldə olunan uğurlarının təməlində insan zəhməti və fədakarlığı dayanır. Vətəndaşlarımızın çəkdikləri zəhmət və onların səmərəli fəaliyyəti də dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Bu gün təltif olunanlar da öz sahələrində uğurlu fəaliyyət göstərən, ölkəmizin ümumi inkişafında fərqlənən insanlardır.

Ölkəmizdə qazanılan bütün uğurların başlanğıcı 1969-cu ilin 14 iyul günüdür”, – deyən Ali Məclisin sədri bildirmişdir ki, tariximizə qızıl hərflərlə yazılan 1969-cu ilin 14 iyul günündə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev Azərbaycanı böyük bir imperiyanın tərkibində milli varlığını itirməkdən qorumuş, mərkəzin siyasətini milli maraqlara tabe etdirərək ölkəmizi inkişaf yoluna çıxarmışdır. Həmin vaxt ümumi iqtisadi inkişaf səviyyəsinə görə Sovetlər Birliyində sonuncu yerdə olan, ittifaqın aqrar əlavəsi mərhələsini yaşayan respublikamız ümummilli liderin rəhbərliyi ilə bütün sahələrdə inkişafa nail olmuş, ulu öndər Azərbaycanı düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmış, qısa vaxtda iqtisadiyyatın bütün sahələrində əldə olunan yüksək inkişaf tempi ölkəmizi qabaqcıl respublikalar sırasına çıxarmışdır.

Ali Məclisin sədri demişdir ki, ölkəmizə quruculuq və inkişaf, tərəqqi bəxş edən Heydər Əliyev siyasi xətti 1993-cü ildə Azərbaycanı növbəti dəfə dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi, ölkəmizə əbədi müstəqillik qazandırdı. Həmin vaxt xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli lider ölkənin parçalanmaq məqamında, iqtisadiyyatın iflic vəziyyətində olduğu bir vaxtda müstəqil Azərbaycan dövlətini yaşatdı, onu yeni inkişaf mərhələsinə çıxardı. Bu gün ulu öndərin izləri onun şah əsəri olan müstəqil Azərbaycanın hər yerində görünür. Ulu öndər Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda əldə olunan bütün uğurlarda, qazanılan bütün nailiyyətlərdə ümummilli liderimizin işi və əməlləri yaşayır.

“Prezident İlham Əliyev ümummilli liderimizin yolunu yeni dövrün tələbləri səviyyəsində uğurla davam və inkişaf etdirir”, – deyən Ali Məclisin sədri vurğulamışdır ki, bu yolun xalqımıza bəxş etdiyi böyük nailiyyətləri hər birimiz öz həyatımızda görürük. Azərbaycanın sosial-iqtisadi inkişafı, dünya birliyində tutduğu yer, xalqımızın firavan həyatı Heydər Əliyev yolunun təntənəsidir.

Ali Məclisin sədri demişdir: "İyulun 14-ü ulu öndərimizin Azərbaycanda hakimiyyətinin birinci dövrünün başlanğıc günüdür. Bu əlamətdar və tarixi gün Azərbaycanın hər yerində, eləcə də Naxçıvan Muxtar Respublikasında qeyd olunur. Təqdimat mərasiminin bu gün keçirilməsi heç də təsadüfi deyil. Çünki ümummilli liderimiz insan əməyinə həmişə yüksək qiymət vermişdir. Belə bir gündə təltif olunanlara dövlətimizin ali mükafatlarının təqdimatı hər birimizə ikiqat sevinc bəxş edir".

Ali Məclisin sədri təltif olunanları dövlətimizin ali mükafatlarına layiq görülmələri və ulu öndərimizin ölkəmizdə hakimiyyətə gəlişinin 43-cü ildönümü münasibətilə bir daha təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Sonra Ali Məclisin sədri Vasif Talıbov medalları, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim etmişdir.

Təltif olunanlardan Səbuhi Məmmədov, Əli Mahmudov, Yusif Bayramov, Şahin Bəylərov, Seymur Muradov, Əli Hacıyev, Zahir Zeynalov, İlqar Rzayev, Yusif Həsənov, Niyazi Novruzov, Tahirə Hüseynova və Rəsmiyyə Xasayeva əməklərinə verilən yüksək qiymətə görə dərin minnətdarlıqlarını ifadə etmiş, bundan sonra da ölkəmizin inkişafı və tərəqqisi yolunda çalışacaqlarını, ümummilli liderimiz tərəfindən müəyyənləşdirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsində fəal iştirak edəcəklərini bildirmişlər.

Daha sonra Ali Məclisin sədri 2011-2012-ci tədris ilində “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibi olmuş Kəngərli rayonundakı Qarabağlar kənd 2 nömrəli, Naxçıvan şəhərindəki 7 nömrəli və Şərur rayonundakı Qarxun kənd tam orta məktəblərinə və “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş 5 müəllimə mükafatları təqdim etmişdir.

Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin direktoru Aygün Hüseynova, Şərur rayon Qarxun kənd tam orta məktəbinin direktoru Elman Muradov, “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazanan Qadir Əkbərov, Araz Əliyev və Sahibə Seyidova əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirmişlər.

