İmtahanda iştirak etməli olan 30831 abituriyentdən 1100 nəfər imtahana gəlməyib. Azərbaycanda ali məktəblərə keçirilən III ixtisas qrupunun imtahanları zamanı 35 abituriyent imtahandan xaric olunub. Bu barədə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, sözügedən abituriyentlər əsasən köçürməyə cəhd göstərdiklərinə görə imtahandan xaric ediliblər. İmtahan protokollarının ilkin nəticələrinə əsasən, imtahanda iştirak etməli olan 30831 abituriyentdən 1100 nəfər imtahana gəlməyib. E. Nağızadə deyib ki, bu gün axşam saatlarında bölmələr və variantlar üzrə imtahanda istifadə olunan sualların düzgün cavabları TQDK-nın rəsmi internet saytında yerləşdiriləcək. Həmçinin “Space” telekanalında yayımlanan “Abituriyent” verilişində də TQDK-nın ekspertləri tərəfindən III ixtisas qrupunda istifadə edilən sualların düzgün cavabları elan ediləcək. İmtahanın nəticələrinin isə növbəti həftənin əvvəlində elan olunması gözlənilir.