Ötən il məruz qaldığı silahlı sui-qəsd cəhdindən sonra başından güllə yarası alan və o vaxtdan bəri uzun-uzadı müalicə olunan müğənni İbrahim Tatlısəs həyatının ən xoş günlərini yaşadığını deyir.
Türkiyənin ən populyar sənətçilərindən biri, "İmperator" kimi tanınan İbrahim Tatlısəs xaricdə təhsillə bağlı tez-tez "Urfada Oksford Universiteti vardı, biz oxumadıq?!" deyərdi. O, yaxşı ali təhsil ala bilmədiyinə həmişə heyfsilənirdi. İndi isə "İmperator" qürrələnir.
Çünki Tatlısəsin 20 yaşlı oğlu İdo Tatlısəs dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən birində - ABŞ-dakı Berkli Musiqi Kollecində oxuyacaq. Bu kollecin məzunları arasında Ahmet Güvenç, Aydın Esen və Arif Mardin kimi tanınmış sənətçilər də var.
Oğlu Amerikaya yollanmazdan əvvəl Tatlısəs İstanbulda, ona məxsus kababxanalardan birində İdo ilə nahar edib.
"Hələ belə sevinməmişdim", - deyən Tatlısəs çox kövrəlmişdi.
Atası ilə nahar edəndən sonra İdo Tatlısəs anası Derya Tuna ilə İstanbul Beynəlxalq Hava Limanına yollanıb, orada da təyyarəyə oturaraq ABŞ-a uçub.