İyulun 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
17 iyul 2012 06:34

 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.

Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-60 faiz olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 15-20, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 17-22, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağ ehtimalı var. Temperaturun gecə 13-18, gündüz 26-31 dərəcə olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

hava əsasən yağmursuz keçəcək. Lakin gecə şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Temperaturun gecə 19-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Temperaturun gecə 20-23, gündüz 29-34, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

İyulun 17-də Abşeron yarımadasında cənub küləyinin üstünlüyü və günorta saatlarında isti diskomfort şərait meteohəssas insanlar üçün əsasən əlverişsizdir. İyulun 18-19-da gündüz arabir güclənən xəzri küləyini müsbət amil kimi qiymətləndirmək olar.

Azərbaycanın xarici işlər naziri İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
16 iyul 2012 14:01

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yəhya Marufini fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Y. Marufi baş katib kimi gördüyü işlər barədə qısa məlumat verərək Azərbaycanın bu təşkilatda fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə Azərbaycanla İƏT arasında əməkdaşlığın perspektivləri də müzakirə edilib.

Azərbaycan prezidenti Monteneqronun baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16 iyul 2012 13:55

 

Azərbaycan prezidenti İlham Əliyev Monteneqronun baş naziri İqor Lukşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycanla Monteneqro arasında ikitərəfli əlaqələrin son illər sürətlə inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev Krans Montana Forumunda iştirak edən Monteneqro prezidenti Filip Vuyanoviçlə görüşünün və əməkdaşlığımızla bağlı aparılan müzakirələrin önəmini qeyd edib. Dövlət başçısı Monteneqronun baş naziri İqor Lukşiçin ölkəmizə səfərinin əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib.

Monteneqronun baş naziri İqor Lukşiç prezident İlham Əliyevlə Çikaqoda görüşünü məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan Monteneqronun baş naziri bu əlaqələri iqtisadi sahədə də genişləndirmək üçün mövcud imkanlardan danışıb.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

"Hələ belə sevinməmişdim"-İbrahim Tatlısəs belə deyib
16 iyul 2012 13:45

 

Ötən il məruz qaldığı silahlı sui-qəsd cəhdindən sonra başından güllə yarası alan və o vaxtdan bəri uzun-uzadı müalicə olunan müğənni İbrahim Tatlısəs həyatının ən xoş günlərini yaşadığını deyir.

Türkiyənin ən populyar sənətçilərindən biri, "İmperator" kimi tanınan İbrahim Tatlısəs xaricdə təhsillə bağlı tez-tez "Urfada Oksford Universiteti vardı, biz oxumadıq?!" deyərdi. O, yaxşı ali təhsil ala bilmədiyinə həmişə heyfsilənirdi. İndi isə "İmperator" qürrələnir.

Çünki Tatlısəsin 20 yaşlı oğlu İdo Tatlısəs dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən birində - ABŞ-dakı Berkli Musiqi Kollecində oxuyacaq. Bu kollecin məzunları arasında Ahmet Güvenç, Aydın Esen və Arif Mardin kimi tanınmış sənətçilər də var.

Oğlu Amerikaya yollanmazdan əvvəl Tatlısəs İstanbulda, ona məxsus kababxanalardan birində İdo ilə nahar edib.

"Hələ belə sevinməmişdim", - deyən Tatlısəs çox kövrəlmişdi.

Atası ilə nahar edəndən sonra İdo Tatlısəs anası Derya Tuna ilə İstanbul Beynəlxalq Hava Limanına yollanıb, orada da təyyarəyə oturaraq ABŞ-a uçub.             

Prezident İlham Əliyev: "Enerji ehtiyatlarımız Azərbaycanın enerji təhlükəsizliyini təmin etməyə tam şəkildə imkan yaradır"
16 iyul 2012 13:42

 

İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı Şirvan-Muğan qrup su kəmərinin planını və texniki göstəricilərini əks etdirən stendlərə baxdı.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, Kür-Bakı su kəmərlərindən biri ilə nəql edilən su Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin Salyanda 41, Neftçalada 44, Biləsuvarda 23, Sabirabadda 13 – ümumilikdə 121 kəndin tələbatının ödənilməsinə yönəldiləcəkdir. Ümumilikdə, Şirvan-Muğan qrup su kəmərinin istismara verilməsi ilə 470 min insan keyfiyyətli və fasiləsiz su ilə təmin olunacaqdır. Magistral kəmərin çəkilişi ilə yanaşı, hər bir şəhərdə içməli su və kanalizasiya şəbəkəsi müasir standartlara uyğun yenidən qurulacaq, çirkab sularını təmizləyən qurğu inşa ediləcəkdir. Layihəyə uyğun olaraq Şirvan-Muğan qrup su kəmərinin inşası 2013-cü ilin sonuna qədər yekunlaşacaqdır.

Sonra Azərbaycan Prezidenti Şirvan-Muğan qrup su kəmərinin təməlini qoydu. Dövlətimizin başçısı beton qarışığı tökən qurğunun düyməsini basdı.

Dövlətimizin başçısı su kəmərinin tikintisində istifadə olunacaq inşaat materiallarına və avadanlığa baxdı.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

Bu günü ölkənin həyatında əlamətdar gün kimi qiymətləndirən dövlətimizin başçısı yeni layihənin təməl daşının qoyulması münasibətilə təbriklərini çatdırdı.

Son illərdə respublikamızda su və kanalizasiya layihələrinin uğurla icra edildiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, əsas vəzifə bir neçə ildən sonra Azərbaycanın bütün su və kanalizasiya layihələrinin reallaşdırılmasını başa çatdırmaqdır.

Ölkəmizdə həyata keçirilən digər layihələrdən də danışan Prezident İlham Əliyev qeyd etdi ki, enerji ehtiyatlarımız Azərbaycanın enerji təhlükəsizliyini təmin etməyə tam şəkildə imkan yaradır. Ölkənin bütün ərazisinin təbii qaz ilə təchizatını nəzərdə tutan layihələr uğurla icra edilir. Gələn il qazlaşdırmanın 95 faizə çatdırılması nəzərdə tutulmuşdur. Kənd yollarının tikintisi ilə bağlı ciddi tədbirlər görülür. Prezidentin ehtiyat fondundan ayrılan vəsait ilk növbədə məhz bu işlərə yönəlmişdir.

Dövlətimizin başçısı vurğuladı ki, həm Bakıda, həm bölgələrdə yaradılan və müasir standartlara cavab verən su xətləri insanların sağlamlığına mühüm töhfədir. Buna misal olaraq Prezident İlham Əliyev Oğuz-Bakı-Qəbələ su kəmərinin Bakının su təchizatında həlledici rola malik olduğunu qeyd etdi.

Sonra “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, Şirvan şəhər sakini Aynurə Rzayeva və Salyan rayon Qızılağac bələdiyyəsinin sədri Bünyad Yolçuyev respublikamızın regionlarında mövcud problemlərin ardıcıllıqla aradan qaldırılmasına, əhalinin məişət şəraitinin durmadan yaxşılaşdırılmasına göstərdiyi sonsuz diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Sonda Azərbaycan dövlətinin başçısı Şirvan-Muğan qrup su kəməri layihəsinin əhatə etdiyi altı rayonun sakinlərini bir daha təbrik etdi və xoş arzularını çatdırdı.

Elmar Məmmədyarov: "Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal altında olan ərazilərindən çıxarmalıdır"
16 iyul 2012 06:35

 

“Bu gün münaqişənin həllində Azərbaycan ilə Ermənistan arasında etimadın bərpa edilməsi mühüm yer tutur”.

 Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun müsahibəsi.

- Azərbaycan diplomatiyasının uğurları və ölkəmizin dünyada imicinin yüksəlməsi ictimaiyyətimizi çox sevindirir. Bu səpkidə ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı xüsusi diqqət cəlb edir. Sizcə, Azərbaycanın bu gün beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu təşkilatlar çərçivəsində özünəməxsus dinamik rol oynaması ölkəmizin xarici siyasi kursunun uğurla həyata keçirilməsinin göstəricisidir? Qısa müddət ərzində biz buna necə gəldik?

- Azərbaycan Respublikası bütün sahələrdə olduğu kimi xarici siyasətdə də böyük uğurlarını davam etdirdi. Müstəqil ölkə kimi Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlara üzv olub, mötəbər qlobal və regional təşkilatların işində fəal iştirakını və səmərəli əməkdaşlığını davam etdirib. Sonrakı illər ərzində isə ölkəmizin nüfuzlu və mötəbər beynəlxalq təşkilatlarda yer alması, vacib beynəlxalq tədbirlərə dəvət olunması və regionda, o cümlədən keçmiş SSRİ ölkələri sırasında ən çox yüksək səviyyəli xarici nümayəndə heyətləri tərəfindən ziyarət edilən ölkələrdən olması Azərbaycanın beynəlxalq arenada nüfuzunun xeyli artığını və regionda liderə çevrildiyini göstərir.

Şübhəsiz ki, Azərbaycan diplomatiyasının tarixi uğuru 24 oktyabr 2011-ci il tarixində BMT Təhlükəsizlik Şurasına 2012-2013 illər üçün qeyri-daimi üzv seçilməsi olub. Yüksək rəqabət şəraitində keçən 17 turdan sonra ölkəmiz beynəlxalq ictimaiyyətin etimadını qazanaraq, BMT-nin 155 üzv dövlətinin dəstəyini əldə edib. SSRİ-nin dağılmasından bu günədək Azərbaycan bu mötəbər quruma qeyri-daimi üzv olan Cənubi Qafqaz və Mərkəzi Asiya regionundan ilk postsovet ölkəsidir. Azərbaycan ilk dəfə olaraq, 2012-ci ilin may ayında bu mötəbər təşkilata bir ay müddətinə sədrlik edib. Azərbaycan prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi “biz Təhlükəsizlik Şurasında, ilk növbədə, beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyik və müdafiə edirik”.

Bu qələbə Azərbaycanın qısa müddət ərzində balanslaşdırılmış, çoxşaxəli və məqsədyönlü xarici siyasətinin həyata keçirilməsi nəticəsində əldə etdiyi yüksək nailiyyətlərinin əsl göstəricisi və onun həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, qlobal proseslərdə yaxından iştirakının və eyni zamanda sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir.

Bununla yanaşı aparılan məqsədyönlü və səmərəli diplomatik fəaliyyətin nəticəsi olaraq, Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali şəhərində Qoşulmama Hərəkatının bütün üzvlərinin dəstəyini qazanaraq, 16-cı Nazirlər Konfransında hərəkatın üzvü seçilib. Qoşulmama Hərəkatına tam hüquqlu üzv olan Azərbaycan Respublikası Hərəkatın prinsiplərinə və məqsədlərinə bağlı olduğunu bəyan etdi. Hərəkatın bir illik üzvlüyü müddəti ərzində ölkəmiz bu təşkilatın tam dəstəyini əldə edib.

Azərbaycanın Meksikada keçirilən "Böyük iyirmiliyin" (G-20) üzvü olan ölkələrin Xarici İşlər Nazirlərinin işçi toplantısına dəvət olunmasını isə növbəti uğur kimi qiymətləndirmək olar. Bu, dünyanın inkişaf etmiş ölkələrinin Azərbaycana olan marağının artmasının və ölkəmizin regiondakı liderliyinin göstəricisidir.

Ölkəmiz həmçinin, YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti və bu təşkilat çərçivəsində digər rəhbər vəzifələrə seçilərək üzv ölkələrin tam dəstəyini əldə edib.

Qeyd edilən diplomatik uğurlarımız Azərbaycan Respublikası tərəfindən həyata keçirilən xarici siyasətin təsir qüvvəsini və tarazlılığını bir daha təsdiq edir. Eyni zamanda, əldə edilmiş nəticələr qarşımıza növbəti yeni vəzifələr qoyur və Azərbaycanın uzunmüddətli maraqlarının reallaşması baxımından yeni imkanlar açır. Ölkəmizin nüfuzunu və təsir imkanlarını daha da artırmaq, əldə edilmiş mövqelərdən və qazanılmış diplomatik potensialdan effektiv şəkildə istifadə etmək qarşımıza qoyulan başlıca vəzifələrdəndir.

- Dünya ictimaiyyəti Ermənistan - Azərbaycan münaqişəsinin həllinə münasibətdə passiv mövqe nümayiş etdirir. Azərbaycanın dünya ictimaiyyətindən bu istiqamətdə gözləntiləri nələrdir?

- Məlum olduğu kimi, Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyinin güclü hüquqi əsasları mövcuddur. Beynəlxalq təşkilatlar Ermənistanın işğalçı ölkə olduğunu, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtması və həmçinin işğal olunmuş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasının tərəfdarı olduqlarını qərar və qətnamələrdə əks etdirirlər. Təbii ki, bu bizim üçün yetərli deyil, Ermənistan sülhə, beynəlxalq təşkilatların qərarlarına və ən önəmlisi, beynəlxalq hüquqa hörmət etməyə məcbur edilməlidir.

Əlbəttə ki, Azərbaycan diplomatiyasının qarşısında duran ən ümdə və prioritet məsələ, Ermənistan-Azərbaycan münaqişəsinin həllidir. Ölkə başçısının rəhbərliyi altında Azərbaycan diplomatiyasının səyləri bu istiqamətə yönəlibdir. Azərbaycanın işğal olunmuş əraziləri üzərində suverenliyinin bərpa edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi üçün sülh danışıqları davam etdirilir. Lakin ATƏT-in Minsk Qrupunun 20 illik vasitəçilik fəaliyyətinin nəticəsiz qalmasından narazıyıq. Azərbaycanın torpaqları hələ də işğal altındadır və 1 milyona yaxın qaçqın və məcburi köçkünlərimiz öz doğma tarixi torpaqlarına hələ də qayıtmayıblar.

Status-kvonun davam etməsi regionda qeyri-müəyyən və gözlənilməz təhlükəli şəraitin davam etməsi üçün şərait yaradır. ATƏT-in Minsk Qrupuna üzv ölkələrin başçıları aydın şəkildə regionda status-kvonun mövcudluğunun qəbuledilməz olduğunu bəyan ediblər. Üç həmsədr ölkə tərəfindən tərtib edilmiş yenilənmiş Madrid Prinsipləri adlanan təklif tərəflərə təqdim edilib və bununla əlaqədar Azərbaycan danışıqları davam etdirməyə, o cümlədən Hərtərəfli Sülh Sazişi üzərində çalışmağa başlamağa hazır olduğunu bəyan edib. Təəssüf ki, bu təklif Ermənistan tərəfindən rədd edilmişdir. Bu gün münaqişənin həllində Azərbaycan ilə Ermənistan arasında etimadın bərpa edilməsi mühüm yer tutur. Bunu əldə etmək üçün bir çox cəhdlər göstərilməlidir.

- Azərbaycan xarici ölkələrdə diplomatik nümayəndəliklərinin sayını sürətlə artırır. Bu proses nəyə xidmət edir ?

- Hazırda xarici ölkələrdə Azərbaycanın 70-dən artıq diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Bu nümayəndəliklər ölkəmizin milli maraqlarının təmin olunmasında, xarici siyasətin həyata keçirilməsində, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsində, eləcə də respublikamızın xarici ölkələrdə təbliği, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiə edilməsi işində öz üzərilərinə düşən vəzifələri icra edirlər.

Ölkəmizin təbliğatı istiqamətində böyük işlər görülür. Bura mədəni tədbirləri, müxtəlif nəşrləri, sərgiləri, akademik toplantıları və digər təşəbbüsləri aid etmək olar. Gənc ölkə kimi Azərbaycanın təbliği və dünya ictimaiyyətinə tanıtdırılması məqsədilə xarici ölkələrdəki nümayəndəliklərimizlə yanaşı, soydaşlarımız və Azərbaycanı sevən şəxslər birgə çalışmalıdırlar.

- Azərbaycanın regional siyasətdəki mövqeyində dəyişiklik varmı?

- Ölkəmiz strateji bir coğrafiyada yerləşir. Azərbaycan məlum səbəblərə görə Ermənistan istisna olmaqla, bütün qonşuları ilə münasibətlərini dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmama prinsipləri əsasında qurub. Regionun gələcəyi naminə münasibətlərin bu prinsiplərə söykənərək davam etdirilməsi çox mühümdür və qarşılıqlı şəkildə faydalıdır. Bütünlükdə, Azərbaycanın xarici siyasəti həm çoxtərəfli, həm də ikitərəfli müstəvidə əməkdaşlığın dərinləşməsinə hesablanıb.

Bu gün Azərbaycan regionun aparıcı dövlətidir. Azərbaycan artıq investisiya qəbul edən ölkədən investisiya ixrac edən ölkəyə çevrilib. Bu gün Azərbaycan sərmayələrinin əsas hədəfləri də elə məhz region ölkələridir və Türkiyə ilə Gürcüstanda həyata keçirdiyimiz nəhəng layihələr bunun bariz göstəricisidir. Bu istiqamətdə fəaliyyətimiz daha intensiv xarakter alacaqdır ki, bunu da ölkəmizin ilbəil artan iqtisadi qüdrəti söyləməyə əsas verir.

Ermənistana gəldikdə isə vurğulamalıyam ki, təəssüf ki, Ermənistan öz işğalçı siyasəti ilə hələ də özünü bütün regional layihələrdən təcrid etməkdə davam edir. Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal altında olan ərazilərindən çıxarmalıdır ki, münaqişənin nizamlanması prosesində irəliləyiş əldə olunsun. Ermənistan rəhbərliyinin qeyri-konstruktiv yanaşması həm regionun gələcəyinə, həm də bu ölkənin öz gələcəyinə belə mənfi təsir göstərir.

Şamaxıda çaylar daşıb
16 iyul 2012 06:32

 

Sel şəhər mərkəzində bir evi uçurub, dörd kəndin rayonla nəqliyyat əlaqəsi kəsilib.

Şamaxı ərazisinə yağan leysan yağışlar çaylarda daşqınlara səbəb olub.

Güclü külək və dolu ilə başlayan yağıntılar leysan yağışlarına keçib. Sel suları yollara, həyətlərə və əkin sahələrinə ciddi ziyan vurub. Küçələrin asfalt örtüyünü yuyan sel yolları keçilməz edib. Bəzi evləri su basıb. Həyətlərə dolan su ev sahiblərinə xeyli ziyan vurub.

Şamaxının Minaxor küçəsində bir ev uçub. Uçmuş evin sakinləri müvəqqəti olaraq qonşu evlərdə məskunlaşıblar. Rayonun ən ucqar kəndlərində güclü daşqınlar fəsadlarla yadda qalıb. Sel suları dağ kəndləri olan Talışnuru, Dəmirçi, Zarat, Xeybəri, Qaleybuğurd, Sis, Keşmədin və Qaladərəsi kəndlərinə daha çox ziyan vurub. Qaleybuğurd, Sis, Keşmədin, Qaladərəsi kəndlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Talışnuru və Qaleybuğurd kəndində vəziyyət daha acınacaqlıdır.

Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə keçirilmiş imtahanlar zamanı 35 abituriyent imtahandan xaric olunub
16 iyul 2012 06:25

 

İmtahanda iştirak etməli olan 30831 abituriyentdən 1100 nəfər imtahana gəlməyib. Azərbaycanda ali məktəblərə keçirilən III ixtisas qrupunun imtahanları zamanı 35 abituriyent imtahandan xaric olunub. Bu barədə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, sözügedən abituriyentlər əsasən köçürməyə cəhd göstərdiklərinə görə imtahandan xaric ediliblər. İmtahan protokollarının ilkin nəticələrinə əsasən, imtahanda iştirak etməli olan 30831 abituriyentdən 1100 nəfər imtahana gəlməyib. E. Nağızadə deyib ki, bu gün axşam saatlarında bölmələr və variantlar üzrə imtahanda istifadə olunan sualların düzgün cavabları TQDK-nın rəsmi internet saytında yerləşdiriləcək. Həmçinin “Space” telekanalında yayımlanan “Abituriyent” verilişində də TQDK-nın ekspertləri tərəfindən III ixtisas qrupunda istifadə edilən sualların düzgün cavabları elan ediləcək. İmtahanın nəticələrinin isə növbəti həftənin əvvəlində elan olunması gözlənilir.

Əli Həsənov: “İranda həbs olunmuş azərbaycanlı şairlərin tezliklə azadlığa buraxılacağını düşünürük”
15 iyul 2012 08:31

 

“Təəssüf ki, Azərbaycanla İranı bir-birinə qarşı qoymaq, bu dövlətlər arasında münasibətləri korlamaq bəzi geosiyasi dairələrin, bəzi rəsmi və qeyri-rəsmi dairələrin maraqları çərçivəsindədir”

“Hesab edirik ki, İran və Azərbaycan arasında informasiya qarşıdurması və fərqli səviyyələrdə münasibətlərdə mövcud olan gərginlik aradan qalxmaqdadır. Bunun üçün həm İran tərəfinin, həm də Azərbaycan tərəfinin iradəsi ortadadır”. Bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib.

Onun sözlərinə görə, münasibətlərin mövcud vəziyyətə gəlməsində bəzi anti-Azərbaycan və anti-İran dairələri mühüm rol oynayıblar: “Bu iki dövləti bir-birinə qarşı qoymaq, bir-birinin üzərinə istiqamətləndirmək və onların arasında münasibətləri korlamaq təəssüf ki, bəzi geosiyasi dairələrin, bəzi rəsmi və qeyri-rəsmi dairələrin maraqları çərçivəsindədir. Buna görə də İran dövlətinin xüsusi elçisinin Azərbaycana gəlişi və cənab Prezidentin xüsusi olaraq İrana dəvət edilməsi və bu dəvət ətrafında ünvanlanan məktubdakı çağırışlar düşünürük ki, bu dövlətin Azərbaycanla qarşıdurmadan çəkilmək meylini nümayiş etdirir. Əlbəttə bu qarşıdurma bu gün müxtəlif səviyyələrdə gedir, o cümlədən iki azərbaycanlı gəncin İranda həbsi Azərbaycan ictimaiyyətində ciddi narahatlıq yaradıb. Düşünürük ki, yaxın zamanlarda bu gənclərin azad olunması baş tutacaq. Xarici İşlər Nazirliyi və digər dövlət qurumları beynəlxalq hüququn, o cümlədən İranla Azərbaycan arasındakı hüquqi normativ sənədlərin imkan verdiyi bütün vasitələrdən istifadə edirlər. Düşünürük ki, bu məsələ tezliklə öz həllini tapacaq”.

Milli Parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq olub
15 iyul 2012 08:28

 

Xalqımızın dahi oğlu, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin ildönümü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti iyulun 14-də Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında bayram konserti təşkil etmişlər.

Konsertdə paytaxtın on minlərlə sakini və qonağı respublikamızın tanınmış incəsənət ustalarının ifasında mahnılar dinləmiş, rəqslərə tamaşa etmişlər.

Milli Parka toplaşanlar məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gündən-günə çiçəklənən, gözəlləşən, getdikcə yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan möhtəşəm bayram atəşfəşanlığını seyr etmişlər.

İyulun 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
15 iyul 2012 08:26

 

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı vardır.  Temperatur gecə 20-25° isti, gündüz 25-30° isti olacaqdır.

Bakıda gecə 22-24° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 45-55 faiz olacaqdır.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 13-18° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Temperaturun gecə 7-12°, gündüz 13-18° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 15-20°, gündüz 25-30° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 12-17°, gündüz 23-28° olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 17-22°, gündüz 25-30° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 17-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

İyulun 15-16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış yağacağı ehtimalı vardır. Temperatur ötən günlərə nisbətən 5-7° aşağı enəcəkdir.

Bu gün Bakıda qəbul imtahanları keçirilən məntəqələrdə 38 nəfərə təcili tibbi yardım göstərilib
14 iyul 2012 10:09

 

25 abituriyent, 12 valideyn və 1 imtahan məsləhətçisi həkimə müraciət edib.

Bu gün Bakıda ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarının keçirildiyi məntəqələrdə 38 nəfər təcili tibbi yardıma müraciət edib. Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, qəbul imtahanları keçirilən məntəqələrdə təcili yardıma müraciət edən 38 nəfərdən 25-i abituriyent, 12-ci valideyn, 1-i isə imtahan məsləhətçisi olub. Müraciət edənlərin hamısına tibbi yardım göstərilib. Onlardan xəstəxanaya yerləşdirilən olmayıb. Qeyd edək ki, bu gün Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib.

TQDK soyadında dəyişiklik edilmiş abituriyentlərə müraciət edib
14 iyul 2012 10:07

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) soyadında və digər şəxsi məlumatlarında rəsmi qaydada dəyişiklik edilmiş abituriyentlərə müraciət edib.

Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə bildirilir ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün sənəd verdikdən sonra soyadında və ya digər şəxsi məlumatlarında rəsmi qaydada dəyişiklik edilmiş abituriyentlər yeni sənədini TQDK-ya və ya Komissiyanın Gəncə, Naxçıvan, Şəki, Lənkəran, Quba regional bölmələrindən birinə təqdim etməklə bu barədə məlumat verməlidirlər. Əks halda həmin abituriyentlərin qəbul imtahanında iştirakı mümkün olmayacaq.

ATƏT-in Minsk qrupunun həmsədrlərindən bəyanat
14 iyul 2012 05:00

 

ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Robert Bradtke, İqor Popov, Jak For və həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iyulun 10-13-də regiona səfər ediblər. Onlar Bakı və Yerevanda olarkən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son səyləri müzakirə etmək məqsədilə prezidentlər İlham Əliyev və Serj Sarkisyanla görüşüblər. Trend-in ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Minsk qrupunun bəyanatında deyilir.

Həmsədrlər bütün görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ölkələrinin qətiyyətli fikrini bir daha vurğulayıblar.

Həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə Paris görüşündəki müzakirələri davam etdiriblər. Onlar cəbhə xətti boyunca ən son insidentlərdən narahatlıqlarını ifadə edib, sülh əldə etmək üçün tərəflərin siyasi iradəsini təsdiqləyiblər.

Dağlıq Qarabağda aeroportun nəzərdə tutulan açılışına dair hesabatlarla bağlı tərəflər mülki hava nəqliyyatı vasitələrinə qarşı güc tətbiqindən imtina etmələrini, məsələni diplomatik vasitələrlə həll etmələrini və mövzunu siyasiləşdirməyəcəklərini təsdiqləyiblər.

Həmsədrlər təsdiq ediblər ki, aeroportun fəaliyyəti Dağlıq Qarabağın statusunun dəyişmək üçün hansısa iddianı dəstəkləmək üçün istifadə oluna bilməz, həmçinin tərəfləri beynəlxalq hüquqa əsaslanaraq və öz əraziləri üzərindən uçuşların hazırkı təcrübəsinə uyğun olaraq hərəkət etməyə cağırıblar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Əli Həsənov: "İran Azərbaycanla qarşıdurmadan çəkinmək qərarı verib"
14 iyul 2012 04:58

 

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İran İslam Respublikasının təhsil və təlim naziri Həmidrza Hacıbabayinin Bakıya səfərindən və Azərbaycan Prezidenti İlham Əliyevə çatdırdığı dəvət məktubundan danışıb.

Xatırladaq ki, iyulun 12-də İranın təhsil və təlim naziri Həmidrza Hacıbabayi Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub. Nazir İran Prezidenti Mahmud Əhmədinajedın Qoşulmama Hərəkatına üzv dövlətlərin Tehranda keçiriləcək sammitinə dəvət məktubunu Azərbaycanın dövlət başçısına çatdırıb.

İyulun 13-də "Media forum" saytına açıqlamasında Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov nazirin səfərini və gətirdiyi dəvət məktubunu rəsmi Tehranın iki ölkə arasındakı münasibətlərə konstruktiv yanaşması kimi qiymətləndirir: "O məktubu elə-belə də göndərə bilərdilər. Məktubu nazir gətirib və orada İran Prezidenti Mahmud Əhmədinejadın cənab Prezident İlham Əliyev barədə xüsusi xoş fikirləri var, bunlar da lazım olanda açıqlanacaq. Bu onu göstərir ki, İran Azərbaycanla qarşıdurmadan çəkinmək qərarı verib. Biz isə bu qərarı çoxdan vermişik və ona görə də mən 2011-ci ilin dekabr ayının əvvəlində İrana getmişdim. İrana səfərim zamanı mən onlara çatdırmaq istəyirdim ki, biz sizinlə qarşıdurmaya getmək, İranı özümüzə düşmən görmək istəmirik. Eyni zamanda, İranın da bizi özünə düşmən saymasını istəmirik. Biz İranın Qərblə qarşıdurmasında vasitəçi və yaxud tərəf kimi iştirak etmək istəmirik. Bununla yanaşı, İranın da Qərblə, İsraillə qarşıdurmasında bizi vasitəçi və tərəf kimi görməsini istəmirik.

Bizim xalqın iradəsi İranla dost olmaqdır. İran hakimiyyəti də öz xalqının iradəsindən çıxış etsin. Bizim xalqın iradəsi dünyəvi dövlət qurmaqdır, İran xalqı isə dini dövlət qurmaq istəyir. Amma bunlar bizim müştərək əməkdaşlığımıza, tərəfdaşlığımıza mane olmur. Biz uzun müddət eyni imperiyaların tərkibində yaşamışıq, eyni mədəniyyəti, dini bölüşürük. İranda çoxlu azərbaycanlı yaşayır, biz onların maraqlarını nəzərə alırıq. Ona görə də biz Azərbaycan olaraq Qərbin və dünya dövlətlərinin İrana qarşı hansısa hərəkətlərində iştirak etməyəcəyik. İran da bunu nəzərə alsın".

Əli Həsənov qeyd edib ki, Azərbaycanın da rəsmi Tehrandan istək və tələbi var. Onun sözlərinə görə, bu, İranın Azərbaycanın daxili işlərinə müdaxilə etməməsi ilə bağlıdır: "İrandan xahiş edirik ki, bizim daxili işlərimizə müdaxilə etməsin. Bizi öz istədiyi dövlət kimi görməyə çalışmasın. Azərbaycan xalqının öz iradəsi, seçimi, konstitusiyası var. Bizim dini modelimiz də, vətəndaş münasibətlərimiz də, xarici siyasətimizin tələbləri də fərqlidir. Xarici dostlarımızı özümüz seçirik. Düşmənlər özləri bunu edir və düşmənlərimizin çoxu İranla dostluq edir. Amma biz buna da qarışmırıq, heç vaxt İranı ittiham etmirik ki, Ermənistanla dostluq etdiyinə görə bizim düşmənimizsən. İran da İsraillə düşmənçilik etdiyinə görə bizi İsraillə düşmən etməyə çalışmasın. Bütün bu məsələləri onlara çatdırmışdıq".

Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, bütün bunlara baxmayaraq, Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision- 2012" mahnı yarışı ərəfəsində İran tərəfi tamamilə qeyri-konsturuktiv mövqe tutub, xüsusən də bu ölkənin ruhaniyyəti antiazərbaycan fəaliyyətini zirvəyə qaldırıb:

"Yalan, böhtan informasiyalarla İran əhalisini çaşdırmağa, Azərbaycan haqda mənfi fikirlər formalaşdırmağa çalışdılar. "Eurovision"un az qala "gey parad" elan etdilər. Bütün bunların hamısının səbəblərini bilirik. Bunu ona görə edirdilər ki, birincisi, iranlıların "Eurovision"a gəlməsinin qarşısı alınsın. Çünki on minlərlə iranlı turist "Avroviziya"ya gəlmək istəyirdi. Onların qarşısını aldılar da. Buna baxmayaraq, həmin ərəfədə min nəfərə yaxın iranlı Bakıya gəldi. Bütün bunların hamısını bilirik. İkincisi, İran ehtiyat edirdi ki, birdən Azərbaycan antiiran koalisiyasına qoşula bilər. Təbii ki, İran bizim ona qarşı olan cəbhəyə qoşulmağımızı istəmir. Üçüncüsü, İranla Azərbaycanı bir-birinə qarşı qoymaq, vuruşdurmaq istəyən xarici qüvvələr də mövcud idi. Bunların sırasında Avropa dövlətləri, ABŞ və Rusiyadakı bəzi dairələr də vardı. Onlar Azərbaycanı faktiki olaraq İranla düşmən etməyə çalışırdılar. Çünki onların öz maraqları vardı və bu gün də iki ölkəni düşmən etmək istəyirlər. Artıq İranda da, bizdə də müəyyən dairələr bunları anlayıblar. Biz yavaş-yavaş bu gərginlikdən geri çəkilməyə can atırıq, çalışırıq. İranın təhsil naziri Həmidrza Hacıbabayinin Prezident İlham Əliyevlə görüşü və gətirdiyi məktubun məzmunu göstərir ki, indi İran da buna çalışır. İran da anlayıb ki, Azərbaycandan ona düşmən çıxmaz, Azərbaycan ona düşmən olmayacaq. Ona görə də bizim ölkəmizə qarşı süni düşmənçilik yaratmağın heç bir perspektivi yoxdur".

Əli Həsənov İran Prezidentinin dəvətinin qəbul olunduğunu da bildirib: "Səfərə cənab Prezidentin, yoxsa başqa rəsminin gedəcəyi haqda isə açıqlama olacaq".

Azərbaycanda qəbul imtahanları keçirilir
14 iyul 2012 04:55

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.

Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, imtahan respublikanın 6 şəhərində - Bakıda 30, Naxçıvanda 3, Gəncədə 7, Sumqayıtda 6, Şəkidə 4, Lənkəranda 4 binada keçiriləcək. Orta ümumtəhsil müəssisələrindən 2361 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 220 imtahan rəhbəri cəlb olunub.

Bu il III qrup üzrə 30831 abituriyent ərizə təqdim edib.

III ixtisas qrupu üzrə sənəd verənlərin 28151 nəfəri Azərbaycan, 2680 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 8280 nəfəri oğlanlar, 22551 nəfəri qızlardır.

Abituriyentlərin 16028-i orta ümumtəhsil məktəblərinin builki məzunudur.

12363 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 135 abituriyent xarici ölkələrin vətəndaşıdır. 183 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 2257 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənci isə 1997-ci ildəndir.

Bakı şəhərində 17797 abituriyent, Naxçıvanda 2140, Gəncədə 3585 , Sumqayıtda 3600, Şəkidə 1846, Lənkəranda isə 1863 abituriyent imtahan verəcək.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 3 saat ərzində aparılacaq.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.

III ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.

III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 18-dən 24-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə III ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

İyulun 14-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
14 iyul 2012 04:53

 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi, gecəyə doğru tutqun olacağı gözlənilir. Temperatur gecə 20-25 isti, gündüz 30-35 dərəcə isti olacaqdır.

Bakıda gecə 22-24 isti, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 754 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 45-55 faiz olacaqdır.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında gündüz hava, əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 16-21 isti, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 17-22, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 14-19, gündüz 27-32 dərəcə olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 20-25, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 20-23 isti, gündüz 29-34 isti, dağlarda gecə 12-17 isti, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

 əvvəlki    15  16  17  18  19  20  21  22  23  24  25    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.